Birinci hissə
Страница 15 из 47 · 30%
Vaxt idi, ayağa qalxmalı idilər, şəfəq vaxtı idi, doğan günəşi salamlamalı idilər və Qaraca dədə ilə bərabər bütün məclis ayağa qalxdı.
Yalnız Çılpaq oğlu bir an yubandı, tərpənməyib yerində qaldı və Araz qırağının Tuğay meşələrində pusquda dayandığı gecə şəfəq sökülərkən ovlayacağı o pələngi, o dəhşəti və o gözəlliyi iki addımlığında görərkən, gözlərində alışan o heyranlıq ilə o amansız ovçu həvəsi necə bir-birinə qarışmışdısa, indi də Qaraca dədədən qoparda bilmədiyi baxışlarında eyni qızdırmalı bir yanarlıq vardı.
Babək döndü, Çılpaq oğlunun qocaya zillənmiş baxışlarını tutdu, üzərindən bir kölgə qaçdı, qaşları çatıldı, sonra birdən gülümsündü və dedi:
– Ey Çılpaq oğlu, görürəm Reyhan şərabından çox ağırlaşmısan, tut əlimdən qalx ayağa, hamı ayaq üstədir...
Çılpaq oğlu diksindi, Babəkə tərəf döndü, qonur gözlərində soyuq bir işıltı yandı. Lakin Babək əlini ona doğru uzatmışdı və bir gecə bir süfrə başında çörək kəsmişdilər və indi əgər bir gün hətta bir-biri üstünə qılınc çəkən iki düşmən qoşun içində bir-birilə üz-üzə gəlsəydilər belə, yenə də biri digərinə əl qaldıra bilməzdi, çünki bütün xalqların və bütün zamanların ən pozulmaz qanunu idi və bu Çılpaq oğlu Babəkin əlindən tutub ayağa sıçradı...
Bu, böyük bir karvanın
Həftələrlə yol getdiyidir.
Və kiçik bir oğlanın
O karvanı təqib etdiyidir.
1
Mərvdən yola düşdüyü gündən bəri bu il yarımda Doğarıdan Batarıya doğru hərəkət edən xəlifə Məmunun qafiləsi özünə tale zayicəsi tərtib etmiş vəziri Sərəxs şəhərində, və çərəz kimi üzümü həddindən artıq çox xoşlayan vəliəhd şiyə imamını Tus şəhərində dəfn eləyəndən sonra nəhayət, gəlib Rey şəhərindən keçmişdi. Və vaxtilə qədim Midiyanın cah-cəlallı paytaxtı olan Okbatana yaxud indiki Həmədana yaxınlaşmaqda idi.
Eyni zamanda xilafətin quzey ucqarları hesab olunan Azərbaycanda və Arranda, Ərməniyyədə və Curzanda hər biri bir şəhər sahibi olan qüdrətli ərəb feodallarının karvanları da bir-birinin ardınca Şamdan, yollar ayrıcı olan Zəncandan keçərək üzü Güneyə doğru Həmədana tərəf gedirdilər ki, orda xəlifə Məmunu istiqbal eləsinlər.
Bütün bu ərəb tayfa və qəbilə rəisləri isə yüz ildən artıq idi ki, islam qılıncının fəth elədiyi o ölkələrin qəsb olunmuş torpaqlarında nəsilbənəsil hökm sürürdülər.
Və bu qism feodallardan biri də Təbrizin sahibi qoca Məhəmməd ibn Rəvvad idi ki, xəstə olduğuna görə bir həftə əvvəl qardaşı Vəcna ilə Təbrizdən böyük bir dəvə karvanı yola salmışdı və o karvan dünən axşam gəlib Zəncana çatmışdı və bazaryanı böyük karvansarada bir gecə toxdamışdı...
Sonra səhər açılmış, bazar darvazası önündə təbil çalınmış, quşlarla yatan şəhər quşlarla bərabər oyanmış, izdiham axıb bazar meydanını doldurmuş, yüngül çəkiclər altında tox qırmızı misdən sızıltılı cingiltilər ucalmış, ağır çəkiclər altında boz qaramtıl dəmir qəzəblə nəriltiyə başlamış, bazar darvazası önündəki qocaman bir söyüdün budaqları arasına doluşan yarpaq sanı sərçələr yuxarıda məşhəri bir şivən qopartmış, aşağıda haman ağac altına qovulan bir bölük dilənçi uşağın fəğanı bütün səslərə qarışdığı vaxt Təbriz karvanı bazaryanı karvansaradan çıxmışdı və Güneyə doğru üz tutaraq Həmədan yolunda gözdən itmişdi...
...Və bu il ki, xilafətin bir çox əyalətlərində yenə qıtlıq və aclıq ili idi, dağ kəndlərindən axıb şəhərlərə dilənçiliyə gələn oğlan uşaqlarının sayı hər gün bir az daha artırdı. Zəncan isə yollar ayrıcı olduğuna görə, kəndistandan axıb gələn o uşaqların çoxu burda ilişib qaldığı üçün bazar darğaları hər gün olduğu kimi bu gün də bazar ağzındakı qoca söyüd ağacı altında zarıyan bu uşaqları bir müddət bazara buraxmamışdılar və yenə hər gün olduğu kimi bir saat sonra cındırından cin ürkən bu cin yığınağı yekparə bir kütlə halında hərəkətə gələrək bazar darvazasına hücum eləmiş – darğaları kənara atıb içəri doluşmuş və içəridə dərhal pərpətövün toxumu kimi dağım-dağım olaraq bütün bazara səpələnmişdir. İndi bu sürüşkən civə qətrələri ta axşamacan bazarın qaynarında çalxanacaqdılar.
Lakin dilənçi uşaqların bazar darvazasına bugünkü hücumu zamanı yalnız təkcə bir uşaq yerindən tərpənməmiş, söyüd ağacı altında dünya başına dolanmış və bazaryanı karvansaradan çıxan Təbriz karvanının arxasınca baxa-baxa qalmışdı. Çünki uşaq o karvan başındakı azman arvana¹ üstündə yırğalanan qara çalmalı, qara əbalı, qalın çatma qaşlı, zəhimli baxışlı şəxsi tanımışdı və o vaxt ki, tanımışdı, ürəyini qarsan və yaşına rəhm etməyən amansız bir hissin şiddətindən nəfəsi boğazına tıxanmış, gözləri qaranlıq gətirmişdi.
Və indi o karvan uzaqlaşdıqca uşaq içini yeyirdi, uçunurdu və nə edəcəyini bilmirdi.
Nəhayət, handan-hana ki, özünə gəlmişdi və bəbəklərinin dərinində o qətiyyətin soyuq işığı alışmışdı, yerindən qopub bazara cummuşdu, izdihamın qaynarı içindən ilanvarı ziğzaklarda şütüyərək gəlib qəssablar cərgəsinə çıxmışdı və elə birinci dükan önündəki dəyirmi kötük üstünə atılmış bıçaqlardan birini qaparaq qaçmışdı. Və əlbəttə ki, dərhal arxasınca qulaqlarını gicitkan kimi dalayan nəhlət, söyüş səsi və ayaq tappıltısı eşitmişdi. Və nə qədər təhlükəli bir işə əl atdığını yaxşı bildiyi üçün bir qanadı qorxu, bir qanadı dəhşət ilə uçub aradan çıxmışdı, çünki yaxalansaydı ən yüngül cəzası o olacaqdı ki, elə oğurladığı bıçaqla qulaqlarından biri tən yarısınacan kəsiləcəkdi...
Sonra o qaranəfəs özünü bazar darvazasından çölə atarkən, hər gün burda darvaza tağı altında duzlu suda pörtdədilmiş qarğıdalı satan yeniyetmə bir oğlan heyrətlə arxadan onu səsləmişdi ki:
– Barsis hara? Barsis dayan!
Amma o artıq dayana bilməzdi və dayanmamışdı və birbaşa Zəncan çayı boyu ilə uzanan karvan yoluna doğru qaçmışdı və o vaxt ki, gəlib çay qırağına çıxmışdı, irəlidə uzaqlaşıb gedən karvanı görüb nəfəsini dərmişdi və çırpışdırdığı bıçağı da burda sol böyründən asılmış kiçik torbasına atıb gizləmişdi. Torbası isə bu gün də bomboşdu.
Bir həftə idi ki, Boz quş dağlarından bu şəhərə gəlmişdi və dilənçi uşaqlara qoşulub dilənməyə başlamışdı. Başlamışdı, amma bacarmamışdı. Səhər bazar açılandan axşam bazar bağlanana kimi yalvarmaq, sızıldamaq lazımdı. Yorulmamaq üçün səsini müəyyən ahəngə uydurmalı idi. İnilti və sızıltılardan nəğmələnmiş bir avazla dilənməli idi. Və əli yüz dəfə ətəklərə uzanmalı və yüz dəfə rədd edilməli idi ki, yüz birinci dəfə bəlkə bəxti gətirəydi. Və o vaxt ki, o fəqirə pay veriləcəkdi, ovcunda heç olmasa bir fəlis miqdarında qara bir pul görəcəkdi, o vaxt dərhal şatırlar cərgəsinə qaçacaqdı və ətri bütün dünyanın ətirlərindən, dağ başındakı çiçəklərin, dərələrdəki qızıl güllərin ətrindən daha cazibəli olan, üzü yumurta sarısıyla suvaqlı, xaş-xaş dənəciklərilə naxışlı o nazik, uzunsov sarı buğda çörəyindən biri nəhayət ömründə ilk dəfə ona da qismət olacaqdı. Axı bu vaxta kimi bütün gününün cirəsi kəsdiyi, öpdüyü, gözü üstə qoyduğu və yüz dəfə tanrıya şükr etdiyi bir tikə qara arpa çörəyindən və yaxud cad əppəyindən başqa bir şey olmamışdı...
¹ Arvana – qatırbaşı nər (erkək dəvə)
Amma məhz birinci gündən susub kənarda dayandığı və yanından ötən bir kimsənin ətəyinə əl uzatmadığı və dodaqlarını bir-birinə kip sıxaraq bir dəfə də olsun zarıyıb sıtqamadığı üçün bu çox qəribə davranış, bazar darvazasının tağı altında qarğıdalı satan və bütün günü “Məkə balıdır, qovrulmuş – yolda gəlmiş yorulmuş” nəğməsi ilə müştəri çağıran on iki yaşlı bir oğlanın Turğayın gözündən yayınmamışdı, axşam bağlananda Turğay ona yan almış, satılmayıb böyük torbasının dibində qalan üç-dörd boyat qarğıdalıdan birini bazar Barsisə uzatmışdı və demişdi:
– Tut! Bağışlamıram, borc verirəm və bil ki, borclu borclunun sağlığını istər.
Beləliklə, sonrakı günlərdə Turğay hər səhər Barsisə bir dənə isti və hər axşam bir dənə boyat qarğıdalı uzadaraq eyni sözləri təkrar eləmişdi:
– Çək dişinə, bağışlamıram, borc verirəm və bil ki, borclu borclunun sağlığını istər.
Və indi Barsis baş alıb o böyük karvan arxasınca gedərkən arxada qalan şəhərdən bir bıçaq çırpışdırdığını və o şəhərdəki bir oğlana on üç qarğıdalının dəyəri miqdarında ağır bir borcun altında qaldığını düşünərkən dərindən köksünü ötürdü...
2
Böyük karvan yol boyu uzanıb açılmışdı. Karvan oğlanlarından hər biri öz qatarı yanında addımlayırdı. Yeganə atlı karvanbaşı idi ki, qaşqa ürgəni gah irəli çapırdı, gah geri döndərirdi, qara bir ilan kimi sağ biləyindən asılmış qamçısına qurban axtarırdı. Karvan önündə isə ovsarını qoca bir sarvanın çəkdiyi qoşa hörgüclü arvana üstündə qara çalmalı, qara əbalı, qalın çatmaqaşlı, tosqun bir adam yırğalanırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.