Dövlət Dumasının qurulması
Страница 2 из 4 · 25%
Qəzetəmizin dünənki nömrəsində Dövlət dumasının, yəni millət seçilmişlərinin, millətin nəfi üçün padşahla bir yerdə işləməsinin nə qədər vacib və lazım olduğunu bəyan etdik. Onu da yazdıq ki, Rusiyada iğtişaş başlandıqdan sonra hökumət, millətə zərər və ziyan yetirən əvvəlki dolanacağını dəyişdirməyi, yəni millət seçilmişlərini çağırıb bir yerdə işləməyə razı oldu. Və bununla, hökumət özgə bir tərzə düşməyə qədəm görmüş kimi oldu. Əvvəlki, dolanacağını dəyişmək lazım gəldi. Belə ki, hökumətin millətdən ötrü zərərli olan əvvəlki dolanacağına – hökuməti müstəqillə nə müstəbiddə deyirdilər, yəni belə hökumət ki, dövlət işlərində millətin əl və ayağını bağlayıb və ağzını yumub ancaq əmr edir ki, kefi istəyib verdiyi qanunlara millət əməl eləsin. Bunun binəva millətə nə qədər ağır olduğunu yuxarılarda bəyan etmişdik və camaatımızın özü də öz təcrübəsi ilə bunu anlayıb, yaxşıca bilib və bir də hökuməti – müstəqilə və müstəbidəsi olan İran, Osmanlı millətlərinin də bizdən iki qat ağır olan dolanacağı hamımıza məlumdur.
O biri tövr hökumətə ki, Rusiya elə olmaq istəyir – hökumətiməşrutə deyilir, yəni belə hökumət ki, millət padşah ilə bir yerdə özözünü dolandırır və hər bir sıxıntıdan azad olur. Qaradovoydan tutmuş vəzirlərədək heç birinin ixtiyarı olmur ki, millətə zülm və sitəm etsin. Bunlar hamısı millət qabağında öz əməllərindən cavabdəhəndə (məsul) olurlar. Və adilanə qurulmuş məhkəmə, yəni suddan suvayı, heç bir çinovnik milləti tənbeh edə bilmir (Vəhalonki, indi bir yasavul bütün kənd əhlini nahaq yerə döyüb, söyür və heç bir kəs də buna bir söz demir). Qərəz bütün dövlət, camaat diriliyinin yaraları olan çinovniklər pəncəsindən qurtarıb, millət özü hökm sürən olur və buna görə nahaq yerə döymək, rüşvət almaq, kef havası ilə iş görmək filan-heç biri mümkün olmur.
Əlqissə, Rusiya hökuməti hökuməti-məşrutə olmağa meyl elədi, yəni Dövlət duması, yaxud millət məclisi qurmağa razı oldu. Lakin hökumət bu xeyir işi məcburən əmələ gətirirdi. Ona görə özünü yenə də ixtiyarın saxlamaq üçün millət məclisinin qurulmağını ağır şərtlərlə bürüyüb məclisin gücünü azaltmaq istədi. Ona görə əvvəla, millətin hər bir adamına istər xan olsun, gəda olsun, dövlətli olsun, kasıb olsun vəkil seçmək ixtiyarı vermədi. Yəni vəkil seçən millətin sayını azaltdı. Belə ki, padşahlığa xərc və naloq verməyənləri seçkidən kənar elədi. Və saniyən yerdə qalan adamlara da vasitəsiz zadsız vəkil seçmək ixtiyarı vermədi. Dedi ki, öz içinizdən adam seçin. O adamlar da öz içlərindən vəkil seçib, göndərsinlər ki, dövlət duması qurulsun. Daha belə vəkil seçmək işini dörd qat balacalandırdı. Odur ki, deyirlər – ümumi külli seçki haqqı (vseobşoye izbiratelnoye pravo) əvəzinə dörd mərtəbəli (çatıryexstepennoye) seçki haqqı verdi. Əlbəttə, bu cürə rəftar, yəni bu cürə vəkil seçkisi camaata xoş gəlməzdi. Odur ki, camaat Dövlət dumasına bir o qədər seçilmirdi. Və bir də hökumət hökuməti-məşrutə olduğunu elan etməmişdi. İğtişaş davam edirdi və artmağa başlayırdı. Artdı, hər yerə yayıldı, quru qoşununun, dərya qoşununun içində peyda oldu. Və dönüb inqilab (revolyusiya) olmağa yaxın oldu. Hökumət gördü ki, camaat dediyindən dönmək istəmir. (Çünki camaat cana doymuşdu). Naçar hökumət məşrutənin gerisi olan azadlığı elan etdi, yəni millətin hər bir ehtiyacatını qəzetələrdə yazmağa razı olmayan senzorları kənar elədi. Yığılıb öz ehtiyacatını danışmağı qadağan edən qanunları götürdü, ruslaşdırmaq və nəsrani etmək və bir dindən o biri dinə keçməyi qoymamaq əmrini pozdu və hər bir şəxsi, hər bir zülm və cövrdən azad etdi. Bu bəşarəti bütün əhaliyə bildirmək üçün padşah bir manifest verdi və bu azadlıq manifesti ilə belə, keçən 1905-ci sənə oktyabr ayının 17-də verildiyi üçün 17 oktyabr manifesti deyildi. Oktyabrın 17-də vaqe olan bu böyük bayram bizim hamımızın yadındadır. Ah, nə böyük şadlıq ilə biz bu günü istiqbal etdik! Bu gün bütün millət şad və məsrur və bəxtiyar görünürdü. Hamı can çürüdən zindandan xilas olmuş adama bənzəyirdi. Azadlıq, hürriyyət tək bir bu söz bizə tazə ruh verib, qəlbimizdə olan kin-kədurəti, keçmiş zülm və sitəmləri unutmağa məcbur edirdi
Çox adam şadlığından ağlayırdı!.. Belə bir qoca, qəvi, lakin istibdad zindanında çürüməyə tullanmış millətin o zindani-cəfadan qurtarıban, azadlıq çölündə sərbəst dolanmağa qədəm qoymasını görüb də, hansı hürriyyətpərvər adam sürurdan ağlamazdı?!. Və hansı istibdad qulu (iranlılar və osmanlılar) rus millətini azadlığa buraxılmış görüb, öz baxtına acı bir istehza ilə gülməzdi?!.
Lakin minlərcə təəssüflər olsun ki, belə bir şadlıq ilə istiqbal olunan azadlıq çox bir müddət çəkmədi. Millət aldandığını gördü... Rusiyanın üzünü gizlənmiş və fürsət axtaran istibdadın qara buludları bürüdü. İstibdadın, amansız istibdadın göyü guruldayıb, zülm və sitəm sədayidəhşətəngizilə məmləkətin hər tərəfinə səs saldı və yağdı, lakin nə yağdı? Qan yağdı, göz yaşı yağdı; azadlıq əsəri yuyulub getdi. Və biriki ay ondan əvvəl azadlıq çölünə buraxılmış kimi görünən bəxtiyar camaat təkrar istibdad zindanının dibində çapalayan göründü.
Keçən nömrədə bəyan etdik ki, oktyabrın 17-sində padşah tərəfindən verilmiş azadlıq onun dalınca hökumət tərəfindən icra olunan şiddətli və zülmlü tədbirlər arasında itib batdı. Belə çıxdı ki, padşah millətinə vermiş azadlığı milləti padşahdan ayıran hökumət, yeni vəzirvüzəra tutub geri aldı. Aya, hökumətin belə bir şiddətli iş görə bildiyinə səbəb nə oldu? Millətin qoşun qismi ilə bərabər digər bir qismi ki, o qismə daxil olan adamların adına “xuliqan” deyirlər, bunlar hökumətə tərəfdar çıxıb onun əlində kor alət və karastı oldular; hökumət isə bunların kömək və vasitəsilə binəva millət haqqında hər bir zülm və sitəmi rəva görməkdən çəkinmədi; guya, iğtişaş əvəzində millətdən intiqam və qisas alırdı.
İndi bir özgə məsələ: bəs, qoşunun hökumətə tərəfdarlığına və millətin içində xuliqanlar peyda olmasına səbəb nə idi? Ona da səbəb o idi ki, millət içində böyük və qüvvətli ittifaq və ittihad yox idi. Əlbəttə, ittifaq və ittihadsız görülən iş də, ələlxüsus azadlıq almaq, yəni köhnə hökuməti puç edib tazə hökumət düzəltmək kimi böyük bir iş ittifaq və ittihadsız başa gəlməzdi. Gəlsə idi də davamlı və baqi qala bilməzdi. Vaqiən, əgər millət arasında böyük ittifaq və ittihad olsa idi, qoşun heç bir vaxt millətdən üz döndərə bilməzdi və xuliqan da olmazdı, ya az və cüzi olardı. Ona söz yoxdur ki, qoşunun, ələlxüsus su qoşununun içində millətin həqiqi və qanacaqlı övladı çox idi. Bunu deməsək Sevastopol, Mancuriya və Peterburqun səngəri olan Kronştat hadisələrini danmış olarıq. Hətta bütün rus ləşkəri hökumətə tələblər göstərib, əncam istəyirdi desək heç xəta etmərik; lakin bu tələblər cüzi olduğuna görə, hökumətdən ötrü ağır deyildi. Ona görə hökumət qoşun qisminin tələblərinə tez bir zamanda əncam verdi və ondan sonra qoşunun hökumətə deyəcək bir sözü olmayıb, qulluğuna əməl etməyə məcbur oldu. Ələlxüsus qoşunun qazaq qismi millətə düşmən və hökumətə dost olduğunu bildirib, əvvəlincinin zərərinə və ikincinin xeyrinə iş görürdü və indi də görməkdədir.
Xuliqanlar isə özgənin müsibətindən nəfbərdar olmaq arzusunda olan adamlardan olub, guya padşahpərəstlik niyyətilə hökumətə kömək göstərmək üçün şeytançılıq, ara vurmaq, fitnə salmaq ilə milləti hərdəm hökumətin zülmünə giriftar edirdilər. Belə alçaq adamlara “provokator”, yəni ara vuruşduran, yaxud müfəttin (fitnə salan) dəxi deyilir. Bunların içində, heyvandan yalqız bir dil ilə seçilən adamlardan tutmuş, universetlər və sair ali məktəblərdə oxuyub dərs qurtarmış adamlar dəxi vardır. Təəccüb burasıdır ki, bu xuliqanlar özlərinə “vətənpərəst” və “təəssübkeş” deyirlər. Halbuki vaqedə vətənin böyük düşməni bunlardır və bir də təəccüb burasıdır ki, bunlar haman azadlıq elan edilən günün səhərisi zühur edib hökumətin birinci dəfə üstün (üsgün) olmağına səbəb və kömək bunlar oldular, guya bu “vətənpərəst”ləri kim isə, qəsdən əvvəlcə hazırlayıbmış ki, lazım yerdə istemal etsin.
Demək lazımdır ki, əgər millət içində ittifaq və ittihad bərk olsaydı, nə qoşun üz döndərərdi, nə də xuliqanlar zühur edərdi. Bütün millət də aldığı azadlıq sayəsində dolanıb indiyə qədər vətən xeyrinə neçə-neçə səmərəli işlərə şüru etmişdi. Lakin bu xüsusda milləti də çox qınamaq olmaz, çünki allah tərəfindən hər kəsin qəlbinə qoyulmuş bu azadlıq arzusu, əsrlərcə davam edən azadlıqsız əzabı millətin bir çox adamlarının qəlbində o qədər böyümüşdü ki, onlar heç güman etməyirdi ki, bu arzunu hüsulə gətirməmiş bir kəs rahət ola... Və bir də hökumətə bunun dəxi artıq nəfi oldu ki, birinci cəbr və zordan sonra belə bir qiyama davam etməyə öyrənişməmiş millətin bir çox hissəsi ürəksizlik edib, həmən dəm sakit oldu, yerdə qalan igidlər isə hökumət ilə müharibələr edib, azadlıq yolunda fəda olurdular. Hökumət dəxi çox qazanmayırdı, onun da kişiləri bu yolda “qurban” olurdu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-dovlet-dumasinin-qurulmasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ümumfirəngistan məmləkətində, baxüsus Firəngistan paytaxtı və mədəniyyət mərkəzi olan Paris şəhərində böyük yağıntılıq olub, çaylar daşıb, şəhəri xarab etdiyini oxucularımız qəzetəmizdə yazılan xəbərlərdən bildilər. Şübhəsizdir ki, hər yerdə belə bir fəlakət və müsibət üz verdikdə onun ən böyük zərbəsi əhalinin kasıb və fəqir adamlarının və ailələrinin başına düşür. Hamıdan çox zərərdidə olan onlar olurlar. Parisdə də həmçinin əhalinin zəhmətkeş sinfi bu müsibətdən böyük zərbələr çəkib hal-hazırda yüz minlərcə adam işsiz, ruzisiz meydanda qalıblar. Bunlardan əhl və əyal sahibi olanların da arvad-uşaqları rizq və ruzisiz qalıb, böyük həsrət çəkməyə məhkumdurlar. Lakin həm elmlə, həm növbənöv ixtiraat və kəşfiyyat nafiəsi ilə və həm də maddi qüvvəsi ilə bütün insaniyyətə böyük-böyük xidmətlər göstərən və fəlakətzədagən və müsibətə giriftar olanlara kömək yetirən Paris şəhəri, özünün bu müsibətində də kənar yerdən kömək və imdad gözləmədən əvvəl, özü öz müsibətzədaganlarının köməyinə kəmali-gərmi ilə girişib, olduqca bol-bol ianələr toplamaqdadır. İanə verənlər isə böyük bir səxavət və həmiyyət göstərib, canidil ilə bəzli ianə edirlər.İştə rus qəzetələrindən “N.V.” qəzetinin Paris müxbiri firəng camaatının hümmət və həmiyyətini bu növ ilə təsvir edir:
Gözəl bir təşəbbüsKitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük dərddir.Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kıtabları heç yoxdur desək, heç yalan olmaz. Çünki əgər ötədəbəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan-ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım deyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz.
Vəkil seçkisiMühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.
QədirşünaslıqBu günlərdə əlimizə düşən rus qəzetələrinin hankını açırsan, içində əlaməti yas olmaq üzrə qara çərçivə içərisində bir ad. Altında da haman ad sahibinin təzkar namini görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetələri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetələri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər.O ad sahibi kimdir?
Стихи других поэтов · Сатира
Dün bir eşşəkxisal insanəGəlməmiş xoş təraneyi-zənbur;
Vücudi-lətifin, ey taci-sərimCəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,
Özün bilBu dövr, əmi can, tərsinə dövrandır, özün bil;Təqdiri-qəza sanma ki, asandır, özün bil.
Lisan bəlasıEy dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.