Страница 2 из 3 · 33%

– Düz deyib, xəbərdaram.

– Onu da deyib ki, görünür, Gəncə əmirinin əsir alınmasını da bilir.

– Düz deyib, bilirəm. Niyə də bilməyim? – Əli Şimşək əlini əlinə vurub xeyli güldü.

– Hələ deyib, görünür, Təbrizdəki ixtişaşlar barədə məlumatı da var...

– Bəli, var. Onu da düz deyib... Niyə də olmasın?.. Dağda-daşda yaşamağımıza baxma...

– Deyib yəqinimdir ki, qisasçılar dəstəsini yaradanları da tanıyır...

– Qardaş qardaşı tanımalıdır. – Əli Şimşək qayğılı gözlərini qıyıb fikrə getdi.

– Deyib, görünür, Əli Şimşək bilmir ki, zərgərin, misgərin birliyindən bir şey çıxmaz...

– Nə çıxsa elə onlardan çıxar! Onlar azlığa yox, çoxluğa arxalanırlar. Kimsəsizlərə əl tuturlar, yurdsuzlara həyan olurlar, acları doyuzdururlar, əlsiz-ayaqsızları darda qoymurlar. Bu adamlar hətta silahsız bir yerə yığışsalar dəyənəklə, daşla qoşun qabağı saxlamağı bacararlar...

...Günbatana yaxın dağlarda xoş bir ətir yayıldı. Əli Şimşəyin döyüşçülərindən kimsə bir neçə lavaş və bir neçə şiş kabab gətirdi. “Ceyran ətindəndi, – dedi, – bu gün səhər ovlamışıq... Olmaz heç yerdə bizim Əlincə ceyranından...”

Əli Şimşək Əcəmiyə tərəf dönüb dedi:

– Yaxın otur, qardaş bəlkə bir yerdə, bir süfrə başında çörək kəsmək bizə daha qismət olmadı... Amma heç birimiz yaddan çıxara bilmərik ki, biz cavanlıqda da bir yerdə çörək kəsmişik, yaşa dolanda da bir süfrə başında əyləşirik. Babəkdən sonra bu yerlərdə Qurana and içmək adət olub. Biz isə bir çörəyə and içirik, bir də Babəkin müqəddəs ruhuna... Yaxın otur... Götür görək, soyuyur...

Süfrəyə əl uzada-uzada əvvəlki söhbətlərinə qayıtdı Əcəmi:

– Sənə kənd bağışlamaq, iqta ayırmaq istəyir. Əmr verib ki, sənə aylıq təxsis etməyi də götür-qoy etsinlər.

– Eli-obanı muzd alıb mühafizə etməzlər. Bu, nakişilik olar. Lazım gəlsə var-yoxunu da, hətta başını da yurd yolunda, el-oba yolunda gərək qurban verə kişi... Bir də, qardaş, bu padşahların gücünə inan, vicdanına yox... Sözünə də inanma rəyasət sahiblərinin. Çünki yalanları olmasa dövləti idarə edə bilməzlər. Bir də, qardaş, insan ali məxluq olsa da, naqisliyi də var. Bir-birimizin ürəyini niyə oxuya bilmirik, hə?.. Bu gün taxt-tac düzəldən niyə sabah tabut düzəldir, hə? ...Bu gün saray tikən sabah niyə sərdabə hörür, hə?.. Bu gün üstünə gül-çiçək yağdırdığın bir baş sabah niyə cəllad kötüyünün üstünə qoyulub qəsdinə qılınc qaldırılır, hə?.. Sən ki bunları məndən yaxşı bilirsən. Əcəmi daha dayana bilmədi, Əli Şimşəyi bərk-bərk qucaqladı:

– Özünü qoru, Əli! Görünür, hər bir millətə üləma lazım olan kimi, şüara lazım olan kimi, qılınc vuranlar da gərəkdi!..

Əcəmi səndəl ağacını qurşağına keçirib əlini süfrəyə uzatdı. Birinci tikəni yeyəndən sonra Əli Şimşək ötkəm səslə ona təklif edib dedi:

– Bir qulağını daya bu qayaya... Gör nə eşidirsən...

Əcəmi əvvəlcə onu başa düşmədi. Əyləşdiyi dərinin üstündə qurcalandı və sol tərəfindəki mağaranın çıxışına işarə etdi:

– Nəyə görə?

– Daya, daya. Fərqi yoxdur, harası olur-olsun.

Əcəmi dostunun sözünü yerə salmadı.

– Yaxşı. – Qulağını qayaya söykədi və xeyli dinlədi.

– Nə eşidirsən?

– Heç nə eşitmirəm.

– Ola bilməz. – Əli Şimşək etiraz etdi. – Yaxşı qulaq as... Bax, beləcə... Qulağına igid nərəsi, at kişnərtisi, qılınc səsləri gəlirmi?

– Xeyr.

– Qəribədir!.. Bəs sən o səsləri niyə eşidə bilmirsən?.. Bəs mən niyə eşidirəm? Babəkin səsini eşidirəm... Axı Babək tacirbaşı Şiblimin sarbanı olanda bizim bu dağlardan keçib... Sonralar xürrəmilərin başçısı olanda qərargahlarından birini yenə bizim bu dağların hansındasa yerləşdirib... Bu yerlərdən keçəndə onun səsini eşidirəm, qulağıma Alapaçanın kişnərtisi gəlir... Qulağını qayaya daha bərk söykə, eşidərsən. O nərə Babəkindi... O qılınc səsləri xürrəmilərin qılıncların səsidi. O at kişnərtisi Babəklərin atlarının səsidi... Kim eşitmir qoy eşitməsin, mən eşidirəm, eşitdikcə də ürəyim dağa dönür...

O vaxtdan üç yüz il keçsə də, Babək bu gün də xilafətə qarşı vuruşur. Mənə elə gəlir ki, xürrəmilərin səsləri kəsilməyib, bu dağlarda, bu daşlarda, bu qayalarda qeyb olub... Bir gün xürrəmilərin özləri də, onların səsləri də zühur edib üzə çıxacaq... Mənə görə xilafət atabəylər üçün xilafətdi, bizim üçün isə xilafət elə atabəylərin özüdü... Biz haqq-ədalət yolunda qılınc qaldırmışıq, bu yoldan dönən deyilik!

– Əli Şimşək ayağa qalxdı, – Bu gecə səni heç yerə buraxan deyiləm, bizimlə qalacaqsan... Onsuz da şər qarışıb. Deyərlər, gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdı.

Onlar mağaradan eşiyə çıxanda Əli Şimşəyin silah yoldaşları yaşıl otların üstündə bardaş qurub əyləşmişdilər. O, nə işarə etdisə təbilin səsi havalanıb dağlara yayıldı. Bir neçə dəliqanlı ortaya çıxdı, çiyinlərini oynada-oynada rəqs etdilər, öz güclərini yoxladılar. Birdən dəliqanlılar kənara çəkildilər. Bu vaxt birisi əlini qulağının dibinə aparıb xüsusi avazla dedi: “Mərd anadan mərd oğul, Namərd olmaz mərd oğul...”

Dəstə onun çəkdiyi bayatının arxasını dedi: “Qorxaq töhmət götürər. Baş ucaldar mərd oğul...”

Yaşıl otların üstündə əyləşənlərin nəzərləri Əcəmiyə tərəf yönəldi. İkinci bayatı çəkildi: “Əzizinəm, əl incə, ayaq incə, əl incə...” Dəstə yenə bayatının ardını dedi: “Burdan bir pəri keçdi, Yeri-yurdu Əlincə...”

Bu dəfə hamının nəzəri kənarda tonqal qalayan gümrah oğlana dikildi.

O isə utanıb başını aşağı dikdi.

Bayatı çəkən yenə dedi: “Əzizim, ulu dağlar. Çeşməli, sulu dağlar...”

Bütün dəstə yenə öz işini görmək istərkən Əli Şimşək əlini qaldırıb onları dayandırdı.

– Ayrılıqdan, ölümdən söhbət açmayın! Hamı tabe oldu.

– Hanı bizim ozan?

Hamı dönüb boyca uzun, sarışın oğlana baxdı. O isə heç nə demədən yanında gizlətdiyi sazı götürüb ortaya çıxdı. Sazı köynəyindən çıxarıb sinəsinə qaldıranda ətrafda əyləşənlərdən bir neçəsi öz arzusunu bildirdi: – Ə, dağlardan oxu.

– Yalan deyir, ə! Əsmərdən də gəlsin.

Bir az sonra ozanın məlahətli səsi gecənin sakitliyində dağlara yayıldı. Gecə şənliyi xeyli çəkdi. Əli Şimşəyin cingiltili səsi eşidildi:

– Ocağa od vurun, tonqalı yandırın!..

Əlüstü tonqal çatıldı. Bütün cavanlar ayağa qalxıb tonqalın ətrafında halay tutdular. Bir azdan yallı başlandı...

Əcəmi isə kənara çəkilib yanan tonqala baxırdı.

Bu anlarda ona elə gəlirdi ki, tonqalın qalxıb-enən, sönüb-alışan alovlar neçə-neçə yerə parçalanan başıbəlalı millətinin ahu-naləsidir, bülənd olub ərşə dirənir...

...Onlar bulağın başında xeyli söhbət etdilər. Uşaqlıq, cavanlıq illərini də yada saldılar. Xatirələr hər ikisinin həm sevincinə, həm də kədərinə səbəb oldu.

– Hə, qardaş daha mən qayıtmalıyam, burdan belə tək getməli olacaqsan. Əli Şimşək Xanəgah bulağının başındakı sal daşın üstündən qalxdı. Əcəmi də könülsüz-könülsüz durub atına tərəf getdi. Əli Şimşək başa düşdü ki, dostu, deyəsən hələ ürəyindəkilərin hamısını deməyib. O, yanılmamışdı. Əcəmi atın yüyənin qoluna keçirib yenidən onun yanına qayıtdı.

– Bilirsən, Cahan Pəhləvan bir dəfə sənin barəndə nə deyib?

– Nə deyib? – Əli Şimşək suala sualla cavab verib Əcəminin son sözlərini təkrar etdi.

– Deyib “Yoxsa Azərbaycanda təzə Məhəmməd ibn Bəis peyda olub? Şimşəkdi, ya İldırımdı onu başa salmaq gərəkdi ki, qılıncına çox da bel bağlamasın. Qılınc bir xanədana arxalananda – silahdı. Tək-tək adamların əlində adicə dəmirdi. Bunu çarıqlı-patavalı o çoban oğluna yaxşı-yaxşı anladın...” Əli Şimşək xısın-xısın güldü və başını silkələdi.

– Elə bu?

– Bəyəm bu azdır? – Bu dəfə də Əcəmi suala sualla cavab qaytardı:

– Ortada xainlər var, axırda səni güdaza verərlər, Əli. Sən bilirsən, hər məmləkətə, hər millətə xainlər çox gərəkdi... Axı saraylarda onların əli ilə də çox iş görülür... Bir xainin gördüyü işi bəzən bir ordu görə bilmir. Gərək ki, bunu da bilməmiş deyilsən?

– Bilirəm, Əcəmi... Sən haqlısan.

– Qardaş, bir məsələni də unutma ki, bu xalqın gözünü din, şəriət elə bağlamayıb ki, onu hələm-hələm ayıltmaq mümkün olsun. Qırdı bu milləti müxtəlif məzhəblər, təriqətlər...

– Nə edək, de görək qoyaq yerə qılıncımızı, alaq boynumuza boyunduruğu?.. Qul doğulaq, qul da ölək?..

– Qardaş, – Əcəmi bu dəfə daha mehriban dilləndi. – Günəş Günəşdi, o da hamı üçün eyni məqamda, eyni formada doğmur, batmır. Biri üçün meşənin arxasından doğub, meşənin arxasında gözdən itir, biri üçün dağın arxasından görünür, dağın arxasında yox olur. Biri üçün də dərələrin sularından tülu edib, dəryaların sularına da girib qeyb olur... Daha bəsdir, sən gəl bu dəvəti rədd etmə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hamı gedən yol

Cahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi:

16 мин
Dərban və mühafiz (qış söhbəti)

Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.

9 мин
Qəfil küləklər əsəndə

Günəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...

14 мин
Saray dəbirinin son yazısı

Ey dünya! Ey ərşi-fələk! Ey asəfi-dövran! Gərdişindən fələyin özü də baş aça bilməyən dünya! Bolluca-bolluca dərdi-səri, acısı- ağusu, azca-azca şadlığı-sevinci, şirini-şəkəri olan dünya!.. Birinə batman-batman yamanlıq, birinə misqal-misqal yaxşılıq paylayan dünya... Gəlimli-gedimli, olumlu-ölümlü, qalımlı-itimli dünya. Gör kimlər gəldi, kimlər getdi, kimlər öldü, kimlər qaldı, kimlər itdi səndə? Birinə mərd, birinə namərd dünya!.. Hanı atabəy-əzəm Şəmsəddin Eldəgəz? Hanı onun bir sözü iki olmayan, qılıncından qan daman oğulları Nüsrətəddin Cahan Pəhləvan, Müzəfərəddin Qızıl Arslan? Hanı atlarının kişnərtisi bir günlük mənzildən eşidilən nəvələri Mahmud, Əmiran, Əbubəkr, Özbək? Hanı bütün bəni-Eldəgəz, Hanı? Bəyaz saçlı mərhum anam deyərdi: “Bizim bu dünyadan köçüb axirət dünyasına getməyimizə bir o qədər qalmır. Bu gün-sabah cənab Mehdi Sahib əs-Zaman zühur edəcək. Zühur edən kimi də bu dünyaya onun öz ümməti gələcək...” Madam ki, belə olacaq, onda bu dünyanı mütləqa hifz edib Mehdi Sahib əz-Zamana da, onun ümmətinə də abad halda, qurulu qaldı tikili halda təhvil vermək gərəkdir... Əlbəttə, bunlar çox vaxt bizdən asılı olmur, tarixin öz dərsi, zamanın öz gərdişi mövcuddur. Tarix, zaman isə istiqbala gedən yollardır. Əyri-üyrüsü də olur, düpdüzü də, dolayısı olur, hamarı da... Nə olur-olsun, amma mən bir dəbir kimi onu bilirəm ki, gün keçəcək, həftə ötəcək, ay dolanacaq, il ilə qovuşacaq, Günəş yenə məşriqdən tülu edib doğacaq, məğribdə qürub edib batacaq. Bu ulu dünyamıza nəsillər gəlib, nəsillər gedəcək, nə şahları yada salacaqlar, nə də padşahları; nə xaqanları xatırlayan olacaq, nə də hökmdarları... Amma Əcəmini, Əbubəkr oğlu Əcəmini hamı yad edəcək, hamı xatırlayacaq-xeyirxah əməlinə görə, ilkin növbədə, bəzəkli gəlinə oxşayan, həmişə canlı kimi görünən, nəfəs alan, insanların ovqatını təzələyən “Mərhaba, mərhəba!” Və bunu da deyəcəklər:“Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı...” Axı böyük ustadın özü də ürəyindən keçənləri abidənin lal kitabələrinə elə beləcə həkk edib: “Təlatüm içrə biz, sükunətdə daim ruzgar. Köçərik dünyadan, amma bu qalar yadigar...”

2 мин

Стихи других поэтов