Страница 14 из 15 · 87%

Bir az sonra Əsəd başını qaldıranda gözlərində yaş gilələnmişdi. Xəzangül həyəcanlı, çırpınan baxışlarını yad adamdan çəkə bilmirdi. Anasının çox əziyyət çəkdiyini görən Sahilə «öz dilindən» kağıza yazmaq və onun gözləri önünə tutmaq üsulundan istifadə etmək qərarına gələrək kitabın arasından qələm-varaq çıxartdı. Tələsik nə isə yazmağa başladıqda... Əsədin birdən o vaxt aralarında olan söhbət gəlib yadına düşdü:

«— İki gözünü də birdən qırpanda nə deyirsən ki, Əsəd?»

– Xəzangülün səsi köhnə lent yazısı kimi beynində xışıldadı.

«—İki gözümü də qırpanda deyirəm ki, mən sənə qurban olum. Xəzangül.» — Əsəd uzaq illərin arxasından, artıq indi özünə də yadlaşmış səsini eşitdi. Bu üsul, yəni iki gözü də qırpmaq üsulu ilə söz demək, söz eşitmək onda Xəzangülün çox xoşuna gəlmişdi. Həmin söhbətdən sonra o, Əsədi görəndə də, ayrılanda da göz qırpmışdı. Bu, onların sözsüz dili olmuşdu. Elə bir dil ki, onların özündən başqa onu kimsə başa düşə bilməzdi, açarı yalnız onlarda idi...

Əsəd bunu yadına salıb Xəzangülə baxa-baxa iki gözünü də birdən qırpdı. Və möcüzə oldu: Xəzangül elə bil buna bənd imiş, gözləri gün işığına düşmüş kimi qamaşdı, gülümsündü, solğun bətbənizində bir işıq şöləsi gəzib dolandı və bu şölə içində qeyri-iradi o da gözlərini qırpdı, cəmi bircə dəfə qırpdı, əsəbləri dözmədi, süstəlib boşaldı və yanaqları aşağı yaş axmağa başladı. İçində bir inilti duydu, hardasa qəlbinin dərinliyindən bir kəlmə söz qopdu

– «Əsəd» və o söz ürəyini yandıra-yandıra çölə şığımaq istədi, hay-haray salmaq istədi, lakin qəlbi ilə dili arasında ilişib qaldı. Xəzangül daxilində «Əsəd»! — deyə qışqırdı, ancaq özü deyib özü eşitdi, qabağında pərişan-pərişan oturmuş Əsədin bu sözdən xəbəri yox idi — çünki o səs Xəzangülün içində doğulur, içində də ölürdü...

Bunu görən kimi Əsəd uşaq kimi sevinə-sevinə:

– Tanıdı, tanıdı... — dedi və Sahilənin çiyninə toxundu. Anasına «kağız» yazan Sahilə başını qaldıranda onun səssiz-səmirsiz ağladığını görüb özünü itirdi, ayağa qalxıb elə kolyaskada boynunu qucaqladı:

– Ağlama, ana. Qurban olum, ağlama. — Əlindəki yaylıqla yanaqlarını sildi. — Ağlama, başına dönüm. Tanıdın, eləmi, ana? Əsəd müəllimdi ey, sənin orta məktəb yoldaşındı, bizim müəllimimizdi, ana...

Sahilə danışırdı, sanki anası dediklərini eşidirdi. Sahilə onun yanaqlarını quruladıqca, sel-suyun arası kəsilmirdi, sifəti elə hey islanırdı. Sanki illərdən bəri tutulmuş bulağın gözü birdən açılmışdı, qarşısını almaq mümkün olmayacaqdı. — Sahilənin astaca danışmağı, onsuz da halı son dərəcədə pərişan olan Əsədə də sirayət elədi, o da nə edəcəyini bilməyərək başını bulaya-bulaya yavaşdan:

– Ağlama, Xəzangül, ağlama, — deyirdi və hardasa ürəyinə gəlirdi ki, Xəzangül onu gördüyü üçün yox, bəlkə də belə şikəst olduğu üçün və bu vəziyyətdə Əsədə rast gəldiyi üçün ağlayır: utanıb ağlayır, xəcalət çəkib ağlayır...

