Страница 3 из 4 · 50%

Gülmirə onun əlini geri itələdi:

– Yox, Sahibə, sonra oxuyarsan. İki daşın arasında bu boyda kitabı oxuyub qurtara bilməzsən, bacı.

– Məgər onun hamısı bizim haqqımızdadı?

– Ayrı adamlardan, da yazıb, ancaq əsas qəhrəmanlar sizsiniz!

Sahibə sadəlövhcəsinə güldü:

– Qəhrəman ha. Biz kimik ki, bizdən qəhrəman da olsun. Mir Sahib adi fəhlə babadı, mən də xəstə evdar qadın.

– Əsas qəhrəman olmaq üçün heç də böyük adam olmaq lazım deyil, bacı. Yazıçı bir də görürsən lap adidən də adi bir adamın həyatını elə qələmə alır ki, baxıb heyrət eləyirsən. Bu qələm sahibinin hünərindən, qabiliyyətindən, qüdrətindən asılıdı. Sakit burada sizdən elə yazıb ki, sizi sevməmək mümkün deyil. Xüsusilə Mir Sahibi çox gözəl yaradıb.

– Allah onun ömrünü uzun eləsin. Mənim kimilərin ömründən kəsib onun ömrünə calasın tanrı.

– O, bizim yaxşı ziyalılarımızdandı, Gülü. Amma heyf, qədrini bilmir bizimkilər. Gözü-könlü tox adamdı, gözü öz qabağına eşən deyil, — onun yerinə kim olsaydı, lap elə bizim bu dayılı, arxalılarımızdan kim olsaydı, dörd-beş gözlü otağı olardı, bağı-bağçası olardı. Ancaq onun heç nəyi yoxdu. İki balaca otağı var, böyük ailəsilə orada yaşayır, özü mətbəxdə yazıb-yaradır. Niyə? Çünki tələb eləmir, gedib-gəlmir, gözləyir ki, kimsə gəlib deyəcək, oğlan, bu nə şəraitdi sən yaşayırsan. Al, bu beş otağın açarı, get-yaşa, yaz-yarat. Ay gəlib dedilər ha!

Sakit adamdı — kimsə ilə işi yoxdur. Səhərdən axşamacan başını salıb aşağı, şeytan fəhləsi kimi işləyir, idarədə elmi əsərini yazır, evdə romanlarını...

Gülmirə Sakitdən aludəçiliklə danışırdı; Sahibəyə bu sözlər nağıl kimi şirin gəlirdi, ləzzət eləyirdi, elə bil, o, atası haqqında, Mir Sahib haqqında danışırdı. Yox, onlar haqda danışsaydı, belə həzz almazdı bəlkə də. Hardasa ürəyinin dərinliyində hiss eləyirdi ki, Sakit — ötəri tanış olduğu, söz-söhbətini qəlbində unudulmaz bir xatirə təki yaşatdığı o bəstəboy, qonurgöz, gicgahlarının tükü ağarmış kişi onun üçün daha əzizdi; gördüyünə, kəlmə kəsdiyinə görə fəxr eləyirdi. İndi budur, onların barəsində kitab da yazıb. Gör Mir Sahib necə sevinəcək bu xəbəri eşidəndə, aman allah.

Sahibə birdən ayağa durdu, kitabı demək olar ki, qamarlayıb Gülmirənin əlindən aldı:

– Bacı, sən allah, qoy aparıb kişiyə göstərim. Beşcə dəqiqə baxsın, Yenə gətirərəm.

Gülmirə güldü:

– Apar, sevindir. Mən oxuyub qurtarmışam. Qalsın, sonra verərsiniz.

– Ay sənə qurban olum.—deyərək otaqdan yel kimi çıxdı.

Gülmirə tək qaldı. Təzədən başını balışa atıb uzandı, yorğanı sinəsinə çəkdi. Əhvalı xeyli yaxşılaşmışdı, elə bil hərarəti də azalmışdı. Rahat nəfəs alırdı. Demək belə... Qonşularının taleyini öyrəndi. Hiss elədiyi düz çıxmışdı — bir-birini çox istəyən bu cavan ər-arvadın maraqlı olduğu qədər də kədərli olan ömür tarixçəsinin heç olmasa bəzi səhifələrini əvvəlcə kitabdan oxudu, sonra isə Sahibənin öz dilindən eşitdi. Bu Mir Sahib nə qəribə, nə təmizürəkli insan imiş. Sahibə onu nə qədər çox istəsə, yenə azdı. Sahibə hər gün onun başına dolanmalı, qədrini bilməlidi. Belə kişi hansı qadının əlinə düşürsə, o, sözsüz, xoşbəxt olur. Xəstə olsa da, uşaq üzünə həsrət qalsa da, Gülmirə Sahibəni bəxtəvər sayırdı indi.

Sonra Gülmirənin fikri dolanıb Sakit Aranlının üstünə qayıtdı və ürəyində ona «çox sağ ol» söylədi. Bir ədəbiyyatşünas kimi, o çoxdan Sakitin yazılarının sevilməsinin səbəbləri üzərində düşünürdü, ancaq bunun açarını tapa bilmirdi, ümumi sözlərlə onun əsərlərinin həyatiliyini qeyd eləyən tənqidçilərin fikri ilə şərik olurdu — ancaq indi, məhz bu gün, Gülmirə bu müvəffəqiyyətin əsl mahiyyətini başa düşdü — bu, insanların qəlbinə, həyatına nüfuz etmək, onların sevincini, kədərini ağ kağız üzərinə tökmək, yaşatmaq, təzədən onları insanların özünə qaytara bilmək bacarığı imiş, sən demə! Yazıçı gərək sözün əsl mənasında filosof olsun, cəmiyyətin nə ilə nəfəs aldığını, insanların beynini, ürəyini, düşüncəsini məşğul eləyən əsas fikirləri, duyğuları dərk və kəşf edə bilsin, bunları sənətin ecazkar dili ilə bəyan eləməyə qadir olsun. Məhz bu zaman o, yaşamağa qadir olan sənət əsəri yarada bilər. Gülmirə indi — bu sadə evdar qadınla söhbət etdiyi anda bu böyük həqiqəti tam dərinliyi ilə başa düşdü və hədsiz dərəcədə sevindi. Bir də buna sevindi ki, onun iş yoldaşı, hamının çox sevdiyi Sakit məhz bu yolla gedir. Gülmirə gülümsündü: «Sabah ona danışacağam ki, sənin qəhrəmanların mənim qonşularımdı. Deyəcəyəm ki, sən onlara böyük sevinc bəxş eləmisən, Sakit, uçmağa qanadları yox idi. Şübhəsiz, o da fərəhlənəcək.. Sənətkar üçün bundan da böyük xoşbəxtlik ola bilməz, məncə...» Gülmirə gözlərini yumdu; yatmaq istəyirdi. Ayıqlıqla yuxunun qaynayıb-qarışdığı məqamda üzündə hənirti hiss elədi — kiminsə isti nəfəsi yanaqlarında, boğazında gəzib dolaşdı. Kirpiklərini qaldırmağa çalışdı, bacara bilmədi, daha doğrusu ürəyi gəlmədi. Bu nəfəs Orxanın nəfəsinə oxşayırdı — yalnız o belə gələrdi Gülmirənin yanına. Gözlərini açsaydı, o, çıxıb gedəcəkdi. Yox, getməsin, qalsın; Gülmirənin həyatının ağır günlərində Orxanın xoş sözünə, təsəllisinə, təmasına ehtiyacı vardı. Bax, budur, o, əyildi, Gülmirənin uçuqlayıb çartlamış dodaqlarından öpdü, soyuq, arıq əllərilə saçlarına sığal çəkdi; Gülmirənin bədəni isindi onun nəfəsindən. Sonra o, soyunub yorğanın altına girdi. Gülmirə dodaqlarını tərpətmədən, elə ürəyindəcə soruşdu.

«— Qapını bağladın?»

«— Hə».

«— Yaxşı elədin, yoxsa indi Sahibə gələcəkdi».

«— Sahibə kimdi?»

«— Qonşumdu. O dəfə sənə demədim? Nə tez yadından çıxdı».

«— Hə, yadıma düşdü. Yaddaşım yaman xarab olub gedib, Gülü, son vaxtlar. Dünyada hər şey yadımdan çıxıb. Təkcə sən qalıbsan yadımda, Gülü.»

Gülmirə onu sinəsinə sıxdı, bu sözləri pıçıldayan dodaqlarından ehmalca öpdü.

«— Bəs neçə vaxtdı hardasan? Demirsən yolunu gözləyən var?»

«— Yolum tikan idi, gələ bilmirdim. Üstümə çoxlu gül tökmüşdülər; onları bir kənara atıb gəldim. Bildim ki, xəstəsən. Ancaq bağışla ki, əliboş gəlmişəm yanına. Pulum yoxdu. Orda ümumiyyətlə pul yoxdu. Bazar da yoxdu, aldadan, aldanan da yoxdu».

«— Mənə heç nə lazım deyil, Orxan. Sənin quruca gəlişin mənim toy-bayramımdı. Bax, gəldin, sağaldım. İndi heç yerim ağrımır».

«— O da gəlmişdi yanına?» — Gülmirə bilirdi ki, Orxan «o» deyəndə Əqdəmi nəzərdə tutur. Bu, hardasa ona ləzzət eləyirdi — Orxan da onu Əqdəmə qısqanırdı deyəsən.

«— Yox, Orxan. O, gedəndən cəmi bircə dəfə gəlib. Onda da acıqlı idi nə üçünsə. O məni unudub tamam. O məni sevmirmiş, Orxan! — Gülmirə onun burnuna bir çırtma vurub bic-bic gülümsünərək soruşdu — Bəs nə əcəb «o» yadından çıxmır, Orxan?»

– ««O» yadımdan çıxıb. Ancaq səni görəndə nə isə istər-istəməz o da yadıma düşür. Sir-sifəti yadımdan çıxıb, düzü. İndi görsəm tanımaram da. Ancaq bilirəm ki, sənin həyatında bir «o» da olub».

«— Sən ondan vəfalı imişsən, Orxan. Sən məni ondan çox sevirmişsən, Orxan.»

«— Onda, o zaman sən onu məndən çox istəyirdin, onun idin. Mən sənə yad idim, uzaq idim, əlim çatmırdı sənə. Kim bilir, bəlkə o vaxt sən məni sevsəydin, əzizləsəydin, mən getməzdim, yaşayardım.»

Gülmirə soyuq bir ah çəkdi.

«— Hə, düz deyirsən, Orxan. Sevsəydim, əzizləsəydim... Eləyə bilmədim, bacarmadım, Boğdum hisslərimi, canımı dişimə tutdum. Çünki buna mənim mənəvi ixtiyarım yox idi, Orxan. Mən rəsmən, qanunən onun idim. Sənin ola bilməzdim...»

«— Hə, düz deyirsən, Gülü»

Orxan susdu. Arıq, soyuq əlini Gülmirənin isti sinəsində gəzdirdi. Gülmirə bihuş oldu. Əllərini belinə dolayıb sonsuz bir həvəs və həsrətlə özünə tərəf çəkdi. Vücudunda xoş bir ağrı, sonra gözəl bir gizilti duydu. «Ah» — deyib süstəldi, qolları Orxanın kürəyindən surüşüb yanına düşdü.

«— Sən nə gözəlsən, Gülüm. Sən nə əvəzsizsən, nə doyulmazsan, Gülüm!»

