Страница 13 из 15 · 80%

– Bəs nə vaxt ayrıldılar, Sahilə?

– On il bundan qabaq... Anam dözmədi, nəhayət məni də götürüb evdən çıxdı. Öz evimizə qayıdıb gəldik. Fatmanın yanına. Əyin-başımızdan başqa heç nə gətirməmişdi anam. «Sənin heç nəyin lazım deyil mənə» — demişdi. Biz gələndən beş il sonra Fatma da öldü. İndi biz ikimiz — ana-bala yaşayırıq...

Sahilə susdu, anasının dizinin üstündəki yun şalı ehmalca yuxarı çəkdi, xəstənin başı üzərində hərlənən milçəyi qovdu.

Əsəd müəllim, Sahilənin hekayətini dinləyib fikrə getmişdi. Gözlərini Xəzangüldən çəkə bilmirdi — ona elə gəlirdi ki, indicə gözünü açacaq və Əsədi qarşısında görəcək və görəsən... neyləyəcək?...

—Bəs... Möhsün gəlib sizə dəymir?

– Yox, müəllim.

– Kömək də eləmir?.

– Aliment verir. Ayrılandan, Fatma da öləndən sonra, anam, tikiş fabrikində işə düzəlmişdi: oxumamışdı deyə başqa bir sənəti yox idi. Orada da az işlədi. Cəmi bir il. Qəfildən iflic oldu, bu günə düşdü. Xəstəxanalarda yatdı, çarəsi olmadı. Uşağa dönüb yazıq, əlsiz-ayaqsız... Evi-eşiyi elə bu kolyaskasıdı. Gecə-gündüz bu kolyaskada yaşayır, hər gün dərsdən sonra, yağış-qar yağmağa başlayana qədər, həkimlərin məsləhəti ilə buraya, dəniz qırağına çıxardıram. Bütün gecəni gözlərini tavana dirəyib yata bilməyən anam, dəniz havası dəyən kimi şirin yuxuya gedir, azca dincəlir.

– Axı nədən oldu? Elə birdən-birə?..

– Hə, elə birdən-birə... Əslində baxsan, birdən-birə olmadı. İllərlə atam onun ürəyini, ömrünü baltalamışdı, içini çürütmüşdü, mənliyini öldürmüşdü. İnsan nə qədər təhqir olunar? Yığılıb-yığılıb axırı bir gün yazığı yıxdı. İnsan əsəbi dəmir deyil ki... Həkimlər də deyirdilər əsəbdəndi...

– Ondan ayrılandan sonra ərə getmədi?

– Yox, getmədi. Kim bilir, getsəydi, bəlkə belə olmazdı. Qonum-qonşular çox dedilər, o az eşitdi. Bir dəfə rəfiqəsilə elədiyi bu söhbəti yan otaqdan qulağım aldı. «Nə danışırsan, Səlmi? Sahilə kimi qızı olan qadın da ərə gedər? Bir də mən ona gedəndə... bilirdim xoşbəxt olmayacağam. İndi də, kimə getsəm, yenə xoşbəxt olmayacağam. «Niyə, ay qız?» — soruşdu Səlmi. Anam dedi: «Mən bu həqiqətə inanıram ki, namərdlər, etibarsızlar, dönüklər dünyada xoşbəxt ola bilməzlər». «Bəyəm sən kimə namərdlik, etibarsızlıq, dönüklük eləmisən ki, Xəzangül?» «Eh, var idi bədbəxtin biri... Onu... gözüyaşlı qoydum... Namərdlik elədim.» «Kim idi axı o?» «Eh, indi nə fərqi var? Var idi biri...» «Anam, əlbəttə, onun adını demədi. Mən də bilmirəm. Kim bilir, bəlkə onunla xoşbəxt olardı anam.» — «Bəlkə» deyib Sahilə ağlamsındı, səsi qəhərdən titrədi.

Bu söhbət Əsədə də pis təsir eləmişdi. İstəyirdi qıza təsəlli versin, ancaq özü elə halda idi ki, ona da təsəlli verən lazım idi. «Var idi bədbəxtin biri....Onu gözüyaşlı qoydum... namərdlik elədim...» Xəzangülün iyirmi il əvvəl eşitdiyi və hələ də unutmadığı məlahətli səsi qulaqlarında səslənir və sanki bu sözləri indi Sahilə yox, Xəzangülün özü deyirdi, peşman-peşman...

Əsəd Sahilədən betər kövrəlmişdi. Bunu qız da hiss elədi və dərdini-sərini müəllimə danışdığından məyus oldu:

– Bağışlayın, müəllim. Heç bilmirəm bunları sizə niyə söylədim. Ürəyim elə dolmuşdu ki... Dərd mənə güc gəldi, müəllim — Sahilə daha gözlərinin yaşını saxlaya bilmədi. — O, hönkürtüsüz, səssiz-səmirsiz ağlayırdı... Ağ mirvari dənələrinə bənzər göz yaşları yanağı aşağı axırdı. Və qəribə idi ki, məhz indi, bu anda Əsəd o zaman, anası vəfat edəndə Xəzangülün səssiz-səmirsiz ağladığını xatırladı və bir anlığa Sahilə qabağında dönüb Xəzangül oldu. Əsəd təzədən o çağlarına, Xəzangüllü çağlarına qayıtdı, sevdiyi qız yuxularda olan kimi ağır, ləngərli bir hərəkətlə qanad açıb uça-uça yanına gəldi, danışdı, o qara partada oturdu... Əsəd onun səsini eşitdi, hənirtisini duydu... Lakin nəzərləri kolyaskaya sataşan kimi o uzaq, şirin aləm, Xəzangül özü, məhəbbəti, «MSQO»-u yaşayan o dünya hardasa əriyib yox oldu, itib getdi… əvəzində kədərli, ağrılı aləm, ikiçarxlı kolyaska, içindəki şikəst Xəzangül qaldı Əsəd köksünü ötürdü. Ancaq o təzədən:

– Bağışlayın, müəllim — söyləyəndə Əsəd özünün bir zamanlar anası ölən uşaq yox, Sahilənin onun sinif yoldaşı Xəzangül yox, özünün müəllim, Xəzangülün də Sahilə olduğunu dərk edib kövrək-kövrək:

– Ağlama, qızım, — dedi. — Həyatdır bu, qızım. İnsanın xoş günü də olar, pis günü də. Adam gərək səbirli, mətanətli olsun, dözümlü olsun, taleyin vurduğu hər zərbədən, bəzən isə rəhmsizcəsinə dalbadal vurduğu zərbələrdən sarsılıb yıxılmasın. Həyat insanı döyə-döyə bərkidib polada çevirir, qızım — siqaretinə qullab vurub əlavə elədi: — Yaxşı elədin mənə danışdın, qızım. Mən özgə deyiləm ki...

– Çox sağ olun, müəllim. — O, ovcunun içində gizlədiyi dəsmalla gözlərinin yaşını silib gülümsünməyə çalışdı. — Ayılanda... sizi görüb sevinəcək anam, müəllim. Tələsmirsiniz ki?

– Yox.

– Hə, hə, müəllim, tələsməyin, xahiş edirəm. Qoyun sizi görsün anam...

Əsəd siqareti böyründəki zibilqabına atdı:

– Görsə də... Tanımaz, qızım. Mən çox dəyişmişəm. Saçlarım ağarıb... Bir sözlə, o görən Əsəddən heç nə qalmayıb, qızım. Xəzangül zahirən dəyişib, mən isə..

– Məncə, tanıyar, müəllim... məsələn, mən qırx il keçsə də, öz yoldaşlarımı tanıyaram...

– Nə deyim, qızım...

Ani sükutdan sonra Sahilə:

– Saat neçədir görəsən? —deyə soruşdu.

– Saat, — Əsəd sol qolunu irəli uzadıb baxdı, — saat altıya on beş dəqiqə qalır.

– On-on beş dəqiqədən sonra anam oyanacaq...

Əsəd heç nə demədi. Ürəyinə, bayaq ilk dəfə gördüyü anda olduğu kimi qəribə bir əsməcə düşdü — bir azdan Xəzangül ayılacaqdı, gözlərini açıb ona baxacaqdı. Görəsən... tanıyacaqmı? Necə baxacaqdı? — təəccübləmi, sevincləmi? O vaxt, birdən-birə üzü dönəndən sonra, nainsaf bircə dəfə də kirpiklərini qaldırıb Əsədin üzünə, gözlərinə baxmamışdı, oğlanın çox sevdiyi o nurlu, dərin mənalı baxışlarını ondan gizləmiş, gizləmişdi. Axıracan gizləmişdi. İndi.. ay aman, Əsəd üşüyürdü bu istidə. Elə bil o gözlərlə qarşılaşmaqdan qorxurdu, çox qorxurdu. Arada ağlına gəldi ki, Xəzangülün oyanmağını gözləməsin, durub getsin. Lakin «yox, qalmalıyam, onun gözlərinə baxmalıyam, iyirmi, ildən çox görmədiyim o gözlərə bir də, doyunca, bəlkə də axırıncı dəfə baxmalıyam. O baxışlarda yazılanları oxumalıyam...» — deyə düşünüb bu fikrindən daşındı. Və indicə, bax, bu anlarda sehrli bir qapının açılacağını və onu, nağıllı, əfsanəli bir aləmə aparacaqmış kimi, qorxu, maraq və həyəcanla Xəzangülün hərəkətsiz üzünə, solğun yanağını döyən uzun kirpiklərinə tamaşa eləməyə başladı. Vaxt nə ağır gəlib keçir, ay aman. Hə, budur, nəhayət, o sehrli qapı — o göz qapaqları yavaş-yavaş aralanır, Əsədin qəlbini elə bil min tikə eləyib qoparırlar, hər parçası onun kirpiyinin bir ucunda gedir... Budur, o gözlər açılır, əvvəlcə Sahiləyə dikilir, sonra yavaş-yavaş yana axıb qızının böyründə əyləşən naməlum, çalsaç kişiyə zillənir. Bir an baxışırlar. Xəzangül... tanımır Əsədi, tanıya bilmir — bunu onun ancaq bəbəklərinə yazılmış təəccüblü «bu kişi kimdir?» sözlərindən anlamaq olur. Sahilə son dərəcə maraqlı, gərgin bir tamaşaya baxırmış kimi, təşviş içində gah anasına, gah da Əsəd müəllimə nəzər yetirir. Və anasının Əsəd müəllimi tanıya bilmədiyini duyub pərt olur, astaca, dodaqaltı pıçıldayır: «Tanımadı, tanımadı. Hafizəsi də xarab olur deyəsən...»

Əsəd müəllim titrək səslə:

– Salam, Xəzangül, — dedi — Tanımadın? Mənəm...

Bu zaman Sahilə nisbətən ucadan:

– Qulaqları eşitmir, müəllim.. — söylədi, səsində kiməsə

– taleyəmi, tanrıyamı qarşı — kəskin bir nifrin hiss edildi.

– Eşitmir? — Əsədi elə bil təzədən qəfildən vurdular.— Eşitmir?

– Hə, eşitmir, — deyə Sahilə aciz-aciz dilləndi.

Əsəd inanmaq istəmir, ucadan, demək olar ki, qışqıra-qışqıra «mənəm, Xəzangül, Əsədəm, tanımırsan məni?» — demək arzusu ilə çırpınır, lakin bacarmırdı — məyusluq imkan vermirdi. Tərksilah olmuş, məğlub edilmiş, sınıq çıxmış adam kimi təəssüf içində yana-yana:

– Yox, tanımadı məni. Tanısaydı, heç olmasa adımı deyərdi, — söylədi. Sahilə eyni nifrin duyulan səslə:

– Yazığın dili vardı ki, adınızı da desin? — söylədi. Əsədə daha bir ağrılı-acılı zərbə dəydi:

– Necə? Danışa da bilmir?

– Bəli, müəllim... onun ayaqları, əlləri, dili, qulaqları sıradan çıxıb, müəllim. Yazığın təkcə gözləri yaşayır, bir də beyni...

– Aman allah, — deyə Əsəd əlləri ilə üzünü tutdu.

Beyninin içində elə bil, müdhiş, tükürpərdən musiqi çalındı — əsəbləri gərildi. Sonra o musiqi endi, alçaldı, həzinləşdi, əzablar içində çırpınan xəstə uşağını yatırmağa çalışan ananın laylasına çevrildi... Çünki o — xəstə uşaq ancaq yatanda rahat ola bilər, gözləri ilə şikəst əllərini, ayaqlarını görməyəndə dincələ bilər...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, ikinci fəsil

İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?

10 мин
Birinci hissə, üçüncü fəsil

Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.

17 мин
Birinci hissə, dördüncü fəsil

Yara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?

20 мин
Birinci hissə, beşinci fəsil

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

23 мин

Стихи других поэтов