Страница 2 из 15 · 7%

Əsəd Sakitə aramla öz ürəyinin gizli sirlərini danışırdı.

...Məktəb zənginin havada titrəyən cingiltili səsi yenicə əriyib susmuşdu ki, səliqə ilə qara kostyum geyib ağ köynəyi üstündən qara qalstuk taxmış, gur, çal saçlarını geri daramış, şax qamətli Əsəd müəllim, artıq on beşinci gün burada dərs dediyinə baxmayaraq, birinci dəfə olduğu kimi, qarşısını özünün də heç cürə ala bilmədiyi bir həyəcanla, ürəyi çırpına-çırpına yaşıl

a

qapısına «10 sinfi» yazılmış otağa daxil oldu. Dörd cərkə ilə düzülmüş qabağı qatlama partalarda əyləşən uşaqlar bir nəfər təki ayağa qalxdılar. Əsəd müəllim əli ilə «əyləşin» işarəsi verərək yenə özündən asılı olmayan qeyri-adi bir sövq-təbii ilə qara, kiçik gözlərini qıyıb lap arxa cərgəyə nəzər saldı, xurmayı saçlarını qoşa hörüb ağ önlüyünün üstündən sinəsinə atmış, iri, ala gözlərini ani olaraq qaldırıb qəribə qorxu-hürkü içində bircə anlığa ona baxan və sonra tezcənə də baxışlarını aşağı endirən gözəl Sahiləni pəncərə ağzında yerindəcə oturan görüb nədənsə uşaq kimi sevindi, qarayanız sifətini işıqlı bir təbəssüm gəzib dolaşdı, sinif də, başqa uşaqlar da, dərs də yadından çıxdı və bu təbəssüm elə nurlu oldu ki, onu təkcə Sahilə yox, bütün sinifdəkilər sezdilər. Dal cərkədən, sol tərəfdən kim isə pıqqıldayanda Əsəd müəllim yuxudan ayılmış kimi, harada olduğunu xatırlamağa çalışaraq o yan-bu yana baxındı, pıqqıldayan uşağı nəzəri ilə axtardı, ancaq hamının başı aşağı idi, görkəmi ciddi idi, ona görə heç kəsdən şübhələnə bilmədi. Günahkarcasına stulunda oturub jurnalı vərəqləməyə başladı. Hiss edirdi ki, bu an onun üçün çox ağırdı; o, nə isə deməli idi, ancaq heç nə ağlına gəlmədi. Uşaqlara söz tapıb deyə bilmədi; nə də deyəcəkdi? Ancaq ürəyində özünə möhkəm təpindi: «Yox, belə olmaz, Əsəd müəllim. Özünü ələ al. Bu, ancaq adicə bir təsadüf ola bilər. Belə getsə, sən bütün məktəbdə özünü hörmətdən sala bilərsən. Sənin dərsində pıqqıldayırlar, gülürlər — sən heç nə deyə bilmirsən. Bu zəifliyi qoy kənara, kişi ol, soyuqqanlı ol, sən müəllimsən, sən müəllimsən, qırx uşağın gözü səndədi».

Elə bu zaman sinfin qapısı cırıltı ilə açıldı və boynu qırmızı qalstuklu, sarışın bir oğlan başını içəri uzadaraq:

– Əsəd müəllim, sizi direktor təcili yanına çağırır,— dedi və üstəlik sinifdəki uşaqlara baxıb göz vurdu, dalıycan da dilini çıxardıb əlavə elədi: — Dedi tez gəlsin.

Əsəd müəllim bu göydəndüşmə fürsətə sevinsə də, üzünü oğlana tərəf çevirib:

– Axı mən dərsdəyəm, — dedi. Lakin gec idi, oğlan çıxıb getmişdi. Son cərgələrdə yenə pıçhapıç başlandı, fikri çaşqın və dağınıq olan Əsəd müəllim arı vızıltısına bənzər bu səslərdən heç nə eşidə bilmədi. Baxışlarını qaldırıb bütün sinfin üstündə dolandıraraq yenə Sahiləyə baxdı və sanki heç kəsə yox, təkcə ona deyirmiş kimi, boğuq səslə:

– Gəlirəm indi, — söylədi və istədi əlavə eləsin ki, sakit oturun, amma düşündü ki, onun hüzurunda aram oturmayan uşaqlar o gedəndən sonra çətin sakit, səs-küysüz dayanarlar. Qalxıb tələsik addımlarla sinifdən çıxdı. O, ayağını qapıdan təzəcə çölə qoymuşdu ki, otaqda çığır-bağır, uğultu qopdu, hətta kimsə xoruzsayağı banladı da: «Quqqulu-quuu.» Müəllim narazılıqla başını buladı və sakit, adamsız dəhliz boyu «görəsən neynir məni direktor, — deyə düşündü. — Özü də təcili. Heç xeyir xəbərə oxşamır…» Gedirdi, beynində, qulaqlarında indicə eşitdiyi pıqhapıqı, uğultunu, hətta xoruz səsini də aparırdı... Acı-acı fikirləşirdi ki, bu, heç də yaxşı əlamət deyil, cəmi on beş gündü bu məktəbə gəlib — hörmət, ehtiram qazanmaq əvəzinə... yox, belə olmaz, belə olmaz. Universiteti bitirdikdən sonra işlədiyi kənd məktəbində o, ən yaxşı, sayılan, hörmət-izzət sahibi olan bir müəllim kimi tanınmışdı, sevilmişdi, təkcə müəllim yoldaşları yox, bütün məktəb uşaqları, camaat onu sayıb ehtiram eləmişdilər, xüsusilə sonuncu sinif şagirdləri son ayrılıq gecəsində kövrək-kövrək sözlər deyib onu ömürləri boyu bir yaxşı müəllim, insan və dost kimi unutmayacaqlarını söyləmişdilər... Amma indi... indi öz doğma, vaxtilə on il sərasər oxuduğu məktəbdə... Heç on beş gün tamam olmamış..— Əsədin nəzərləri «direktor» sözü yazılmış lövhəyə sataşıb meşin qapı ağzında dayananda fikirləri qırıldı və nədənsə ürəyi sancdı...

Əsəd müəllim içəri girəndə, Aliyə xanım pəncərənin önündə dayanıb həyətdə, yay idman meydanında futbol oynayan uşaqlara baxırdı. Çətin vəziyyətə düşmüş adamlar kimi qollarını qoynuna qoymuşdu. İçəriyə kiminsə girdiyini hiss eləsə də, heç dönüb baxmadı da. Gələn adamın Əsəd olduğunu əvvəlcədən bilirmiş təki, qanrılmadan:

– Əyləşin! — deyə çox rəsmi bir tərzdə söylədisə də, pəncərə qabağından yenə qopmadı. Burada işlədiyi az müddətdə Əsəd müəllim iki-üç dəfə hiss eləmişdi ki, Aliyə xanım əsəbləşəndə, qəzəblənəndə, kimisə tənbeh eləməyə hazırlaşanda yönünü pəncərəyə çevirir, deyəcəyi sözləri ölçüb-biçir, sonra dişi ilə alt dodağını sıxmış halda geri, müsahibinə sarı dönür, mühakiməsinə başlayırdı. Lakin Aliyə xanımın bu dəfəki «üz çevirməyi» çox çəkdi, ona görə Əsəd müəllim nigarançılığa daha tab gətirə bilməyib cəsarətsiz halda:

– Məni siz çağırtdırmısınız, Aliyə xanım? — deyə xəbər alanda o, durduğu yerindəcə fırlandı, elə əlləri qoynunda, az qala böyüyüb eynəyinin şüşələri boyda olmuş qonur gözlərində təəssüfqarışıq qəzəb ifadəsi Əsəd müəllimə diqqətlə, əzici bir nəzərlə baxdı. Nə isə dəhşətli fırtınadan xəbər verən bu baxışlar altında Əsəd sıxılıb balacalaşdı və iri, qırçın-qırçın qırışan alnında bir istilik duydu. Nəhayət, Aliyə xanım içində qaynayıb-daşan, gözlərinə, ağ sifətinin qəşəng cizgilərinə açıq-aşkar yazılmış qəzəbi səsinə qatıb kinayə ilə:

– Bəli, mən çağırtdırmışam! — dedi.

– Eşidirəm... sizi.... — Əsəd udqundu, uzun boğazında qoz boyda hülqumu qara dərisinin altında astaca qalxıb endi. Tapança kimi qəfil açılmağa hazır olan Aliyə xanım – sanki birdən-birə nə deyəcəyini unutdu, çaşqın-çaşqın Əsədin üzünə baxıb xeyli susduqdan sonra çox namünasib bir yerdən başladı:

– Siz... Neçə gündür bu məktəbdə dərs deyirsiniz, Əsəd müəllim ?....

Əsəd müəllimin bayaqdan ürəyini gəmirən nigarançılıq dağıldı... «Demək Sahilə məsələsi deyil.» — düşündü və buna qəlbində çox sevindi. «Bəs onda görəsən nə məsələdi?» - deyərək beynini qurdalayan Əsəd çaşqınlıq içində, gözlərini döyə-döyə:

– Mən... mən sentyabrın birindən işləyirəm. Aliyə xanım,

– söylədi.

Aliyə xanım əsəbi bir hərəkətlə gəlib yerində oturaraq:

– Bu gün ayın on beşidir... demək, on beş gündür, — dedi.

– Bəli, — Əsəd müəllim direktorun mətləbin üstünə tez gəlməsinə çalışaraq: — Ancaq mən başa düşmürəm bu sorğu sual nə üçündür? — dedikdə Aliyə xanım daha özünü saxlaya bilmədi:

– Başa düşmürsən? — deyə özü də bilmədən ona «sən» deyə müraciət elədi — Lap yaxşı başa düşürsən! Sən bu on beş gündə özünü də, bizim hörmətli müəllim kollektivini də biabır eləmisən, on il oxuduğun, sənin üçün müqəddəs olan bu məktəbi də hörmətdan salmısan, yoldaş Əsəd Əsədzadə.

– Mən? — deyə Əsədin xırda gözləri geniş açıldı. Və əvvəlki gümanında yanılmadığını anlayıb bir az da balacalaşdı, buna baxmayaraq yenə təkrarən soruşudu: — Mən?

– Bəli, sən, Əsəd Əsədzadə yoldaş. Adamın heç dili də gəlmir sənə yoldaş desin, müəllim desin.

– Axı mən neyləmişəm, Aliyə xanım? Xahiş edirəm sözlərinizə sərhəd qoyun!..

– Sözlərimə sərhəd qoyum?.. — Aliyə xanım eynəyini çıxarıb təzədən burnunun üstünə keçirtdi, bu, görünür əsəbilikdəndi — yaxşı olardı ki, əvvəlcə sən, sən özün hərəkətlərinə sərhəd qoyaydın və bu sözləri eşitməyəydin!

– Axı... — Əsəd yerindən qalxıb irəli yeridi — Açıq danışın, xahiş edirəm...

– Nə «açıq-açıq» salmısan? Guya özün bilmirsən. Yaxşı bilirsən söhbət nədən gedir. Ocaq yanmasa, tüstü çıxmaz.

İndi daha Əsədin heç şübhəsi qalmamışdı ki, söhbət nəyin üstündədir. Qeyri-ixtiyari gözlərinin qabağına Sahilə gəldi, onun ala gözləri, xurmayı hörükləri gəldi və... sarsıldı. Mütiləşdi. Bütün vücudunu acı, yandırıcı bir təəssüf hissi gəzib dolaşdı. O, taqətsizcəsinə divana əyləşib zəif səslə:

– Mən heç bir ocaq yandırmamışam, Aliyə xanım, — deyə bildi.

Aliyə xanım:

– Təəssüf, min təəssüf, sən elə bir ocaq qalamısan ki, tüstüsü tək özünü yox, bizi də, bütün məktəbi də boğur, bildin? Bu tüstü çox uzaqlara gedəcək, çox gözləri acışdırıb yaşardacaq. Mən on üç ildi bu məktəbdə direktoram, məktəbimiz rayonumuzun məktəbləri arasında həmişə nümunəvi olub, adımız birincilər sırasında çəkilib. Amma sən... sən on beş günün içində öz nalayiq, müəllimə yaraşmayan hərəkətinlə hər şeyi məhv elədin, hər şeyin üstündən bir qara xətt çəkib çirkaba bulaşdırdın. Sən uşaq deyildin, sənin saçın-saqqalın ağarıb. Dünən ali məktəb skamyası dalından durub gəlsəydin, deyərdim, cavandı, təcrübəsizdi. Amma sən...On beş ilin müəllimi... Bu yaşda sənin nəyinə yaraşardı ki, qızın yanında olan bir uşağa eşq yetirəsən, vurulasan. Sənin nəyinə yaraşardı? Sən vaxtında evlənsəydin, Sahilədən də böyük uşağın olardı, Əsəd. Sən bunu heç fikirləşmisən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, ikinci fəsil

İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?

10 мин
Birinci hissə, üçüncü fəsil

Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.

17 мин
Birinci hissə, dördüncü fəsil

Yara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?

20 мин
Birinci hissə, beşinci fəsil

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

23 мин

Стихи других поэтов