Bakı gecələri
Страница 9 из 10 · 80%
Təkcə bu ani fikirdən elə bil divarlar yerindən qopub üstümə gəlmişdi, ayağa sıçramışdım və elə bu vaxt balaca Səttarı yenə pəncərəm altındakı o dam üstündə görmüşdüm.
Əgər balaca Səttar o gecə də bu dam üstündə haman baca yanında dayanıb başını yuxarı qaldırmışdısa və ulduzlara baxaraq o ulduzlar içindən “Gülbacısını” çağırırdısa, indi də ayaqyalın və başıaçıq haman baca yanında dayanmışdı, amma başını aşağı salmışdı və sağ ayağının barmaqlarıyla damın qara asfaltı üstündə nə isə yazıb-pozaraq, elə bil nə isə müşkül bir məsələni həll etməyə çalışırdı.
Nə olmuşdu kiçik dostuma? Dənizdə gəmiləri qərq olmuşdumu? Yoxsa axşamüstü uçurduğu göyərçinlərdən hansı isə azmışdı və hələ geri dönməmişdi?
Çağırmışdım, başıaşağı, bir ayaq-bir ayaq yaxına gəlmişdi.
Səttarın atası üç il əvvəl Pirşağı balıq vətəgəsində işlədiyi vaxt dənizdə batmışdı, uşaq anasının öhdəsində qalmışdı və anası indi üç nömrəli iki qırmızı vaqonlu tramvayda konduktor işləyirdi, Səttar isə məktəbdən qayıdan kimi bütün günü və axşamı anası evə gələnəcən göyərçinlərinin təlimi ilə başını qarışdırırdı və mən bu müddətdə anasından icazə alaraq Səttarı iki dəfə kinoya aparmışdım, yanaşı oturub “Tarzan” filminə baxmışdıq, bu o vaxt idi ki, kino hələ lal idi və şəhərin yeniyetmələrini dəli-divanə eləyən o lal Tarzanın əvəzinə bütün kinoteatrların salonlarında bir ağızdan qıyya vuran o yeniyetmələrin bağırtılarından qulaq tutulurdu.
– Nə olub sənə, Səttar, nə üçün belə bikefsən?
Səttar başını qaldırmadan birnəfəsə demişdi:
– Dedi mənə ki, get mənə bir qutu kibrit gətir, bizimki qurtarıb, getdim gətirdim, qucaqladı məni ki, sabah axşam, bax sabah axşam ha, bunu da ona verərsən...
– Kim dedi, Səttar, kimə ver dedi, Səttar, nəyi ver dedi, Səttar?
– Gülbacı dedi... amma sabah cümədir, sabah anan məni Kürdəxanıya daydaygilə aparacaq... budur cibimdədir...
Aman verməmişdim, Səttarı qamarlamışdım, Səttar müqavimət göstərməmişdi və mən əlimi Səttarın dizi yamaqlı şalvarının cibinə salıb, ordan dördqat bükülmüş bir dəftər vərəqi çıxartmışdım və şagird dəftərindən qopardılmış o vərəqin sol tərəfində bir ağ gül çəkilmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o ağ gülü, sağ tərəfində boz bir bülbül çəkilmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o boz bülbülü və ağ gül ilə boz bülbül arasındakı ağ boşluqda iri, yumru uşaq xətti ilə yazılmışdı ki:
Gəlmişdin görəsən məni,
Dərmişdin hörəsən məni.
Əlində açar olmadı
Bir açıb görəsən məni.
Və daha aşağıda bir vəsiyyət ki, məhz uşaq xətti ilə yazıldığı üçün daha dəhşətli idi: “bunu mənim qəbrimin baş daşına yazdırarsan!”
Ürəyimin döyüntüsündən qulağım batdığı üçün, handan-hana Səttarın səsini eşitmişdim.
– Dadaş, sənnənəm, qorxuram mən...
– Nədən qorxursan? – demişdim və öz xırıltılı səsim ürəyimdəki qorxunu daha artıq büruzə vermişdi.
– Kağızı mənə verəndə, məməsi o biri otaqdan əlində süpürgə çığıra-çığıra gəldi: hələ də burdasan, canıyanmış, çıxıb getmiyəcəksən öz xarabana... Üsreyin süpürgə ilə döyürdü, amma Gülbacı dinmirdi, səsin çıxarmırdı.
Əlbəttə dinməyəcək, Səttar, heç vaxt səsin çıxarmayacaq, heç kəsi köməyə çağırmayacaq, nə deyirdin, Səttar, üsreyin yəni nə vaxt, haçan, ah sırağa gün – və indi ki, sən sırağa gün gördüyündən sarsılmısan və mən də avqustun o sonuncu çaharşənbə günündən dəlilik sərhədinə ayaq basmışam, onda elə birdəfəlik iradəsi əleyhinə gedərək...
Və mənim ürəyimdə başladığım sayıqlamanı Səttar tamamlamışdı:
– Eşitmirsən, Dadaş, götürək qaçaq, indi ki, orda öz əmisi oğlu, burda da əndamı yanmış öz anası bu qədər zülm eləyir öz qızına.
Səttarın gözlərinə baxaraq gözlərimi döymüşdüm, hər ikimiz dənizdə batarkən, saman çöpünə əl uzadanlar kimiydik.
– Hara, Səttar, – demişdim, – hara? Tiflisə, yoxsa Moskvaya?
– Yox, – demişdi Səttar, – dəniz qırağında körpüyə bağlanmış lodkalardan birini açarıq, Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı, kimsə orda qənbərdən bir daxma tikib, amma içində heç kim olmur, Gülbacı o daxmanı süpürüb səliqəyə salar, biz də balıq tutarıq, qaşqaldaq ovlarıq, heç kəsin, Dadaş, nə milisin, nə şeytanın da ağlına gəlməz ki, biz oradayıq...
Amma hər ikimiz gecikmişdik, Səttarın o adsız kiçik adası hardasa yenə boş və kimsəsiz qalacaqdı, məni Tiflis qatarında milis axtarmayacaqdı, çünki elə bu vaxt həyətin o biri tərəfindən üçüncü mərtəbədən biryaşar qulun kimi çığıran kiçik bir qızın səsindən damarlarımızda qan donmuşdu və hər ikimiz özümüzü dam üstündən daş pilləkənin yuxarı meydançasına atmışdıq.
Gözləri hədəqəsindən çıxmış bir qızcığaz üçüncü mərtəbənin qarşı tərəfdəki aynabəndindən aşağı baxırdı, balaca əllərilə başına döyürdü və hıçqırırdı:
– Vaxsey, məmə, xala yandı...
Və bizim tərəfdəki daş pilləkənin ikinci mərtəbə meydançasından üzüaşağı qaçan canlı bir məşəl vardı ki, o idi, Səttarın Gülbacısı idi, mənim ağ səadətim idi və indi o qara çadrası əvəzinə qara tüstülü qırmızı dilli bir alova bürünərək qovulduğu ana evindən baş götürüb gedirdi.
Hər ikimiz özümüzü arxasınca atmışdıq, Səttarın fəryadını eşidib büdrəmişdi, bir an başını geri qanırmışdı, bizi yaxında görüb əlini arxaya çırpmışdı ki, yaxın gəlməyin və yenə pilləkənlə üzüaşağı qaçmışdı.
Pilləkənin axırıncı pilləsində özümüzü ona yetirmişdik, əlimi atıb qolundan tutub saxlamışdım, çırpınmışdı, məni geri itələmişdi, qolunu əlimdən qopartmaq istəmişdi, bacarmamışdı.
Və sonra aramızda başlanan və cəmi bir-iki dəqiqə çəkən o mübarizə, dəhşətli bir mübarizə idi.
Mən onu alovdan xilas eləmək üçün əynindəki paltarları didib tökürdüm, o isə məni döşümdən geri itələyirdi ki, burax məni, sən də alışacaqsan və əlimdən çıxmaq üçün çapalayırdı və eyni zamanda tez-tez iki əlilə üzünü tuturdu ki, alov üzünü yandırıb xarab eləməsin.
