Bu keçənlərdə İrəvandan bir kağız almışdım, məzmunu belə idi: ay Filankəs, ayıb deyilmi ki, bizim camaatı yoldan çıxarırsan! Mən də cavabında yazıb soruşdum ki, balam, nə qayırıram?

Cavabında kağız gəldi ki, bəs, hə, “İrşad”ın bilmirəm hansı nömrəsində yazmışdır ki, ey müsəlmanlar, olmaya-olmaya erməniyə, urusa qatışıb, dumaya filan adamı göndərəsiniz. Bizim adamlarımız, uşaqdan tutmuş böyüyə kimi, sənin bu sözlərini oxuyan təki seçki kağızlarını cırıb getdilər hamama. Balam, allah sənə insaf versin!

İndi mən bu kağız yazana deyirəm ki, çox əcəb, çox gözəl, indi hərgah, sən doğrudan da zirək uşaqsansa bir mənə söylə görüm, srağagün Dövlət duması tərəfindən gələn teleqramı oxumusanmı?

Hərgah oxumamısansa, buyur, indi oxu, yazırlar ki, Bakı camaatı tərəfindən seçilib gəlmiş Mahmudov bir o qədər camaatdan həya eyləməyib lap oturduğu yerdə birdən-birə meydana çıxıb başladı ki, ay əsil millət nümayəndələri, Stolıpin özü götürüb, qoyduğu adamlar ilə işim yoxdur. Mən Sizə üzümü çöndərib...

Teleqramı yazan adam and içirdi ki, Mahmudov bunu demişdi ki, dumada bir “vurçatlasın” düşübdür ki, gəl tamaşa elə, biri çığırdı, biri bağırdı, biri əl çaldı, biri mil durdu, biri dedi ki, mən zarafat filan sevən adam deyiləm, qərəz nə başını ağradım, Dövlət duması döndü Bakının Quba meydanına; ağzı deyənin qulağı səs eşitmirdi. Bunun da hamısına səbəb Mahmudovun meydana çıxıb urusa, erməniyə qoşulmağı idi.

İndi sən insafın, bircə mənə söylə görüm, bu, biabırçılıq nəyə dəyərdi? Bircə de görüm, heç müsəlmana yaraşan iş idimi ki, Mahmudov görüb; orada öz-özünü nahaq yerə biabır elədi və cəmi yer üzündə olan müsəlman məxluqatın üzünü qızartdı, “goburnat” yanında başıaşağı elədi.

Axı sən sözdür danışırsan, amma heç danışdığının dalını, qabağını fikir eləmirsən. Sən özün çox gözəl bilirsən ki, bir müsəlman bu gün, məsələn, durub bir pristava, ya bir naçalnikə iki qat baş əyib “izdirasti” deyəndə, naçalnik, ya pristav lamhala bir-iki kəlmə danışıb deyirdi ki: “paşol von”! Yazıq müsəlmanındaca ürəyi şad olub, döşündə fəxr eləyirdi ki, bəli, “ağa”nın iltifatı kəm deyil. Amma bundan sonra... hünəri var, bir müsəlman gedib naçalnikə “izdirasti” desin; and içirəm ki, bu səfər naçalnik heç “paşol von” da deməyib, onu da bizdən ötrü çox görər! Odur ki, deyirəm axı, mən biləni siz bilmirsiz. Əvvəldən mənim haray döydüyüm, fəryad elədiyim elə bu idi ki, ey müsəlmanlar, aman günüdür, yerinizdə farağat oturun. Biz müsəlman güruhunu hökumət qabağında xəcil və şərməndə eləməyin, yoxsa bir gün olar ki, Allah göstərməsin, cəmi verdiyini tutub geri alar!

Amma mən nə qayırım? Müsəlmanlarda ittifaq yox, ittihad yox, İrəvan camaatı mənə qulaq asdı, amma Bakı quberniyası sözümə məhəlgüzar olmadı, odur ki, indi bir Mahmudovun üstündə bütün müsəlmanlar qaradavoydan tutmuş, ministrə kimi hamısının qabağında rüsvay olub getdilər... Ta, bundan sonra heç nə; bundan sonra bizim işimiz qaldı, bir Allaha!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 88

Dövlət dumasına dairBir neçə vaxt bundan irəli teleqraf xəbər gətirdi ki, Dövlət dumasının otağının polu (fərşi) özbaşına yanıbdır... Dünən yenə teleqraf xəbər verdi ki, indi də Dövlət dumasının səqfi uçub tökülübdür. Sabah da teleqram xəbər verəcəkdir ki, Dövlət dumasının bir divarı yıxılıbdır. Ondan sonra eşidərsən ki, Dövlət duması yerli-dibli uçubdur. Lap axırda da xəbər gəlir ki, Dövlət dumasını qovdular.

2 мин
Dərin quyular

Rusiya məmləkəti müxtəlif millətlər tərəfindən iskan edilibdir və indiki Rusiya padşahlığını təşkil edən dəxi bu millətlərdir. Bunlardan ən böyük, əvvəl rus milləti olub, sonra müsəlman millətidir. Sair millətlər isə nüfuzca bu ikisindən azdır. Lakin bunlar bu azlıq ilə bərabər yenə də müsəlman və rus millətlərindən xoşbəxt ədd oluna bilərlər. Çünki bunların hər biri öz-özlüklərində ayrı-ayrı cəmiyyətlərdən ibarət olub, zahirdə müttəhid və müttəfiq göründükləri kimi, batində, yəni, öz üzvləri aralarında dəxi müttəfiq və müttəhiddirlər. Odur ki, hər bir tədafe və təərrüz məqamında ümumi, milli bir ittifaq təşkilinə məcburdurlar.Bunların bu zahiri və batini ittifaq və ittihadi-millilərinə səbəb odur ki, bu qədər zaman hökmfərma olan mütləqiyyət nə qədər səy və kuşişdə bulundusa, yenə də bu millətlərin hər birinin içində, yəni öz üzvləri arasında onları bir-birindən ayırmaq məqsədilə dərin-dərin quyular qazımaq üçün heç bir müsaid yer tapa bilmədi. O, yəni mütləqiyyət quyuları əvəzinə, yalnız əyri-müyrü və kala-koturluqlar törədə bildi. Amma yenə də bunların hamı millət mücahidlərinin birinci təşəbbüsati-həmiyyətməndanələri sayəsində bir tez zamanda təsviyə olunub və hamarlanıb yox oldu. Və bundan naşidir ki, bu millətlərin üzvləri bir-birinə əl uzadıb ümumi, milli bir ittifaq təşkil etmək üçün öz aralarında buna mane olacaq bir fəsl, bir məmaniət görməyirlər və bu səbəbə hər bir ümumi işlərdə bu millətlərin üzvləri müxtəlif əqidəli və müxtəlif nəzərli görünürlərsə də, yenə ittifaq və ittihadı əldən buraxa bilməyirlər və “biri hamısının və hamısı birinin ardınca” iş görürlər.

3 мин
Ordan-burdan 89

Daha görün nə var!Dünən Zəngəzurdan, Sisiyan mahalından gəlmiş bir məktubu oxudum və yenə dünən Dağıstan tərəflərindən bir əhvalat eşitdim. Nə kağızın məzmununu və nə də əhvalatın nə olduğunu burada söyləməyəcəyəm və deməyəcəyəm ki, haman kağızın axırında on nəfər adamın qolu var idi və Dağıstan əhvalatını söyləyən adam da çox mötəbər şəxs idi. Heç burasını söyləməyəcəyəm ki, kağızı yazıb qol qoyanlar Sisiyan mahalında bəzi “Molla” adlı, amma, iblis sifətli adamlardan şikayət ediblər (belə rəvayət eləyirlər ki, iblis həmişə insanları bir-birinə yaği eləyir) və heç ağız açmayacağam ki, Dağıstan ətrafında qara-qara adamlar qara-qara xəbərlər salıb, qara-qara ağılları, qara-qara işlərə və qara-qara ürəkləri, qara-qara təmələrə həris etmək üçün qırmızı adamlardan qırmızı pullar alıb, qırmızı işlər görmək istəyirlər. Bunu dəxi ürəyimdə saxlayıb, heç kəsə deməyəcəyəm ki, haman “Molla” adlı və [...] sifətli adamlar mərifətsizlik zülmətinin içində ola-ola öz adlarını “alim” qoyub, nadan və qanmazların pislərindən də pis hərəkət çıxardırlar və həmin qara ürəkli adamlar da öz əcdadlarına ən alçaq bir nökərçilik edib, axırda öz qardaşlarının cəlladları olmaq divanəliyinə mübtəladırlar...

2 мин
Dövlət Duması buraxılacaqmı, yoxmu?

Əlan, bir-birinə zidd olan iki şayiə bizi gah məyus və gah məmnun etməkdədir. Bir şayiəyə görə hökumət, yəni baş vəzir Stolıpin və onun kabinəsi Dövlət dumasını buraxmaq fikrindədir. Digər şayiəyə görə bu xəbər əsilsiz olub, Dövlət dumasının bəqası ümid edilməkdədir.Bu şayiələrdən hansı biri doğrudur, bilmək çətindir. Çünki çox ola bilsin ki, baş vəzir Stolıpin dumada “sol firqə”lərin əksəriyyəti təşkil etmələrini gələcək hökumət üçün bir fali-bəd hesab edib, indidən dumanı dağıtmağı səlah görür. Amma o biri tərəfindən dəxi məlumdur ki, dumanın “sol”ları hələ heç bir şiddətli və ifratlı tələblərdə bulunmayıbdırlar ki, bu da onların qovulmasına bəhanə olsun.

3 мин

Стихи других поэтов · Сатира