Xəzangülün bu kərkin anlarda nə hala düşdüyünü, nələr çəkdiyini sözlə demək, əslində, mümkün deyil. İçərisində, vücudunda, qəlbinin dərinliklərində tüğyan eləyən o anlaşılmaz, bir az sevinc, bir az hədər, bir az peşmanlıq, bir az da xəcalət qarışıq hisslərini yalnız o özü bəyan eləyə bilərdi: əgər dili olsaydı...

Yox, hətta dili olsaydı da, bu hissləri bəyan eləmək, şərh eləmək müşkül idi, çox müşkül idi.

Xəzangülün bu qatma-qarışıq anlar içərisində duyduğu bu idi ki, neçə ildən bəri ölmüş hissiz-duyğusuz ət-sümük yığınına çevrilmiş, qansızlıqdan gömgöy olan və istidə-soyuqda elə hey üşüyən bədəni elə bil, azca isinmişdi, vücudunda sanki qan hərəkətə gəlmişdi; zahirən sakit, tərpənişsiz görünsə də, o özü bu ilıq isinməni hiss eləyirdi.

Ancaq, Xəzangül indi canının, ölmüş bədəninin hayında deyildi — xəstəliyini yadından çıxarmışdı. Bədbəxtliyini də... Ara vermədən nəmlənən iri gözlərini geniş açaraq bir neçə an Əsədin çallaşmış saçlarına, qırışlar iz salmış alnına, qara, xırda gözlərinə tamaşa elədi, sonra uzun kirpiklərini astaca bir də endirdi. Əsəd də qeyri-ixtiyari, heç nə düşünmədən eyni hərəkətlə Xəzangülə cavab verdi: Yenidən bir an baxışdılar. Sonra Xəzangül gözlərini yumdu və beləcə xeyli qaldı. Utandımı? Xəyala daldımı? — Demək çətindi... Kim bilir, bəlkə Xəzangül də fikrən o vaxtkı çağlarına qayıtmışdı. Əsədi indiki kimi yox, onuncu sinifdə oxuyarkən olduğu kimi gözləri önündə canlandırırdı? Və ümumiyyətlə, maraqlı idi Əsəd üçün, görəsən, o, yalnız indi, Əsədi görəndən sonramı o çağları xatırladı, ya Əsəd kimi, tez-tez xəyalən o günlərə qayıdırdımı? Heyf, Əsədin bir çox başqa sualları kimi, bu sualı da cavabsız idi və güman ki, cavabsız da qalacaqdı.…

Xəzangül Əsədi tanıdığı ilk anda — bu ağlagəlməz, gözlənilməz görüşün sarsıntılı zərbələrini ürəyində duyduğu anda keçirdiyi ilk hiss sevinc idisə, ikincisi — xəcalət hissi idi. Sevindi, ona görə ki, o zaman Möhsünü görəndən gözü ayağının altını görmədiyindən rəhmsizcəsinə qəlbini qıraraq atıb getdiyi, az sonra dərin peşmançılıq duyğuları ilə vaxt-bivaxt yad etdiyi, adı ilə ilk gəncliyinin şirin xatirələri bağlı olan və iyirmi ildən çox səssorağını eşitmədiyi Əsədi görmüşdü. Xəcalət çəkdi — əvvələn şikəstliyinə görə, ikincisi, vaxtilə onunla sərt və amansız rəftar etdiyinə görə... bir zamanlar həyat eşqilə dolu, sağlam, gözəlliyi ilə ürəklər isindirən Xəzangül indi taleyin hökmü ilə bir parça ətsümük yığınına çevrilmişdi — bu halına görə Əsəddən utanırdı. Əslində bu hiss ona çoxdan tanışdı, o, xəstələnəndən sonra bütün tanışların gözünə görünəndə bu sıxıntını keçirirdi. Ancaq indi başa düşdü ki, Əsəddən hamıdan çox utanır. Utanmalı idi —yalnız vicdanını da itirənlər utanmaq hissindən məhrum ola bilər. Utanırdı, çünki, — zorla, dumanlar içində xatırlayırdı ki — Əsəddən üz döndərəndən sonra biçarə oğlan nə hala düşmüşdü, neçə dəfə qabağını kəsib ağlar səslə, «Axı niyə belə eləyirsən, sənə birdən-birə nə oldu, Xəzangül» — deyib yalvaran Əsədin səsini eşitməmişdi, suallarına, yalvarışlarına dəhşətli dərəcədə biganə qalmışdı, ən ağırı bu idi ki, susmuşdu. Susmaq isə — vurulan şillədən, verilən işgəncədən də ağır imiş — bunu o zaman başı havalı Xəzangül anlamamışdı.

İndi, üstündən nə qədər vaxt keçəndən, gəncliyin gözəl çağları həsrət və peşmançılıq içində sovuşub gedəndən sonra, tale onları beləcə təsadüfən qarşılaşdırmışdı. Xəzangül belə bir görüşü nəinki arzulamazdı, hətta xəyalına belə gətirmək istəməzdi. Çalpaşıq, dolaşıq duyğuların əlində göyərçin kimi çırpınan Xəzangül gözlərini açmadan qəlbinin dodaqları ilə iniltiyə bənzər səslə: «Bu nə əzablardı mənə verirsən, ilahi? Öldür məni, elə bax indicə canımı al, sənə yalvarıram» — deyə daxilində pıçıldayırdı. Ancaq kim idi onun sözünü eşidən? Xəzangül — elə o anlarda ölməyi bir səadət kimi arzulayan Xazəngül ölümün gəlmədiyini vücudu ilə hiss eləyib məyus-məyus özünə cavab verdi: «Qəddarların sözünü, görünür, tanrı da eşitmək istəmir...»

– Sizi gördü, çox həyəcanlandı. — Bayaqdan bu riqqətamiz görüşü maraqla seyr edən və nə isə bu görüşün əsrarlı, qeyri-adi bir görüş olduğunu dumanlı şəkildə duyan, ancaq əsl həqiqəti ağlına gətirməyən Sahilə qorxu içində dilləndi. Həkimlərini dediyini birdən xatırladı: «Ona həddən ziyadə həyəcanlanmaq olmaz — bunun iki başı ola bilər: ya qəfil sevinc, sarsıntı onun bədəninin heç olmasa müəyyən əzalarını hərəkətə gətirə bilər, ya öldürə bilər.» Sahilə nigaran baxışlarla anasının qıçlarına, dizləri üstündəki kötük əllərinə nəzər yetirirdi.

– Hə, bu ona ziyandı. — dedi Əsəd müəllim fikirli-fikirli. Bu zaman Xəzangül gözlərini açdı. Əsədin hələ də qabağında oturduğunu gördü. Onlar yenə baxışdılar. Əsəd hiss elədi ki, Xəzangülün böhranlı dəqiqələri ötüb keçib. Ona görə də həyatda hər şeyini itirmiş, təkcə gözləri yaşayan Xəzangülü ruhlandırmaq, dünyaya bağlamaq, küsgün, atılmış qəlbini ovundurmaq, güc, qüvvət vermək üçün yenə lap o vaxtkı kimi, təbəssüm içində gözlərini qırpdı və Xəzangül də eyni hərəkətlə Əsədə cavab verdi.

Əsəd, o eşidəcəkmiş təki, sakit səslə əlavə də elədi:

– Darıxma, Xəzangül, hər şey keçib gedəcək, — sonra baş barmağını qaldırdı, yəni hər şey «əla» olacaq. Ancaq Xəzangül kirpiklərini yuxarı qaldırıb qaşlarını dartdı: bu o demək idi ki, «yox».

Əsəd, onun bu sözü üstündən heç nə deyə bilmədi. Xeyli sakit-sakit oturub Xəzangülə baxdı, baxdı. Danışılmalı, deyilməli söz çox idi, alınmalı cavab çox idi, lakin, təəssüf ki, bu, mümkün deyildi. Əsəd hiss eləyirdi ki, onun burada oturmağı Xəzangülə ancaq əzab verir: bu əzab onun ala gözlərinə yazılmışdı — Əsəd bunu aydın görürdü, oxuyurdu. Odur ki, o, azca yana əyilib Sahiləyə dedi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, ikinci fəsil

İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?

10 мин
Birinci hissə, üçüncü fəsil

Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.

17 мин
Birinci hissə, dördüncü fəsil

Yara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?

20 мин
Birinci hissə, beşinci fəsil

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

23 мин

Стихи других поэтов