Tanrım! Özü-özünü müdhiş bir ölümün ağuşuna atmışdı və indi bir qadının əzəli və əbədi sövqi-təbiisi ilə yalnız üzünün hayında idi ki, üzü salamat qalsın!
Artıq bütün evin qadınları və qızları bütün mərtəbələrdən çığıra-çığıra üzüaşağı tökülmüşdülər və görünür sabah istirahət günü olduğu üçün bu axşam bu evdə məndən başqa başı papaqlı varmışsa, o da haman dəlisov qocaymış ki, o qoca bayquş da naməhrəm bir qadına yaxın düşməyi kişiliyinə rəva görməmişdi.
Bu vaxt mən artıq geri çəkilmişdim, Səttar yüyürüb hardansa bir vedrə su gətirmişdi və özünü mənə yetirən xalam tüstüləyən köynəyimi siyirib başımdan çıxarmışdı.
Yaqutun anası isə gəlmişdi, pilləkənin axırıncı pilləsində oturmuşdu, əvvəlcə saçlarını yolub ulamışdı, sonra xalama üz tutub çığırmışdı ki, axı sənin o üstünə od ələnmişinin, o ağ günü qara gəlmişinin, dili ağzında kabab olmuşun, nə dərdinə qalmışdı ki, xalxın naməhrəm arvadını pəmçələyirdi, məgər bilmir ki, Ağagül xəbər tutanda üzəcək onun boğazın cücə boğazı kimi?
Xalam da geri dönüb ona cavab qaytarmışdı ki:
– Az, az qarğışın öz başını yesin, uşaq əl-ayağın yandırıb, uşaq pörşələnib ki, fağır qız tələf olmasın, hanı sənin vicdanın ki, ona bəddua eləyirsən, yox əgər o uşağın başından bir tük əskik olsa, mən bu arvadlığımla sənin o Ağagülünü öz əlimlə boğaram, qoymaram heç Əlimürsəl bu işə əl bulaşdırsın!
Həyətin qadınları Yaqutun əynində nə qalmışdısa didib tökmüşdülər, paltarlarının tüstüləyən tikə-paralarını söndürmüşdülər və mən pilləkənlə yuxarı qalxarkən bir anlığa başımı geri çevirmişdim və yarıçılpaq qızı qadınların qolları üstə görmüşdüm, üzünə birinci mərtəbənin aynabəndindən işıq düşmüşdü, alovla qarsılmış üzü qaralmışdı, bənövşəyi gözləri qapanmışdı.
Bir az sonra xalam da yuxarı qalxmışdı və huşunu itirmiş Yaqutu təcili yardım maşını gəlib aparmışdı.
Əllərimin dərisi qabarcıqlanmışdı, soyulmuşdu, xalam hər iki əlimi qatıqla suvayıb tənziflə bağlamışdı və qabağına salıb həkimə aparmaq istəmişdi, amma mən getməmişdim.
Və o gecə mən təkcə ancaq əllərimin göynərtisindən səhərəcən yata bilməmişdimsə və bir yerdə otura bilməmişdimsə, indi ac bir qurd kimi bütün vücudunu gəmirən o dözülməz ağrılara zərif bir varlıq davam gətirə biləcəkdimi?
Kor ola bilərdi? Olsun – mənim idi. Şikəst ola bilərdi? Olsun – mənim idi. İflic olub bütün ömrü boyu yatağından qalxa bilməzdi? Olsun – yenə mənim idi.
Xəstəxanada yatırdı, günaşırı balaca Səttarla xəstəxananın koridorlarında tibb bacılarının əl-ayağına dolaşırdıq və ağızlarından kəlbətinlə bir-iki söz qopardırdıq. Birinci günlər huşsuz yatırmış, bir həftə sonra gözlərini açmışdır və saçlarına dən düşmüş baş həkim xəstəni quşxana kimi kiçik bir otağa keçirmişdir və müalicədə şəxsən özü iştirak eləməyə başlamışdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-baki-geceleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
İkinci hissəAzərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Yaşasın həm “Nicat”, həm “Sovqat”,Qoydular dər heqiqət aləmi mat.
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,