Rindü Zahid
Страница 9 из 10 · 80%
Biz günahdan o qədər də ar etmirik,
Bu iş bizim ata-anamızın şüarıdır.
Zahid dedi:
– Ey Rind! Fasidlərə iqtida edirsən. Batil dəlillər gətirirsən. Batilləri təqlid edərək mənim moizələrimi rədd etmək istəyirsən. Olmaya sənin bu halətin bir günah və itaətdən boyun qaçırmağa bais ola və calələr. Bunlar nəticədə sənin günahlarının artmasına səbəb olar, sənin xətalarını da artırar.
Şeir
Dünyada Allaha müxalif bir iş görmə,
Əgər görsən gizlət və heç kəsə demə.
Xəta yollarını cahillərə öyrətmə,
Onlara rəhbərlik etmək pisdir, bunu etmə.
Rind dedi:
– Ey Zahid! Aləm mülkünün iş başında duranları və insan məişətinin tədbir tökənləri elmcə məndən ucadırlar və qüdrətləri məndən artıqdır. Madam ki, növbət nağarası və saz səsi eşitməyə, meyxanə binası qoymağa, dünya əhlinə sərxoşluq və nəzərbazlıq etməyə icazə verirlər, buna sənin tənə vurmağından nə fayda, ya mənim nəsihətimdən nə çıxar? Qadağan olunmuş şeylər əksərən haramdırsa, müxtəlif tayfaları birləşdirmək cəhətindən dünyanın intizamına da səbəbdir.
Şeir
Şəriət haram işləri rədd edibdir,
Şəriətin güzgüsünə onlar qara ləkədir.
Amma nə eyləmək, dünya nizamının tədbiri,
Bu günahlara tutulmağa hamıya icazə veribdir.
Zahid dedi:
– Ey Rind! Meyin eybi hamıya aşkardır. Onun qəbahətini deməyə ehtiyac yoxdur. İndi ki, sən onun keyfiyyətindən xəbərdar oldun və onun nəşəsini gördün, bu gizli sirdən pərdəni götür. Onun mənfəətlərindən danış. De görüm, onun faydası nədir ki, onun xatirinə insan Allaha düşmən olsun. Onun mənfəəti nədir ki, insan onun üçün şəriətin hökmlərindən çıxsın?
Şeir
Allah şərabın eybini söyləmişdir, o, mənfəət üçün bir günahdır.
Onun bu eybi bəsdir ki, insanı ağıldan ayırır.
Şərabın hünəri nədir ki, ona görə xalq
Həqiqətdə, Allaha düşmənçilik edir?
Rind dedi:
– Ey Zahid! Şərabın mənfəətində, Allahın kəlamı gizli pərdəni onun aydınlıq üzündən götürmüşdür. Şərabın faydalarını deməyə nə ehtiyac var? Hikmət əhlinin şərabın faydasındakı mübaliğələri həqiqət aynası üstündəki tozu silmişdir. Onu dil ilə deməyə ehtiyac yoxdur. Allahın işləri ilə məşğul olanların yəqin ki, şərab heç yadlarına da düşmür. Allaha itaət etməkdən qafil olanlar isə məlumdur ki, pis işlər etməyə meyl edirlər. Bundan yaxşı nə ola bilər ki, şərab onların ağıllarını əllərindən alsın və dünyanı onların fəsadından qurtarsın.
Şeir
Ey fikri pis iş görməkdən ibarət olan kimsə,
Sənin hərəkətlərin Allahın razılığından kənardır,
Sənin huşyar olmağın şər və fəsad törədir. Belə isə sənin
Şərab içib, sərxoş olmağın ayıqlığından yaxşıdır.
Xülasə, şərab ruha səfa verir, nəfsin qüvvələrini artırır, cismin əzasını tərbiyə edir. Ən böyük faydası budur ki, beyni duruldur, onu könülaçan nəğmələri anlamağa qabil edir və xoş nəğmələr ləzzəti diyarına atır.
Şeir
Şərab şüur aynasının tozunu silir,
Bunun şahidi xoş nəğmələrə olan həvəsdir,
Tutqun beyni küdurətdən təmizləyir,
Odur ki, sərxoş yaxşı nəğmələr istəyir.
Zahid dedi:
– Ey Rind! Şərabın tərifində xəyal etdiklərin onun məzəmmətidir. Badə tərifində gətirdiyin dəlillər onun təhqirinə aiddir. Deyirsən ki, mey sazı dərk etməyə sövq edir. Bu məqbul deyil, bəlkə rədd edilməlidir. Çünki saz oyun və qafillik badəsidir və veyl cahillərin istədiyi şeydir. Nə həqiqət əhli ona nəzər salar və nə təriqət əhlinin ürəyində ondan bir əsər olar. Bir şeyi ki, şəriət rədd edir, öz-özlüyündə itaəti yaddan çıxarır, təəccüb edirəm, nə üçün onu bəyəniblər. Belə günaha mürtəkib olmaq müqabilində ondan nə mənfəət görüblər?
Şeir
Sazın keyfiyyəti yalnız şadlıq və xoşluq üçündür,
Əslində, bu fəsad ağlı və ədəbi ortadan qaldırır.
Ona rəğbət etmək nöqsandan başqa bir şey deyil.
Əhli-kamalın ona rəğbət etməsi çox təəccüblüdür.
Rind dedi:
– Ey Zahid! Ürəkaçan nəğmə səma eyvanının kəməndidir. Xoş avazlar uca aləmin nərdivanıdır, ruha halın məbdəindən xəbər gətirir, onu cismani əlaqələrdən qurtarır. Onun məqamlarının hər şöbəsi bir sirr pərdəsidir və hər nəğməsi Allah dərgahına bir niyazdır. Bu ləzzətlərə meyl etmək idrak üçün zəruridir. Buna şövq göstərmək pak təbiətli adamların xasiyyətidir. Saz nəğməsi və xoş səsin şərəfinə bu bəsdir ki, halsız və ürəyi sönmüş adamların canına ürək yandıran eşq odu salır, qafilləri eşq dərdinin nəşəsindən xəbərdar edir.
Şeir
Lətif səslər eşqin təhrikinə səbəbdir,
Xəbərsizlərə eşqin xəbəri saz ilə yetişir.
Eşq bir gizli sirdir, saz ilə aşkar olur.
Həqiqət budur ki, o, sirr saz pərdəsinin arxasındadır.
Zahid dedi:
– Ey Rind! Eşqi zahir etmək üçün sazı faydalı bilirsən, bu düzgün mülahizə deyil. Gözəl səsi, həvaü həvəsi təhrik etdiyinə görə yaxşı hesab edirsən. Bu, münasib fikir deyil. Çünki eşq yaxşılıqla məruf olanları bədnam edəndir, axırı qaragün olan bədbəxtlərin şivəsidir. Heyf o adama ki, ixtiyarını həvaü həvəsin əlinə verir və üzünü səlamət küçəsindən məlamət küçəsinə çevirir. Təəccüb edirəm ki, onun pisliyindən xəbərdar olan xoştəb adamlar ona necə həvəslənirlər. Eşqin məlamətindən xəbərdar olduqları halda onu nə üçün tərifləyirlər, ondan nə mənfəət görüblər? Ondan nə fayda eşidiblər?
Şeir
Hikmət əhli eşqin əsasını sevda bilir,
Kim sevdanı şüar etsə, dəlidir.
Dəli aşiqin ürəyində eşqin həvası
Viranədə əsən bir külək kimidir.
Rind dedi:
– Ey Zahid! Sən məcazdan danışırsan, həqiqət yolu ilə getmirsən. Bil ki, eşq bəşər vücudu sədəfində Allahın əmanəti olan bir gövhər və insan nəfsi-natiqəsinin həqiqətidir. Kainatın binası onunla əsaslanır. Əqli-küll ixtiyarı ona tapşırır. Eşqin sifətlərə ehtiyacı yoxdur. Məşuqu keyfiyyəti-zat adlandırırıq. Eşqin şöhrətə və hörmətə malik olması üçün bu kifayətdir ki, gözəllərin hüsn cilvəsindən xəbərdardır və sevgililərin cəmalını müşahidə etməklə biixtiyardır.
Şeir
İnsan yaranmışların “ən gözəlidir” və hüsni-surəti
Allahın qüdrəti və sənətkarın ən gözəl əsəridir.
Eşqə eşq olsun ki, ona məhəbbət gözü ilə baxmasan
Qüdrətin sənəti zaye olar.
Zahid dedi:
– Ey Rind! Eşqin gözəllər hüsnünə münasibəti onun eybidir, tərifi deyil. Məhbubların cəmalına vurulmaq peşmançılıq gətirər, tərbiyə verməz. Çünki gözəllərin hüsnünə baxmaq yaxşı ürək sahiblərinin ağlı üçün fitnədir. Məhbubların cəmalına tamaşa etmək kamillər üçün nöqsandır. Kim bir gözələ əlaqə nəzəri ilə baxsa, özünü aləmdə rüsvay edər. Hər biçarə ki, bir gözəlin məhəbbət camından bir içim nuş etsə, dünya və axirəti unudar. Ona görə ki, ürəyə yatan gözəl, ona baxanın şəhvətini artırır və bunun da xəbasəti bütün mühəqqiqlərə aydındır. Təəccüblüdür ki, bu gözəl surətlərin işi bu qədər aşkar olduğu halda, dünyanın həqiqət görən adamları ona rəğbət göstərirlər, həmişə də onu axtarırlar.
Şeir
Kim bir gözəlin hüsnünə aşiq olsa, şübhəsiz,
Onun eşqi gözəlliyin zəvalı ilə zail olur.
Eşqin məqamı odur, gözəlliyin də halı budur,
Eşq səbatsız bir cins, gözəllik isə batil bir nəqşdir.
Gözəlin surəti xəbərsiz aludələrin fitnəsidir,
Saçının həlqələri cahillərin tələsidir.
Rind dedi:
– Ey Zahid! Gözəlliyi ki, rədd edirsən, gözələ baxmaqdan ləzzət aparmırsan, onu bil ki, gözəllik Allah simasının aynasıdır, Allah axtaranların məqsədə çatmaları üçün yol göstərəndir. Cəmal Allah nurunun məzhəridir, əbədi feyzin mənşəyidir. Gözəlliyi müvəqqəti hesab etmək cəhalətə dəlalətdir. Çünki onun həqiqəti aradan getmir və yox olmur, bəlkə onun zahiri əsəri yox olur. Hər dövrdə o qayib gözəlin hazır mənşəyi və hər paltarda o gizli pərdədə olan (nazəninin) bir zühur cilvəsi var. Dövranın dəyişməsindən ona nə ziyan? Libasın dəyişilməsindən ona nə nöqsan? Gözəlin surətindən məqsəd keyfiyyətdir, üzvlərin tərkibinin nisbəti deyil. Sevgilinin cəmalından məqsəd həqiqətdir, cüzvlərinin tərtibinin uyğunluğu deyil.
Şeir
Zənn etmə ki, hüsnün nəşəsi su və palçıqdadır,
Bəlkə həqiqətdir ki, gözəl üzdə aşkara çıxıbdır.
Bu pərdədə bir oyunçu var, yoxsa heç kim özlüyündə
Nə pərdə saxlayan, nə pərdədə oturan, nə də pərdəni qaldırandır.
Yalnız surətdən mənaya yol tapmaq olar,
Məna gülünün məzhəri surət bağçasıdır.
Zahid dedi:
– Ey Rind! Vaxtımız münaqişə ilə keçdi. Ruzigarımız mücadilədə tələf oldu. Nə mənim nəsihətlərim sənə fayda verdi, nə də sənin dəlillərin məni qane etdi. Əgər aramızda olan bu ziddiyyətə görə səndən ayrılsam, sənə olan atalıq əlaqəsi ixtilat ətəyindən tutar. Əgər müxalifət götürmək üçün sənə nəsihət etsəm, sənin könül vərəqən bu yazını qəbul etməz. Mən buna bir çarə bilmirəm. Özün de görüm, bunun çarəsi nədir?
Şeir
Əfsus ki, dərdimə dərman yoxdur,
Sənin məsələndə işim bir yana çıxmadı.
Ömrümdə sənə nəsihət verməkdən başqa bir işim yoxdur.
Ömrüm sona çatdı, söz qurtarmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-rindu-zahid
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Ey xacə, gər qulundan oğulluq murad isəEy xacə, gər qulundan oğulluq murad isə,Şəfqət gözilə bax ona daim oğul kimi.
Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçünEy vəziri-mülkpərvər kim, nizami-mülk üçün,İntixab etmiş cəmi’i-xəlqdən sultan səni.
Ey ki, aləmdə məhəbbət adini məzmun edibEy ki, aləmdə məhəbbət adini məzmun edib,Hər zaman bir mahrüxsarın olursan maili.
Стихи других поэтов
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Şair taleyiTaleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
Get, səni gözüm görməsinHeyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.
Dindar olanın halı pərişan gərək olsunDindar olanın halı pərişan gerək olsun,Əfsürdə-dili, bisərüsaman gərek olsun.