Asta tərpət ayağını, əlini,Yaxşı susur, yaman susur, sən də sus.Vaxtlı-vaxtsız işə salma dilini,Qanmaz susur, qanan susur, sən də sus.

Palıd qopur bircə anın içində,Gözdən itir dağ-dumanın içində.Yar-yoldaşın, el-obanın içində,Enən susur, qalxan susur, sən də sus.

Bilirsənmi kim izləyir, kim güdür,Kor yapalaq qızıl quşu ürküdür.Güman etmə bu tülkü o tülküdür,Pələng susur, aslan susur, sən də sus.

Xeyri nədir, yeri, göyü soraqla,O kitabı, bu kitabı varaqla.Öz-özünə ha gurulda, ha çağla,Dərya susur, ümman susur, sən də sus.

Dar məqamda nə ordular basılıb,Qancırğadan qanlı başlar asılıb.O yerdə ki, bir-birinə qısılıb,Qartal susur, tərlan susur, sən də sus.

Nə kamala, nə vicdana güvənmə,Saf ürəyə, sağlam cana güvənmə.Bu dəvaya, o dərmana güvənmə,Görürsən ki, loğman susur, sən də sus.

Qəm ürəyə, fəğan dilə yazıldı,Sevinc bəmə, möhnət zilə yazıldı.Hüseyn Arif, yazı belə yazıldı,Zaman susur, dövran susur, sən də sus.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов