Birinci hissə
Страница 41 из 47 · 85%
– ...O vaxt ki, ey Vadila “mim” qafiyəsindən “nun” qafiyəsinə keçdik, nəhayət ki, rəqibim əlinin dalını yerə qoydu, amma o vaxt ki, nərdi qabağıma çəkdi, uydum şeytan vəsvəsəsinə, basaratım bağlandı. Şeytan icadı, tanrı qarğışı bu oyunda bəxtim “Yekdu” ilə qolumu bağladı və rəqibim bir “şeş-beş” ilə başıma daş yağdırdı. Və uduzdum ey Vadila, nəyim vardısa, uduzdum...
Vadila xırıltılı bir səslə demişdi:
– Sənin məndən, bədbəxt bir qulundan başqa heç bir şeyin yoxdu, Seid dünya.
– Elədir, səni də uduzdum Vadila və sındı belim, evim başıma uçuldu.
– Əgər mənim qiymətim 200 dirhəmdirsə, mən o məbləğdən sənə 43 dirhəm qaytarmışdım.
– Çarə tap ey Vadila, çarə tap, iki yüzdən qırx üç çıxan vaxtı deyil.
– Çarə odur ki, xristian kilsəsi qulları müsəlmanlara satılmasına və yainki peşkəş verilməsinə icazə vermir.
– Xristian kilsəsi xristianlara icazə vermir ki, öz xristian qullarını, müsəlmanlara, yaxud yəhudilərə satsınlar. Mən ki, xristian deyiləm, ey Vadila!
Bu vaxt Vadila donmuşdu, Babəki səsləmişdi:
– Ey Babək, yatmısanmı?
– Oyanmışam, ey Vadila, qulaq asıram.
– İndi ki, oyanmısan sən də de, nə edim mən? Yenə bu qovğun qoca ilə qaçıb çölə-biyabana düşüm və ac qalım, yoxsa xəbis Əbu Tamamın qapısında qul olum, firavan həyat sürüm və qarnımı otarım?
– Hər ikisindən qaç, canını qurtar ey Vadila... Dağlara, kahalara... Mən dəfələrlə dağ yollarında qaçqın qullara rast gəlmişəm.
Rəbil səksənmişdi və kəskin bir hərəkətlə Babəkə tərəf dönmüşdü:
– Sakın oğlan, Vadilanı yoldan çıxarma, vəhşi dağlardakı azadlıq – ac azadlığıdır, amma şəhərdəki bir kölənin qarnı həmişə toxdur.
– Ey Vadila, elədir, dağlardakı azadlıq ac azadlığıdır və şəhərdəki bir kölənin qarnı həmişə toxdur, – demişdi Babək. – Amma mən sözümü dedim, ey Vadila və indi öz məsləhətini sən özün bilərsən.
Və qapıya doğru addımlayan Vadila demişdi:
– Əlvida Seid dünya, səhərə az qalıb. Bir azdan şəhər darvazası açılacaq. Əbu Tamamın qulamı dalımca gələndə deyərsən ki, bir qul idi ki, həmişə qaçmaq üçün fürsət axtarırdı. Sən də gecə gəlib görübsən ki, oba köçüb yurdu qalıb.
Və Rəbil fəryad eləmişdi:
– Bəs mən ey Vadila? Mən sənsiz nə edərəm? Demirəm ki, qulunu uduzmuş bir ağaya rəhm elə, oğlunu uduzmuş bir ataya rəhm elə, ey Vadila!
Və birdən Rəbil ağlamağa başlamışdı. Və o vaxt ki, Vadila ağasının ağladığını eşitmişdi, büdrəmişdi və qapı ağzında dayanmışdı. Babək də bir cür olmuşdu və demişdi:
– Ah-zar vaxtı deyil, ərbab. Qoşulun bir-birinizə, qaçın, başınızı qurtarın!
Və bu dəfə də Vadila fəryad eləmişdi:
– Hara qaçaq ey Babək? Məşriqdən Məmunun qafiləsi gəlir və ağam Məmuna həcv yazmışdır. Məğribə üz çevirək? Amma ağam orda xəlifəlik eliyən İbrahim ibn Məhdini elə sancmışdı ki, ağamın qanını içməyə hazırdır. Və indi mən bu evi başına uçulmuş ağamı hara qaçırdım ki, qoca vaxtında acından ölməsin?
Və Rəbil gözlərinin yaşını silmişdi və demişdi:
– Bağdada ey Vadila! Daha qəddar düşmənimə doğru qaçaq, çünki Bağdad elə bir şəhərdir ki, qırx şəhərdən ibarətdir və o şəhərlərin birində ərbablar yenə imdadımıza çatarlar və yenə bir xəlvətgah taparlar. Və yenə sən xristiyan dərzilər yanında günəmuzd işləməyə başlarsan...
Vadila dərindən köksünü ötürmüşdü. Qapı ağzından geri dönmüşdü və Babəklə vidalaşmışdı:
– Salamat qal ey Babək, və arzum budur ki, ya mənim, ya sənin və yaxud bu qocanın tanrısı, hansı daha mərhəmətlidirsə, bizi yenə bir-birimizə rast gətirsin!
Babək də ayağa qalxmışdı və demişdi:
– Amin və yaxşı yol, ey Vadila.
Sonra Rəbil ilə Vadila, əcaib ağa ilə əcaib qul hücrədən çıxmışdılar, qaranlıqda yox olmuşdular.
Babəkin gözləri isə hücrənin o biri başında əriyib qurtarmış şamların ərintiləri içində göz qırpan ufaq bir alova zillənib qalmışdı.
5
Bu gün Həmədanın yastı damları üstündən uşaqlar, qadınlar və qocalar Əlvənd dağının ətəyində qurulmuş Məmunun səyyar şəhərciyinə tamaşa edərkən, baxışları ağ çadırlardan ibarət xəlifə düşərgəsinin ortasında ucalan qara məxmərli nəhəng bir çadıra dikəlib qalmışdı. İslam tarixinə daxil olmuş o qara xeyməgah artıq il yarım idi ki, nəhəng bir qara quş kimi mənzil-mənzil qonaraq Məğribdən-Məşriqə doğru hərəkət edirdi və nəhayət dünən gəlmişdi çoxdan məhv olmuş Midiya dövlətinin paytaxtı Həmədana. Xəlifələr qoşun başında düşmən üstünə gedəndə yol boyu varid olduqları şəhərlər içində özləri üçün iqamətgah qurmurdular, çünki xəzinələri və hərəmxanaları da arxalarınca hərəkət edərkən tikilib sökülən çadırı səyyar bir saraya çevrildiyi üçün bütün bu qurğunu darısqal orta əsr şəhərlərinin nə mərkəzinə, nə civarına pərçim etmək mümkün olmurdu. Xəlifə Məmun isə üstəlik yüzlərlə dəvələrə yüklənən böyük kitabxanasını hara gedirdisə özüylə bərabər aparırdı. Və bu karvanın dəvələri əlifba sırasıyla bir-birinin dalınca düzüldüyü üçün, xəlifənin tələb etdiyi hər hansı bir kitab, dərhal hüzuruna gətirilmiş olurdu.
Beləliklə, xəlifələr bu və ya digər bir şəhərə yalnız o şəhərin cümə məscidinə xüsusi məturədə namaz qılmaq, sonra minbərə qalxıb xütbə oxumaq üçün daxil oldular. Məmun isə üstəlik keçib gəldiyi bütün şəhərlərdə yekşənbə günü əhalinin şikayətlərini dinləmək üçün cümə məscidlərində “divan xitam” məclisi qururdu.
Və bu gün səhər namazından sonra Məmun İslam tarixinə daxil olmuş qara atlas çadırının içərisi çox hissələrə bölünmüş ən məxfi guşələrinin birində birinci olaraq Həmədan şəhərinin bələdiyyə rəisini qəbul edərkən, rəis yer öpəndən sonra təşrifat qaydasınca müəyyən məsafədə diz çöküb oturmuşdu, amma Məmun onun daha yaxın oturmasını istəmişdi ki, bir xəlifə tərəfindən kiminsə bu qədər yaxına buraxılması çox nadir hallarda nadir şəxslərə qismət olan bir şərəf idi.
Xilafətdə dövlət poçtu sahib-bərid adlanırdı və bu dövlət poçtu sasanilər İranından xilafətə miras qalmış digər hökumət idarələrindən biri idi ki, əgər qonşu Vizantiyada bu dövlət poçtu atlar poçtu idisə, xilafətdə qatırlar poçtu idi və elə bu gün qatırlarla Səmərqənddən qapalı qalan qablarda Məmnunun süfrəsi üçün gətirilmiş məşhur Fərqanə qovunlarının incə ətri bütün çadırı çulğamışdı. Məmun üçünsə əbədi olaraq vidalaşmağa məcbur olduğu o yerlərdən gətirilmiş bu qovunların ətri hətta bağın rayihəsindən daha xoş idi.
Brid sözü isə dirhəm, dinar, saklab, iqlim və sair bir sıra sözlər kimi ərəbcənin yunancadan əxz elədiyi sözlərdən biri idi, amma xilafətdə “sahib-bərid”, yaxud “sahib-xəbər” adlanan dövlət poçtunun rəisi eyni zamanda xəfiyyə rəisi idi və xəlifənin görən gözü, eşidən qulaqları kimi ixtiyarlarındakı casuslar şəbəkəsi vasitəsilə valilərin, əmirlərin, qüdrətli feodalların hərəkətləri və davranışları, xəlifə düşmənlərinin bəd əməlləri və təşəbbüsləri, şəhər sakinlərinin əhval-ruhiyyəsi haqqında öyrəndiklərini və təhqiq etdiklərini vaxtaşırı xəlifəyə çatdırmalı idi. Beləliklə, bu və ya digər bir şəhərin kiçik vəzifəli poçt rəisi ilə xəlifə arasında cərəyan edən rubəru bir danışıqlardan, yaxud poçt rəisinin xəlifəyə göndərdiyi məxfi xəbərdən sonra bəzən böyük bir əyalətdə həmişə kral kimi hökmranlıq edən qüdrətli bir valinin, yaxud əyanın həyatına gizli bir əl tərəfindən son qoyulurdu və bir qayda olaraq bu ölümə məhkumlar yuxudan oyanmırdı, yaxud yuxuda havasızlıqdan boğulurdu, səhər yatağından qalxmırdı. Çünki bütün o vali və sairə içərisində həmişə brid rəisinin gizli əmrini yerinə yetirən kimsə olmalı idi və olurdu.
Buna görə idi ki, hər vaxt, istər gecə, istər gündüz, xəlifənin hüzuruna gəlməyə ixtiyari olan dörd nəfərdən biri hava işıqlananda xəlifəni yatağından sübh namazına qaldıran şəxs – əzançı, digəri süfrəyə yemək düzən canigir, üçüncüsü sərhəddən mühüm xəbər gətirən çapar idisə, dördüncüsü sahib-bərid, yaxud sahib-xəbər adlanan rəis idi.
İndi Məmun da sübh namazından sonra dərhal hüzuruna Həmədanın brid rəisini çağırmışdı, daha doğrusu, brid rəisi Hacibdən xəlifənin hüzuruna buraxılmasını tələb eləmişdi. O qüdrətli Hacibdən ki, xəlifə sarayının uca mənsəbli əyanları belə hüzuri-hümayuna qəbul edilmək üçün bəzən o Hacibin ovcuna bir qızıl dinar yerləşdirdikləri və hələ bundan sonra da o qızıl dinar Hacibin qapalı ovcunda tərləyənə kimi gözlədikləri halda bərid rəislərinin Hacibə yan almadan dərhal xəlifənin hüzuruna buraxılmasını tələb etməyə cürətləri çatırdı.
Həmədanın brid rəisi ən əvvəl xilafətin ucqar əyalətləri hesab olunan Azərbaycandan, Arrandan, Ərməniyyədən və Xaxaniyadan xəlifə Məmunu istiqbal etmək üçün kimlərin Həmədana gəldiklərini və peşkəş olaraq xəlifəyə nələr gətirdiklərini sadalamışdı. Sonra Bağdad xəlifəsindən üz çevirən və Bağdaddan qaçıb gələn əşrəflər içərisində xilafətin ən məşhur nəğməçisi və bəstəkarı İshaq ibn İbrahimin adını çəkərkən Məmun gülümsəmişdi, çünki bu saat Bağdadda xəlifə olan əmisi İbrahim ibn Mehdi də xilafətin ən məşhur musiqiçisi idi. Və İshaqın bəstələdiyi mahnıların şöhrəti artdıqca nəinki qısqanclıq hissilə boğulurdu, hətta vaxtilə muzdla tutulmuş qatil göndərib İshaqı məhv etmək istəmişdi. Daha sonra brid rəisi şəhərdəki vəziyyəti təsvir eləmişdi. Və Həmədan valisinin, hətta şəhər həbsxanasını belə icarəyə verdiyini, həbsxana rəisinin, isə bütün dustaqları və o dustaqlar içində dörd nəfər quldurbaşını da günaşırı bazara dilənməyə göndərdiyini xəbər vermişdi. Və Məmunun çöhrəsi bulud kimi tutulmuşdu. Bərid rəisi isə xəlifənin düyünlənmiş qaşlarının açılması üçün Əbu Tamamın Məmuna ithaf etdiyi yeni mədhiyyənin surətini iki əli üstündə xəlifəyə doğru uzatmışdı. Məmun kağızı almışdı. Oxumağa başlamışdı və şairin şah misralarına çatmışdı: Məmun yetimlərə qarşı o dərəcədə şəfqətli və səxavətlidir ki, bütün məxluqun bir arzusu var: Ey kaş, biz də atadan, anadan yetim qalaraq o yetim-yesir içində xoşbəxt olaydıq. Xəlifə qənd kimi ağ Səmərqənd kağızında yazılmış qənd kimi şirin qəsidədən üzgözünü turşutmuşdu və kağızı brid rəisinin üstünə atmışdı. Buna görə idi ki, brid rəisi indi də Rəbilin zəhər kimi acı həcvini xəlifəyə təqdim edərkən əlləri titrəmişdi. Amma çarəsi yoxdu. Ən acı həqiqəti belə xəlifədən gizli saxlamış olsaydı, sonra başı çiyni üstündə salamat qalmazdı. Məmun isə Rəbilin həcvini alıb oxumuşdu və elə bil ağzı qırmızı bibərdən alovlanmış kimi alt dodağını çeynəmişdi. Amma sonra həcvi yazılı kağızı bükmüşdü, qısa boğazlı çəkməsinin quncuna pərçim eləyərək özündə saxlamışdı və bu hərəkəti ilə heç bir şeyə heyrət etməyən bərid rəisini heyrətə gətirmişdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.