Ölüm, yaxın düşmə igidlərimə,O çinar boylular balamdır mənim.Yetimlər gözümün, könlümün dağı,O tənha sonalar, sonamdır mənim.

Ölüm, yaxın düşmə igidlərimə,Öz halal yurdunu qoruyur onlar.Namərdə, nahaqqa, gəl vermə aman,Haqqın yolçusudur çinar boylular.

Ölüm, yaxın düşmə igidlərimə,Obalar, babalar istəyir bunu.Doğma Qarabağda, öz torpağında,Çəkmə sınaqlara Vətən oğlunu.

Beşmidir, onmudur, yüzmüdür düşmən?Yaxınlar, uzaqlar, siz danışın, siz!Neçə yad qoşunla vuruşur Vətən?A düzlər, a dağlar, siz danışın, siz!

Ölüm, yaxın düşmə igidlərimə,Tökülən qanlardan torpaq yorulmuş,Halal torpağımda düşmən əlilə,Ölümdən, zülümdən büsat qurulmuş.

Altı il odlara alışıb, yanan,Mənim torpağımdır, mənim Vətənim,Tanklardan, toplardan min yara alan,Qanla suvarılan, çölüm, çəmənim.

Ölüm, yaxın düşmə igidlərimə,Vaxtsız ölümlərə dözmə, a Tanrım!İşığa, nura dön, başları üstdə,O çinar boylular sərvətim, varım.

Ölüm, yaxın düşmə igidlərimə,Səndən bunu istər sönən od-ocaq,Gözü yolda qalan min-min ananın,Arxa, güman yeri onlardır ancaq.

Ölüm, yaxın düşmə igidlərimə,O çinar boylular balamdır mənim.Yetimlər gözümün, könlümün dağı,O tənha sonalar sonamdır mənim.O çinar boylular balamdır mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти