Страница 1 из 2

Vaqe olur Pəri cadunun məkanında. Müqabildə uca dağlar. Məclisin sol tərəfində Pəri cadunun evidir. Sağ tərəfi meşədir. Sol tərəfdə, kənarda çoban ağacına söykənib, tütək çalır. Pərdə qalxanda iki əcinnə üstdən hoppanma oynayırlar.

Birinciəcinnə. Daha bəsdir. Yoruldum. Gəl bir az oturaq dincimizi alaq.

İkinciəcinnə. Bu da odun yığmaq deyil ki, yorulasan.

Birinciəcinnə. Ay balam, bu nədir, neçə gündür, axır heç xanım bizi oduna göndərmir. Bunun görəsən sirri nədir?

İkinciəcinnə. Sirri hər nədirsə öz yanındadır. Amma, mən bilən

Qurban odunçuluğu tərk edib. Neçə gündür heç xanımın kefi yoxdur. Elə dəqiqədə bir ah çəkir, bir ucdan deyir. “Ax, gəlmədi”.

Birinciəcinnə. Budur, Şamama cadu gəlir. Görək ondan bir əhvalat bilmək olarmı?

Şamamacadu (daxil olur). Bu saat ikiniz də yüyürün əcinnələrdən beş-onun götürün, dağılın meşəyə. Odunçu Qurban qaçıb gizlənməyə yer axtarır. Biriniz şir, biriniz pələng, biriniz əjda və iri heyvanat sifətinə düşüb kəsdirərsiniz ağacların diblərini. Qurban haradan qaçmaq istəsə, qabağını kəsib, salarsınız, yolun ayağına, birbaş götürüb gələrsiniz buraya. Di durmayın, haydı!

Birinciəcinnə. Balam, Qurban gəlir, xanımın kefi kökələcək. Durmaq yeri deyil, gəl dalımca.

Gedirlər.

Təlxəkəcinnə (dağın başından). Xoş gördük, ay mənim gülüm! Yenə kimi kəməndə salıbsan?

Şamamacadu. İndi də xanıma ər gətirirəm. Bir oğlandır ki, misli aləmdə tapılmaz.

Təlxəkəcinnə. Qarı nənə, mən də gedimmi?

Şamamacadu. Yox, sən burada qal. Bir neçə əcinnə dağlara dırmaşırlar.

Təlxəkəcinnə. Bura bax, Şamama qarı, sən mənim canım, doğrusun de görüm, mən gözələm, yoxsa o gələn oğlan?

Şamamacadu. Ala, kül başına, bu da özünü cərgəyə qoşur.

Təlxəkəcinnə. Ay qarı nənə, nə olar, sən də mənə gələsən. Səndən ötrü ürəyim gedir. Sənin o bircə gözün mənim ciyərimi yandırır.

Şamamacadu. A gədə, itil cəhənnəmə, yaxamdan əl götür.

Təlxəkəcinnə. Ay gözəl qarı, öldürmə məni, barı heç olmasa o şirin dodaqlarından mənə bir maç ver. (Qucaqlayır.)

Şamamacadu. Püf... Ağzından gör nə pis sarımsaq iyi gəlir.

Təlxəkəcinnə. Oxay! Canıma yayıldı.. (Dodağını marçıldadır, oxuyur):

Dolaydan keçən qarı,

Köndələn sevdim səni.

Eşqin vurub çarığıma,

Dik-dik dingildədir məni. Dik, dik...

Şamamacadu. Ay bədzat, görək, İndi xanım çıxanda deyərəm, sənin başına oyun açar.

Təlxəkəcinnə. Get, hər nə bilirsən elə. Mən xanıma deyəndə ki, sarımsaq yeyib, Şamama cadunun dodağından öpmüşəm, gülməkdən qəşş edəcəkdir.

Şamamacadu (gedə-gedə). Görək, əlbət əlimə fürsət düşər.

Təlxəkəcinnə (Şamamanı buynuzlayır). Bö, bö, bö, bö...

Şamamacadu (ağacla vurur). Di get, haramzadə, bir də sən ol, mənə sataşma.

Təlxəkəcinnə (əlini belinə qoyur, Şamamı yamsılayır). Ay belim sındı...

Şamama cadu gedir.

Qarı nənə gəldi canım, yoruldu qaldı canım,
İynəsi itdi canım, sancağı qaldı canım.

Qoy bir qayanın başına çıxım, görüm gəlib-gedən varmı? (Çıxır qayaya) Odur gəlir ha... Qah, qah, qah... Odur ha... Gör necə qabaqlarına qatıb qovurlar. Vay, atamın atası vay... Qah, qah, qah... Gör üzüqoylu nə dəydi yerə! Yox, qalxdı... Budur gəlir...

Qurban (gəlir). Ay öldüm, ay çatladım... Bu nədir, Allahın qəzəbidi məni tutub. Bu nə yerdir mən gəldim çıxdım? (Çobanı görür.) Ay çoban, sən Allah bircə de görüm bura haradır ki, mən gəlib düşmüşəm?

Çoban. Bura o yerdir ki, gələn qayıtmaz.

Qurban. Necə gələn qayıtmaz?

Çoban. Sənin kimi neçə oğlanlar gəlib buraya, hamısını bircəbircə öldürüblər. Məni ki görürsən, deyirsən bir sarsaq çobanın biridir. Amma yox, mən çox böyük adamın oğluyam. Burada bir qarı var, adına Şamama cadu deyirlər. Bu köpək haradan gəldi çıxdısa mənimlə arvadımın arasında qeylüqal saldı. Mən də hirsləndim, vurdum arvadımı öldürdüm, divan əlindən qoydum qaçdım meşəyə. Orada dörd ətrafımı yırtıcı heyvanat aldı. Qaça-qaça gəldim çıxdım buraya. Burada da nə tövr oldusa, mənə rəhm elədilər, öldürmədilər. Amma qoyunlara çoban elədilər. Üstümdə də gözətçi qoyublar, heç yana tərpənə bilmirəm.

Qurban. Bəlkə mənim də elə evimi haman qarı yıxıb! O qarının adı Şamama cadu, yoxsa Zərnigardır?

Çoban. Yox, Zərnigar deyil, Şamama cadudur. Bizə gələndə də deyirdi adım Zərnigardır. Amma yox, yalan deyirmiş. İndi haman qarı sənin, mənim kimi adamları yoldan çıxarıb qan elətdirir. Ondan sonra mənim kimi dartıb gətirir buraya. Burada da haman saat əcinnələr öldürüb, kabab eləyirlər. Hamısının da ciyərini qarı yeyir.

Qurban. Ay çoban, axır mən də o qarının toruna düşmüşəm.

Çoban. Gör qaçıb qurtara bilərsənmi? Yoxsa bura sənin qəbrİndir.

Qurban (iztirabla). Mən haraya qaçım?

Çoban. Budur, bu yan səhra, o yan meşə. Gör birindən qaçıb itə bilərsənmi? Yoxsa canından əl çək.

Qurban. Əlimdə imkan var ikən başımı götürüm qaçım. Pənah Allaha, haraya çıxam. Qoy dağdan, qayadan uçum, yırtıcı heyvanat məni dağıtsın. Amma özüm gözümlə gördüyüm ölümə getməyim. Allah, səndən mədət. (İstəyir soldan qaçsın, od çaxır.) Allah, bu nə yaman yerdir, nə zülümdür mən düşmüşəm! (İstəyir sağ tərəfdən qaçsın, alov qalxır.) Bu da olmadı. (İIstəyir dal tərəfdən qaçsın, yenə alov qalxır.) Pərvərdigara, mənim ölümüm gərək burada olsun? Ya rəbbi, sənsən Yusifi zindandan qurtaran, məni də bu zindandan qurtar! (İstəyir gəldiyi yolla qaçsın, əcinnələr qışqırırlar.)

Əcinnələr. Qayıt. Ah... ah... ah...

Qurban yıxılır, ürəyi gedir, əcinnələr daxil olurlar.

Birinciəcinnə. Ay, nə damaqla gətirdik burayadək. Nə yüyürmüşük. İndi mən bilirəm, qılçaları qırılıb, gör nə çul kimi sərilib.

Əcinnələr (gülürlər). Ah... Ah... ah...

Təlxəkəcinnə (dağın başından). Elə bilirsən yorulub yıxılıb?

Birinciəcinnə. Bəs nə olub?

Təlxəkəcinnə. O çobandan soruş, sənə nağıl elər.

İkinciəcinnə. Sən niyə oraya dırmaşıbsan?

Təlxəkəcinnə. Niyə dırmaşmayım, nə vecimədir? Mən də sizin kimi it ağacı deyiləm ki? Belə burada ləzzətli hava udub, kef eləyirəm. (Fit çalır.)

İkinciəcinnə. Bəxtəvər buynuzuna, arı yeyib namusunu da taxıbsan quyruğuna. Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır.

Birinciəcinnə. Ay çoban, bu oğlana nə gəldi, niyə yıxılıb?

Çoban. Vallah, məndən soruşdu ki, bura haradır? Mən də cavab verdim: bura gələn geri qayıtmaz. Bir az bu yana yana yüyürüb yol tapmadı, sonra yıxıldı ora.

Birinciəcinnə. A kişi, nə qayırıbsan? Bu, xanımın nişanlısıdır. Budur, neçə vaxtdır xanım bunu gözləyir. Bundan ötrü dəlidivanədir. Nə gecə yuxusu var, nə gündüz rahatlığı. Niyə qorxuzubsan bunu? Gəl görək ölməyibdi ki?

Hamısı Qurbanı əhatə edir. Çoban, Qurbanın başını alır dizi üstə.

Çoban. Yox, ölməyibdir, amma ürəyi gedib, bir az su gətir.

Birinciəcinnə. Bu saat gətirim. (Yüyürür.)

Çoban. Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür bəri gəl.

Əcinnə cürdəyi gətirir. Çoban, Qurbanın üstünə su səpir.

Qurban (ayılır). Ox, başınıza dönüm, bura haradır? Buradakı nə məxluqdur, bircə məni başa salın.

Birinciəcinnə. Bura Pəri cadunun məkanıdır. Səni gətirdən odur. Neçə gündür sənin dərdindən nə çörək yeyir, nə su içir. Elə Qurban deyib gəzir. O Pəri cadudur ki, bizi sənə nökər eləmişdi. O hazır odun ki, hər gün gəlib meşədən tapırdın, onu biz yığırdıq səndən ötrü. Sən qorxma, səni xanım sağ gözü kimi istəyəcək.

Çoban. Oğlan, əhvalatdan mən də İndi xəbərdar oldum. Mən burada əcinnələr içində tək insanam. Sən də mənim yanımda olsan bir tövr günümüz yubanar. Pəri cadunun yanında öz kefini kök saxla. Oyna, gül... Yoxsa ax-vay eləsən səni də, səndən irəli gəlib gedənlərin dalınca göndərəcək. Eşitdinmi? (Əcinnəyə) Balam, gəlin gedək, deyəsən xanımın ayağının taqqıltısı gəlir. (Qurbana.) Bax, sözüm qulağında qalsın. (Gedir.)

Pəricadu (məclisin dalında oxuyur):

Can nəqdin əgər etsin, ey şux, təmənna sən.
Bir güşeyi-çeşminlə eylə mənə eyma sən,
eylə mənə eyma sən.

Qurban (hövlnak). Ah meşədə eşitdiyim səsdir.

Pəricadu (daxil olur). Xoş gəlibsən, ay oğlan. Bu yerlər hamısı

sənə peşkəş, mənim canımla. De görüm, nə tövr gəldin çıxdın? Zəhmət çəkmədin ki?

Qurban. Xanım, mənə çox əziyyətlər verdilər. Allah Zərnigar qarıya insaf versin.

Pəricadu. Zərnigar kimdir?

Qurban. Gərək ki, burada ona Şamama cadu deyirlər. Gəldi məni bir dövlətli arvadın toruna saldı. Arvadım uşağımla qaldılar ac, susuz. Axırda arvadım naəlac qalıb özü də zəhər yedi, uşağa da zəhər verdi. Xülasə, söhbət uzundur. Mən də ondan sonra toruna düşdüyüm arvadı öldürdüm, qaçdım meşəyə. Meşədə yırtıcı heyvanlar tökülüb üstümə məni qova-qova gətirib salıblar buraya. Amma, xanım, İndi ki səni görürəm, zəhmətim də, evim də yadımdan çıxır. Sənin kimi xanımın yolunda can vermək olar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов