Ölməz qəhrəman
(Poema)
Proloq
Uzun qış gecəsi, aylı bir gecə...
Yenə böyük arzu, böyük düşüncə
Budur uzaqlara aparır məni,
Əmr edir söyləyim bir faciəni.
Mənimlə yaranmış, dostlar, bu adət:
Açıq olmalıdır sözündə insan.
Könül kimə qarşı bəslərsə nifrət
O hissi söylərəm ona açıqdan.
Qanlı qanunlara üsyan yaratmaq!
Mənim məramımın şüarıdır bu,
Mənimlə yaşayır bu fikir, duyğu,
Bu hissdir oxşayan qəlbimi ancaq.
Günahsız bir qızın həyatına mən,
Dostlar, acıyıram hər an ürəkdən.
Onun varlığını tapdayanlara
Əlimlə qazıram qaranlıq məzar,
İnsanlıqdan uzaq bu insanlara
Qələmimsə ölüm hökmünü yazar.
Hansı insaniyyət qanunlarında
Vətənpərvərlərə ölüm yazılmış?
Ancaq Ağ evlərin salonlarında
Bəşərə qara gün, zülüm yazılmış.
Oxucum, uydurma deyil bu dastan
Canlı şahid kimi danışım sənə –
Qanlı cinayəti. Deyək hər zaman:
Ölüm! Orta əsrin vəhşilərinə!
Sümərin kəndidir. Yanır çıraqlar,
Əsir şiddət ilə bayırda ruzgar.
Yer üzü qar ilə örtülmüş tamam,
Külək qapıları hey döyür müdam.
Ulduzlar göz vurur, gözdən itərək
Üfüqdən boylanır, ay bir gəlin tək.
Bir an işıq saçır qarlar üstünə.
Sonra buludlarda qeyb olur yenə...
Çaqqallar ulaşır dağlarda bəzən...
Axan buludlardan əsən küləkdən –
Dəyişir şəklini hər an təbiət,
Sanki dəyişməkçin yoxdur nəhayət.
Budur kənd klubu, yanır çıraqlar,
Əsir şiddət ilə bayırda ruzgar.
Təbiət bayırda sərtdirsə bu dəm,
Bu yerdə, salonda başqadır aləm.
Peç yanır, qızışır salon anbaan.
Burda uşaq kimi sevinir insan.
Budur gözləyirlər salondakılar...
Üzlərdən duyulur ağır intizar.
İclası açaraq sədr bu zaman,
Sonra başqasına söz verir haman.
Üçüncü danışan qəhrəmanımdır,
O mənim öz qəlbim öz vicdanımdır.
“Yoldaşlar, məsələ aydındır sizə,
Gərək nümayəndə getsin Təbrizə.
Bizim el adından özünüz seçin,
O da can yandırsın elçin, vətənçin”.
Oxucum, tanış ol, Səriyyəylə sən,
Onun həyatını yaxından öyrən!
O elin fəxridir – şahsevən qızı
Cənub göylərinin parlaq ulduzu.
O bizim məramın sadiq yoldaşı,
Könüllər dostudur, ellər sirdaşı.
Mərdlik, qəhrəmanlıq, bir də sədaqət,
Mətanət, nəcabət, vəfa, şərafət
Ona öz xalqından bir yadigardır,
Onun dildə gəzən şöhrəti vardır.
O yeri gələndə cəbhə oğludur,
Qəlbi düşmənlərə kinlə doludur.
O firqə əmrini bir fərman kimi,
Yerdə qoymamışdır qəhrəman kimi.
O yeri gələndə sadiq bir ana –
Kimi sarılacaq öz ovladına,
Öpüb oxşayacaq ürəkdən onu,
Deyəcək balamın xoşbəxtdir sonu.
Vəsf etmək nə lazım, bu əsərdə sən,
Onu çox yaxından öyrənəcəksən.
Bu gün təbiətdə bir təmtəraq var,
Ağ geymiş gəlin tək vüqarlı dağlar...
Bayırda şaxtadır, fasiləsiz qar
Yağdıqca örtülür yollar, cığırlar.
Kəndə nə gələn var, nə də bir gedən.
Səadət hakimdir bu yerdə bilsən.
Hər evdən, obadan qalxır tüstülər.
Burdan yad ellərə qaçıb qəm-kədər.
Ocaqlar sönməmiş indi bir ildir,
Hamı bu həyatın qədrini bilir.
Uşaqlar günəşlə oyanır səhər,
Yoxdur bu yerlərdə aclıqdan əsər.
Hamının yeməyə bol çörəyi var,
Evə qış məhsulu toplamışdılar.
Ürəklər də gülür, gözlər də gülür,
Üzlərdən səadət nuru tökülür.
Səriyyə evdədir, körpəsiylə o
Danışır ana tək öz səsiylə o.
Onun yuxusu var, hiss edib bunu,
Səriyyə qaldırır körpə oğlunu.
Öz ana dilində o laylay çalır,
Səssiz səhralarda bu səs ucalır.
Xumar gözlərini yumur körpəcik,
Çəkir, Səriyyəsə yatmayıb, keşik.
Artıq yuxlamışdır körpə bu zaman
O şirin yuxuda gülür ucadan.
Könül şad olarsa həyatda əgər,
İnsan yuxuda da sevinib-gülər.
Şiddətli qar yağır yenə durmadan,
Ətrafı bürüyür qaranlıq duman.
Dağlardan hiddətlə sərt külək əsir,
Hər yolçu mənzilə doğru tələsir.
Səriyyə tərk edir bu dəm oğlunu,
Yaşlı anasına tapşırır onu.
Mənim qəhrəmanım indi at üstə,
Uçur eldən iti bir qartal kimi,
Gah sürətlə çapır, gah da ahəstə
Bu iş bəzisinə bir mahal kimi
Görünür. Yetişən söyləyir ona:
“Gedib düşəcəksən bu gün çovğuna.
Gəl bu səfərini sən qoy sabaha.
Anan başlamasın fəryada, aha.
Yollar bağlanmışdır görürsən bütün,
Dərələr, dağlar da örtülmüş bu gün,
Gedib bir zavala uğrasan, qızım.
Qalmaz varlığından iz, nişan, qızım!..
Kəndin yollarını bilirsən özün,
Çovğunu, tufanı görür ki, gözün”,
Səriyyə gülərək baxır onlara
“Zaval qorxağındır, qorxmayanlara –
Ölüm də, zaval da çox yabançıdır,
İradə zərbədir, qüdrət qamçıdır” –
Deyib bu sözləri ayrılır bu dəm
Onun gözlərində yeni bir aləm –
Canlanır. Qar isə yağır durmadan
Ətrafı bürüyür qara bir duman.
O firqə əmrini bir fərman kimi,
Yerdə qoymamışdır qəhrəman kimi.
Dan yeri sökülür, ağarır hava,
Xoruzlar banlayır, ayılır oba.
Açır gözlərini səhər yuxudan
Artıq nə qar vardır, nə el, nə duman.
Yayır tellərini günəş dağlara
Öz zəif nurundan sanki aypara –
Artıq utanaraq, gizlənir həmən
Günəşin altında gülür çöl, çəmən.
Qoyunlar yönəlir dağlara sarı
Səsləri bürüyür bütün diyarı.
Sürü dağ döşünə tələsir ota,
İnsan əməyidir bəzək həyata.
İnsanlar elm ilə yüksəlir ancaq.
İllərlə dərs üzü görməyən uşaq,
Əlindən kitabı yerə qoymayır,
Oxuyur, oxuyur yenə doymayır.
Vaxtilə zindana atılan qızlar,
Bir qul tək alınıb, satılan qızlar,
Ərbabın əmrilə ərə gedənlər,
Öz qul həyatına nifrət edənlər –
İndi sevdiyi tək qurur həyatı,
Qadir əlləriylə o kainatı
Dəyişir kökündən. Bu səadəti,
Əbədi yaşatmaq bu hürriyyəti –
Onun həm məramı, həm arzusudur.
Bununçün çalışır, ürəkdən, budur.
Kənddə nə ərbabın, nə xanın artıq,
Hökmündən, zülmündən qalmamış nişan:
Döyür hər qapını “aç”, – deyə – şadlıq,
Ədalət hakimdir, dəyişmiş zaman.
Dostlar, çox gözəldir bir ölkədə, bax,
Ədalət qanunu hökm etsin ancaq.
Qanun qarşısında bütün insanlar,
Bərabərsə, orda ədalət də var.
Gecədir. Şam yanır, Səriyyə yalqız...
Səmada parlayan işıqlı ulduz –
Boylanır otağın pəncərəsindən,
Onun saf qəlbini oxşayır həmən.
Səriyyə seyr edir, heyrandır yenə,
Bu səssiz axşamın gözəlliyinə.
Düşünür, düşünür sanki bu zaman
Canlanır gözündə başqa bir cahan.
Bədbəxt şahsevənlər, sonsuz bir səhra...
Şikayət dil açır baxırsan hara!
Köçəri bir həyat, qəmli çadırlar...
Gecədir gəlinlər, qızlar yatırlar.
Yalnız bir Səriyyə oyaqdır hələ.
Gözlərindən yuxu uzaqdır hələ.
Çıxıb çadırından baxır göylərə.
Çatmır şikayəti sağır köylərə.
Dolaşıb səhranı fikri pərişan,
Qayıdır çadıra ürəyində qan.
Oxucum, haqlıydı qəhrəmanım bil,
Köçəri yaşamaq heç asan deyil.
Yaşamaq səhrada, yemək səhrada
Söyləyin asanmı məgər dünyada?
Orda yaratmaq da, qurmaq da yoxdur.
Yaranmaq mənasız, əzabsa çoxdur.
Vətən torpağında qərib yaşamaq
Azad insanlara yaraşmır ancaq.
Düşünən qəlb üçün ağırdır bu hal...
Oxucum, Səriyyə elə bu minval –
Öz yurdunda belə, qərib bir həyat
Keçirib, arardı buna bir nicat.
O öz keçmişini andığı zaman,
Açaraq qapını girdi qəhrəman:
– “Yenə də duyuram üzündə məlal.
İnan yaraşmayır sənə bu əhval,
Yenə düşüncəyə, fikrə dalmısan?
Bizimdir bu həyat, bu yeni dövran,
Bizi salamlayır bir xoş gələcək,
Bundan daha gözəl günlər gələcək.
Artıq keçmişləri deyil, bu gündən
Yalnız gələcəyi anmalısan sən.” –
Həyat yoldaşının uca çiyninə
Səriyyə başını qoyur bu zaman.
Gözlərində təmiz bir eşqin yenə
Sönməz bir şöləsi parlayır bu an.
– “Əzizim, haqlısan, özüm bilmədən,
Bir an keçmişimi xatırladım mən.
Sıxdı ürəyimi çəkdiyim qəmlər,
Getdi qara günlər, getdi o dəmlər.
Artıq bir ildir ki, biganəyəm mən,
Kədərə, qüssəyə, ələmə bilsən.
Artıq elim xoşbəxt, yurdum da xoşbəxt...
Gülür gözlərimə səadət, həyat.
Əzizim, inan ki, bu səadəti
Əbədi yaşatmaq borcumdur mənim.
Bax buna bağlıdır elin həyatı
Bununçün çalışır ana vətənim.
İndi arzum budur qəlbimdə yalnız,
Ölkəmin baharı görməsin xəzan.
Vətən göylərində parlayan ulduz,
Saçsın gur işıqlar qəlbimə hər an”.
Gecə... Mürgüləyir yenə təbiət,
Hamı istirahət bəstərindədir.
Səriyyə yatmamış, oyaqdır fəqət –
Göydə “yeddi qardaş” dan yerindədir.
Səriyyə çəkməyir gözünü bir an,
Masanın üstündə olan kitabdan.
Kitabın mavi rəng cildinin üstə
Oxuyur yazılan bu sözləri:
“Azad sovet qadını”
Bunu təkrar edib, bir də ahəstə
Sonra da orada görüncə tablo –
Gözünü çəkməyir şəkildən bir an
O şəklin mənalı baxışlarından.
O tablo göstərir gözəl bir qızı,
Baxışında məna, alnında vüqar.
Döşünün sağında Əmək Ulduzu,
Solunda parlayan bir ordeni var.
Səriyyə düşünür dərindən-dərin.
Sanki vurğunudur o bu lövhənin.
“Bu adı daşıyan nə bəxtiyardır,
Bu adda dünyanın ürəyi vardır”
Onunla danışır bir yoldaş kimi.
Ən yaxın dost kimi, vətəndaş kimi.
“Bu ad səni ayırır dünya qadınlarından –
Bu ad çox bəxtiyarlıq vermiş görürəm sənə.
Mən də bu ağ günümü sənə borcluyam, hər an,
Dünya ümid gözünü dikmiş sənin ölkənə.
Sənin diləyin azad, eşqin, istəyin azad,
Elin, vətənin azad, işin, əməyin azad.
Mən də səndən öyrənib olaram sənin kimi,
Qoy mənim də vətənim olsun, vətənin kimi.
Səni ayıran budur, layiqsən həmişə sən,
Dünya qadınlarına ordan yol göstərəsən”.
Onu düşüncədən ayırır ana.
Üzünü tutaraq doğma qızına:
“Ay bala, dincəlib yatsana bir az,
Gecəni gündüzə qatmaq ki, olmaz”.
“Ana, get rahat ol, gəlməyir yuxum,
Bilsəydin nə qədər şirindir duyğum.
Bilirsənmi nədir bunlar, ay ana?” –
Sevincək, kitabı göstərir ona.
– Ana, bilirsənmi qəlbimdə nə var?
İnsana can verir şirin arzular.
Bilsəydin könlümün həsrətini sən.
Böyük bir ümidlə yaşayıram mən”.
– Bala, nə olmuşdur, qəlbində nə var?
Versin istəyini bir pərvərdigar.
– Ana, parçalanmış bir ürək ki, var,
O necə sağalar, necə sağalar?
– Qızım, bəllidir ki, birləşsin gərək
İkiyə bölünən böyük bir ürək.
– Ana, yaxşı dedin, birləşsin gərək
İkiyə bölünən böyük bir ürək.
Onda qoy dibindən qurusun Araz.
Bir qəlbin heç iki sahibi olmaz
Ana xəyallara dalır bu zaman.
Səriyyə nigaran soruşur ondan:
– Nə üçün köksünü ötürdün belə?
– Mən də sənin kimi doğma bir elə
Çoxdandır həsrətəm, həsrətəm, bala.
Kim istər arzusu ürəkdə qala.
Təəssüf nə edim qocaldım fəqət,
Qızım, sən o günü görərsən əlbət,
– Sən də görəcəksən, fikir etmə, ana!
Mayusluq yaraşmır, yaraşmır sana.
– Ana, bu arzudur yaşadan məni,
Qaldırım göylərə mən bu ölkəni,
Bir an düşüncəyə dalır Səriyyə
O şirin arzular açınca qanad
Onu bu xəyallar qaldırır göyə
Budur gözlərində dəyişir həyat:
Arazın üstündə yeni körpülər –
Salınır. Köhnədən qalmayır əsər.
Budur, Culfa boyu gedən maşınlar
Təbrizdən qayıdır, Bakıdan gəlir.
Qovuşur ikiyə bölünən yollar,
Həyat gözlərində yenə yüksəlir.
O Muğan düzünü duyur bir anlıq.
Budur, Mingəçevir Təbrizə işıq –
Yayır. Hər tərəfdən bəzənir şəhər,
Enir yer üzünə gülgün şəfəqlər.
Haman kənd klubu, yanır çıraqlar,
Bayırda hökm edir şaxta, boran, qar.
Salonda hakimdir yenə intizar,
Üzlərdə nifrət var, gözlərdə kin var.
Hər kəs öz fikrini söyləyir budur,
Üzlərdə intiqam hissi duyulur.
Salon “ölüm” deyə çağırır ancaq.
Qan içən düşmənin xəyanətinə
Qanlı ölüm yazır cavab olaraq,
And içir Babəkin şərafətinə.
Əllər qalxır göyə birlikdə bəzən
Kütlə dalğalanır sanki bir ümman.
“Ya zəfər bu yolda, ya ölüm”. Həmən –
Yerindən söyləyir bizim qəhrəman.
Səriyyə kürsüyə qalxır bu zaman,
Dəniz tək coşqundur gurlayan səsi.
Danışır qəlbində böyük həyəcan,
Salonda duyulmur insan nəfəsi.
“Yoldaşlar, məsələ aydındır sizə,
Dayaq olmalıyıq bir-birimizə.
Düşmən bir macəra axtarır yenə,
Soxulmaq istəyir doğma vətənə.
Guya intixabat adilə Tehran
Ordu göndərəcək Azərbaycana.
Bizsə bu hiyləylə tanışıq çoxdan
Sakit bir ölkəni boyamaq qana,
Dillərə bir qıfıl, gözlərə gözlük,
Ayaqlara qandal, qollara zəncir
Vurmaq məqsədilə gəlir, bilirik.
O azğın ordunu tanıyır bu yer,
Lakin bilməlidir qan içən yağı,
O burda ölümlə üzləşəcəkdir.
Yenə Səttarxanın zəfər bayrağı
Səmada günəşlə birləşəcəkdir.
Bunu tələb edir bütün analar,
Bunu tələb edir bu el, bu diyar.
Bunu tələb edir körpələrimiz.
Gələcək nəsl üçün çalışırıq biz”.
Bir qış axşamıdır qəmli bir axşam
Səmanı qaplamış yenə çən, duman,
Yanır pəncərədə zəifcə bir şam
Bu dəm otağına bizim qəhrəman –
Sakit qədəm qoyur, çox pəjmürdə hal.
Gözlərində kədər, qəlbində məlal.
Onun baxışında kin var, qəzəb var,
Tutmuşdur üzünü sanki bir qübar.
Şam əriyir, ətraf qaranlıqlaşır,
Səriyyə yatağa doğru yanaşır.
Körpəcik yuxlamış, otaqda təkdir,
Onun da üzündə duyulur kədər.
O yatır bu gecə, dincələcəkdir.
Əlindən ağ günü alınmış ellər
Hələ də oyaqdır, ölüm yazır o! –
Qaniçən düşmənə məzar qazır o.
Bu gecə həyəcan keçirir onlar,
Bu gecə oyaqdır bu el, bu diyar.
Baxın, Azərbaycan ayağa qalxmış,
Onun səadətin tapdarsa düşmən
O azadlıq deyə eləyər yürüş,
Onu qorxutmayır bu qanlı fərman.
Səriyyə yaxınlaşır öz körpəsinə,
Əyilib şəfqətlə öpür üzündən.
Bax, sadiq anadır, o sinəsinə –
Basıb, ayırmayır onu özündən.
Söyləyir: “Əzizim, gəldi ayrılıq
Qapadı yurdumu yenə ölüm, qan,
Bəlkə son görüşdür gedirəm artıq,
Vətənim çağırır məni durmadan.
Onun nicatıdır xoş arzularım.
Sənin də taleyin bağlıdır ona.
Bu idi səninlə əhdim, ilqarım:
Vəfasız çıxmamaq odlar yurduna!
Sən düşmə mənimçin təşvişə oğlum,
Səninçin gedirəm döyüşə, oğlum!
Həyatın zindana dönməsin deyə,
Bəxtinin çırağı sönməsin deyə,
Mən kiməm Vətənin sadə əsgəri
İlk arzum zəfərlə dönməkdir geri,
Böyük bir ümidlə gözlərsən məni,
Qayıdıb bağrıma basaram səni.
İşdir qayıtmasam tutulma dərdə,
Qoyma mərd ananın qanını yerdə”.
Səhərdir, başlayır qəmli bir səhər...
Bu səhər ayrılıq gətirdi elə.
Çapıb öz atını amansız kədər
Xalqın ağ gününü sovurdu yelə,
Qərq olub sükuta evlər, küçələr,
Hər yandan kəsilmiş get-gəlin səsi,
Duman bürüdükcə qoca Təbrizi,
Öz gözəlliyini itirir şəhər,
Jandarma irəli doğru gedir bax,
Zəncan, sonraTəbriz, Mərənd, Qaradağ –
Onların əliylə yanır, talanır,
Beşikdə körpələr belə odlanır,
Jandarma dağıdır Azərbaycanı,
Teatrı, kinonu, bütün hər yanı –
Atəş bürümüşdür, salın bir nəzər.
Evlərdən ucalır acı nalələr,
Ellər, ailələr olur dərbədər.
Ayrılıq gətirmiş sanki bu səhər,
Ana körpəsini buraxıb qaçır,
Bacı qardaşını axtarır hələ.
Asiman ətrafa qaranlıq saçır,
Vətənin bu dərdi gəlməyir dilə.
Tutulan ordaca öldürülür bax,
Ata qarşısında vurulur oğul,
Jandarma səfbəsəf dayanmış, ancaq
Artıq keçməyə də tapılmayır yol.
Meydana sancılır dar ağacları.
Göyə əl qaldırır qoca bir qarı...
Göydən cavab-gəlmir... qarı hönkürür.
Azğın jandarmalar kütləyə hürür.
Deyir: “Şahənşahın əmri belədir.
Bütün Azərilər quldur, kölədir,
Boğazdan asmasaq demokratları
Gülməz, şahənşahın gülməz baharı.
Eşidin, eşidin əmrini şahın.
Allah uzun etsin ömrünü şahın”.
Lakin qorxutmayır Azərbaycanı,
Qanlı saraydakı o satqın cani.
Sarılır silaha yenə kütlələr,
Üsyan dəryasına çevrilir şəhər,
Sonsuz səngərlərdən açılır atəş.
Afərin söyləyir mərdlərə günəş
Tehran ordusunun budur, uzaqdan
Hesabsız maşını görünür haman.
Hər maşın xainlə, canilə dolu,
Atılan bombalar dağıdır yolu.
On iki dekabr. İyirmi bir azər.
Səriyyə səhərdən atışır bu gün!
Onu öz qoynuna almışdır səngər.
Mənim qəhrəmanım hamıdan üstün –
Çarpışır. Qızışır mübarizələr.
Söylə, əziz bacım, qəlbindən nələr
Keçir? Söylə, mənə gəl çəkinmədən,
Mən sadiq qəlblərin dostuyam bil sən.
Bilirəm qəlbində arzuların var.
Yaşamaq, yaratmaq, qurmaq arzusu.
Sənin də öz əhdin, öz ilqarın var.
Gülsün taleyinin parlaq ulduzu.
Duyuram qəlbində arzunu bu an
Axı təbiətin öz qanunu var.
Ümidlə yaşayır həyatda insan.
Son nəfəsə qədər ölmür arzular.
Axı sən cavansan, qüdrətin də var,
Həyatda qismətin, şöhrətin də var.
Səni alqışlayır el oğulları,
Sən də qəlbin kimi sevdin onları.
Səndə yaşamağa həvəs də vardır,
Sənin tək insanlar nə bəxtiyardır.
Budur əsir yenə axşam küləyi...
Səngərdə ölən də, öldürən də var
Hər kəsin qəlbində arzu, diləyi,
Qapayır üstünü qaranlıq məzar,
Ölən “Vətən” deyib qucur torpağı...
Bu təmiz bir hissi duyurmu yağı?
Yox, əsla. Onun ki, vətəni puldur,
Lirədir, dollardır, alçaq bir yoldur.
“Səriyyə, gəlsənə gedəsən evə,
Görürsən vəziyyət başqadır artıq.
Baş çək evindəki dilsiz körpəyə.
Tərk et bu səngəri, qızım, bir anlıq” –
Deyib bu sözləri qoca bir əfsər
Mehriban nəzərlə süzür mərd qızı.
Bu sözdən canlanır səngərdəkilər.
Səriyyəsə belə başlayır sözü:
– “Leytenant! Getməyi təklif edirsən,
Məqsədim başqadır, başqadır bilsən.
Min düşmən ölməzsə bu gün bu yerdə,
Dönmərəm evimə, dönmərəm bir də.
Bugün evim bura, məskənim bura,
Sabahsa bilmirəm olacaq hara.
Hələ mübarizə başlanır ancaq.
Bu işi yarımçıq yolda buraxmaq,
Vicdanı oğrular əlinə vermək,
Məncə alçaq əməl, alçaq bir işdir.
Ölmək yaraşırmı bizlərə qul tək!
Yox mənim ürəyim daha genişdir,
Qoy şərəfli ölüm aparsın məni,
Yadlar boyamasın qana vətəni.
Mən xoş bir vüsaldan uzağam hələ,
Ondan əl çəkmərəm, mən sağam hələ.
Eşidin, dostlarım, siz də bir daha.
Əgər son verməsəm fəryada, aha,
Əgər öldürməsəm minlərcə düşman,
Mən hara, ev hara, rahatlıq hara!
Can qurban vermərəm bu yolda inan,
Qoymaram qəlbləri çəkilsin dara.” –
Deyib bu sözləri atışır yenə,
Güllələr yağdırır xain düşmənə.
Səriyyə çarpışır yenə durmadan,
Ətraf qaranlıqdır, asiman duman.
Səriyyə çarpışır, çaxır avtomat.
Elə bu aralıq yetişir qoca –
O kənd ağsaqqalın görüncə bunca
Dolanır başına sanki kainat.
Nə olmuş, nə üçün gəlmişdir, bəlkə
Kəndi təhdid edir qorxu, təhlükə?
Bəlkə də baş vermiş qanlı hadisə?
O həyəcan keçirir, vardır nə isə.
Ağır nəfəs alır töşüyür nədən
Tələsir bəlkə də qaçmışdır kənddən?
Bəlkə də... Kim bilir, qoy gəlsin görək,
Görək nə göstərər bizə gələcək.
Yetişir səngərə o bu aralıq,
Ağır nəfəs alır, susur bir anlıq.
Sonra gözlərini açır kədərlə,
O köks ötürmədən söyləyir belə:
– “Qızım, sözüm vardır sənə, bir dayan!
Kəndi tutmuşdular gülləyə aman
Məni göndərdilər söyləyim sənə,
And içib əfsərlik şərafətinə,
Səni təmin edir “cənab” sərhəng
Andı təkrar edib bu ildə, bu həng.¹
Qorxu yox, and içib söz vermiş onlar
Sənə toxunmayıb bağışlasınlar.
Üç rəngli bayrağa, şiri xurşidə.
And içib günəşə, and içib oda,
Şahın cıqqasına, şahın tacına.
Tapşırıb çırtma da vurmayın ona.
Deyir səngərini tərk etsin o qız
Onunla danışmaq istəyirik biz”.
Səriyyə köksünü ötürür bu an,
Sanki qəzəb yağır baxışlarından.
¹ Qoşun hissələri
– Məni bağışlamaq istəyir onlar?!
Nə qədər bədbəxtdir bağışlananlar!
– Hə yadımdan çıxdı deyim, ay bala!
Gər təslim olmasan bu gün onlara
Deyir kəndinizi topun ağzında
Kül edib göylərə sovurub onda –
Qoymarıq orada həyatdan bir iz
Belədir, məsləhət indi sənindir.
– “Yox; qoca, doğmadır mənə kəndimiz
Bu can da, bu baş da bil vətənindir.
Demək bağışlamaq istəyir onlar
Məğlubdur həyatda bağışlananlar.
Mənə bağışlanmaq yaraşmır, fəqət
Nə edim çarəsiz qalmışam əlbət.
Kəndi top-gülləyə tutmuşlar aman!
O kənddə elim var, obam var mənim.
Bu yeri qəlbim tək uşaqlığımdan –
Sevmişəm. Bu torpaq mənim vətənim.
Həm gözüm, həm arxam, gümanım, canım,
Ey müqəddəs yurdum, Azərbaycanım!
Bu yerdə yaşayır sevimli oğlum,
Mənim gələcəyim, işıqlı yolum.
Bu yerdə yaşayır günahsız anam,
Lakin məndə yoxdur bu vədə inam,
Bax, şərəfsizlərin “şərafətinə”.
Onların andı da gülüncdür mənə.
Hansı şərafətə and içir onlar?
Onlarda heysiyyət, şərafətmi var?
Aldatmaq, rəzalət, hiylə, böhtanlar
Jandarma adına əzəldən xasdır,
Əfsərlik naminə and içir onlar,
Bu da quru arzu, boş ehtirasdır.
Günəş tək aydındır mənə qəsdiniz!
Hər şeydə hiyləyə əl atdınız siz.
Tərk edim səngəri, tərk edim fəqət
Nə edim, məcburam bu yolda əlbət,
Son nəfəsə qədər mən vuruşmağa –
And içib, söz qoyub vermişəm qərar.
Ürəyim dönmüşdür yanar bir dağa
Pozdular əhdimi, əhdin pozanlar.
Budur tərk edirəm səngəri həmən,
İndidən bilirəm taleyimi mən.
Hələlik səngərdə mən təkəm, təkəm,
Gülləm də qurtarıb, nə edəcəyəm.
Mən əməl etməsəm təkliflərinə,
Kənddə axacaqdır qan su yerinə.
Sonra dar ağacı quracaq onlar,
Əlinə keçəni qıracaq onlar.
Məncə müqavimət daha artıqdır,
Bu təslim deyildir, fədakarlıqdır.
Qoy doğma kəndimiz dönməsin külə.
Zənnimcə məqsədim aydındır elə.
Onun qorxu bilməz bir qızıyam mən,
Süngü dayasa da qəlbimə düşmən –
Məni öz yoluyla apara bilməz,
Vətən torpağından qopara bilməz.
Qoy mən bu hiyləni çıxarım üzə,
Bu xəbər yayılsın vətənimizə.
Yox, bütün dünyaya yayılsın bu səs,
Cani qan tökməsə yaşaya bilməz.
Yırtıb parçalamaq, bax, ona xasdır,
Qurd üçün qan içmək bir ehtirasdır.
Budur qış fəslinin qarlı axşamı,
Təbriz meydanına yığılmış hamı.
Qadınlar, kişilər, bir də qocalar.
Haminin qəlbində bir iztirab var.
Qəlbləri görürəm sanki üzdə mən,
Nifrət dəryasını andırır bilsən.
Boğur insanları odlu qəzəb, kin...
İntiqam hissiylə ürəklər neçin
Çırpınır. Nə olmuş, bu həyəcan nədir?
Qəlblərdə qaynayan alov, qan nədir?
Baxır uzaqlara azər elləri,
Odur gətirilən o gözəl pəri –
Qəhrəman qızıdır Azərbaycanın,
Sönməz ulduzudur Azərbaycanın.
Məqsədi ucadır, göylərdən uca.
Yaşadır qəlbində böyük bir dünya.
Bax onun gözləri dolmuşdur qanla,
Vüqarla, fəxr ilə, böyük bir şanla.
Sanki səadətə doğru gedir o,
İstiqbal yoluna davam edir o.
Yox, dostlar, başqadır bu qanlı səhnə
Bu vəhşət sığmayır insan qəlbinə.
Onu tələsdirən məhəbbət deyil,
Nə arzu, nə ümid, səadət deyil,
Ölüm yollarıyla o, gedir baxın!
Onun dalısınca kütlə bir axın –
Yaradır. Meydan da dolmuşdur artıq.
Ürəklər müztərib, alınlar açıq.
O son sözlərini bir müztərib tək
O, dar ağacına söyləməyəcək.
Yox, indi ellərə tutub üzünü,
Açıq söyləyəcək ürək sözünü.
Güllərdən saf, təmiz bir məqsədi var.
Onun qəlbindəki bu pak duyğular
Bir xalqın, bir elin ürək sözüdür,
Onun arzuları el arzusudur.
İllərdən bəridir bu torpaqda o,
Doyunca görməmiş rahat bir yuxu.
O susuz da qalmış, o ac da qalmış,
Hər gün min xəyala, min fikrə dalmış.
O işgəncə görmüş illər boyu bax,
Səadət zövqünü o duymayaraq
Qapılmış zəhmətə, dərdə, fəryada.
Bir an əyilməmiş alçağa, yada.
Yalnız bir əməlçin, bir arzuyçun o
Çalışmış, çarpışmış, bilmədən yuxu.
O edam hökmünə cavab olaraq
Ölüm kürsüsünə qalxır bu zaman.
İndi söz onundur, onundur, ancaq
O çox dinləmişdir; indi də düşman –
Eşitsin qəhrəman qızın səsini,
Görsün sarsılmayan iradəsini.
– Dinləsin dost məni, həm düşman məni.
Mən öz qəlbim kimi ana vətəni –
Sevirəm. Bu adla başlanır sözüm,
Hüsnündən hələ də doymamış gözüm.
Məni xain deyə öldürür düşman
Lakin göstərməyir xəyanətimi.
Bilmir öz hökmünü verərkən zaman,
Tarixlər yazacaq sədaqətimi.
Xəyanət sizindir, “ağalar” sizin.
Məncə bu ad sizə yaraşır ancaq.
Mənsə övladıyam qoca Təbrizin.
Vicdanım təmizdir, qəlbim də parlaq.
Siz dollar düşkünü, lirə düşkünü.
Mənsə bu torpağı sevirəm yalnız.
Artıq yaxınlaşır intiqam günü,
Mən onu görürəm, sizsə amansız,
Bu gün məhkəməsiz ölürəm həmən –
Həyat sizlər üçün yeni məhkəmə –
Qürur... Qarşınızda susmayıram mən.
Sizsə söyləməyə, hətta bir kəlmə –
Belə tapmazsınız. Dünyada ancaq,
Bəli, xainlərə yaraşır susmaq.
Səriyyə yad deyil, sanki meydana,
Arabir ətrafa o, nəzər salır.
Odur, ön sırada ağ saçlı ana
Həyat gözlərində yenə alçalır.
Ağlayır, ürəkdən ağlayır, bəli.
Ona yad deyildir bu el gözəli.
Ölən el qızıdır, o el anası,
O el adətiylə saxlayır yası.
Acı göz yaşların görür Səriyyə.
O üz döndərərək yenə kütləyə:
– Ağlama, ağlama, mehriban qadın!
Sənin şöhrətin var, vüqarın, adın.
Ağlamaq alçaldır insanları bil,
Bu qanlı lövhələr bizə yad deyil.
Ölənçin ağlamaq, sızlamaq, ana,
Yaraşmaz bu elin oğul-qızına.
Ana, xalqın kimi başını dik tut,
Gözünün yaşını kininlə qurut!
Ölüm məhv etməyir qəhrəmanları,
Vüqarsız deyildir hər cansız bədən.
Saxlayın vüqarı, izzəti, arı.
Ölüm qorxutmamış bizi əzəldən.
Fədai marşının elə bu ara
Səsi eşidilir budur uzaqdan –
Nümayişçilərin coşqun bir dərya –
Kimi səsləri də gurlayır haman.
Kütlənin dilində gurlayır şüar,
Əllərində əsir qırmızı bayraq.
Bax, qan dəryasını andıran diyar
Parlaq gələcəkdən gətirir soraq.
“Yaşasın Pişəvəri! Məhv olsun mütləqiyyət!”
“Yaşasın azadlığın sönməz olan şüası!”
“Yaşasın gələcəyə inam bəsləyən ellər!”
“Yaşasın inqilaba sadiq qalan nəsillər!”
“Məhv olsun əcnəbilər!”
“Ölkə satqınlarına ölüm!”
Budur qanlı meydan, bir tərəfdə dar,
O yanda gurlayır odlu şüarlar.
Budur iki aləm, üz-üzə durmuş,
Zəfər həqiqətin üstə qurulmuş.
Səriyyə susmuşdu bayaq bir anlıq;
İndisə yenidən başlayır sözü.
– Dinləyin “ağalar”, dinləyin artıq
Siz istər-istəməz qoca Təbrizi,
Budur sabahkı gün, budur gələcək,
Tarix öz hökmünü dəyişməyəcək.
Bu gün mən ölsəm də yaşayır vətən,
Vətən oğulları, vətən qızları.
Öldürmək olmayır kütləni bilsən
Boğmaq mümkün deyil böyük diyarı.
Məmurun qəlbində qorxu, iztirab.
Gah kütləyə baxır, gah Səriyyəyə...
Kinli baxışlara gətirməyib tab
Əmr edir : “Susdurun, qurtarın”! – deyə.
Səriyyə son sözü söyləyir yenə:
“Bəli, tələsməkdə haqlısınız siz.
Cumsanız dünyanın dərinliyinə
Yenə cəzanıza yetəcəksiniz.
Bu gün də olmasa, sabah da əlbət
İntiqam dalğası boğacaq sizi
İntiqam əlləri sizi nəhayət
Məhv edib, yaşadar qoca Təbrizi.
