Mən gülmək istərəm, çəkil, ey kədər!Çəkil pəncərəmdən, çəkil, ey duman.Çəkil, gözlərimdə gülsün üfüqlər,Ey ələm, köç elə qəlb otağımdan.

Mən gülmək istərəm, yormuş qəm məni,Ey ürək, hər dərdi, hər qəmi unut.Qoy sevinən görsün bu aləm məni,Çəkil göz önümdən, çəkil, ey bulud.

Gülüş səslərimlə hər səhər çağı,Günəşi qaldırım öz yatağından.Gülüşüm oyatsın yatmış torpağı,Mənim gülüşümlə oyansın cahan.

Mən gülmək istərəm ilk bahar kimi,Sevinclər gətirsin gülüşüm mənim.Bütün ürəklərdə arzular kimiMin sevinc doğursun gəlişim mənim.

Mənə qibtə etsin güllər, çiçəklər,Gülüm, bu cahanda gülənlər kimi.Qalxım, tezdən qalxım hər gün, hər səhər,Gəzim el-obanı xoş xəbər kimi.

Meşələr səslənsin, dağlar dil açsın,Ay da örpəyini atsın üzündən.Hər yerdə min lalə, min sünbül açsın,Xumarlıq nərgizin qaçsın gözündən.

Mən gülmək istərəm, ulduzlar kimi,Gözlərim yaşarsın, güldükcə gülüm.Bir karvan bulud yox, sevinc olum mən,Vətən göylərindən yağıb tökülüm.

Çaxım ildırımtək, gülüm göy kimi,Min bahar gətirim doğma torpağa.Yağışa döndərib bütün qəlbimi,Yağım hər tərəfə, yağım otlağa.

Alım dodaqlardan kədər möhrünü,Dünyada qalmasın nə ələm, nə qəm.Salsın bu cahan da mənə mehrini,Mənim gülüşümlə sevinsin aləm.

Qalmasın göz yaşı, qalmasın kədər,Gülsün gözlərimdə bu yer, asiman.Hər yana səs salsın şaqraq gülüşlər,Gülüşün sirrini öyrənsin insan.

Mən gülmək istərəm, çəkil, ey kədər,Dolanım hər yeri xoş xəbər kimi.Bürüsün qəlbimi şaqraq gülüşlər,Gülüm bu cahanda gülənlər kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе