Ovda
Страница 2 из 3 · 33%
– Bəs onda niyə dayanmısan, ulus¹ oğlu. – Cahan Pəhləvan birdən hirslənib əlini qılınca atmaq istədi, gördü, yoxdur, birdən çiynindən asdığı sadaqdan oxu götürüb kamanın çilləsinə qoyması və atması bir oldu: Süvari də həmin anda qızılı köhlənin yalına sığındı. Ox onun başı üstündən keçib qayanın sərt daşına dəydi, parça-parça olub yerə töküldü:
– Hökmdar, hələ ox atmağa ehiyac yoxdur. Bir də ədəbli danış... Kişi kimi!..
Cahan Pəhləvan süvarinin yekəxana danışığına və laqeydliyinə daha dözə bilmədi, özündən çıxıb bağırdı:
¹ Kəndliyə rişxəndlə müraciət forması
– Onda niyə dayanmısan, görmürsən əliyalınam!..
– Səni hamı ehtiyatlı...
– Uzun danışma! – Cahan Pəhləvan süvarinin sözünü yarımçıq kəsdi.
– Yaxın gəl, görürəm, belində qılıncın var...
– Yox, hökmdar. – Süvari kinayəli-kinayəli güldü. – Məni o qədər də namərd bilmə... Mən silahsız kişinin üstünə əl qaldıran namərdlərdən deyiləm. Hələ qənşərinə çıxdığım hökmdar ola! Mən adi quldura rast gələndə belə, silahı olmasa ona silah verdirərəm, yaxud özüm verib sonra vuruşaram. Yoxsa nakişilik, namərdlik eləsəm başıma bu dağlarda heç kim cəm olmaz... Biz bu dağlarda hələ ki, beş-on nəfərik. Amma biz çox olmalıyıq... Bu dağlarda başıma çoxlu igid toplayıb kasıb-kusubun haqqını müdafiə edəcəyəm, namusunu qoruyacağam!
– Kimdən qorumaqdı niyyətin?
– Biz daha dözə bilmirik ki, kəndlinin bir parça çörəyini əlindən alsınlar, vergi əvəzinə onların qızlarını zorla çəkib aparsınlar... Düzdür, səni bu yerlərdə, xilafotdə cahanın pəhləvanı kimi tanıyırlar. Amma mən adicə bir kəndli balasıyam, çoban oğluyam... Gələcəkdə onunla öyünərəm ki, qəbrimin üstünə gələnlər deyərlər: burada yatan Cahan Pəhləvanla döş-döşə gələn çoban Eldar Bəhmənin oğlu Əlidi...
– Hansı Əli? – Cahan Pəhləvan boz ayğırın yüyənin boşaltdı, yəhərin üstündən qabağa əyilib keçidin o biri başında dayanan süvariyə də bir diqqətlə baxdı. Elə bu dəmdə onun xəstə Möminə xatun anaya təzəcə doğan ceyran tutub gətirməsi yenə də yadına düşdü.
– Bəli, hökmdar həzrətləri! Mən həmin Əli Şimşəyəm... Daha səbir kasamız daşıb, tükənib. Dağlara çəkilməkdən, bu dağlara sığınmaqdan, əlimizə qılınc götürməkdən başqa çarəmiz qalmayıb... Görürsən, hökmdar Əlincə qalasını?! Bil və agah ol ki, biz “Əlincə”, “alınca”, “ölüncə” sözlərini bir-birindən ayırmırıq. Əgər bizim üstümüzə qoşun çəkib Əlincəyə gələn olsa, onlar Əlincəni alınca, biz də vuruşacağıq ölüncə... bu dar keçidlə hökmdar qənşərinə çıxmaqda bir ricam var: qız-gəlinin xəlifəyə hədiyyə göndərilməsini dayandırın. Cahan Pəhləvan boz ayğırın üstündə bir an fikrə getdi və ucadan dedi:
– Bilsəydim xanəgahlı qızların sənin kimi igid qardaşları var, mən onların xəlifəyə göndərilməsini rəva bilməzdim... Əmr edərəm geri qaytararlar...
– Gecdir, hökmdar!.. Əgər sağ qalsaydı o qızlar, biz özümüz bu qılıncla onları qətlə yetirərdik, amma onlar özləri özlərini cəzalandırıblar. Mərənd bağlarında onlara dinclik verəndə gecə hamısı özünü asıb... Bir gün gələr, görüşərik...
Əli Şimşək bir göz qırpımında yox oldu. Cahan Pəhləvan fikirləşdi: “Mərhəba sənə, ey xalqım. Tərif edən də, lənət deyəndə də nə qədər ağıllı olursan. Ad qoyanda da, ayama deyəndə də bu sərrast deyimləri haradan tapırsan? ...Bu kəndli oğlu həqiqətən elə bil şimşəkdi – bir anlığa çaxdı da, söndü də...”
Cahan Pəhləvan Mərənddə qızların özlərini meyvə ağaclarından asmaları barədəki söhbəti ötən il Reydə eşitdiyini təfərrüatı ilə yadına salmağa çalışdı, çünki o bu vaxt xəbərə o qədər də əhəmiyyət verməmişdi... Niyə də verəydi, axı qul, kəniz aparan karvanlarda belə hallar həmişə adi iş hesab olunurdu...
Cahan Pəhləvan bir müddət boz ayğırın üstündə quruyub qaldı, atı əvvəlcə irəli sürdü, sonra yüyəni dartıb geri döndərdi. Hələ də ayırd edə bilmirdi, bu dar keçiddə görüb eşitdikləri həqiqət idi, yoxsa yuxu...
Bir də axı, qəfil süvarinin dediyi üç kəlmə söz onun qulaqlarını deşib beyninə işləmişdi: “Əlincə, alınca, ölüncə...”
Cahan Pəhləvan əvvəlki yerinə qayıdanda gördüklərinə inanmadı: nədim kötüyün üstündə başı sarıqlı oturmuşdu, sol əli də qanlı əsgiynən sarınmışdı. Yerə uzanıb balaca xalçanı üstünə çəkən Xəlil, siçan deşikdən baxan kimi, oradan oğrun-oğrun baxırdı. Dəbir mühafizlərlə bərabər öldürülmüş pələngin dərisini soyurdu. Cahan Pəhləvan hələ onlara çatmamış nədim ayağa qalxdı, səndələyə-səndələyə gedib onun atının yüyənini tutdu, Xəlil də sürüşüb xalçanın altından çıxdı, qaçıb boz ayğırın üzəngisini aşağı dartdı. Dəbir də, mühafizlər də işdən, ayrıldılar. Heç kimin dili söz tutmadı, təkcə Xəlil əlahəz...” deyib susdu. Dəbir baş verən hadisəni qısaca olaraq nəql etdi...
...Cahan Pəhləvan atının dördnala çapıb ceyranı qovandan bir az sonra yaxınlıqdakı böyük sal daşın dalından cavan bir pələng çıxıb onlara hücum etdi. İlk süpürlədiyi nədim oldu. Qalanları nə edəcəklərini kəsdirincə qarşıdakı təpənin arxasından qızılı kürən minmiş bir süvari göründü. Əvvəlcə uzaqdan atdığı ox nədimi sürükləyən pələngin bir gözünə sancıldı. Süvari yəhərdən yerə sıçrayıb qılıncını çəkdi, arxaya qanrılan pələngin ağzını, üz-gözünü şil-küt elədi, yerə sərilən pələngin boynunu dizinin altına aldı, barmaqlarını burnuna keçirdi, belindən xəncəri çəkib başını kəsdi. Bütün bunlar bir an içərisində baş verdi. Hadisə yerində olanlar özlərini düzəldənə kimi süvari yenidən qızılı kürənin üstündə göründü. “Hökmdarınıza deyin ki, sizi burada tək-tənha qoyub atını ceyran dalınca qovmasın. Əlincə ətrafında indi pələng, aslan çox olur...” Sonra bir göz qırpımında atını çapıb təpənin dalında itdi...
Xəlilin də, nədimin də, mühafizlərin də heyrətdən ağızları açıq qalmışdı...
Ancaq qəfil süvarini hökmdar da tanımışdı, dəbir də...
* * *
Yaxından eşidilən bir mahnı Cahan Pəhləvanı xəyaldan ayırdı. Səs yaşıl bir təpənin arxasından gəlirdi. Kimsə cingiltili bir səslə oxuyurdu: “Ay at, sənin yalmanına yataram...” Onlar dar bir çığırla təpənin arxasına keçən bir ilxıya rast gəldilər. Hökmdar əl eləyib oğlanı yanına çağırdı, ilxının kimin olması ilə maraqlandı:
– Elin, obanın, ay baba. – İlxıçı zümzüməsini kəsdi.
– Onları niyə bir yerə toplamısız?
– Bu gün bir yerə toplamışıq, sabah lazım olsa evlərə paylayacağıq. Hərəsinin üstündə də bir igid oturacaq.
– İgid axı, ata əliboş minməz?..
– Əliboş niyə, ay baba? – İlxıçı ağ qoyun dərisindən tikilən tüklü papağını qaşları üstünə endirdi, əlindəki çomağını kürəyinə söykəyib enli sinəsini irəli verdi.
– Yoxsa qoşun düzəltmisiz? – Bunu nədim dedi.
– Lazım gəlsə düzəldərik... Qoşun düzəltmək nə çətin işdi ki, – ilxıçı bu dəfə çox sərt cavab verdi, dəyənəyin kürəyindən çəkib yerə dayadı və çənəsini də əlinin üstünə qoydu. İri gözləri ov üstünə şığımağa hazırlaşan qartal gözləri kimi alışıb yanırdı.
Cahan Pəhləvan pərtliyini unudub güldü.
– Xoşuma gəldin, diribaş oğlansan!.. Yaxşı tutaq ki, birdən qoşun düzəltdiniz, bəs onda qoşunun böyüyü, sərkərdəniz kim olacaq?
– Ulu dağlar, azman qayalar! – İlxıçı başını çiyni üstündən arxaya çevirib əli ilə dağları, qayaları göstərdi.
– Öz içərinizdə kişi yoxdu ki, dağa qayaya bel bağlayırsız?
– Niyə yoxdu, var!
– Kimdi?
– Əli Şimşək!
Cahan Pəhləvan alındı, bir az bundan əvvəl dar keçiddə onun dediyi sözləri xatırladı.
– Çoban Eldar Bəhmənin oğlu nə vaxtdan sərkərdə olub?
– Çoban Eldar Bəhmən çoban olsa da, kişi olub, özü də namərd yox, mərd kişi!
– At qabağına düşüb getmək meylin var yoxsa? – Xəlil söz atdı.
– Hər at döşünə düşən igidi ölmüş bilməyin! – İlxıçının bu dəfəki cavabı da sərt oldu. – Bizim nəsil isə düşmənlə həmişə üz-üzə gəlib, döş-döşə dayanıb, kürəyini yox, sinəsini qabağa verib... Bir də ki, indi gərək heç kimə bel bağlamayasan, zəmanə xarabdı...
Cahan Pəhləvan dönüb nədimə baxdı və nə fikirləşdisə əmr etdi:
– Əl-qolunu bağlayın!.. Deyəsən, dili çox uzundu...
Nədim də, mühafizlər də tez atdan yerə sıçrayıb ilxıçıya hücum etdilər, xeyli əlbəyaxa olandan sonra güc-bəla ilə onu yerə yıxıb əllərini dalında bir-birinə çatdılar. İlxıçı ayağa qalxıb və çox soyuqqanlılıqla:
– Bu ki kişilik olmadı!.. Kişi təkbətək vuruşar...
– Açın qollarını. – Cahan Pəhləvan gülüb başını yırğaladı.
İlxıçının qollarını açan kimi Xəlilə hücum edib bir göz qırpımında onu yerə vurdu, sonra mühafizləri növbə ilə dizinin altına aldı...
Cahan Pəhləvan bu dəfə qəhqəhə çəkib güldü.
Nədim hökmdarın qənşərinə yeriyib ona nəsə pıçıldadı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-ovda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cahan Pəhləvan şəhərin rəisi ilə uzun-uzadı söhbətinə yekun vurub dedi:– Hər halda, mən deyənləri xatirində saxlamağa dərrakən çatar... Əgər hafizənə etibarın yoxsa mən Naxçıvanı tərk edəndən sonra dediklərimi bu da təkrar-təkrar sənin yadına salar, – çiyini üstündən dönüb dəbirə baxdı və dediklərini yazmağa onu hazır görüb sözünə davam etdi: – Bu başdan deyim ki, Naxçıvanı hələlik tərk etmək fikrində deyiləm, amma vəziyyət elə bir məqam gəlib çatıb ki, mən qoşunun az hissəsini burada qoyub, çoxuynan Həmədana hərəkət etməliyəm. Oradan da Təbrizə... Doğrudur, mən Həmədanı hələ ki, rəsmən Eldəgəzlər dövlətinin paytəxti elan etməmişəm, amma vəziyyətdən asılı olaraq gah ordan, gah burdan hakimliyimi icra etmək niyyətindəyəm... Bütün bunlara baxmayaraq, Naxçıvan Eldəgəzlər xanədanı baş şəhəri olaraq qalır. Buna görə baş şəhərin rəisi də öz vəzifəsini vaxtında icra etməli, sərvaxt olmalıdır. – Bir an fikrə getdi, topa saqqalına bir neçə dəfə təh verəndən sonra dəbirə baxıb dedi: – Yaz... Əvvəlinci tapşırığım, daha doğrusu, hökmüm: Xanədana baxan kəndlərin hamısından toplanası taxıl axırıncı batmanın kimi yığılmalıdır. Keçən illərin borcunu da hər bir kəndli ödəməlidir. Bilirsən ki, taxılın onda biri dövlətə çatır, amma ötən il heç on beşdə biri də anbarlara gəlməyib. Gələn il quraqlıq gözlənilir. Qış sərt keçməyib...dağlarda qar yoxdur... çaylarda su azdır... Onu da kənd əhlinə başa salmaq gərəkdir ki, taxıl vergisinə heç vaxt güzəşt olmayıb, olmayacaq. Və bu barədə atabəy-əzəm hələ sağlığında xüsusi fərman sadır etmişdir və mən o fərmanı heç vaxt ləğv etmək niyyətində deyiləm. Çünki çörək ölüm – dirim məsələsidir... Dövləti, ölkəni çörəksizlik nüfuzdan salar, kişini çörəksizlik cayiiz edər. Həm də ac qılınca çapar deyiblər ha!.. – Cahan Pəhləvanın eyhamını deyəsən rəis başa düşdü. Başını mənalı-mənalı silkələyib dəbirə baxdı.
Dərban və mühafiz (yay söhbəti)– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis!
Yurdun qədim məkanlarından biriCahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.
MəsciddəNaxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...
Стихи других поэтов
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
EylərsənGözəl, səndə nə qaydadı,Gedəni yoldan eylərsən.
Eşqə könül verməyən cananı qıymaz banaEşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.