Pərakəndə və bütöv
Gecə yarı,
dön, bax yuxarı!
Üzüm salxımları
səpələnibmi,
Ya mavi örtüyə
dağılıb darı?
Yoxsa, tək-tək ulduzlar,
topa ulduzlar
örtüb səmanı?
O ulduzların arası ilə,
Axır Şərqdən Qərbə
bulud karvanı.
İndi, gəl bəri,
seyr elə Yeri!
Harda var bu adda
axar-baxarlı
gözəl mənzərə?
Ayağın altda
qırçın-qırçın dağ,
Laləli yamac,
çiçəkli dərə.
Şaxəli ağac,
yarpaqlı budaq.
Cığıra tökülüb
nar dənələri.
Yolunun üstdə
ovulmuş qaya.
Qum zərrələri
sürüşür çaya,
Dağın qaşında dur,
üzü Günəşə.
Sən burdan dünyanı
görə bilərsən.
Gör necə yaraşır
zirvəyə çəmən,
Gör necə yaraşır
dağlara meşə.
Ağaca sarmaşıb,
mavi, al, sarı,
yaşıl sarmaşıq.
Bu yoxuşa çıx,
Bu enişə en!
Hamar yola çıx,
Kəndə sarı dön!
Budur ha… Çatdın.
Birər, birər, üzlü daşla,
ucalmış qala,
hörülmüş divar.
Dəmir alaqapı,
həyət, bağça-bağ,
bağçada çax-çax.
Yenə ağaclar
pıtraq-pıtraq bar.
Alma, heyva, nar.
Qızılgül kolu
bağlayıb yolu,
kiçik hovuzda
üzür balıqlar.
Bəs evin içi?
Haşiyəli rəflər,
güllü kasalar.
Zərif pərdələr,
dürr dolu mücrü.
Mivari, inci
boyunbağılar,
Sapını qırsan
yerə dağılar.
Yerə döşənib
xəlçə-gəbələr,
Xəlçə-gəbə üstdə
oynar bəbələr.
Silsilə günlər –
görünməz keçir,
Dincini almır
durmadan keçir.
Qovur göylərdə
gecəni-gündüz –
gündüzü gecə.
Bölünə-bölünə
dəqiqələrə
Bütöv ömrümüz
bitir beləcə.
Hər şey dağınıq və pərakəndə.
Yollar uzanır,
kənddən şəhərə,
şəhərdən kəndə.
Bütöv olmaq üçün
indən belə sən,
Ya dönüb
yol olasan gərək,
Nəyisə nəyəsə birləşdirəsən.
Ya içindən
bir qayım
sap kecə gərək,
böyunbağı sapı kimi.
Qəlbin açıq ola gərək
taybatay qapı kimi.
O sap gəlib gecə bizdən,
içimizdən
bağlana-bağlana.
Bu minvalla
bağlana gərək
insan insana.
Bir torpaq üstündə
dərədə, təpədə, düzdə salınan,
insana məskən olan,
Neçə-neçə şəhərə,
neçə-neçə kəndə
diqqətlə bax!
Təbitədə hər nə varsa –
ya bütövdür,
ya pərakəndə –
Günlərə bölünən il kimi.
Qətrədən yaranan sel kimi,
Pərakəndə hərflər
birləşəndə söz olur.
Sözlər cümlə,
cümlələr kitab olur.
Pərakəndə ağrılar, acılar,
bir yerə yığışanda
Dərd olur, əzab olur,
Damcı-damcı sular da
yığışıb bulaq olur.
Bulaqlar, çaylar axır da,
axırda dəniz olur,
Pərakəndə mən, sən, o
birləşəndə Biz olur.
Pərakəndə doğma diyar,
Bakı, Gəncə, Mil, Muğan,
Şəki, Şirvan, Qarabağ
birləşəndə olur,
Bütöv Azərbaycan –
Ana torpaq.
Ya pərakəndə ol,
para-para ol!
Təkləsinlər səni.
Ya bütöv ol, qoru,
bütöv Vətəni!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-perakende-ve-butov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Necə könlün intizarım çəkirdi,Şükür haqqa, aşikarı görüşdük.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Qəzəl: Xürrəmdir aftabi-ruxundan bəhari-hüsnXürrəmdir aftabi-ruxundan bəhari-hüsn,Rəngindir abi-ruyunla laləzari-hüsn
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm