Страница 10 из 47 · 19%

Dünən Ağca bazardan gətirdiyi xəbərlərə yekun vuraraq qocaya demişdi ki, Xəlifə Məmun hər gün ovuclarını açıb dizləri üstə qoyur, diqqətlə baxır və şeytanın ovuclarına yazdığı gizli yazıları oxuyub bir təlimat alır və buna görə əlbəttə ki, Məmun orda – Bağdadda xəlifə olmuş bəstəkar, xanəndə əmisini taxtdan salacaqdır. Çünki Bağdadda xəlifə olmuş İbrahim ibn Məhəmmədin bir xanəndə kimi səsi nə qədər gözəldirsə, əqli bir o qədər qısadır. Və qoca yalnız bundan sonra qəti qərara gələrək qardaşı Vəcnaya əmr eləmişdi ki, bütün bir karvanla yola çıxsın və Həmədanda Məmunu istiqbal edəcək Azərbaycandakı ərəb qəbilə rəislərin içərisində Əzd qəbiləsi adından xəlifəyə öz ixlası və sədaqətini ərz eləsin və indi neçə gündü ki, Vəcna artıq yol hazırlığına başlamışdı.

Ağca hələ kiçik bir qız ikən ibn Rəvvad onu Dərbənd bazarındakı bir qul tacirindən 300 dirhəm bahasına satın alıb Təbrizə gətirmişdi. Və sonra qız bir az böyüyəndə, yarı qönçə, yarıgül çağına çatanda qoca heç Ağcadan kamını almağa macal tapmadan yorğan-döşəyə düşmüşdü və indi hər gecə ölümlə qucaqlaşıb yatan qocanı hər səhər Ağcanın üzünü görmək, Ağcanın səsini eşitmək həsrəti ölümün qolları arasından çəkib çıxardırdı...

İbn Rəvvadın hərəmxanasında milliyyəti və dini ayrı-ayrı başqa cariyələr və kənizlər az deyildi, amma sonsuz qocanın ürəyindəki ən böyük həsrət məhz Ağcanın onun üçün doğacağı bir oğul, bir vəliəhd həsrəti idi. Buna görə idi ki, xəstə qoca hələlik Ağcanın kafir qalmayıb islamı qəbul eləməsini istəyirdi. Sonra Allah kərim idi. Sonra bəlkə allah rəhmə gələcəkdi və onu bu ölüm yatağından qaldıracaqdı. Lakin qocanın təklifini Ağca dərhal rədd eləmişdi. İslam dünyasında isə cariyələrə, kənizlərə və qullara zorla islamı qəbul elətdirmək ənənəsi yoxdu, çünki vaxtilə Sərvər-kainat peyğəmbərin özünün on iki zövcəsi içərisində axıra qədər öz dininə və etiqadına sadiq qalmış İsəhi¹ və qibti² qadınları olmuşdu. Amma Ağcanın islama dəvəti qətiyyətlə rədd eləməsi istər-istəməz qocanı çox pərt eləməmişdi və xəstə yatağından qalxınaraq səsini ucaltmışdı ki, ey vəhşi çöllər qızı, mənim cariyələrin içində xaçpərəst var, dini nədir, tanrısı kimdir heç vəchlə qana bilmədim. Çünki nəinki mən, heç kəs sənin qovmin olan nə ağ xəzərlərin, nə qara xəzərlərin əcaib etiqadından baş çıxarda bilmir.

¹ Xaçpərəst – xristian

² Misirli

Bu vaxt Ağca sıçrayıb ayağa qalxmışdı, fırfıra kimi qocanın önündə dövrələr vurub fırlanmış, rəngi qaçmışdı, gözləri çıraq kimi yanmışdı və birdən quş nəğməsini andıran cəh-cəhli səsiylə öz tanrısı eşqinə elə ehtiraslı bir alqış oxumuşdu ki, qocanın nazbalışa batmış başı gicəllənmişdi. Axma Ağca hafizcəsinə alqışını davam etdirmişdi ki, başlanğıcda yuxarıda mavi göy, aşağıda qara torpaq vardı. İnsan oğlu bu ikisinin arasında dünyaya gəldi və alqış o ağ ulduzlu, qızmar günəşli, qara buludlu göylərə ki, ildırım çaxanda, buludlar ağlayanda çox heyrətlidir, sonra buludlar dağılanda, üzü işıqlananda, körpə gözləri kimi tərtəmiz və günahsızdır. Və yenə alqış göylərin gözəlliyinə ki, tanrı və insan oğlu hara getsə başı üstündədir və hər şey bu dünyada ötəridir. Ulu tanrı yalnız orda elə-belə bəzənmişdir...

Sonra Ağca birdən kirimişdi, gözünə nə görünmüşdüsə tanımışdı, qapı yanındakı bucağa qısılmışdı və qorxunc bir şey görmüş uşaq kimi iki əlilə üzünü qapamışdı və ağlamışdı. Hərəm dairəsindəki qadınların ağlayışlarına çoxdan vərdiş eləmiş qoca isə Ağcanın qız, bala ağlayışına oxşar ağlayışından riqqətə gəlmişdi və demişdi:

– Ağlama ey Ağca, bir olan Allaha and içirəm ki, əgər o rəhmə gəlib məni bu yataqdan ayağa qaldırsa, səni cariyəlikdən xanımlıq rütbəsinə ucaldacağam. Yox əgər bu yataqdan qalxmaq mənə nəsib olmayacaqsa son nəfəsimdə azadlıq verəcəyim qapı qullarım, kənizlərim və cariyələrin içində birinci sən olacaqsan!

Qocanın andından Ağcanın ürəyi döyünmüşdü; ölərkən qoca ona azadlıq verəcəkdi və Ağca bilirdi ki, hər bir müsəlman ölərkən qullarından və kənizlərindən nə qədər çox azad eləyirdisə bir o qədər çox savab və rəhmət qazanırdı. Buna görə idi ki, o gündən bir-birinə zidd iki hiss Ağcanın ürəyini didməyə başlamışdı. Çünki bir tərəfdən dərin bir minnətdarlıq hissilə qocaya xidmət edirdi ki, bir az cana gəlsin, ayağa dursun, digər tərəfdən səbirsizliklə qocanın ölümünü gözləyirdi ki, azadlığa, səadətə və könül verdiyi bir igid vardı ki, ona qovuşsun... Və əlbəttə ki, əgər qoca cariyəsinin bu gizli sevgisindən xəbər tutmuş olsaydı, Ağca indi çoxdan ağzı möhkəm bağlanmış bir çuval içində – çox dərin bir quyu dibindəki qəbrində yatmış olardı.

Lakin Ağcanın əli könül verdiyi o igiddən çox tez üzülmüşdü və dörd ildən artıq idi ki, Ağca o aslan doğmuşun öldüyündən, qaldığından xəbər tuta bilməmişdi. Və indi birdən Həmədandan gələn dəvə karvanı ilə Ağcaya xoş bir xəbər gəlib çatmışdı ki, könül verdiyi igid sağdır və bu xəbər gümüş bir dirhəmdən ibarət idi ki, Ağca o dirhəmi bərk-bərk sağ ovcunda saxlayaraq başı alovlu örtülü bazarda vurnuxurdu. Çünki bu dirhəmlə bərabər onun aslan doğmuşu bu şəhərdəki yeganə və ən yaxın dostuna da qara bir təsbeh göndərmişdi ki, Ağca bu əmanəti tezliklə və məhz bu gün sahibinə çatdırmalı idi.

Ağca bəzzazlar cərgəsində qaynaşan qadınlar arasından çıxmışdı. Papaqçı və dərzilər, xırdavatçılar cərgələrinə hətta qılınc pardaxlayanlar cərgəsinə də göz gəzdirmişdi. Amma heç yerdə axtardığı – oğlanı gözünə dəyməmişdi. Halbuki, o oğlan da qoca ibn Rəvvadın karvanlarında qatarçı idi və sabah o da Vəcnanın karvanıyla yola düşəcəkdi. İndi tək bir ondan başqa demək olar ki, karvan oğlanlarının hamısı bu gün bazarda idi; kimi yol üçün duz və un, kimi çaxmaq daşı və qov, kimi iynə-sap və sair alırdı və bəziləri də qılınc pardaxlayanlar cərgəsində əyri tiyəli qəmlərini oxarladırdılar!

Ağca bir fikirləşdi ki, bazardan çıxsın, üz tutsun Təbrizə, dağa tərəf, çay qırağına getsin. Çünki karvan oğlanlarından çoxları hər dəfə səfərə çıxarkən, orda, Acı çay körpüsü başında oturan falçı qadının yanına gedirdilər və həmişə çox təhlükəli olan karvan yollarında başlarına nə gələcəyi barədə fal açırdılar. Amma sonra birdən yadına düşdü ki, axtardığı o oğlanı yola çıxarkən heç vaxt falına baxdırmır, amma hər dəfə xeyir-dua almaq üçün Qaraca dədə kuzəgərlə xudahafizləşməyə gedir.

Və bu vaxt Ağca əlini alnına çırpdı, örtülü bazarın sərinindən çıxdı, şəhərin qızmar günəşli boş küçələrindəki divar dibi kölgələrdə daldalanaraq gəldi Qala darvazasından keçdi və hər tərəfdən şəhəri çevrəyə almış üzüm bağları arasıyla üzüyuxarı çox qədim və nəhəng bir məbədin möhtəşəm xarabazarlığına doğru yönəldi.

Xərabəliyi belə çox qədim olan bu məbəd bir-birinə bitişik bir neçə tikinti tağlarından ibarət idi ki, vaxtilə spiralvarı qatlarla üstündən göyə doğru ucalan qülləsinin yarısı çoxdan uçulub tökülmüşdü, uzun və tağlı dəhlizlərlə bir-birinə bənd edilmiş dördbucaqlı həyətlərindəki rəngarəng dəmir sütunlardan bəziləri köndələninə yerə sərilmişdi və üç ayaqlı dairəvi tunc bir taz içində ulu atəşin yandığı atəşgah indi artıq əsrlərin bir-biri üzərinə qalaqlanmış qaranlığı içində qərq olmuşdu.

Amma bu möhtəşəm xarabazarlığın yarı uçuq-yarı salamat qalmış daş divarlarına çöl tərəfdən qaranquş yuvaları kimi yamanmış bir çox komalar və daxmalar vardı ki, bunlar şəhərin yoxsul peşəkarlarından pinəçilərin, həllacların¹, kuzəgərlərin və digərlərinin ustaxanalarına və yaşayış mənzillərinə çevrilmişdi. Və Ağca uca taxtbəndli tavan altındakı hər bir otağın ortasındakı səkkizguşəli üç pilləli atəş nəhrinə gəldi. Bu miskin daxmalar, ustaxanalar cərgəsi qarşısına çıxdı və gördüyü mənzərə qarşısında heyrət içində dayandı.

Qaraca dədə kuzəgərin koması qarşısında sındırılıb, qırılıb çilik-çilik olmuş kuzələrdən, cürdəklərdən, küvəclərdən, dolçalardan və sair saxsı qablardan ehramvari bir təpəcik ucalmışdı. Və qoca kuzəgər əyilib-qalxaraq kəhildəyə-kəhildəyə hələ də yerdən yığmaqda olduğu saxsı qırıntılarını o təpəcik üstünə atırdı.

Ağca dayanıb baxırdı, qocanı dindirməyə cəsarət eləmirdi ki, axı hansı dəli-qudurmuş qocanın bu qədər zəhmətini zay eləmişdi və sorağında olduğu oğlan haqqında da qocadan bir söz soruşmamış çıxıb gedə bilmirdi, nəhayət, canını dişinə alaraq çadrasının ucunu soldan-sağa ağzına yaşmaq tutaraq, dedi:

– Görüm baisin əlləri qurusun, balaca dam evi başına uçulsun, üstünə od ələnsin, fəryadı ərşə dirənsin, Qaraca dədə... və üzüm ayaqların altına Qaraca dədə, səhərdən o Bilalabadlı oğlanı axtarıram. Sabah o da Vəcnanın karvanı ilə yola düşür, o karvan ki, Həmədana gedir, Karvan oğlanlarından çoxu bazarda idi. Kimi duz alırdı, kimi un, kimi ipək sap. Amma təkcə o yoxdu o oğlanlar içində dedim bəlkə səndən xeyir-dua almağa gəlib, çünki bilirəm hər dəfə uzaq səfərə çıxanda əlini öpməyə, səninlə xudahafizləşməyə gəlir. Əgər gəlibsə və gedibsə və yainki bir saatdan gələcəksə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 мин
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 мин
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 мин
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 мин

Стихи других поэтов