Страница 18 из 47 · 36%

– Qulaq as oğlan... Bu qədər əzaba ki, sən dözürsən, günlərlə ac-susuz yol gəlirsən, gecələr yalquzaq kimi dağda-daşda tək qalırsan, demək sən o uşaqlardan deyilsən ki, xınalı quzudurlar öz anaları üçün... Yox əgər sən kimsəsiz, yetim bir uşaqsansa, döyülüb-söyülüb bütün qapılardan qovulmusansa... Və indi heç kəsə yaxın düşmək istəmirsənsə... Onda necə ki, bir qurd balası anasından zülm görüb zalim olur...

Dayandı, nəfəsini dərdi və dərhal onu basmarlayan bu qürbət dağlarının amansız səssizliyi çırtma vurulmuş bir mis kimi qulaqlarında cingildədi və başladığı bu oyunu ixtiyarsız olaraq davam etdirdi:

– İndi ki, dedim, qurd balası anasından zülm görüb zalim olur, onda qulaq as, rovayəti budur... O vaxt ki, qurd balaları böyüyür, ətə-cana gəlir, sırmaşırlar analarına və getdikcə oynaşmaq həvəsləri artır... Belə günlərin bir axşamında ana qurd körpə balalarını dalınca salıb bütün gecəni baş alıb çapır, ta o vaxta qədər ki, küçükləri əldən düşür, nəfəsləri qaralır, yüyürməyə taqətləri qalmır. Bu vaxt ana qurd dayanır, guya rəhmə gəlib ayaq saxlayır, tabdan düşmüş küçüklər isə ayaq üstə dayana bilmir, bir-birinin dalınca yerə sərilir, daş kimi düşüb hərəkətsiz qalırlar və gözlərini yummağa macal tapmamış elə dərin bir yuxuya gedirlər ki, öldüklərin və ya qaldıqların bilmək olmur... Sonra o vaxt ki, gözlərini açırlar baxıb görürlər ki, çölün-biyabanın ortasında tək qalıblar – nə anaları var başları üstə, nə bir ins-cins var bu vaveyla çölündə... Sonrasını özün fikirləş ki, nə gəlir onların başına; hər gün qorxu və anasızlıq, hər gün aclıq və susuzluq, və siçandan, yaxud kəsəyəndən başqa hələ heç bir canlını tutmağa, aşırmağa gücləri və qüvvətləri yox... Və guya bu minval ilə doğma analarından bu qədər zülm gördüklərinə görə, sonra o qurd balaları böyüdükcə və hər gün ölüb ölümdən qayıtdıqca, rəhm və mərhəmət nədir bilmirlər və nə qədər qan içirlərsə doymurlar.

Dayandı, yenə nəfəsini dərdi və bir an ona elə gəldi ki, nə isə eşitdi və guya lap yaxında uşaq köksün ötürdü. Yalnız bu qədər. Sonra, ağır və inadlı bir sükut! Həsb-hal baş tutmamışdı. Uzatdığı əl havada qalmışdı və yaxud daş qayaya rast gəlmişdi.

4

Ertəsi gün axşama doğru növbəti “nənəm vay” yoxuşlarından biri başlananda Vəcna yenə öz arvanasından düşüb pay-piyada karvanın arasınca gedirdi, ağasının ardınca addımlayan karvanbaşı da qaşqa ürgəni yedəyinə almışdı.

Yorğun karvan nəhayət, dik yoxuşu qalxıb dağın yuxarı qurşağındakı sıldırım qayaların ətəyində çapılmış daşlıq və ensiz yola tıxandı. Və burda bir-biri ardınca ağır-ağır addımlayan dəvələr bellərindəki yük taylarıyla qayaların hamar divarlarını silib-süpürməyə başladılar, çünki yolun sağ tərəfilə dərin bir uçurum uzanıb gedirdi və bu uçurumun dibində çalxanan qaynar axınlı dağ çayı təngənin növbəti boğumundan qurtulub çıxdığı üçün yatağında gah sağını gəmirib sola cumurdu gah solunu gəmirib sağa cumurdu və bu qəzəblənmiş suların nəriltisi yuxarıdan keçən karvanları həmişə vahiməyə salırdı və getdikcə daha artıq qısnayıb az qala qayalara yapıb-yapışdırırdı.

Karvan artıq yolun yarısını keçmişdi və indi irəlidə görsənən dağ dirsəkindən sola doğru burulanda daha geniş dolaylar başlanacaqdı.

Bu vaxt karvan önündə gedən qoca sarvan döndü, ovsarını çəkdiyi arvananı toxtatdı, dərhal arxadan gələn dəvələr bir-birinə dirəndi və bir an sonra bütün karvan sərt qayaların dik və hamar divarına həkk olunmuş qabartma naxışlar kimi qımıldanmadan döndü, yerində hərəkətsiz qaldı.

Qoca sarvan isə daşlı yolun ortasına döşəndi, sağ qulağını yerə dirədi, bir müddət daşlı yola qulaq asdı. Sonra təlaş içində ayağa qalxdı və karvan yanıyla geri yortub gəldi, qaranəfəs Vəcnanın hüzurunda dayandı:

– Qənşərdən böyük bir qafilə gəlir, ya Vəcna, – dedi. – Belə məlum ki, atları, qatırları və sair yük heyvanları var və bu taxta ki, dolayların ən darkeş yeridir, burda iki karvan üz-üzə gələndə həmişə qiyamət qopub, fəlakət baş verib, indi onlar bizi sıxışdırsa – biz onları, elə bir müsibat başlanacaq ki, tanrı heç bir bəndəsinə göstərməsin.

Vəcna dedi:

– Təklifin nədir, qoca?

– Nə qədər gec deyil, bu ibn Mingə ürgəni çapıb o qafiləni saxlasın, ta o vaxta qədər ki, karvan dağ dirsəyini aşıb yuxarı taxtada açıqlığa çıxsın.

Vəcna döndü arxasında dayanmış karvanbaşıya ürgəyə minməsini əmr elədi. ibn Mingə dirəndi:

– Ya Vəcna mən cəhənnəm, – dedi bu at heyfdir...

Vəcnanın qaşları çatıldı və karvanbaşı tez əlavə elədi:

– Bu heyvan bir cüt qanad taxmayınca onu karvan böyründən irəli keçirmək mümkün deyil... Gərək əvvəlcə bu heyvan rəqsülnar oynamağı bacaraydı bu uçurum üstə...

Vəcna həqarətlə ibn Mingədən üz çevirdi:

– Çağırın – dedi o bilalabadlı oğlan bura gəlsin.

Çağırdılar, bu dəfə Babək gəlib karvan sahibinin hüzurunda dayandı. Vəcna dedi:

– Atı sən keçirəcəksən karvan önünə, sonra bu şəxs dalınca yortub gələndə yügəni atarsan üstünə...

Sonra Vəcna yenə ibn Mingəyə tərəf döndü:

– Çap gör qarşıdan gələn kimlərdir, başa sal o camaatı ki, bir az toxtasınlar, yubanma, tez cavab gətir mənə!

İbn Mingə udqundu yenə, nə isə demək istədi, Vəcna gözünü ağartdı:

– Tamam! Tut üzəngini oğlan minsin!

İbn Mingə qulaqlarına inanmadı, karvanbaşı olduğu bir karvanda karvançı bir oğlanın üzəngisini tutmaq onun üçün çox ağır və dözülməz bir cəza idi, amma Vəcnanın qəzəbli baxışları altında atın başına dolanıb sağına keçməyə macal tapmamışdı ki, Babək aman vermədi, sıçradı ürgənin üstünə qalxdı və bu adamı onun qarşısında xəcil olmağa qoymadı...

Sonra o, karvanın sağında qalan və uçurum qırağıyla uzanıb gedən daşlıq yolun çox ensiz şəridinə ötəri bir göz gəzdirdi. İndi əgər elə ilk addımda atın gözü qorxsaydı, bircə dəfə dirənib dursaydı, sonra fələk özü gələydi yenə ürgəni irəli qova bilməzdi, yaxud atı yedəyinə alıb dalınca çəkmək istəsəydi, qolu pəhləvan qolu olsaydı belə, yenə də atı yerindən tərpədə bilməyəcəkdi!

Döndərdi atı arxaya sürdü, bir qədər karvandan uzaqlaşdı, sonra birdən kəskin bir hərəkətlə ürgənin başın geri çevirdi və zəhmli bir qiyyə ilə atı irəliyə sıçratdı. Qaşqa ürgə dərhal üstündəkinin qətiyyətini hiss elədi, eyni zamanda bu qətiyyətə qarşı duyduğu etimad duyğusuyla qorxuya-hürküyə düşməyə macal tapmadı. Ən çətin isə qorxulu cığıra sıçrayışdı, sonra məhv olmamaq üçün qanad taxmalı idisə at özü taxacaqdı, yerdən qopub uçmalı idisə, at özü uçacaqdı.

Və cığıra ilk sıçrayış baş tutdu. Karvan oğlanları dörd nala çapıb üstlərinə gələn və sanki hər nəfəsində bir ölüm üstündən sıçrayan qaşqa ürgənin qarşısından qaçıb dəvələrin qarınları altına sindilər və karvanda bir dəqiqəliyə hamı nəfəsini uddu. Yalnız dəvələr qorxulu tamaşaya laqeyd qaldılar və heç biri başını çevirib nə yanlarından boğanaq kimi ötən və hər sıçrayışda dal ayaqlarıyla dibsiz bir uçurumun qıraqlarını sökən ürgəyə, nə də haman uçurum üstündə öz həyatı ilə oynayana gözlərinin ucuyla belə baxmadılar...

Beləliklə, qaşqa ürgə uçurum üstündəki cığırı karvan boyu çapıb qurtardı və minnətdarlıq hissilə boynuna dolanan bir cüt qolun nəvazişinə fərahli bir kişnərti ilə cavab verdi.

Babək sıçradı, atın üstündən yerə düşdü və karvanbaşı yortub gələndə atı ibn Mingəyə təhvil verdi.

Karvanbaşı cilovu əlinə almışdı və dovdaq kimi donub atın yanında dayanmışdı. Çoxda ki, qaşqa ürgə ildırım qanadlı idi, çox da ki, qara əbası altında tiyəsi çuxurlu Yəmən qılıncı vardı, əgər yaxınlaşan o məchul qafilə bu yerlərin çapovolçu dağ quldurları idisə, hara qoyacaqdı canını və hansı siçan deşiyini satın almağa macal tapacaqdı? Digər tərəfdən ibn Rəvvad qardaşları içərisində ortancıl qardaş olan Vəcnanın nə qədər tündməcaz və amansız olduğuna yaxşı bələd idi, ona görə nəhayət, hıqqanaraq ürəyindəki vahimə ilə bərabər atın üstünə qalxanda, qaşqa ürgə bir meyit təmasından diksinər kimi çimçəşdi və dayandı, uzun-uzadı bütün sidiyini yolun ortasına boşaltdı. Və sidiyin ağ köpüyü aşıb daşanda at özü yüyənini dartdı və yerindən tərpənib yola düşdü...

5

Karvanbaşının gətirəcəyi xəbərin intizarıyla karvan birayaq-birayaq irəlidə görsənən dağ dirsəyinə doğru hərəkət edirdi, Vəcna isə yenə öz arvanası üstündə çalxanırdı və bir aralıq arvananın ovsarını çəkən qoca sarvanı səslədi:

– Ya ibn Vəhab, – dedi, – mən bilən karvanbaşı çox yubandı. Qoca başını çevirmədən bir az donquldanmağa və bir az ürəyini boşaltmağa fürsət tapdı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 мин
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 мин
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 мин
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 мин

Стихи других поэтов