Qalib əsgər kimi öz cəbhəmdə mən
Alnımda iftixar, dilimdə Vətən
Ölürəm, ölümüm həyatdır bilin.
Vətən! Tanıdığım bu addır bilin!”
Kütlə yaxınlaşır zamandır deyə,
Məmursa əmr edir yenə kütləyə:
– Çəkilin! – Meydandan ucalır bu səs;
– Son verin, son verin, cinayətlərə.
Sizi çağırmamış buraya heç kəs,
Bəsdir yağdırdınız ölüm bu yerə.
Trumen əmrilə gələn “qonaqlar”.
Bu yerin sizlərə çox nifrəti var.
Bu qonaq adiylə gələnlərə, bax,
Ya Londondan olsun, ya Vaşinqtondan,
Bu torpaq qaranlıq məzar olacaq.
Belə gələnləri əzəldən Tehran –
Sevib əzizləmiş “qonaq”dır deyə.
Sonra da İranı ona hədiyyə –
Edib. Lazım bilmiş “qonağa” hörmət.
Bizdənsə onlara ölüm və nifrət.
Jandarma at çapır, atəş başlayır,
Onlar hər tərəfə qan, ölüm yayır,
İkinci hökmünü Tehran əfsəri
Verərkən bürüyür sükut hər yeri.
Səriyyə sakitcə dayanıb durur,
Gözlərində alov, alnında qürur.
Keçir boğazına kəndirin ucu,
Yalnız buna çatır düşmənin gücü.
Sarsıdır qəlbləri bir sonsuz ağrı,
Sanki üfüqlərin qızarır bağrı.
Bu qanlı cinayət qurtarır belə,
Matəm dalğa-dalğa yayılır elə.
Səriyyə ölərkən öz nəğməsində,
Bir qəhrəman kimi son nəfəsində
“Vətən, Vətən” deyib yumur gözünü,
Şərəf dünyasında görür özünü.
Epiloq
Dan yeri sökülür, açılır səhər,
Atır örpəyini Savalan yenə.
Baxır heyran-heyran qocaman şəhər
Sakit təbiətin gözəlliyinə.
Göstərib üzünü günəş ellərə
Ucalır göylərə al bayraq kimi.
Yayıb tellərini sonsuz çöllərə
Girir hər qapıdan bir qonaq kimi.
Yüksəlir nəğməkar quşların səsi,
Üz tutur günəşə güllər, çiçəklər.
İnsana can verir elin nəğməsi,
Bir əməl eşqiylə vurur ürəklər.
Nəğmə dalğa-dalğa axır hər yana,
Bu nəğmə tanışdır Azərbaycana
Bu şirin nəğmədə bir xatirat var,
Onda şirin ümid, parlaq həyat var.
“Sənsən bizə ana, Vətən!
Sənsən bizə nemət verən.
Sənsən bizə ruhi-rəvan,
Yaşa, yaşa Azərbaycan!”
Odur pəncərənin önündə yalqız
Dayanmış bir uşaq dinləyir onu
Bu səsi əks edir hər təpə, hər düz
Nə qədər canlıdır nəğmənin sonu.
Uşağın yanında sadə bir insan
Dayanıb seyr edir aydın səhəri.
Gözünü çəkməyir uşaqdan bir an
Nə isə düşünür bayaqdan bəri.
Qıvrım saçlarını öpərək onun
Sıxır sinəsinə başını bəzən.
Bəzən də gözündən öpür oğlunun,
Sonra da tələsik tutur əlindən.
– Sən mənim həm oğlum, həm yoldaşımsan,
Ən yaxın dostumsan, can sirdaşımsan.
Keçmiş faciəni yenə bir daha
Sənə xatırladım istər-istəməz.
Bu gün son verilir fəryada, aha,
Daha bu xatirat kədər gətirməz.
Sadiq bir insanın intiqamını
Almaqçın gedirəm ürəyimdə kin.
Oğlum, görürsənmi orda hamını,
Onlar övladıdır bizim ellərin.
Bu gün ölkəmizin nicat günüdür,
Onun səadəti, həyat günüdür.
İndi mən gedirəm, sənsə qalırsan,
Zəfər bizimlədir gözlərsən məni.
Qalib əsgər kimi qayıdan zaman
Bir daha oxşaram körpə qəlbini.
– “Get, ata, zəfərlə sən qayıt, ancaq,
Gəl öpüm, gəl öpüm, səni, mərd ata,
Səfərin uğurlu, yolun da parlaq.
Qələbə dostlara, ölümsə yada”
Budur, gözləmədən ata boynuna
Kiçik qollarını dolayır uşaq.
Dolursa gözləri baxmadan ona,
Qəlbinə hakimdir bir sevinc ancaq,
Tərk edir otağı bu dəm qəhrəman
O, “intiqam” – deyə gedir durmadan.
Budur, inqilabın rəmzi dünyada
Ana ölmüşsə də, mərd oğlu sağdır,
Nə ana, nə ata baş əyməz yada
Atasız oğula ellər dayaqdır.
Bu gün Azərbaycan qalxmış ayağa;
Hər küçə başında bir səngər durur.
Baxır Səriyyənin oğlu uzağa,
Baxır atasının dalınca məğrur...
Bakı, 1949–50
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-olmez-qehreman
Клавиши ← → для перехода, R — случайное стихотворение