Страница 2 из 2 · 50%

Qonaqlar (əl vururlar). Bravo, bravo! Sağ ol, Əsgər! Var ol, Əsgər!

Firudinbəy. Həzərat, Əsgər bəyin sağlığına, sağ ol, Əsgər! Sağ ol, qardaşım! Hər kəs bu xeyir işdən boyun qaçırsa, ona müsəlman adı qoymaq olmaz. Bu gözəl iş çoxdan lazım idi. Amma bünövrə qoyan yoxudu, yenə sağ ol. (İçir.)

Qonaqlar. Sağ ol, Əsgər, sağ ol.

İçirlər.

Səfərbəy (durur ayağa, əlində şərab). Həzərat! Milləti-islam bu halda bir yetim hökmündədir və məlumdur ki, yetim üçün gərək qəyyum olsun. Amma nə o qəyyum ki, yetimə xəyanət edə, xeyir, o qəyyum ki, həmişə onun dərdinə ağlaya: şadlıq günündə şad ola və qəm günündə qəmxar. Sədd heyf ki, islam qəyyumlarının bu halda çoxusu ona xəyanətkardırlar. O adamlar ki, həqiqət, islamın dərdinə və oduna yanıblar, onları barmaqla sanamaq mümkündür. Mən bu şərabı almışam ələ, içirəm və təvəqqe eləyirəm siz də içəsiniz o şəxslərin sağlığına ki, həmişə millətimizin tərəqqisinə və qabağa getməsinə çalışır və o cümlədən içirəm bizim sahibi-xanə Əsgər bəyin sağlığına...Yaşa, qardaşım, yaşa. (İçir.)

Qonaqlar. Bravo, bravo! Sağ ol, Əsgər!

İçirlər.

Əsgərbəy (ayağa durur). O sifətlər ki bu saat Səfər mənə verdi, mən onların heç birisinə hələliyə özümü layiq bilmirəm. Çünki məndən bu halədək bir elə əməl sadir olmayıbdır ki, o əmələ görə mənim adım millət qeydkeşi qoyulsun. Doğrudur, millət qəmi, millətin geridə qalmağı həmişə bir od olub mənim ürəyimi yandırır və çox da istəyirəm millətin dadına gəlim, amma bacarmıram. Çünki məsəldir: tək əldən səs çıxmaz. Amma ümidvaram ki, sizin kimi millət dostlarının köməyi ilə mənim tədbirlərim əmələ gələ. Ancaq sizin bu yolda birləşməyiniz bir sərin su olub mənim ürəyimin odunu söndürə bilər. Sizin köməyinizə həmişə ümidvar olub, içirəm sizin hamınızın sağlığına. Allah sizi yoldaşlıqdan əskik eləməsin. (İçir.)

Qonaqlar (əl vururlar). Bravo! Bravo!

Firudinbəy. Bravo, Əsgər! Vallah, ölsən də üzündən öpəcəyəm. (Sərməst qalxıb Əsgər bəyin boynunu qucaqlayıb üzündən öpür.)

Qurban olum sənin kimi qeyrətli müsəlmana. Belə mənim bu yetim canım sənə Qurban olsun. Yoldaşlar, Əsgərin sağlığına! Ura!

Əsgərbəy (Firudin bəyi oturdur.). Firudin, otur yerində, daha kifayətdir, mən ölüm daha içmə.

Firudinbəy. İçməyim? Baş üstə, Əsgər, sənin kimi oğlun sağlığına ömrün olalı içəsən, yenə azdır.

Əsgərbəy. Yaxşı, yaxşı, otur yerində. İmdi, yoldaşlar, mən istəyirəm sizinlə bizim bina qoyduğumuz cəmiyyətin qanunnaməsi və onun mədaxil yolları barəsində söhbət edim. Qanunnaməni mən özüm yazmışam, nahardan sonra oxuruq. Amma mədaxil yolları çox olmağa görə söhbət vacibdir.

Səfərbəy. Mədaxil yolunun birini mən bu saat deyim.

Firudinbəy (yumruğun stola vurub qalxır). Səfər, dur! Mənim dostum var, mən danışan yerdə gərək heç kəsdən səs çıxmasın. Mən içirəm cəmi millətpərəstlərin sağlığına. (Səfini çağırır.) Ey millətpərəst, idi syuda! (Səfi yaxın gəlir.) Sən millətpərəstsən, yoxsa yox?

Səfi. Necə bəy?

Firudinbəy. Mən müsəlmanam, ya yox?

Səfi. Bəli bəy, müsəlmansan!

Firudinbəy. Sən görsən ki, mən yıxılıb ölürəm, kömək eləyərsən, yoxsa eləməzsən?

Səfi. Əlbəttə, borcumdur kömək eləyim.

Firudinbəy. Vot, znaçit, sən millətpərəst... Stupay!

Əsgərbəy. Firudin, mən ölüm, gəl otur, yerində, a kişi, heç sənə çaxır verməli deyil. İki stəkandan sonra ağlın başından çıxır. Səfər, sözünü qurtar.

Səfərbəy. Bəli, bir neçə yaxşı mədaxil mən göstərim. Əvvəla, Qurban qoyunlarının dərisi. Hər bir müsəlman ildə kəsdiyi Qurban qoyununun dərisini bizim cəmiyyətə versə, onun pulu ilə neçə-neçə şkolalar açmaq və neçə fəqiri böyük şkolalarda oxutmaq olar... İkimcisi...

Vəlibəy. İkimcisini qoyun mən deyim. İkimcisi, o min beş yüz manat nə qədər ki, Anna Petrovnanın yolunda xərc eləyibsən və hamısı da ki, əfsanə gedib, onunla sən üç uşağa tərbiyə verə bilərsən.

Səfərbəy. Bu danışıqların buraya nə dəxli var. Mən Anna Petrovnanın yolunda canımdan da keçərəm, biz millət söhbəti eləyirik.

Firudinbəy (qeyznak qalxıb). Səfər, bu nə hərf-hədyandır danışırsan? Sən bilirsən ki, Anna Petrovna mənim tanışımdır və onun namusu mənə düşər. And olsun Allaha, başından alıb səni yıxaram yerə, o qədər qarnına təpik vuraram ki, beş hambal səni yerindən durquza bilməz.

Səfərbəy. Kəs səsini, itin biri, sən mənim başımdan alıb yıxacaqsan? Vallah, təpənə bir güllə vurram beynin havaya dağılar. (Butulkanın birini atır Firudin bəyə, butulka yerə dəyib dağılır. Firudin bəy qalxır Səfər bəyi birçəkləyir. Hər ikisi yıxılırlar yerə. Qonaqlar ayağa durub istəyirlər onları aralaşdırsınlar.)

Evsahibi (daxil olur). A sizə Qurban olum, evim başıma uçdu, bu nə vurhavurdur, nə qalmaqaldır

Səfi. Məşədi, heç küy eləmə ki, işin orası deyil, bəylər islamı qabağa aparırlar.

Evsahibi. A rəhmətliyin oğlu, nə söyləyirsən, yoxsa sən də keflisən, islamı qabağa aparırlar nədir?

Səfi. Sən belə şeyləri başa düşə bilməzsən, avamsan, get evinə. Get evinə. (Dalından itələyib çıxardır.)

Firudinbəy (qalxıb). Əsgər, sənin ki evində məni döydülər, sən dinmədin, daha bundan sonra mənim ayağım sənin qapından girməz, xudahafiz. (Çıxır.)

Səfər bəy (Əsgər bəyə). Sənin ki evində məni abijat elədilər, daha bundan sonra mən səni tanımaq istəmirəm. (Çıxır.)

Mürsəlbəy. Balam, Əsgər, söhbət pis məqama mİndi, daha biz də gedək, bir ayrı gün yığılıb söhbət elərik. Səfi, çıx fayton çağır. (Səfi çıxır.) Axır sən bu Firudinin xasiyyətini bilə-bilə onu buraya niyə çağırırdın? Sən bilirsən ki, o içəndə adamlıqdan çıxır.

Əsgərbəy. Xeyr, ondan deyil, o Anna Petrovna sözü işləri xarab elədi. Amma, mən ölüm, inciməyin, yoldaş arasında belə ittifaqlar çox olar.

Səfi (daxil olur). Ağalar, buyurun, faytonlar hazırdır.

Mürsəlbəy. Hələ ki, xudahafiz, inşallah bu günlərdə dübarə söhbət elərik.

Əsgərbəy. Xudahafiz. (Qonaqlara bir-bir əl verir.) Siz Allah bağışlayın, vallah, xəcalətimdən üzünüzə baxa bilmirəm.

Vəlibəy. Eybi yoxdur, xudahafiz.

Qonaqlar çıxırlar və Əsgər bəy də dallarınca.

Səfi (tək). Bəli, islam qabağa getdi!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Pristav və oğru

(Mükalimə)P r i s t a v – A gədə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan.

2 мин
İanə

Kömürçü Muradın şəhərin kənar küçələrindən birində bir balaca daxması var idi. Cəmi mayəhtacı bir palaza, üç-dörd mis qaba və üç dəst rəxti-xaba münhəsir idi. Murad öləndən sonra haman daxmada qalan arvadı Fatmanisə və iki oğlu idi. Böyük oğlu Teymurun on yaşı tamam olmamışdı, kiçik oğlu Əmirin iki yaşı var idi. Fatmanisə qonşular üçün işləməklə balalarını dolandırırdı.Bir gün böyük oğlu Teymur bərk xəstələndi, belə ki, dirilməsindən həkim mirzə Səttar da naümid idi. Fatmanisə istəkli oğlunu belə görüb, gecələr sübhədək yatmayıb ağlayırdı. Axırda nəzir etdi ki, oğlu sağalsa, var-yox palazını satıb, bir qurban alıb kəssin. İttifaqən Mirzə Səttarın dərmanları səbəb düşüb Teymur sağaldı. Neçə gündən sonra Fatmanisə palazı qonşusu dəllal qozbel Pirquluya satıb, bir qoyun alıb qurban kəsdi. Naxoşluqdan təzə durmuş Teymur qurbanın kababından çox yediyindən, heyzə olub, vəfat elədi.

3 мин
Yeni təbabət

Həmədan sərdarı Qarınqulu xan yeyicilikdə böyük şöhrət qazanmışdı. Nökərləri söylərdilər ki, xan bir toğlunu içalatı ilə, quyruğu ilə doğradıb, qovurtdurub tək yeyir və üstündən də bir güvəc turş qatıq içib yıxılıb xorhaxor yatır. Hətta belə nağıl edirdilər: ətraf xanlardan onun kimi çox yeməkdə məşhur olanlar Həmədana gəlib xan ilə yeyişmə müsabiqəsi (mərci) qurardılar və xan hamısını məğlub edib yola salardı. Bir dəfə Ətəbatialiyədən Həmədana təzə bir axund təşrif gətirmişdi. Söz yox ki, axund sərdara salam verməyi vacibatdan bilib, xanın qulluğuna müşərrəf oldu. Xan axunda lazimeyi-nəvaziş və ehtiram göstərdikdən sonra, sabahı gün axundu nahara təklif etdi. Axund kəmali-məmnuniyyətlə sərdarın təklifini qəbul edib getdi.Sabahı günü xanın evində ziyafət üçün böyük hazırlıqlar görülməkdə idi. Bir yanda qoyun kəsilirdi, bir yanda toyuqlar kəsilirdi, göyərti təmizləyən kim, badımcan təmizləyən kim, badam qabığı arıdanlar, qoz ləpəsi təmizləyənlər, soğan soyanlar... xülasə, sərdarın aşpazxanası bir-birinə dəymişdi. Xan da əziz qonaqlarına müntəzir idi. Şəhərin üləması cəmiyyən dəvət olunmuşdular. Əlavə şəhərin əyanından, Zindığıddövlə, Sərsamilməmalik, Dumbulussəltənə, tacirbaşı Hacı Zeynəlfasiqin həmçinin sərdarın ziyafətinə çağırılmışdılar.

4 мин
Sarı toyuq

Cavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik, nə də bir dürüst danışıq olmamışdır. Bunların bircə qəmləri var idi: övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi.Anası qızını neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi:

9 мин

Стихи других поэтов