Təbəssüm eyləmədi xüldzari-amalım,Cahanda qismətim olmuşmudur hümumü qümum?Düçari-hüznü qəm etdi məni bu talei-şum,Güli-muradım açılmazmı gülsün iqbalım?

Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.

Xürama gəlmədi hurim görüb məram alayım,Vüsali-yardən artıq mən olmuşam mə'yus,Üyuni-cazibəsi baxmadı mənə, əfsus,Şu sahiranə baxışdan doyunca kam alayım.

Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.

Gəzər büraqi-xəyalım fəzayi-lahutu,Cahani-nurdə suzan olur pərü bali,Şu nazənin behişti-xəyaldən ali,Edərmi dərk həqiqət bu əql nasutu?

Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.

Əməl çiçəklərim oldu düçari-cövri-xəzan,Çirağı-huşimi söndürdü kəmşuur ustad...

Riyazi-fikrimi yandırdı badi-istibdad,Xərifi-zülmdən olduqda tündbad vəzan,

Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.

Şu bəxti-qarə məni bəslədi əsarətdə,Gözüm yolunda, açılmaz bəhari-hürriyyət,Tülu' etmədi hala nəhari-hürriyyət,Qürub qıldı həyatım ləyali-zülmətdə.

Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.

Açılmadan soluyor növşükufeyi-əməlim,Bu bağban cəfadanmı xoşlanır əcəba?Nədir şu sirri-xəfa? Kimsə bilmiyor, əsəfa,Baxar, susar, biləməz dağdari-yə'si-dilim.

Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.

Bədizari-sürurə ürəkdə yox rəğbət,Qəmin müsafiri-xani-dilimdə mehmandır,Xəyali-yarlə vicdan beyti-əhzandır,Ümid Yusifi məhbəsdə... Ah, hürriyyət!..

Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.

Şəbi-zülamdə ahımla şö'ləbar oldum,Dəhəndə nəğmeyi-dilsuz, sinə purnəvəhat.Nə bir ənis, nə yaran görünməyir, heyhat!..Şu kimsəsizliyimə baxdım əşkbar oldum.

Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.

Sovurdu badi-fəlakət şu nazənin gülümü...Düçari-sərsəri-qəhr oldu cilvəzari-nəbat,Xəzanzəd oldu baharında qönçəzari-həyat,Şu qəmli mənzərə kəsdi nəvayi-bülbülümü.

Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.

Bilirsinizmi nədir məncə nüxbeyi-amal?Könüldəki əməlim millətin səadətidir.Bu, arzularımın müntəhayi-qayətidir.Edərmi millətim ehrazi-şani-alülal?

Ey vətən! Ey pəriyi-vicdanım!Kəsmə bizdən nigahi-şəfqətini,Eylə ilqa dilə məhəbbətini,Səni sevmək deyilmi imanım?

Dili məhzun edən bu halətdir,Qıldım izhar iştə həsrətimi,İstərəm bəxtiyar millətimi.Qəlbdə bəslənən bu niyyətdir.

20 səfər (3 aprel)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов