Bakı gecələri
Страница 7 из 10 · 60%
– Bir tikə təmiz ağ olsaydı...
Qalxmışdım, oturmuşdum və korsayağı əlimi saçlarına çəkmişdim, üzünə çəkmişdim, sonra başımı dizləri üstə qoymuşdum və demişdim:
– Nə deyirsən de, təəccüb eləmiyəcəyəm, təki səsini eşidim.
Başım üstündən yenə çox sakit və çox yorğun səsi gəlmişdi:
– Qan kəsilmir, bircə tikə təmiz ağ tapıb gətirsəydin...
Dəli kimi ayağa sıçramışdım:
– Nə qan? Nə ağ?
– Pəncərədən içəri girəndə şüşə idi, nə idisə biləyimi kəsdi... sənə nə olub, niyə pal-paltarlı yıxılıb yatmışdın?
– Bu saat, bu saat... yod lazımdır, Tutu xalada yod var.
– Oyatma arvadı, gör burda dolabçada təmiz bir yaylıq varmı?
– Oyatmaram, yod və tənzif hardadı, bilirəm...
Qonşu otağa yüyürmüşdüm, taxçadan yod və tənzif götürmüşdüm və mənə elə gəlmişdi ki, xalam taxt üstündəki yatağında tərpənmişdi, amma səsini çıxarmamışdı.
Qayıtmışdım, işığı yandırmaq istəmişdim, qoymamışdı.
– Yandırma, – demişdi, – ay işığı bəsdir.
Yaralanmış biləyinə yod tökmüşdüm, ufuldamışdı, sonra tənziflə biləyini sarımağa başlayanda demişdi:
– Bir saatdır, burda oturmuşam... ay işığında üzünə baxmışam, ağlamışam... Al bu yaylığı, qoy göz yaşlarım səndə yadigar qalsın.
– Dünən biraylıq təqaüdümü almışam, – demişdim, – axırıncı dəfə yalvarıram, dur bu saat elə burdan vağzala, ya Tiflis, ya da Moskva qatarına... sonrasın vaqonda danışarıq...
– Uşaqlıq eləmə, Yunis can.
– Tanrım, – əsil uşaq sənsən və bir yaş da məndən kiçiksən...
– Mən qızam, – demişdi, – və qız kimi həmişə öz yaşımdan böyüyəm, mən qızam və kim ki, anadan qız doğulub, sonra boynu zəncirli kəniz olub...
– Əgər bizim o dağ kəndinin çadrasız qızlarından olsaydın belə sözlərdənsə, mənə deyərdin ki...
Və bir an içində gözləri elə bir hiddətlə parıldamışdı ki, sözüm ağzımda yarımçıq qalmışdı və yenə bir an içində alışan əzəli qadın qısqanclığı elə bil üzümə od püskürtmüşdü:
– Nə deyərdim ki? Ə, igid deyilsən? Götür qaç məni, dayna... Sonra cibimə əsməşal alarsan, tasası yatar, ulduzu barışar səninlə?
– Sakit ol, – demişdim, – səndən sonra mən də baş götürüb gedəcəyəm bu şəhərdən...
– Yox, – demişdi və sağ əlimi qamarlamışdı, – mən özüm deyəcəyəm ona ki, başqası var ürəyimdə – qoy elə birinci axşam qovsun məni öz evindən... Amma ata-ana evinə qaytarılan bir qıza bilirsən, nə cür baxırlar? Görüm onda məxluqun gözündə rüsvay olmuş bir qıza yaxın düşəcəksənmi?
– Bir dəfə yox, yüz dəfə məxluğun gözündə rüsvay olsan, mən yenə səndən, tərtəmiz ağ göyərçinimdən üz çevirmərəm.
Kövrəlmişdi, ağlamışdı, sonra demişdi:
– Ömrümün axırına kimi bu sözün mənə bəsdir... İndi çıxart beş qəpik pul ver mənə.
Heç bir şey başa düşməmişdim, gözlərimi döymüşdüm.
Beş qəpiyin də yoxdur, cibində?
Niyə yoxdur, dedim ki, bir aylıq təqaüdümü almışam, amma başa düşmürəm...
– Mən də bayaq dedim ki, ay işığında üzünə baxıb ağlamışam, budur bu yaylığı tey göz yaşımla islatmışam, al qoy göz yaşım səndə yadigar qalsın, amma yaylıq bağışlamaq həmişəlik ayrılığa bais olur, çıxart beş qəpik ver, belə çıxsın ki, mən bu yaylığı sənə bağışlamamışam, sən pul verib bu yaylığı məndən almısan.
Dinməmişdim, qəhər məni boğmuşdu, özü əlini cibimə salmışdı və cibimdən beş qəpiklik mis bir pul tapıb çıxarmışdı.
Ayrılırdı məndən, əmisi qarşısında duyduğu minnətdarlıq hissinə özünü qurban verirdi və məni ölümdən acı bir ayrılığa məhkum edirdi, amma eyni zamanda məndən beş qəpik almışdı ki, mənə yadigar verdiyi əl boyda bir yaylıq bizi bir-birimizdən ayırmasın!
Və mən hələ bilmirdim ki, o gecə mən ilk dəfə olaraq qadın məntiqi deyilən bir müəmma ilə üz-üzə gəlmişəm.
Getmişdi, yastığımı qaldırmışdım ki, əziz yadigarını yastığım altında gizlədim, həmişə başımın altında olsun, amma yastıq əlimdə qalmışdı və o həsrət, uzaqdakı dağlar qoynundakı bir kəndin həsrəti ki, şəhərə gəldiyim gündən başımı qoyub yatdığım bu yastıq altında idi, indi elə bil birdən ayağa sıçrayıb ürəyimə sarılmışdı...
Oturmuşdum, tələsik kiçik bir məktub yazıb qoymuşdum ki, sabah Əlimürsəl dayı xalama oxusun və hələ hava işıqlanmamış elə o gecə vağzala gəlmişdim.
Və bu dəfə bu qayıdış yolunda vaqon pəncərəsinə yaxın düşməmişdim, baxmaq, tamaşa eləmək üçün fasiləsiz olaraq bir-biri ardınca gözlərim önündən çapan səhnələrin hərcmərcliyi kifayət eləmişdi və o vaxt ki, kiçik stansiyada vaqondan yerə düşmüşdüm, o stansiyadan bizim tərəflərə yük daşıyan şələsaqqal bir malakan – qoca bir kişi idi – qüvvətli yekə atlar qoşulmuş furqonunda mənə yer vermişdi.
Və qoca malakan bütün yolu bir dəfə də olsun ruscaya keçməyərək, bizim kəndlərin yaraşıqlı şivəsində başına gələnlərdən, yadına düşənlərdən danışmışdı, mən qulaq asmışdım.
...Kəndə axşam çağı çatmışdım və kəsik nidalı həzin səsləri üçün qəribsədiyim isaq-musaq quşlarının hər gecə bir-birini çağıran o əbədi çağırışlarına qulaq asmaq üçün, çöldə, evin artırmasında yatmışdım, amma içəridə qaranlıq otaqda atamla anamın söhbətlərini eşitməli olmuşdum.
– Soxdu papağımızı yerə, – deyirdi atam, – oxuya bilmədi, suyu süzülə-süzülə qayıtdı gəldi üstümüzə... papağın da oğlanın guya külək qapıb aparıb!.. Bişmiş toyuğun gülməyi gələr.
– Elə demə, a kişi, yuxusunda qara-qura görüb, ürəyi yuxadır, gəlib ki, bizə baş çəksin, yaxşı da eliyib.
– Deməli hər dəfə yuxusunda qara-qura görəndə, yol ağardacaq, bizi də bir dərya xərcə salacaq?
– Yaxşı oxuduğu üçün aylıq alır uşaq, vaqonun da, furqonun da pulun öz cibindən verib, nə xalasına, nə Əlimürsəl kişiyə bu vaxtacan bir dəfə də olsun ağız açmayıb.
– Nə deyir axı, qayıdacaq, yoxsa qal olub qalacaq burda?
– Dedi çox yorulmuşam, ana, sonra bu barədə danışarıq.
– Yorulub oğlan! Daş daşıyıb orda, yoxsa Ənzəlidən gələn İran gəmilərindən kişmiş, düyü tayları boşaldıb?
– Dərslər çox çətindir, uşaq gecə yatmır, başın sındırır.
– Yaxşı, sabah durdu ayağa, avara-avara gəzəcək kəndin içində?
– Umbay gəlmişdi, ova gedəcəklər.
– Nə ovuna?
– Qaban ovuna.
Qaban əti salacaqsan qazana?
– Ətimi tökmə, a kişi.
– Gedirdi cüyür ovuna gedəydi ki, axşam bir şaqqa ət gətirəydi evə.
– Yox and vermişəm ki, qabağına cüyür çıxsa atmasın.
– Niyə ki,
– Cüyürün ahı tutar uşağı.
– Qabanın canı yoxdur, yoxsa qabana güllə dəyəndə şadlığından şitlik eləyir və yainki qan əvəzinə damarından su axır?
Və anam çığırmışdı:
– Niyə çaş-baş salırsan məni, öz dərdim özümə bəs deyil, gərək indi qamışlıqda xortuldayan çöl donuzunun da dərdin mən çəkəm?
Anamı bu cür cin atına mindirəndən sonra, atam həmişə həssiyirdi və indi də səsi xırpadan kəsilmişdi.
Hava işıqlananda Umbay gəlmişdi və mən doqqazın ağzında Umbayı qarşılamışdım, yaşıdım idi Umbay, uşaqlıq yoldaşım idi və indi mənə xoş olsun deyə gətirdiyi iki tüfəngdən təklüləni özü götürmüşdü, dayısının üçhalqa nişanlı, Zauer markalı, qoşalüləsini, “sabahın xeyir”dən sonra mənim çiynimə keçirmişdi.
O biri yoldaşlar Sarı qaya altında bizi gözləyirdilər, ordan aşağı enəcəkdik, içində kiçik nohurlar olan qalın qamışlıqda ova başlayacaqdıq.
Amma kənddən çıxıb bostanlar arasındakı cığıra təzəcə ayaq basmışdıq ki, anac bir dovşanın ombasını yuxarı ata-ata qabağımıza düşüb qaçdığını görmüşdük.
– At, demişdi Umbay.
– Jakanla dovşana?
– Jakanlar patrondaşdadır, at, yoxla tüfəngini, gör aşağı səpələyir, yoxsa yuxarı vurur.
O vaxt ki, atmışdım, şöhrətli tüfəng qırmaları nə aşağı səpələmişdi, nə yuxarı vurmuşdu – və dovşan qulaqbatıran, tükləri ürpərdən bir çığırtı ilə azı bir metr dikinə göyə sıçrayıb, sonra daş kimi yerə düşmüşdü.
Birinci dəfə deyildi ki, ovda idim, ara-sıra kənddən ova gedənlərə qoşulub, cürbəcür heyvan və quş ovunda olmuşdum, amma bu vaxta kimi vurulan heç bir heyvanın və quşun canının ağrısından bu dərəcədə dəhşətli bir səslə çığırdığını və özünü bu ucalığa qədər göyə atdığını görməmişdim. Elə bil qulaqlarım batmışdı, boğazım qurumuşdu, özümə nifrətdən ürəyim bulanmışdı, Umbay isə razı qalmışdı və demişdi:
– İnşallah ovumuz uğurlu olacaq, tüfəngi bura ver, get götür.
Qollarım sustalmışdı, tüfəng əlimdən yerə düşmüşdü, Umbay tez əyilmişdi, ovçu üçün qızıldan qiymətli olan tüfəngi yerdən götürmüşdü, dikəlib narazı bir halda üzümə baxmışdı, pencəyinin qolu ilə tüfəngin lülələrini silmişdi və demişdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-baki-geceleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
İkinci hissəAzərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Yaşasın həm “Nicat”, həm “Sovqat”,Qoydular dər heqiqət aləmi mat.
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,