Страница 2 из 3 · 33%

Necə ki, əvvəl-axır Azərbaycan da belə olacaq – Böyük Azərbaycan!

«Azərbaycan» şeiri ustad Şəhriyarın vəsiyyətidir. Bu şeir – Dünya Azərbaycanlılarının himni olmağa layiqdir. Bəlkə də, olub. Şəhriyar da elə bunu istəyirdi. Bu əzəmətlə səslənən himn-marşın bəstəkarı Etibar Qasımlı, müğənniləri Azər Zeynalov, Ruhəngiz Allahverdiyeva və Zöhrə Abdullayevadır.

Tək-tək və bir yerdə oxuyurlar. Tək-tək, ayrı-ayrı, sonra bir yerdə!

Burda bir haşiyə də çıxım. Əsgər Fərid (və ya Fərdi, soyadını dəqiq bilmirəm) adlı bir iranlı burda – Bakıda tədqiqat işi müdafiə edərək elmlər namizədi, alimlik dərəcəsi alıb. Amma orda Şəhriyarı təftiş eləyib, onun azadlıq və milli məzmunlu fikirlərini yumşaltmaq istəyib. Bu sözləri Şəhriyarın yaradıcılığına bələd olanlar deyirlər.

Bir mühitdə yazılmış şeiri başqa bir mühitdə, mühitə görə dəyişmək olmaz. Bir dəfə yazılan şeir bir daha pozulmaz. Şeir – alın yazısı kimidir. Yazılmır. Həkk olunur. Qaşısan, yeri qalacaq. Şəhriyarın çox şeirlərini qaşıyıblar. Yeri çopur qalıb.

Adam hər deyilən sözə inanmaz. Gözü ilə gördüklərinə inanar. 1995-ci il idi (ya da 1996-cı il), Tehrana getmişdik, böyük Şəhriyarın 90 illik yubileyinə. Burdan gedən şairlərin hər birinə söz verdilər. Amma nədənsə məni danışmağa qoymadılar. Başa düşmədim, niyə? Səbrim tükəndi. Anar müəllimdən soruşdum. Dedi, mən də başa düşmürəm, hər dəfə mən sənin adını siyahıya salıram, kimsə pozur. Sonra bu «kimsə»ni tanıdım. O adam Əsgər Fərid, ya Fərdi idi. Dedim, mənə niyə burda söz vermirlər, dedi, sən Təbrizdə danışacaqsan. Doğrudan da Təbrizdə, Şəhriyarın məqbərəsində, yerin altında mənə söz verdilər. Lap yaxşı, Şəhriyara daha da yaxın oldum.

Demə, yerin üstündə azadlığa çağırış səsləndirmək olmazmış! Ona görə mənə yerin altında söz verdilər. Bəhanə də tərcümədəki bu beyt olub:

«Bəsdir fəraq odlarından kül ələndi başımıza,

Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!»

Əsgər Fərid (ya Fərdi) deyir ki, Şəhriyar bu sözü belə deməyib. Amma bu onun fərdi fikridir. Sətri tərcümə göz qabağındadır. Bir dəfə Əsgər Fərid (ya Fərdi) ilə Şəkidə rastlaşdıq. Karvansarayda sənədli film çəkirdi. Azərbaycan şəhərlərini gəzib, Bakı, Şamaxı, Dərbənd, Gəncə, Şəmkir, Şəki qalalarını lentə alıb «İran qalaları» adlı sənədli filmə yığırmış. Məndən əl çəkmədi, dedi, gəl, səni sorğu-suala tutum, cavab ver: sən o şeiri meydan üçün tərcümə eləmisən. Dedim, cənab, mən o şeiri 1962-ci ildə tərcümə eləmişəm. Meydan hərəkatı 1988-ci ildə başlayıb. Mən onun çəkdiyi kadrlarda şeiri necə tərcümə eləməyimdən danışdım. Bilmirəm, İranda göründü, ya yox.

Bu tərcümə ilə bağlı başıma gələn əhvalatlar çoxdur.

İlk dəfə «Azərnəşr»də dərc olunan «Monoqrafiya»da tərcümənin 7-ci beytini çıxarıb atmışdılar. 10-cu beytdə bir sözü dəyişmişdilər.

Atılan beyt budur:

«Tehrandakı Zöhhakların zülmü dərya olub bu gün,

Bəs Həddadın oyanacaq, söylə haçan, Azərbaycan?!»

(Zöhhak–zalım İran şahıdır. Həddad isə üsyankar dəmirçi Gavə. «Şahnamə»dən).