«— Sən heç özün bilmirsən, necə şirinsən, Orxan... — Gülmirənin xoşbəxtlikdən gözləri yaşardı — Nə yaxşı oldu, gəldin, əzizim. Mən lap darıxmışdım səninçün. Sənə yalvarıram, məni tək qoyma. Dəli olaram yoxsa…»

Otaqda birdən nəsə tappıltı səsi eşidildi. Gülmirə yenə dodaqlarını tərpətmədən, elə ürəyindəcə dedi:

« — Vay, Sahibə gəldi... Sənə demədim qapını bağla?!» — Və heç kəsdən cavab eşitməyib gözlərinn açdı. Başının üstündə Sahibə yox, anası Xatın arvad dayanmışdı. Gülmirə səksəkəli, ürkək nəzərlə çarpayısına, böyrünə nəzər saldı — Orxan yox idi. Ayrı vaxt olsaydı, Orxanın qəfildən yoxa çıxmağına təəssüflənərdi, amma indi sevindi. Hər halda anasına qəribə, anlaşılmaz bir nəzər saldı «Vaxt tapdın gəlməyə?» Ancaq o, özünü tez ələ aldı, şirin-şirin gərnəşdi və beynindəki, gözlərinin qabağındakı «duman» çəkilib gedəndən sonra, Xatın arvada baxıb mehriban-mehriban gülümsündü. Xatın arvad qızını ərə verəndən sonra yanına az-az gələrdi. Gülmirə isə Əqdəm şəhərdə olanda onunla, olmayanda isə tək, tez-tez ata evinə baş çəkər, hal-əhval tutardı. Əri və atası öləndən sonra isə Xatın arvad, «bəxti gətirməmiş» balasının yalqız qalmasından yana ana təki yaman xiffət eləyir, canı saz, əhvalı yaxşı olan zaman özünü Gülmirənin yanına atır, ev işinə kömək edir, biş-düşünə baxırdı. Xatın çox demişdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, beşinci fəsil

Qoca Cəfər hər dəfə Gülmirə ilə üzbəüz gələndə onun sıxıldığını, yaraşıqlı, son illər kədərin daha da gözəlləşdirdiyi gözlərini baxışlarından qaçırdığını, danışanda başını aşağı saldığını çoxdan hiss eləmişdi. Lap o, «tarixi iclasdan» — şöbə iclasında Gülmirənin ağzından od saça-saça, boğazını qəhər boğa-boğa çıxış edərək professor Salman Qurbanzadəni «yıxıb sürüdüyü» gündən, Cəfərin Füzuli avtoqrafının taleyini açıb-ağartdığı vaxtdan sezmişdi. Ömründə çox adamlar görmüşdü, çox çətin sınaqlardan çıxmışdı. Cəfər haqsız, vicdansız insanlarla qarşılaşmışdı, Kominin, Maqadanın adamın iliyinə belə işləyən, hərəkətsiz dayanarsa qulağını, burnunu şüşəyə döndərən şaxtasının qılıncı altından sağ-salamat çıxıb gəlmişdi qoca Cəfər. Ancaq həyatın min bir sərt sınağı, heç nə və heç kim onun polad əqidəsini qıra bilməmişdi, xeyirxahlığa, təmizliyə, gözəlliyə olan inamını öldürə bilməmişdi. İlk gənclik illərində, təkatlı faytonla səfalı Mərdəkandan qaynar şəhər həyatına qədəm basdığı çağlarda necə saf, təmiz, mehriban və qürurlu idisə, başı üzərindən qırx ildən çox tufanlı, kəşməkəşli vaxt qanad açıb sürətlə uçaraq keçsə də, yenə eləcə idi. Anası onu şəhərə nə cür göndərmişdisə, indi də, qocalıb saçlarını ağartsa da, eləcə idi — ana uşağı idi sanki. Əlli il bundan qabaqkı kimi, indi də ağlabatmaz, onun təsəvvür dairəsini vurub dağıdan, yaxud ağlına sığışmayan şeylərə uşaq heyrətiylə baxar, qəribə bir şey eşidən kimi «Yox əşşi!» deyib təəccüblənər, əhvalatı təfərrüatı ilə öyrənəndən sonra «Vay sənin!» deyib duruxardı. Əvvəllər yoldaşlarına, düşdüyü məclislərdəki adamlara tez-tez məzəli lətifələr danışıb hamını ürəkdən güldürərdi, xarici yumor nümunələrini toplayıb tərcümə edərək müxtəlif qəzet və jurnallarda çap etdirərdi. İndiyə qədər əl-əl gəzən, vərəqləri oxunmaqdan, çevrilməkdən tökülən, insanlara gülüş və təbəssüm bəxş edən iki-üç kitab da nəşr etdirmişdi. Onun həyatına, güzəranına yaxından bələd olan adamlar təəccüb içində qalmışdılar: həyatı uğursuzluqlarla dolu, ağlı-qaralı günlər görmüş, şəxsi ömrünün kitabına çox az sevincli-gülüşlü anlar yazılmış Cəfər, bədbinliyə qapılmadan, ruhdan düşmədən insanlara gülüş bəxş etməkdən əvəzsiz zövq alırdı. Və bu ləzzət onun öz qəlbini də cavanlaşdırır, çiçəkləndirirdi.Lakin son illər belə şeylərə vaxt sərf eləməyə ürəyi gəlmirdi, bunları «xırda-xuruş» iş sayırdı. Bəlkə bu ondan irəli gəlirdi ki, ömrün qürub çağının yaxınlaşdığını hiss eləyirdi? Hər gün yox, hər saat, hər dəqiqə ona əvəzsiz bir xəzinə kimi görünürdü. «Ömür-gün keçib gedib, ay aman, mən dünyanın çoxunu zarafatla yola salmışam. Görməli, vacib, yadda qalan, yaşada bilən o qədər işlər var ki. Onları qabağa salmaq lazımdı, kişi!» — deyə öz-özünə, kənar bir adama öyüd-nəsihət verirmiş kimi, müraciət edirdi. Odur ki, gecəni gündüzə qatıb çalışırdı, dincliyi tutmayan, bir yerdə qərar tutub üç-dörd saat otura bilməyən bəzi cavanlar onun səbrinə heyran qalıb həsəd aparırdı. Yazıb pozurdu, özündən sonra xoş bir yadigar qoymaq istəyirdi. Əlyazmaları fondunda, Dövlət arxivində qədim cüngləri, bəyazları, topluları, arxiv materiallarını yorulmadan, bezib-usanmadan mütaliə edir, bununla da doymaq bilmir, iştirak etdiyi toylarda, yas məclislərində xanəndələri, mollaları, ağsaqqalları dindirir, şair, şer soraqlayırdı. Bu işi o hələ cavanlıq illərində — Darülmüəllimində oxuduğu zaman başlamışdı. Bakıda və onun ətrafında yaşayıb-yaradan şairlərin, el sənətkarlarının əsərlərini toplayırdı. Arada iyirmi iki il fasilə olmuşdu, ancaq o, bu niyyətindən dönməmişdi. Yığdığı əsərlər üç cild idi. Birinci cild — səksən səkkiz şairin əsərinin toplandığı bu cildi «Deyilən söz yadigardır» adı ilə çap etdirmişdi. Bu, onun həyatında duyduğu ən böyük sevinc idi. O tərəfdə — Maqadanda qırx yaşı tamam olan gün evlənəndə də, ilk övladı — Venera qızı dünyaya gələndə də belə sevinməmişdi. Bu sevincin böyüklüyü onda idi ki, az qala yaddan çıxıb gedən, ürək sözləri, şerləri az qala itib batmaq üzrə olan səksən səkkiz sənətkarı «diriltmişdi» «yaşatmışdı». Hərəsinin iki-üç, ən uzağı beş-on şeri qalmış bu şairləri çətin ki, axtarıb nəşr edən olacaqdı. Cəfərin özünün fikrincə, bu sevincin böyüklüyü bir də onunla bağlı idi ki, şerimizi tarixində ana dilimizdə yazılmış və bizə gəlib çatan yeganə şer təklikdən qurtarırdı. O, şeri Həsənoğlu Xorasan yaxınlığındakı Əsfəraində söyləmişdi. Cəfərin tapdığı şer isə Bakıda yazılmışdı

11 мин
İkinci hissə, altıncı fəsil

Cəfərlə söhbət eləyib ayrılandan sonra, Gülmirənin içi, bütün vücudu işıqla dolmuşdu elə bil. Ürəyindən dağ götürülmüşdü. Cəfərin alicənablığı, həssaslığı, dediyi müdrik sözlər ona qol-qanad vermişdi, düşüncəsinin düyün düşmüş kələfini açmışdı. Cəfər Gülmirə üçün sanki bir məktəb olmuşdu. O ağsaçlı kişidən zəhmətkeşlik, dözüm-dəyanət, təmizlik öyrənmək olardı. Tək bircə cəhətindən xoşlanmırdı Cəfərin. Onda pislikdən, pis adamdan küsmək xasiyyəti vardı — küsürdü, vəssalam. Halbuki pisliyə, pis adamlara qarşı mübarizə aparmaq lazım idi, barışmaz olmaq lazım idi. Görünür, qocanın həyat fəlsəfəsi belə idi, daha onu dəyişmək olmazdı: görünür, onun bu üsulu da, pisliklə, pis adamlarla mübarizə aparmağın bir yolu idi. Cəfər, məsələn, professor Salman Qurbanzadədən küsmüşdü. Salman daha ona pislik eləyə bilməzdi– ancaq başqalarına ki, pislik, yamanlıq eləməyə qadir idi. Cəfər bu üsulla ancaq özünü müdafiə mövqeyi tutmuş olurdu. Yox, bu yol düzgün deyildi. Gülmirənin fikrincə — Salmanlara, Dombagözlərə, lap Nurəddin kimilərə qarşı sərt olmaq lazımdı, onların mövqeyindən, qələmindən qorxmaq, geri çəkilmək, onların «yaxşılıq», «yaxşı olmaq» pərdəsi altında kimin və ya kimlərinsə haqqını tapdalamasına yol vermək qətiyyən olmaz, olmaz! «Ancaq mənim kimi də yox. Belə də mübarizə aparmaq olar? Başla, get, de, sonra da sözünü sübut eləyə bilmə, axırda da üzr istə!.. Bu da yaramaz Gülmirə!» — deyə o, atdığı o qətiyyətli addımlarda yenə haradasa səhv etdiyini etiraf etmək istəyirdisə də, qəribə idi ki, bundan da ehtiyatlanırdı. Bu döyüşdə — Salmanla olan döyüşdə o, sınıq çıxmışdı və ona görə əzab çəkirdi. Orxana inanmışdı. İnanmaya bilməzdi. Orxan onun üçün büt idi, yerdə allah idi. Heç ola bilməzdi ki, Orxan bu boyda səhv eləsin və çox sevdiyi Gülmirəni belə pis vəziyyətdə qoysun. Yox, burada başqa nə isə var idi; hələ Gülmirənin aça bilmədiyi, başa düşmədiyi nə isə var idi. Nə idi bu «nə isə»? Necə açmaq olardı bu müəmmanı, düyünü? Görünür, heç cür. Çünki Orxan yox idi, ondan heç nə soruşmaq, dəqiqləşdirmək mümkün deyildi. Salman gözübağlıca idi, nə idi ki, Orxanın Mirzə Yanarın əsəri kimi ona verdiyi qovluğu dəyişə biləydi?...

10 мин
İkinci hissə, yeddinci fəsil

Direktor öz əsil kabinetində oturmuşdu, katibəsi Şərqiyyəyə tapşırmışdı ki, heç kəsi içəri buraxmasın, işləyirəm. Amma düz demirdi — o, direktor olandan sonra nəinki burda, heç evdə də bircə cümlə də yaza bilməmişdi. Ürəyi yazmaq istəyirdi, ancaq fikrini cəmləşdirə bilmirdi. İnstitutun problemləri, qayğıları başını elə qatmışdı ki, gecələr yerində də rahat yatmaqdan məhrum olmuşdu. Əslində narahat olmalı, yuxunu ərşə çəkən heç nə yox idi. Nurəddin təbiətən narahat və bədgüman adam olduğundan, heç bir şeydən özü üçün «problem» yaradırdı, «qayğı» yaradırdı. İnstitutda laborantlardan başqa hamının fərdi planı vardı, mövzusu vardı. O gələnə qədər hər kəs — kim necə bacarırdısa, başını aşağı salıb öz işini yazır, müdafiə eləməyən əsərini bitirməyə, monoqrafiya yazan monoqrafiyasını tamamlayıb çapa verməyə çalışırdı. Onda heç bir qorxu yox idi. Lakin indi işləyənin də, işləməyinin də başının üstündən bir qəribə qorxu qılıncı asılmışdı. Bu qılıncın haçan, harada, kimi kəsəcəyi kimsəyə bəlli deyildi. Maraqlı idi ki, işləyən də, məhsulu olan da qorxurdu, işləməyən də, məhsulu — kitabı, məqaləsi olmayan da. Kənardan baxan soruşa bilərdi ki, daha işləyən, yazıb-yaradan niyə qorxmalıdı, nədən qorxmalıdı? Yox, təkcə bununla iş bitmirdi. Nurəddinin gözünə xoş görünüb görünməmək məsələsi burada mühüm cəhət idi. Doğrudur, o, hər iclasda, elmi şurada açıq deyirdi: «İşləməyən mənim gözümün düşmənidir!». Bəli, bunu o, açıq söyləyirdi. Ancaq «xoşum gəlməyən mənim gözümün düşmənidir!» fikrini aşkar bildirmirdi — yalnız bu düşüncə ilə hərəkət edirdi. Adamlar, institut əməkdaşları isə bunu aydın görür və başa düşürdü. Hamının başı üzərində asılan o qorxu qılıncını hərəkətə gətirən Nurəddinin subyektiv mülahizələri idi. Məhz buna görə işləyən də, işləməyən də qorxu içində idarəyə gəlib gedirdi.Nurəddin özü bu barədə düşünmürdü, bunu «yenilik», «işləmək» kimi anlayıb qələmə verirdi. Lakin kollektiv bu cür idarəetmənin fəna nəticələri barədə ciddi narahat idi. Nurəddin gələndən idarəni bu və ya başqa adla tərk edib gedənlərin sayı getdikcə çoxalırdı. Özü də o alimlər getmişdi, yaxud işdən uzaqlaşdırılmışdı ki, institutun aparıcı, nüfuzlu adamları idi, hamı onları ciddi, məhsuldar, savadlı alim kimi tanıyırdı. Bunların elə vaxtı idi ki, artıq uşaqlarını böyütmüş, ev-eşik sahibi eləmiş, elmə, yazıb-yaratmağa mane olan məişət qayğılarından tamam azad olmuşdular. Vaxtlarını yeyib-içməkdə, gəzməkdə, qonaqlıqlarda keçirən çağları da çoxdan keçib getmişdi. İndi yalnız bircə işləmək, yazıb-yaratmaq qalmışdı onlara. Yalan olmasın, hərəsinin başı bir dolu kitabxana idi. Nə soruşsaydı cavanlar, yeriylə, yatağıyla, nadir və qədim kitabların şifrinəcən, hətta bəzən səhifəsinəcən deyirdilər. Onların adicə institut kollektivinin arasında olması cavanlar üçün nümunə məktəbi idi. Ancaq Nurəddin iş başına keçən kimi, birinci onlardan başladı. «Təqaüd vaxtınız çatıb, ərizə verin, gedin!» — söylədi. Ən müdrik çağlarını yaşayanlardan professor Səlim Səlimzadə, Şamil Nəsirzadə, — bu təmiz və ziyalı adamlar bu adla institutdan uzaqlaşdırılmışdı. Professor Namiq Kamal, kiçik bir şeyin üstündə yazılı töhmət aldığı üçün, elmlər namizədi Abbas Quluzadə «Mən sözün düzünü adamın düz gözünün içinə deyənəm, bununla isə — Nurəddinlə bir yerdə oxumuşam, yaxşı tanıyıram — mənim kimilərdən əsla xoşu gəlmir!» — deyərək institutdan «könüllü surətdə» çıxıb getmişdi.

14 мин
İkinci hissə, səkkizinci fəsil

Yüngül dəniz küləyi əsirdi. Suları qırçın-qırçın sahilə çırpıb sındırırdı. Sahildən xeyli aralı iki gəmi lövbər salıb dayanmışdı. O tərəfdə, gündoğan səmtdə dənizin içinə doğru taxta qol kimi uzanan körpünün kəlləsində «Sadko» kafesinin pəncərələrinin şüşələri, qüruba enən günəşin şüaları altında şəfəqlənirdi.Dəniz qırağında adam seyrək idi. Sakit əllərini paltosunun cibinə qoyub lap sahildə, daş məhəccərin yanında dayanmışdı, ora-bura uçuşan ağ qağayılara tamaşa eləyirdi. Yorğun gözlərini dənizin maviliyi oxşayıb dincəldirdi. Bütün günü işləmişdi, başı dumanlı idi elə bil. Barmaqları qələm tutmaqdan keyimişdi, kötüyə dönmüşdü. Son vaxtlar çox ciddi işləyirdi. Düşündüyü roman gecə-gündüz ona rahatlıq vermirdi. Yazdığı adamlar yanındaydı, talelər gözünün qabağındaydı, heç nəyi quraşdırmaq, düzüb qoşmaq lazım deyil. Hadisələr elə sürətlə inkişaf edirdi ki, Sakit yazıb çatdıra bilmirdi. Qəribə idi ki, Nurəddinin hərəkətlərinin kollektivdə doğurduğu qəzəb artdıqca Sakitdə də ona qarşı anlaşılmaz bir kin əmələ gəlirdi. Nurəddin Sakitə şəxsən heç nə eləməmişdi — ancaq Sakit hiss edir və görürdü ki, o, institutu idarə etməyə layiq adam deyil; o, alimləri — bu «qələm fəhlələrini» həvəsləndirmək, qanadlandırmaq əvəzinə, qamçılayır» ruhdan salır, qol-qanadını sındırır, əsəbi və gərgin şərait yaradır və ən dəhşətlisi bu idi ki, o, bunu işləmək və tələbkarlıq sayırdı. Alim zəkası, alim beyni — məmləkətin qızılından da, neftindən də, yeraltı-yerüstü xəzinələrinin hamısından qiymətlidir və üstəlik də çox zərifdir. Ona qayğı ilə, həssaslıqla yanaşmaq lazımdır. O, ağıllı adamın əlində dürr-gövhər saça bilər. Nadanın əlinə düşsə, qəzəb və nifrət püskürə bilər. Nurəddin kimi üzdəniraq «rəhbərlərin» kobudluğu, özbaşınalığı alim beyninin düşünmə düzümünü, saf niyyətini pozub qaralda bilər, inamını öldürə bilər. Ona görə Nurəddinləri — tək-tük olsalar da — ifşa etmək, başa salmaq, bu yanlış və əyri yoldan döndərmək hamının, birinci növbədə qələm sahiblərinin borcu olmalıdır. Belə adamları ictimaiyyətə tanıtmaq vacibdir ki, gələcəkdə vəzifə başına qoyanda səhv etməsinlər və özləri isə öz əməllərinə baxıb utansınlar.

20 мин

Стихи других поэтов