Rindü Zahid
Страница 6 из 10 · 50%
Şeir
Nə qədər ki, gözəlliyinə görə məqbulsan
Kəmal sahiblərindən yaxşı xasiyyətlər öyrən,
Elə tədbir elə ki, sənin gözəlliyin gün-gündən azaldıqca,
Kəmalın artsın.
Zahid dedi:
– Ey Rind! Buna görədir ki, irfan mərtəbəsinə mindən bir adam çatır. Mərifət sahibləri nadir tapılır. Əgər dünyada bədnəzər, əxlaqsız adamlar bu tələni sevgililərin yolunda qurmasaydılar, bixəbər cahillər pak aşiqlərə bu töhməti vurmasaydılar, doğrudan da təmiz aşiqlərlə yoldaşlıq, niyaz sahibi ariflərlə yaxınlıq oğulları ataların ehtiyacından qurtarar və hamını onlar mürüvvətlərinə görə, özlərinə ata hesab edərdilər.
Şeir
O ayrılıq ki, məşuq ilə aşiq arasındadır,
Fasiqlərin pis əməllərinin qorxusundandır.
Yoxsa hüsn eşqdən ayrılmaz,
İki müvafiqin arasında ayrılıq layiq deyil.
Rind dedi:
– Ey Zahid! Bil ki, gözəllik pakdır və natəmiz adamların sataşmasından uzaqdır. Gözəllik bir aynadır ki, hamını göstərir, istər düz adamlar, istər əyri adamlar öz simalarını onda görərlər.
Kim öz gözəlliyini saxlamağı bacarmasa, belə şərt var ki, onun gözəlliyi davam etməz. Pak gözəllik, pak da eşq istəyir. Hər cins öz həmcinsinə meyl edər.
Şeir
Əgər paksan, ey hərif, zatı xəbis
Və nadürüst adamların ixtilatından qorxun yoxdur.
Natəmiz həriflər də adam tanıyandırlar,
Səni pak gördükdə pis gözlə baxmazlar.
Zahid dedi:
– Ey Rind! Madam ki, sənin idrak qüvvən pak ilə napak arasında fərq qoyur, yaxşı ilə pisi bir-birindən ayırır, qorunmağı sənin fərasətinin öhdəsinə qoyuram, sənə səfərə getmək icazəsi verirəm.
Şeir
Kim ki, pis və yaxşıdan xəbərdar ola,
Lazımınca işə vaqif ola,
Əgər qürbətdə dostu və qəmxarı
Olmasa da, nə qüssəsi var?
Rind dedi:
– Ey Zahid! Hərçənd müəyyən yol tutmağa və hərəkət etməyə taqətin yoxdur, mən hələ sənət əsərlərinə bələd deyiləm və dünyanı tamaşa etməmişəm, bir neçə qədəm şəhəri gəzmək üçün mənimlə gəl, dünya tamaşasında bir az mənə yoldaşlıq et ki, nə görsəm onun keyfiyyətini səndən öyrənim.
Şeir
Xoşbəxt o adamdır ki, səfər etdiyi zaman
Gecə-gündüz arif bir müsahibi ola.
Hər nə ki, sənət əsəri görsə,
Onların həqiqətini müfəssəl surətdə soruşa.
Zahid Rindin xahişini qəbul etdi, bir neçə qədəm onunla yoldaşlıq etməyi məsləhət gördü. Hər ikisi evdən çıxdılar, küçə-bazara düşdülər. Rində çətin görünəni Zahiddən soruşurdu. Birdən böyük bir imarətə çatdılar. Bura böyüklərin yığıncaq yeri idi. Padşahların rütbəsindən yüksək və günahsız insanların ürəyindən təmiz bir yer idi. Sevimli məhbubə kimi bəzənmişdi. Onu sevənlərin fəryadı göyə yüksəlmişdi. Minarələrinin hədsiz işvəli qəddi müəzzini fəryadə gətirmişdi. Tağlarının gözü xoş zövq abidlərin qərarını əlindən almışdı. Mehriban qaşı imamı nigaran qoymuşdu, minbərin hörükləri xətibin ayağını zəncirləmişdi.
Rind dedi:
– Ey Zahid! Bura haradır və bu şərəfli yerin adı nədir?
Zahid dedi:
– Ey Rind! Bu Allahın evidir və səfalı sufilərin məbədidir. İblisin bu evə yolu yoxdur və bu evdə əyləşənlərə ondan (İblisdən) xətər yoxdur.
Şeir
Məscid İblisin fitnə və şərlərindən
Axşam-səhər xalqın əmin-amanlıq hasarıdır.
O adam İblisdən və onun şərindən asudədir ki,
Onun yeri gecə-gündüz belə bir hasardır.
Rind dedi:
-Ey Zahid! Bura ki, Allahın evidir, sidqü səfa yeridir, bura o atanın yeridir ki, oğlundan xəbəri yoxdur və o oğlun mənzilidir ki, atasından qorxusu yoxdur. Sən ki hələ mənim xatirimi istəyirsən, bu evdə yurd salmağın çətindir. Mən ki hələ sənə bağlıyam, bu evdə mənzil tutmaqdan uzağam. Bir adam ki ev sahibini yaxşı tanımır, onun evinə necə girə bilər?
Şeir
Bu ev vəhdət, sidq və səfa evidir,
Əlaqələrdən uzaq, Allaha yaxınlıq məkanıdır.
Bizim hələ ki, fikrimiz dünya ilə məşğuldur,
Bu evin arzusunda olmağa hələ ləyaqətimiz yoxdur.
Zahid dedi:
– Ey Rind! Fəsad əhli ilə oturub-durmaqdan və allahsızlara yaxınlaşmaqdan qabaq bu evə gəl, bu tayfanın söhbətlərinə rəğbət et. Bəlkə bu tayfanın rəhbərlik işığı səni cəhalət qaranlığından qurtarsın və bu cəmiyyəti təqlid etmək səni məqsəd mənzilinə yetirsin.
Şeir
Bir məclis ki, onda Allah feyzi saqidir,
Daima nəğməsi zikr, şərabı (Allaha) müştaqlıqdır,
Mümkündürsə, gir (bu evə) və bir qədəh iç ki,
Belə bir qədəhin nəşəsi həmişəlikdir.
Rind dedi:
– Ey Zahid! Bura kamillərin yeridir. Kəmal öyrənmək məktəbi deyil. Bu, vəslə çatmışların mənzilidir, vüsal yolu deyil. Əgər burada oturanlar nicat tapmışlardısa, ayıbdır ki, mənim küdurət tozum onların səfa səhifəsinə qonsun. Əgər (dünyaya) ürək bağlayandırlarsa, heyfdir ki, mənim günahsız nəfəsim onların ixtilatı təsirindən günahkar olsun.
Şeir
Əgər bu məclisin əhli fəzl və kəmal əhlidirsə,
Niyə bu cəhalətlə ora gedib utanaq?
Əgər hiyləgər, xudpəsənd və şərir adamlardırlarsa,
Nə üçün gedib onların işinə şərik olar?
Mənim məsləhətim budur ki, Allahın evindən gedim, özümə layiq iş və münasib bir mənzil axtarım.
Məsciddə sovməə əhlinin yığıncağı var,
Adam çox olduğundan mənə yer yoxdur.
Elə ki, Rind (məscidə) girməyə razılıq vermədi, qoca onunla gəzməyə başladı. Tamaşa edib hər yerdən keçirdilər, söhbət edib hər tərəfi gəzirdilər. Birdən bir binaya yetişdilər ki, başı göylərə ucalmışdı. Zümzümə səsi oradan mələklərin ibadətgahına yetişirdi. Behişt bağından rəng almış bir bağça, qılmanlardan xəbər verən bir məclis idi. Sərxoşların səsləri, tərənnümləri sakitlik sevən beyni qədəh kimi dolandırır, şərab içənlərin “nuş olsun, nuş olsun” səsləri əql axtaran dimağı qəflət yuxusundan oyadırdı. Saqi ləl kimi şərabı göstərirdi ki:
Əql cövhərinə satıram.
Mütrüb pərdə götürmüşdü ki:
Riyanı rüsvay etməyə çalışıram.
Xülasə, bura dünyadan əl çəkmiş və axirətdən əl üzmüşlərin yeri idi.
Rind dedi:
– Ey Zahid! Bu necə ürək açan yerdir. Eşitdiyim nə səsdir?
Şeir
Bunlara baxmaq mənim huşumu başımdan apardı,
Ürəyimdə başqa bir dünyaya yol açdı.
Burada hamının rahatlığı və zövqü var.
Elə bil ki, hamı Allahdan razıdır.
Zahid dedi:
– Ey Rind! Bura şeytan evidir, üsyankarlığın sərçeşməsidir. Bu evin sakinləri Allah rəhmətindən uzaqdırlar. Müxalifət etdiklərinə görə Allahın düşmənidirlər. Dünyada ağıllarının fəsadına görə məzəmmət olunurlar. Allahın hökmünə müxalifət etdiklərinə görə axirətdə də məhrumiyyətə düçar olacaqlar. Əgər Allahı tanımırlar və bu işi görürlər, Allahı tanımamaqdan pis nə var? Əgər Allahı tanıyırlar və qəsdən itaət etmirlər, onda qorxmaz üsyankarlardan da pisdirlər. Xoşbəxt o adamdır ki, onların yanına getməsin və bu pərişan dəstənin həmsöhbəti olmasın.
Şeir
Bu tayfa Allahın rəhmətindən uzaqdır,
Allahın və xalqın feyzindən kənardadır.
Allahın göstərdiyi yol ilə getmir,
Ya gözlü həyasız, ya da kordur.
Rind dedi:
– Ey Zahid! Bu evə şeytan yeri dedin və bu evin sakinlərini günahkar saydın. Bu nə hikmətdir ki, Allah öz qüdrəti ilə düşmənlərinin evini belə abad saxlayır?
İlahi qüdrəti olduğu halda bu mürtədlərin cəmiyyətini dağıtmır. Onlara möhlət verir ki, istədikləri kimi rahətlik etsinlər və həmişə itaət şişəsinə daş atsınlar, daima günah əməllərin hücumu ilə pəhrizkarlığın cəlalını pozsunlar.
Şeir
Gördüm bir rind saqidən şərab istəyir.
Dedim: Sənin bu işin Allahın hökmünə müxalifdir.
Dedi: Biz hər işi Allahdan bilirik,
Bizim muradımıza çatmağımız onun icazəsi deməkdir.
Zahid dedi:
– Ey Rind! Özünü gözlə, bu etiqadla yoldan çıxmayasan və asilərin əfsanəsinə aldanmayasan. Bil ki, bunların günahlarına Allahın səbri qəzəb dəlillərini möhkəmləndirmək üçündür. Allahın onları cəzalandırmaqdan əl saxlaması əzaba layiq olmalarını isbat etmək üçündür. Gözəl iş Allahın əmrinə itaət etməkdir. Pis əməl xəta yola getməkdir. Sərxoşların ki, ağlı yoxdur, pisi yaxşıdan ayıra bilmirlər.
Şeir
Ey pak ürəkli, sən ki, zəmanə əhlindənsən,
Ya güzəran üçün, ya da axirət üçün çalış.
Şərab içib hər iki dünyadan qafil olmaq
Aydındır ki, axırda nə nəticə verə bilər?
Rind dedi:
-Ey Zahid! Əgər bu tayfa ilə oturub-durmusan və onların şərabını içmisən, deməli, öz bəd əməlini etiraf edirsən və sözlərinin etibarı yoxdur. Əgər onlarla oturmamısan, təhqiq eləməmiş adamın sözlərindən doğruluq qoxusu gəlməz. Nə dəlillə öz sözlərinin doğru olduğunu sübuta yetirə bilərsən? Bu dediklərinin öhdəsindən necə gələ bilərsən?
Şeir
Əgər şərab içənsən və şərabı pisləyirsən,
Utanmalısan ki, öz işinin eybini söyləyirsən.
Əgər şərabı dadmamısan və şəraba pis deyirsən,
Ayıbdır ki, çiy söz danışırsan.
Zahid dedi:
– Ey Rind! Şərab içənlər barəsində Allahın hökmü kafi bir dəlildir və Allah əhlinin ondan ikrah etmələri sənə kafi cavabdır. Bir xəbisi ki, Allah haram edir, imtahana nə ehtiyac? Bir cəmiyyəti ki, öz dərgahından qovur, onlarla ixtilat və onlara yaxınlaşmaq layiq deyildir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-rindu-zahid
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Ey xacə, gər qulundan oğulluq murad isəEy xacə, gər qulundan oğulluq murad isə,Şəfqət gözilə bax ona daim oğul kimi.
Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçünEy vəziri-mülkpərvər kim, nizami-mülk üçün,İntixab etmiş cəmi’i-xəlqdən sultan səni.
Ey ki, aləmdə məhəbbət adini məzmun edibEy ki, aləmdə məhəbbət adini məzmun edib,Hər zaman bir mahrüxsarın olursan maili.
Стихи других поэтов
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Şair taleyiTaleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
Get, səni gözüm görməsinHeyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.
Dindar olanın halı pərişan gərək olsunDindar olanın halı pərişan gerək olsun,Əfsürdə-dili, bisərüsaman gərek olsun.