İkinci hissə, birinci fəsil
Страница 3 из 15 · 13%
Əsəd müəllimin dili tutulmuşdu, ürəyi gicgahlarında çırpınırdı. Aliyə xanımın bu sözləri müqabilində nə deyəcəyini, necə deyəcəyini heç cür kəsdirə bilmirdi. Gözlərini lap-lap döyürdü.
– Nə gözlərini döyürsən? Səndən söz soruşuram, cavab ver!
Əsəd cib yaylığını çıxarıb alnında muncuqlanan təri sildi, udqundu. «Baho, gör necə rəng veriblər. Bu, mənim heç ağlıma da gəlməzdi» — düşünən Əsəd müəllim heyrətlə:
– Mən... Mən Sahiləyə vurulmuşam?... Yalandır, Aliyə xanım, ağ yalandır! Belə şey yoxdur, ola da bilməz! Bunu sizə kim deyib?.— deyə yerində dikəldi. Kiçik gözləri böyümüşdü. Əsədin.
– Kim deyib? Sən soruş ki, kim deməyib! — deyə Aliyə xanım səsini ucaltdı. — İndi bütün məktəb bundan — sənin Sahiləyə olan «böyük məhəbbətindən» danışır. Uşaqlar da, müəllimlər də, hətta bunu bir çox valideynlər də bilir. Mən başa düşmürəm, necə olur ki, sən bunu hiss eləmirsən. Hiss eləmirsən ki, sənin dərs dediyin o sinifdə buna-görə səni sevmirlər. Dünən, bu gün neçə adam bunu söyləyib mənə. Zəng eləyib deyiblər — yəqin ki, sinif uşaqlarındandı: Aliyə müəllim, sizin o təzə Əsəd müəllim Sahiləyə vurulub, sinfə girən kimi özünü itirir, dərs deyə bilmir, qız dərsə gəlməyəndə o, özünə yer tapa bilmir, fikri dağınıq olur. Bir ölçü götürməsəniz, biabırçılıq olacaq... Hələ məktub da gəlib bu gün, buyurub baxa bilərsən. — Aliyə xanım qarşısındakı zərfi kəskin bir hərəkətlə Əsədə tərəf tulladı; Əsəd irəli uzanıb titrəyən əlilə açıq zərfin içindəki kiçik kağızı çıxartdı. Makinada yazılmış sözləri səssiz, gözləri ilə oxudu: «Aliyə müəllim. Sizə xəbər
a
veririk ki, Əsəd müəllim X sinif şagirdi Sahiləyə aşiq olub. Tezliklə ölçü götürməsəniz, axırı pis olacaq»... Vəssalam. İmza yox idi. Kağız sürüşüb Əsədin əlindən stolun üstünə düşdü. Geri çəkilib kürəyini divanın söykəyənəcəyinə dayadı, əllərini gicgahına qoydu, uzaqdan-uzağa baxışları ilişib hərflərdə qaldı. Az keçməmiş yan-yana düzülüb sözlər əmələ gətirmiş hərflər əriyib iki qara xəttə çevrildi və onun, uzun illər ayrılıqdan, yazışmalardan sonra bu məktəbə — özünün uşaqlıq, ilk gənclik çağlarının unudulmaz məskəninə qayıtmaq arzusu baş tutandan çox yox, on beş gün keçməmiş, çətinliklə əldə etdiyi bu səadətinin üstünə su çilədi, pozub yerlə yeksan elədi. O, buraya gələn gündən dönüb təzədən uşaq olmuşdu, bax, azca əvvəl tərk elədiyi o sinifdə otururdu, hər gün sevinirdi, çünki o da, o üzüdönmüş də xəyalının qanadlarında, Sahilə simasında bura qayıtmışdı, illərin arxasından nəfəsini, hənirtisini duyurdu hər gün. Nə böyük səadət idi yenidən o günlərə qayıdıb yaşamaq! Sonra fikrində may ayı olurdu, güllü-çiçəkli may ayı. Mayda Əsəd tək qalırdı, sızlayıb inləyirdi, sonra hardasa onu, dəlicəsinə istədiyi o qızı itirirdi, həmişəlik itirirdi. Sonra, həyatında, ürəyində soyuq, qorxulu, əzablı bir boşluq, ağrı-acı qalırdı. Beləcə, hər şey hər gün təzədən təkrar olurdu. Xatirələri də xoş idi, acıları da... İndi bu səadəti də ona çox görürdülər...
Əsəd xəyal aləmində olarkən Aliyə xanımın nələr dediyini eşitməmişdi, eşitmişdisə də başa düşə bilməmişdi, ancaq fikirdən ayrılanda direktorun var səslə söylədiyi bu sözləri qulağı çaldı:
– Mən bilmirəm sən bütün bunlardan sonra burada necə qala bilərsən. Mən heç cür ağlıma sığışdırmıram.
Əsəd müəllim ağır-ağır ayağa qalxdı, qamətini düzəltdi, qan sağılmış gözlərini Aliyə xanıma dikib qəmli-qəmli söylədi:
– Düz deyirsiniz, Aliyə xanım. Mən kimin ağzını yuma bilərəm? Kimə izahat verə bilərəm ki, bu, onların fikirləşdiyi kimi deyil, tamam ayrı cürdür. Mənə kim inanar? Madam ki, bu işi belə qələmə veriblər, çətin inanan tapılar mənə..
Aliyə xanım Əsədin düşdüyü miskin vəziyyəti sanki indicə gördü və tamam mülayim bir tərzdə;
– Demək istəyirsən... bu, böhtandır? Sən böhtan qurbanı olubsan?... — deyə xəbər alarkən Əsəd:
– Yox, Aliyə xanım, — deyə ah çəkdi, — mən böhtan qurbanı olmamışam, mən, sadəcə, xatirə qurbanı olmuşam. Aliyə xanım... Bunu heç kəs, hətta siz də başa düşə bilməzsiniz, Aliyə xanım. Mən öz qəlbimin məhrəm sirlərini heç kəsə açıb deməyə borclu deyiləm. Amma, bir direktor kimi, sizi inandırıram ki, mən Sahiləyə vurulmamışam və bu, mənim heç ağlıma da gəlməyib. Onu mən sadəcə olaraq, mənə çox əziz olan, unuda bilmədiyim bir adama oxşadırdım və onu görərkən həqiqətən özümü itirirdim, ixtiyarım əlimdən gedirdi. Yəqin uşaqlar da buna pis məna veriblər. Sahilə doğrudan da qəşəngdir, ağıllıdı və mən o qızı təkcə mənə əziz olan o adama oxşadığına görə çox istəyirəm, hörmət eləyirəm. Ancaq bir halda ki, mənim Sahiləyə olan ehtiramımı siz deyən kimi qələmə veriblər, mən burdan getməliyəm — onun adına ləkə gəlməsin deyə, özüm haqqında mənasız söz-söhbət kəsilsin deyə — gərək gedəm... Sağ olun, Aliyə xanım. Xudahafiz...
Əsəd bu sözləri nisgil içində deyib ayaqlarını sürüyə-sürüyə kabinetdən çıxmaq istəyəndə Aliyə xanım onu səslədi:
– Əsəd müəllim, Əsəd müəllim, bir dəqiqə... Ancaq Əsəd müəllim direktorun sözlərini eşitsə də, ayaq saxlamadı, meşin qapını örtüb getdi...
..Dənizin qırağında adam azdı. Fəvvarələrin qabağında qoyulmuş oturacaqlarda təkəmseyrək qocalar, xəstələr əyləşmişdi. Hava sakit və küləksiz olduğundan dəniz yorğun-yorğun mürgü vururdu. Uzaqda üç-dörd iri gəmi lövbər salıb dayanmışdı. Fəvvarənin qıraqlarında yaşıl budaqlarını çətir təki sallamış məcnun söyüdlərin tuşundakı yaşıl oturacaqda əyləşmiş Əsəd müəllim nə qarşısındakı ağaclara, nə dənizi, nə də önündən ötüb keçən adamları görəsi halda deyildi. İndi ondan soruşan olsaydı, buraya
– dəniz qırağına necə, hansı yolla gəlib çıxıbsan, dəqiq deyə bilməzdi. Direktorun kabinetini tərk edəndən bu ana qədər heç nə yadında deyildi. Bircə o yadında idi ki, iyirmi gün qabaq ürək çırpıntısı ilə iyirmi il ayrılıqdan sonra sevinə-sevinə, gözləri yaşara-yaşara qədəm qoyduğu, az qala dər-divarını bağrına basmaq istədiyi bu doğma məktəbdən bu gün, cəmisi yarım saat qabaq xəcalət içində, başı aşağı, dəhliz boyu qaynaşan uşaqların, qabağına çıxan müəllimlərin üzünə belə baxmağa cəsarət etmədən necə ayrılmışdı — səssiz-səmirsiz... Kimsə ilə xudahafizləşmədən...
Bəli, Əsəd müəllimin bu gün gözlənilmədən aldığı zərbə elə güclü və əzici idi ki, onu, ağırlığına görə, ancaq iyirmi il bundan qabaq, gözəl may günlərinin birində qəlbinə vurulan dözülməz yara ilə müqayisə etmək olardı. Hər şey qəribə, qatmaqarışıq, müəmmalı yuxuya bənzəyirdi. Başına gələn müsibətin nə qədər üzücü və eyni zamanda haqsız olduğunu, təmiz müəllim adının necə də heç nədən ləkələndiyini dəqiqələr, saatlar ötdükcə bütün dəhşəti ilə hiss edir, ilan vurmuş adam sayağı yerindəcə qıvrılıb qovrulur, siqareti siqaretin oduna yandırır, hövlündən partlamaq dərəcəsinə gələn ürəyində çağlayan çalpaşıq hisslərin əlində çarəsiz uşaq kimi kövrəlirdi. Əsəbləri elə gərilmişdi ki, sanki indicə qırılacaq, ürəyi ağacdan küləyin qoparıb yerə saldığı nar kimi partlayıb dağılacaqdı. Lakin o zaman, həyatında birinci zərbəni daddığı vaxt, Əsəd cavan idi, sən deyən ciddi bərkə-boşa düşməmişdi. Ona görə də o zərbə — ömrünü, qəlbini, fikrini alt-üst eləmiş o ağrı-acı onda qəribə bir dözüm, dəyanət əmələ gətirmişdi; həmin ağrılar sonrakı illərdə, lap bu günün özünəcən duyduğu, gördüyü sarsıntıların zirvəsi olmuşdu. Əsədin fikrincə təkcə bu günkü müsibəti yox, hətta ölüm belə bu zirvənin yanında kiçik idi, zəif və dözülməli idi. İllər, həyat özü bu müddət ərzində onun hisslərini də, ürəyini də döyüb bərkitmişdi — onu dözümlü, mətanətli eləmək üçün başqa heç nə lazım deyildi — o vaxtdan qəlbinin başında inildəyə-inildəyə gəzdirdiyi o gözyaşardan həsrət
– təkcə bax, o həsrət kifayət idi. O günləri yadına salanda indiki dərdi yüngül göründü, xırda göründü, yanında kimsə olmasa da, ürəyi ilə tək-tənha danışa-danışa gülümsündü.
...Sentyabrın biri idi. Ətrafında daş hasar çəkilmiş, həyəti bağça-bağlı ikimərtəbəli binada — məktəbdə böyük bir canlanma var idi. Birinci sinifdən tutmuş onuncu sinfə qədər bütün uşaqlar, bütün müəllimlər təzə paltarda, şən əhvali-ruhiyyədə bir-birilə görüşür, yayı harada, necə keçirdiklərindən danışır, deyib-gülürdülər. Dəhliz, siniflər arı pətəyi kimi qaynaşırdı. Bu təntənə doğrudan da bayram təntənəsinə oxşayırdı.
Uzaq dağ rayonundan neçə ilin ayrılığından sonra, nəhayət, öz doğma şəhərinə, qapısını bağlayıb (atası keçən il ölmüşdü) getdiyi doğma ata ocağına, ömrünün on ilini divarları arasında keçirdiyi unudulmaz məktəbə qayıtmış Əsəd müəllimin sevinci, təbii ki, hamının fərəhindən çox idi. Hər addımda ötən çağlarının ya şirin, ya acı bir xatirəsi yaşayan bu məhrəm ocağa baxdıqca o, yerə-göyə sığışmırdı. O, həyətdə, dəhlizdə, sinif otaqlarında çığırışan, qaçışan, deyib-gülən uşaqların arasında idi. Fikrən onlardan ayrıla bilmirdi: o, bura müəllim kimi qayıtmışdı, ancaq özünü heç cürə müəllim təsəvvür eləyə bilmirdi: ona elə gəlirdi ki, yenə boynu qalstuklu pionerdi, qoşulub bu uşaqlara, atılıb-düşür, deyir-gülür, gah da qayğılı-qayğılı bir kənara çəkilib dalğın-dalğın nə isə fikirləşir... Hərdən düşüncələrindən ayrılırdı, ətrafa baxırdı, — uşaqlar o uşaqlar deyildi, onun sinif yoldaşları da yox idi, o da — Xəzangül də yox idi; onda Əsəd indiki günlərinə qayıdıb kədərli-kədərli köks ötürürdü. O günlər getdi, bir də geri qayıtmaz. Bu fikrini bir də o həqiqət möhkəmləndirirdi ki, müəllimlər də o müəllimlər deyildi — onun sevimli müəllimlərindən burada indi heç kəs yox idi. Ölən ölmüşdü, qocalan qocalmışdı, başqa məktəbə gedənlər də var idi deyəsən. Qoca süpürgəçi Töhfə də gözə dəymirdi. Bir sözlə, Əsədin gördüyü, sevdiyi o məktəbdən, o müəllimlərdən, o uşaqlardan əsər-əlamət qalmamışdı. Yox, qalmışdı, məktəb özü, sinif otaqları, hətta partalar. Düzdü, təzə rənglənmişdi — ancaq həmin partalar idi. Əsəd avqustun iyirmi beşində ilk dəfə, tanışlıq üçün böyük qəlb çırpıntısı ilə buraya gələndə, asudə vaxt tapıb siniflərinə baş çəkmiş, partaların arasında gəzə-gəzə gəlib öz partasını axtarıb tapmış, keçib oturmuş, xəyala dalmış, vaxtilə cib bıçağı ilə partanın üstünə qazdığı o hərfləri axtarmışdı; o dörd hərf pozulmuşdu, demək olar ki, güclə oxunurdu — neçə dəfə çəkilmiş qara rəngin altında itib-batmaq üzrə idi. Ancaq o partanın üstünə təzə, keçən ilmi, inişilmi yazılmış «S + M = lyubov» sözləri aydın oxunurdu. Sonra o, həyətə çıxmış, o zaman öz əlilə əkdiyi qara ağacın yanına gəlmişdi — onda balaca, qol-qanadı qayçılanıb vurulmuş fidan indi, maşallah, böyüyüb qollu-budaqlı, kölgəli ağac olub. O da yaşa dolub, gövdəsini örtmüş, qara-boz, diyir-diyir qabıqlardan anlamaq olurdu ki, yavaş-yavaş o da qocalır, Əsəd kimi. Əsəd əlini ağacın yana əyilmiş budağının üstünə qoymuşdu, onu nə isə doğma, həlim bir hisslə başdan-ayağa süzmüşdü və ürəyində onunla danışmışdı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Birinci hissə, üçüncü fəsilGülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Birinci hissə, dördüncü fəsilYara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?
Birinci hissə, beşinci fəsilSən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.