Страница 3 из 3 · 67%

– Mirzə Səfər, Mirzə Səfər!

Dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub oradan əl edir.

Mirzə, Həsən ağaya tərəf getdi.

– Ağa, nə buyurursan? Hacı Qulu, salaməleyküm!

Həsən ağa dedi:

– Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın!

– Sağ ol, ağa!

– Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma gəlsinlər, bir söhbət edək.

– Nə üçün gəlsinlər, ağa?

– Necə nə üçün? Məktəb qurtarıblar, ağsaqqala gərəkdirmi bir visit versinlər. Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum işləsinlər, sən də bir qədər istirahət elə.

– Ağa, qulluğa qoymaq fikrim yoxdur. Istəyirəm uşaqlarımı ali təhsil almış görüb, gözlərimi yumum.

– A kişi, sən bir kasıb adamsan, ali təhsil görmüş uşaqları sən neyləyirsən?

Ali təhsilin ildə min manatdan çox xərci var. Mən oğluma ayda yüz manat göndərirəm, yenə “gördüm” demir. Sənə varlılarla tarazıya girmək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat!

– Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq İndi də mənim yadımdan çıxmır.

Həsən ağanın rəngi dəyişdi:

– Nə demək istəyirsən, bu eyhamların mənası nədir?

– Bir məna yoxdur, ağa! Ovqatınız təlx olmasın. Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vəgüzar ediniz. Nə vaxtda sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun məni qovsunlar.

Bağışlayın, baş ağrısı verdim. Xidmətinizdən mürəxxəs olaq. Xudahafiz, Hacı Qulu.

Mirzə Səfər getdi. Həsən ağa Hacı Quluya:

– Görürsən, hacı, xalq nə payədə qudurub?! Hər qorqoduq özünü adam cərgəsinə qoşur. Buna deyən gərək: “Ay qoturun biri, sən neyləyirsən ali təhsil görmüş oğulu? İki oğlun məktəbi tamam ediblər, çox gözəl, hərəsini bir işə qoy, səni dolandırsınlar”. Camaat gəldikcə qudurur. Verdiyi cavaba bax!

Həsən ağa ovqatı təlx qalxıb getdi evinə.

İki aydan sonra Mirzə Səfərin böyük oğluna tədarük görüb Rusiyaya yola saldılar. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol və müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi.

Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə. Müəllimlikdə böyük qabiliyyət göstərdiyinə, işləri gün-gündən tərəqqi etməkdə idi, qardaşına nəinki artığınca pul göndərirdi, hətta aybaay bir qədər də öz gələcəyi üçün kənara qoyurdu.

Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi.

Bir-iki gündən sonra Həsən ağa Mirzəni bazardan keçən görüb çağırdı:

– Mirzə Səfər, bir buraya zəhmət çək.

Mirzə gələndə onun əlini bərk sıxdı:

– Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır, ona deginən bir mənim yanıma gəlsin, deginən əmin xahiş edirdi ki, sabah axşama çaya qonaq gələsən.

Mirzə təəccüblə ağanın üzünə baxdı:

– Bilirsiniz, ağa, mənim oğlum bu saat məndən ağıllıdır. Mən ona heç bir məsləhət görə bilmərəm, öz təklifini özü yaxşı bilir.

– Sən ona deginən, oğlun Yevropa adətlərinə, yəqin, bələddir, özü bilir ki, ağsaqqallara vizit vermək lazımdır.

– Baş üstə, deyərəm. Xudahafiz.

Həsən ağa dübarə Mirzəyə əl verdi.


Mirzə Səfər ölüm bəstərində idi. Böyük oğlu təbib bir yanında əyləşib tez-tez atasının sinəsinə yaş məhrəba çalırdı, lazım olduqca atasına dərman içirdirdi. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi. Əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı.

Mirzə gözlərini açdı.

– Balalarım, yavuğa gəlin, əlinizi mənə verin.

Oğlanlarının əllərini aldı əllərinə.

– Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da Həsən ağa kimi adamlara gedib yalvarmayın. Onun tək adamlardan uzaq qaçın.

Siz təmiz, namuslu dolanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq onda etibar gördüm.

Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu.

Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün tamam şəhərin tüccarı, əyanı onun dəfnində iştirak edirdilər. Hətta Həsən ağa da təşrif gətirmişdi.

Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sərsəlamətliyə gəlib-getdilər. Bu gəlib-getməklik rəsmiyyət idi. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı.

O adam usta Zeynal idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов