Bu gün miləli-mütəməddinənin bu qədər əlləşib çalışmaları, hər bir işlərində göstərdikləri səy və təlaş, hamısı gələcəyə əhəmiyyət nəzəri ilə baxmaqlarından irəli gəlir. Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an və hər dəqiqə çalışırlar. Bunların hər bir firqə, sinif və silki özü üçün parlaq bir gələcək hazırlamaqdadır. Cahil və qafil millət isə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, özünə azuqə axtarmayıb, azuqəsiz qalan adam kimi, bu millət də axırda gələcəkdən məhrum olur, yəni yox olub gedir.

Tarixin varaqlarını seyr edərsək, bir çox misallar taparıq ki, ən böyük, cəsim və qəviyyul-şikəmiyyə görünən, lakin istiqbalını heç bir halda nəzərə almayıb da qəflət ilə gün keçirən millətlər, ufacıq, az və zəif, fəqət huşiyar və gələcək fikrində olan bir millətin qabağında əriyib, müruri-zaman ilə məhv və nabud olubdur və yaxud öz istiqlalını bərqərar və payıdar saxlamağa qadir olan bir millət, ətalət və bətaləti ucundan sairələrin əlində münqəriz olub gedir.

Gələcək qeydinə qalmayıb, vaxtlarını münaziə və münaqişədə keçirən knyazlar və hökmranlar bir vaxt Rusiyanı inqiraz uçurumunun təhlükəli kənarına yetirmişdilər. Lakin bəsirətli və istiqbali-milləti gözləyən mininlər, pojarskilər Vətəni o təhlükədən geri çəkdilər. Rusiyanın gələcəyinə can qurban edəcək qədər çalışan Pyotr Kəbirin səy və cəhdi sayəsində zəif Rusiya əzəmətli, qüvvətli, qonşu qorxuzan bir padşahlıq oldu.

Gələcəyi üçün ciddi surətdə çalışmağa bel bağlamış Yaponiya bugünkü qüvvət, qüdrət və şöhrətə nail oldu. İranı bu təəssüflü hala salan istiqbala qarşı göstərilən soyuqluq və qeydsizlik deyilmi?

Hər bir millətin bir gələcəyi vardır. Bu gələcəyin də yaxşı və yamanlığı millətin özündəndir.

Biz indi görürük ki, bizim sələflərimiz bizdən ötrü nə tövr gələcək hazırlayıbdırlar. İçimizdə olan müxtəlif əməllər, fəna rəftarlar, axırımıza çıxacaq qədər bizi bezar edən pis-pis hərəkətlər hamısı sələflərimizin adətləri imiş ki, bu günə qədər içimizdə davam edib, tərəqqi və taalimizə böyük sədd olmuşdur. Əgər, sələflərimizin işlərinə dürüst diqqət edərsək, belə bir nəticəyə gələ bilərik ki, sələflərimiz bizi yox etmək, yer üzündən götürmək istəyirmişlər. Biz dəxi, əlbəttə, sələflərimizə iqtida edərsək, gələcək xələflərimiz üçün çox bir əsəfli istiqbal hazırlarıq ki, bəqasi məşkuk və dəvamı iştibahlı olar.

Biz bu gələcəyimizi əziz tutub da onun təmini üçün çalışmalıyıq. Biz elə bir meydan hazırlamalıyıq ki, övladımız orada kəsbi-qüvvət etməyə, bari, bizdən qalmış mümaniələrə düçar olmasınlar.

Biz elə bir münbit yer hazırlamalıyıq ki, gələcək adamlarımızın əmin, arxayın yaşayıb da getdikcə tərəqqi və təkamülünə böyük bir təkan olsun. Biz indiyə qədr ömür sürmüşük, indidən sonra da ömür sürməliyik...

Çifayda.

İndi işlərimizə baxanda və indiki mövqeyimizi nəzərə aldıqda, gələcəyimizin halı çox məxşuş görünür. Rusiya inqilabı, ümumiyyətlə və erməni-müsəlman iğtişaşı xüsusilə bizdən ötrü böyük bir zərbə oldusa da və bizi qəflət yuxusundan oyandırdısa da, görünür ki, bir dəfə göz açmağa ixtifa edib, təkrar mürgüləməyə başladıq...

Başladığımız işlərin, bulunduğumuz təşəbbüslərin ən böyüyü idareyi-ruhaniyyə islahilə Dövlət dumasına vəkil seçmək idi. Bu böyük və ən mühüm işlərin ikisi də namüsaid olub, nəticələri də ikisi bir yerdə heçə bərabər oldu. Nə etməli? Təəssüf deməklə bir şey olmaz. Yaxşısı budur ki, keçmişdə göstərdiyimiz qeydsizliklər ilə bacarıb, nəfibərdar olaq. Hər halda çalışaq, lakin işə əhəmiyyət nəzərilə baxaq ki, çalışmağımızdan da bir şey hasil ola bilsin.

Qonşuluğumuzda olan iki millətin gələcək üçün nə cur və nəzər ilə çalışmalarını görürük. Qonşularımız elm cəhətincə bizdən artıqdırlar.

Onların qeyrət və himməti dəxi bizdən artıqdır. Bizlər də bunlar kimi ciddi surətdə çalışmasaq, yəqin ki, axırda bunların müqabilində heç mənziləsində qalarıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 39

...Neçə gün bundan əvvəl bir firəng böyük bir hünər elədi: qırx beş verst eni olan bir dəryanın bu tərəfindən hoppanıb o biri tərəfinə düşdü; yəni quşa oxşayan bir hava gəmisinə minib dəryanı keçdi. Bu firəng məşhuri-cahan oldu; özü də bu anda hər gün min manatdan artıq pul qazanır. Bir tərəfdən şöhrət, o biri tərəfdən dövlət! İndi əgər bu adam, firəngin xasiyyətində olmaq şərtilə, bizim müsəlmanlarımızdan olsa idi, haman dəm bizim qara və paxıl qəlbimiz cuşə gəlib, haman həmcinsimizə quyular qazımağa başlardıq!Mollalarımız deyərdi ki, bu adam babıdır və özünün də arvadı ondan boşdur.

2 мин
Ordan-burdan 40

XəbərdarlıqSentyabr yaxınlaşır, məktəblər açılacaqdır və hamısı ağzına qədər şübhəsiz ki, dolmayacaqdır.

3 мин
Ordan-burdan 41

Niyyəti-xalisəNədəndir ki, çox işlərimiz baş tutmayır? Milləti qabağa aparmaq üçün cəmiyyətlər qururuq. Pis incinerlərin tikdikləri ev kimi dağılır! Hansı işə baş qoşub əl atırıq, iş bizdən qaçır və ya axırda biz də işdən qaçırıq. Bu nədəndir? Bu barədə mən çox fikir elədim, amma bir səbəb tapa bilmədim. Axırda qərar qoydum ki, cəmiyyətlərə yığılan adamların əhvali-ruhiyyəsini yazım, sonra hesablayaq görək nə çıxır.

4 мин
Xəbərdarlıq 1

Dünənki məqaləmizdə əxtar surətində ərz olundu ki, biz öz milliyyətimizi baqi saxlamaq, istiqbalımızı təmim etmək üçün var qüvvəmizi elm, maarif yolunda sərf etməliyik ki, biz də mədəniyyətlilər cərgəsinə girməklə özümüzü mədəniyyətlilərin hər bir növ təcavüzatından müsəvvən saxlaya bilək.Hal-hazırda bizim maarif işimiz ümumiyyətlə fəna bir haldadır. Realnı, gimnaziya və universitetlərdə təhsil edən şagirdlərimizin ədədi başqalara nisbətən çox azdır. Halbuki biz müsəlmanlar Qafqaz əhalisinin əksəriyyətini təşkil edirik. Az olmalarına da səbəb əhalimizin cəhalət və qəfləti ilə bərabər yoxsuzluğudur. Şəhərlərimizdə, bəzi kənd-kəsəklərimizdə mövcud olan rus-müsəlman məktəblərinə gəlincə bunlarda da baxüsüs kəndlərdəki məktəblərdə tədris və təlim işi ağlamalı bir haldadır. Kəndlərdəki rus-müsəlman məktəblərinin, baxüsus üç şöbəli məktəblərin maarif işimizə heç bir köməyi yoxdur. Məktəblərdə ana dili oxunmur, desək caizdir. Rus dili isə oxunursa da heç bir fayda verməyir. O cürə məktəbləri ikmal etmiş uşaqlar əksər halda realni, gimnaziya və hətta altıklaslı şəhər məktəblərinə də girməyə qadir olmayırlar. Və bir də bu məktəblər heç bir yol ilə əhalini rəğbətləndirə bilməyirlər. Biləks çox vaxt müxtəlif səbəblərə görə əhali o məktəblərdən ikrah olunur. O ki qaldı milli məktəblərimizə. Əvvəla, onların ədədləri çox azdır. Və saniyən bu məktəblər dəxi iqtizaati-zəmanəyə müvafiq bir halda deyildirlər. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi əvvəla, ana dilini uşaqlara mümkün qədər mükəmməl surətdə öyrətməklə bərabər, rus dilini dəxi ona təlim etdirməkdir. Bundan məqsəd: əvvəla, rus dili bilməməklik kəndistan əhalimiz üçün böyük bir müsibətdir. Dil bilməməklik ucundan binəva kəndli rəhmsiz və mürüvvətsiz dilmancların hədəfi-təməi olub varından-yoxundan keçir. Bundan başqa, həmin vicdansız dilmanclar, mirzələr pul gücülə tərəfgirlik edib yalandan tərcümə etməklə günahsız kəndlinin hayasız tənbeh və cəzalarına səbəb olurlar. Onlardan başqa, kəndli yenə dil bilməmək ucundan başqa zillətlərə də düçar olur ki, onların tovzihi başqa bir məqaləyə möhtacdır. Və saniyən milli məktəbi ikmal etmiş kənd balaları şəhərdə realni və gimnaziyalara girmək istədikdə yolları açıq olsun. Bu barədə keçənlərdə də yazmışdıq və bizə etiraz edənlər olmuş idi. Lakin onlar nədənsə ana dili məsələsilə rus dilini bir-birinə qatışdırıb araya özgə mətləblər salmışdılar. Lakin biz öz əqidəmizdə baqi qalıb hər cürə məktəblərimizdə rus dili tədrisini millətimiz üçün mənfəətli və əks təqdirdə zərər bilirik.

5 мин

Стихи других поэтов · Сатира