Dəyişilən söz də bu idi:

«Övladların nə vaxtadək tərki-vətən olacaqlar,

Əl-ələ ver, üsyan elə, bir də oyan, Azərbaycan?!»

İkinci misradan «bir də» ifadəsinin iki dəfə «oyan, oyan» getmişdir. O zaman «Azərnəşr»də «Qlavlit» var idi. Dövlət sirlərini qorumalı ikən, hər işə qarışırdı. Şairlərə şeir yazmaq öyrədirdi. Mələk sözləri ələk-vələk eləyib içindən şər tapırdılar. Şərnən şeiri qarışıq salırdılar. O səbəbdən «Monoqrafiya» (1963), Şəhriyar. «Seçilmiş əsərləri» (1966), «Varlıq» dərgisi (1982), «Yalan dünya» (1993) və bundan sonrakı bir çox nəşrlərdə tərcümə bu düzəlişlərlə, doğrusunu desək, qüsurlarla çıxıb. Mən sonralar «Dünya öz işindədir» (1989), «Seçilmiş əsərlər» (1991), «Taleyin acığına» (2003) kitablarında o «düzəlişlər»i ləğv elədim.

Bu bir dərd.

Keçək ikincisinə. 1963-cü ildən üzübəri bu tərcümə olunandan dəfələrlə mənim adımı bir mütərcim kimi yazmayıblar. «Cənubi Azərbaycan şeiri» antologiyasında və «Yeni Azərbaycan» qəzetində dörd tərcüməmi çap eləyiblər, amma tərcüməçinin adı yoxdur. Şəhriyar bu şeiri türkcə yazmayıb, axı?! Ya da o əzəmətlə səslənən himn-marş oxunmazdan əvvəl müəlliflə bahəm, mütərcimin də adının çəkilməsinə haqqı var. Böyük Şəhriyar bu şeiri farsca yazıb, bunlar türkcə oxuyurlar. Mütərcimi yada salan yoxdur. Onun da müəlliflik hüququ var. Bəzən də bilmək olmur, hansısa səbəbdən mənim tərcüməmin altında başqa bir şairin adını yazırlar. «Fikrət Sadıq nəkarədir ki, Şəhriyarı tərcümə eləsin?!» Misal üçün, 1995-ci ildə çapdan çıxan orta məktəblərin 8-ci sinfi üçün «Ədəbiyyat» dərsliyində 144-cü səhifədə tərcümə Balaş Azəroğlunun adına yazılıb. Sözsüz ki, Balaş Azəroğlunun bundan xəbəri yox idi. Bilinmədi, bunu kim eləyib, gah redaktorun adına çıxdılar, gah korrektorun üstünə yıxdılar. Onda mən «Öyrətmən, (nəşriyyat) belə öyrətməzlər» adlı bir məqalə yazdım. Maarif Nazirliyində dərslik işlərinə baxan məmura oxudum. Dedi, tələsmə, mən tapşırıq verərəm, gələn ildən adını yazarlar. Hər məmura inanmaq olmaz. Bunun sözü düz çıxdı. Doğrudan da, dərsliyin növbəti nəşrində bu səhvi düzəltmişdilər. Amma nə fayda ki, çox çəkmədi. Bu ilin dərsliyinə baxdım. Gördüm, Şəhriyarı köklü-köməcli 8-ci sinif dərsliyindən çıxarıblar.

Mən cəhənnəm, ara yerdə Şəhriyara da zərbə dəyib. Bəlkə də, başqa bir sinfin ədəbiyyat dərsliyinə köçürülüb, bilmirəm.

«Ata yurdu» dərsliyində bu şeirdən parçalar verilib. Amma tərcüməçinin adını gizlədiblər.

Ara-sıra telekanallarda bu şeiri əzbər deyirlər, oxuyurlar, tərcüməçi yada düşmür. Saymırlar, qoy saymasınlar. İnanmırlar, qoy inanmasınlar. Bir də deyirəm: Mən özüm-özümə inanıram. Mətndən kənara çıxmamışam. Özümdən fikir artırmamışam. Sətri tərcümə də, şeirin əsli də var. İsti-isti sətri tərcüməni də, bədii tərcüməni də dönə-dönə oxutdurub, əsliylə tutuşdurmuşam, söz-söz, misra-misra, beyt-beyt. Fars dilini bilən ziyalılarla məsləhətləşmişəm. Fars dili müəllimim Əhməd Şəfai, şair Əbülfəzl Hüseyni, şərqşünas Əlibala Hacızadə və başqaları mənə tərcümə barədə müsbət fikirlər söyləyiblər.


Tarix bilir ki, bu milləti bir dəfə Səttarxan, bir dəfə Seyid Cəfər Pişəvəri oyatmışdı. Bir dəfə də Şəhriyar oyatmaq istədi. Babək övladları əvvəl-axır oyanacaq. Bu ayrılıq çox sürməz. Mənə deyiblər ki, Savalanın ətəklərində qartal yuvaları kimi yalçın qayalara sığınan kəndlərdə hər evdə bir ər oğlu, ər var. Adını soruşsan, ya Babək deyəcək, ya Səttarxan. İndi Şəhriyarlar da çoxalıb. Bu – öz içinə çəkilmiş Azərbaycandır! Torpaq altında yatmış vulkandır. Torpaq darıxanda içindən püskürəcək. Mən o günü görməsəm də, nəvəm görəcək.

Qulamhüseyn Bəydili ilə görüşəndə məndən soruşdu ki, fars dilini bilirsənmi? Dedim, bir az bilirəm, müəllimim Əhməd Şəfai bir dəfə İrəc Mirzənin «Ana» şeirini bizə tərcümə elətdirmişdi. Deməli, «Azərbaycan» şeirinə qədər mən bir sınaqdan çıxmışdım.

Qaldı ikinci şeirə – «Mumyalanmış adam»a, bu, ustad Şəhriyarın yazdığı kimi, «azad şeir» idi, yəni sərbəst şeir. Heç kəsin ağlına gəlməz ki, bu günün Hafizi adlanan sərbəst şeir də yazırmış. «Eyvah, anam», «Mumyalanmış adam», «Eynşteynə xitab», «Rəssam» və başqa şeirləri misal çəkmək olar.

60-cı illərdə dünyanı bürüyən yeni şeir dalğası İrana da gəlib çıxmışdı. Farsca bu şeirə «şeiri-no», yəni «yeni şeir» deyirdilər. «Mumyalanmış adam» fəlsəfi fikrinə və ağırlığına görə neçə-neçə qəsidədən sanballı idi. Burdakı uzun, qısa misralarda insanın uzunqısa ömrünü görmək üçün şair bizi bu günlərdən Misir fironlarının dövrünə aparıb-gətirir. Bu şeir elə azad olmalı idi. Qəzəl ilə ora gedib-gəlmək olmazdı.

Bu şeirin tərcüməsində də mən öz tərcümə prinsiplərimə sadiq qalmışam. Məna, məzmun, həcm, şəkil, sonra quruluş, qafiyə, rədif və s. gözlənib.

«Eynşteynə xitab» da müdrik şeirdi. Şərqin böyük şairinin Qərbin böyük aliminə nə sözü varmış, görəsən? Şair bu şeirdə deyirdi ki, o nəzəriyyələr ki, sən axtarıb tapmısan, dünyanı heyrətə gətirmisən, onların kökləri Şərqdən gəlir. Bəs, niyə elə bomba icad eləyirsən ki, Şərqi yerlə-yeksan eləsinlər?! Axı, sənin nisbilik nəzəriyyən Əshabi-kəfdən nəşvü-nüma tapıb göyərib. Qədim nağıllarda, əfsanələrdə, klassik şeir nümunələrində, nəhayət, müqəddəs kitabımız Quranda elmin gözlənilməz kəşflərinə açarlar, işarələr, eyhamlar var.

Eynşteyn kimi alimlər Şərq şeirindən Firdovsi, Xəyyam, Nizami, Xəqani, Füzuli, Nəvai, Hafiz, Sədi və onlarca dahi şairlərin şeirlərindən nələri öyrənməyiblər ki?! Sufiliyin, hürufiliyin sirlərini açmağa çalışıblar. «Min bir gecə» Qərbi min bir gecə düşündürüb. «Kəlilə və Dimnə», «Qobusnamə» «Dekameron»ların babasıdır desəm, səhv etmərəm. Əsrlər boyu Qərb Şərqdən öyrənib. Günəş də Şərqdən doğur. İndi Qərb bu mərtəbəyə çatıb, daha Şərqi bəyənmir.

Avropa gözündə kin və qəzəb parlayır bizi görəndə. Bu – bir az gözügötürməzlikdən, bir az tamah və qəsbkarlıq hissindən, bir az da dindən gəlir.

Çox təəssüflər olsun ki, mənə verilən 3-cü «Eynşteynə xitab» şeirinin tərcüməsini vaxtında çatdırmadım. 1963-də monoqRafiya çıxdı. Mən gecikdim. Həmin şeiri bir az sonra 1965-ci ildə şair Əbulfəzl Hüseyni tərcümə elədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов