Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağı
Страница 3 из 4 · 50%
– Nəbinin heç basıldığı vaxt olmayıb?
Əhmədalı dedi:
– Olub... Niyə olmayıb?.. Ancaq igid elə basılanda da igiddi!
Sonra Əhmədalı əvvəl «Qaçaq Nəbi» havasını fışqırıqda çaldı, sonra papağının dalını qaldırıb oxudu:
Bozat, səni sər tövlədə bağlaram,
And içirəm, səni məxmər çullaram.
Qızıldan, gümüşdən səni nallaram,
Əgər məni bu davadan qurtarsan.
Mən gözümü Əyriqayadan çəkmirdim. Mənə elə gəlirdi ki, bir zamanlar igid Nəbinin səngər elədiyi bu qaya əsrarəngiz, canlı bir məxluqdur, elə bil ki, o axşamın toranında əbədi susmağa məhkum edilmişdir.
Mən Əhmədalıdan soruşdum:
– Sən heç adam öldürmüsən?
Əhmədalı güldü:
– Neyləyirsən, qaqaş?
– Elə-belə soruşuram, öldürmüsən?
– Öldürməmişəm, amma yaralamışam.
– Güllə ilə?
– Yox, xəncərlə.
– Bu belindəki xəncərlə?
– Hə, – deyə Əhmədalı güldü.
– Nə cür? – Mən əl çəkmədim.
Əhmədalı dedi:
– Nə cür olacaq?.. Zarafatlaşırdıq, sözümüz çəp gəldi, xəncəri çıxarıb yeritdim böyrünə. Amma ölmədi.
– Bəs sonra oğlan necə oldu?
– Odur ey, kürən dayın üstündə gedir!
Mən təəccüblə dedim:
– Hacı?!
– Hə... – deyib Əhmədalı gülümsəyərək ayaqlarını usdufca tərpətdi.
Sonra atını Hacının atına yaxınlaşdıraraq zarafatyana mənə dedi:
– İnanmırsan, özündən soruş.
Mən dedim:
– Hacı dayı, o düzdür ki, Əhmədalı dayı xəncəri soxub sənin böyrünə?
Hacı gülümsəyib dedi:
– O düzdü, amma sən ondan soruş ki, bəs Hacı sənin böyrünə neçə güllə ilişdirdi?
Mən qanrılıb təəccüblə Əhmədalıya baxdım. O gülümsəyib dedi:
– Səfeh güllələr idi, qaqaş, üçü də dərini üzdən deşib keçmişdi.
Hava qaralmışdı. Biz dolayları çıxıb dağın döşündən keçən dar cığırla bir-birimizin ardınca gedirdik. Cığırın alt tərəfi qaranlıq uçurum idi. Sonra çiskin başladığından bir addım qabağı görmək olmurdu. Ancaq atlar rahatca gedirdilər. Biz dağı dolanıb düzənliyə çıxanda, anam atını yorğaladaraq bizə yaxınlaşdı, qaranlıqda üzümə diqqətlə baxıb soruşdu:
– Yuxulamırsan ki?
Mən bu çiskinli qaranlıqda onun səsindəki mehribanlıqdan fərəhlənərək:
– Yox, – dedim.
Anam atının tərkinə bağlanmış keçə xurcundan mənim gödəkçəmi çıxarıb Əhmədalıya verərək dedi:
– Al bunu, geyindir Murada.
Əhmədalı gödəkçəni mənə geyindirdi.
Biz bir qədər gedəndən sonra çiskin kəsdi, qara buludlar arasından Ayın bir parçası görünüb, yanlarından keçdiyimiz sıldırımlı qayaları, təpələri işıqlandırdı. Havada kəklikotu, yabanı nanə ətri duyulurdu. Biz qabaqda gedirdik, arxadan bəzən dayımla atamın, anamın danışıqlarını eşidirdim, yalnız Fatma nənəmin səsi çıxmırdı. Mən aydınlıq içində olan bu dağlara baxdıqca, anamgilin mülayim söhbətində, nə isə anlaşılmaz bir ümid, sevinc və şirin qayğı duyurdum və bu duyğu, elə bil, ağ ipək kəlağayı kimi üzümə toxunaraq məni xoşallandırırdı. Mən Əhmədalının qolumdan yapışan əlində etibarlı, doğma bir qüvvət hiss edirdim. Mənə elə gəlirdi ki, biz nə zamandan bərisə elə hey belə gedirik... gedirik...
– Qaqaş, yatma, az qalıb, indi çatırıq.
Mən diksinib gözlərimi açdım, Ay yenə də buluda girmişdi. Elə qaranlıq idi ki, göz-gözü görmürdü. Birdən üzümə yağış çiləyərək məni tamam ayıltdı. Bizdən xeyli yuxarıda tək-tək işıqlar göründü. Elə bil ki, bu işıqlar göyün bir parçasına səpələnmişdi və biz də eyzən onlara tərəf qalxırdıq: mən atların yoxuşa dikləndiklərini hiss edirdim. Və mənə elə gəlirdi ki, dünya bu intəhasız qaranlıqdan, bir də ucalıqda görünən o işıqlardan, bir də mənim hiss elədiyim xoş duyğulardan ibarətdir. Sonra, sanki o işıqlar göydən yerə enib bizimlə barabərləşdilər. Sonra uzaqdan itlərin səsini eşitdim, elə bil ki, bu səslər hardansa tamam ayrı bir aləmdən, naməlum, gözəl bir aləmdən gəlirdi. Ancaq biz irəlilədikcə, o səslər də güclənib reallaşırdı və reallaşdıqca bayaqdan bəri ağ ipək kəlağayı kimi üzümü, bütün varlığımı oxşayan duyğular da sanki uçub gedirdi və mən anlaşılmaz bir məyusluq hiss edirdim...
Nəhayət, biz alaçıqlara yaxınlaşanda iri qoyun itləri qəzəblə hürə-hürə bizi dövrəyə alıb az qalırdı atların üstünə tullansınlar.
– Ə, kimsiniz?
Bu səsin ardınca tüfəng çaxmaqlarının şaqqıltısı eşidildi.
Əhmədalı sakit səslə dillandi:
– Bizik, ə! İtlərin qabağına durun!
Həmin səs qaranlıqdan soruşdu:
– Əhmədalı, sizsiniz?
Əhmədalı dedi:
– Ay tanrısız, itin qabağına dur!
Kişilər itlərə acıqlandılar. Atamla dayım qabaqca düşdülər. Eyvaz əminin arvadı Gülzar, bacımı Hacının qucağından alıb üzündən öpərək alaçığa apardı, Əhmədalı məni yəhərdən qaldırıb yerə qoyaraq özü də düşdü.
Bir oğlan yüyürüb anamın, digəri isə nənəmin atının başını tutaraq üzəngisini basdılar, anamgil də atdan düşdülər.
Sonra hamımız ortasında ocaq alovlanan iri keçə alaçığa girdik. Alaçığın çubuğundan zəif işıqlı fənər asılmışdı. Bayram babamın anası Səkinə qarı Fatma nənəmlə anamdan başqa hamımızın üzündən öpdü. Ucaboylu, enlikürək, ağ üzündə qoşa xalı olan göyçək bir arvad idi. Yaşı səksəni çoxdan keçməsinə baxmayaraq, qəddi dümdüz, dişləri ağappaq idi. Əynində tünd parçadan uzun tuman, arxalıq var idi. Kişi kimi bərkdən və dolğun səslə danışırdı. Mənə gülümsəyə-gülümsəyə baxıb deyirdi:
– Gözləri lap Yaqutun gözləridi.
Bayram babamın qardaşı Eyvaz əmi də kişilərlə əl tutuşdu. Onun arvadı Gülzar ocağın qırağında keçənin üstünə güllü döşəkcələr saldı, hava soyuq olduğu üçün ocağın istisi bizə ləzzət verirdi. «Yəqin indi aranda Zinyət tər tökür» deyə mən düşündüm və onu qoyub gəldiyimizə heyifsiləndim.
Bizə dərhal çay gətirdilər.
Eyvaz əmi bardaşqurma oturub, üzərində ceyran şəkli olan qara rəngli taxta qutusundan papiros bükə-bükə dedi:
– Səhərdən qoymamışıq samovarın odu sönsün ki, indi gələrsiniz, bir hovurdan gələrsiniz...
Nuru dayım yoldakı əhvalatı danışdı. O danışdıqca, Eyvaz əminin üzü ciddi bir ifadə alırdı. Kişi Nuru dayıma diqqətlə baxaraq, sanki onun nə dərəcədə düzgün hərəkət eləmiş olduğunu təyin eləmək istəyirdi. Bu vaxt Hacı ilə Əhmədalı da bayırda alaçığın qapısından düşən işıqda yekə bir erkək kəsib soyurdular. Hər biri, az qala, bir öküz boyda olan itlər bir qədər aralıda dayanıb gözlərini soyulmaqda olan erkəyə zilləmişdilər. Əhmədalı hərdən ətin orasından-burasından kəsib onlara atır və itlər tikəni havada qapıb yedikcə bacım Mahtab qəhqəhə ilə gülürdü. Səkinə nənə də «başına dönüm...» deyə onu sevib oxşayırdı. Eyvaz əminin təxminən mən yaşda olan ərköyün oğlu Güloğlan da qızın itlərə belə gülməyinə təəccüblə tamaşa edirdi.
Sonra Hacı ilə Əhmədalı biş-düş üçün qurulmuş o biri komadan dalbadal kabab, bozartma bişirib gətirdilər...
Yeməkdən, söhbətdən sonra atam, anam, mən, bir də bacım bu alaçıqda yatdıq, Fatma nənəmlə Nuru dayım o biri alaçığa keçdilər, Eyvaz əmigil də komada yatdılar.
Biz yerimizə girəndə atam arxa tərəfdən alaçıq keçəsinin böyrünü azca yuxarı atdı ki, hava gəlsin, sonra atam asma fənəri söndürdü. Mən yenicə huşa getmişdim ki, alaçığın lap böyründə, bayırdan xışıltıya bənzər bir səs eşidib:
– O nə səsdi? – deyə böyrümdə yatmış anamdan soruşdum.
– Dəvədi, – deyə anam yuxulu cavab verdi, – gövşəyir.
Atam da mənə dedi:
– Gözünü yum, yat.
Mən gözümü yumdumsa da, uzun zaman yuxuya gedə bilmədim. Yadıma gələn zamandan bu ana qədər görüb eşitdiklərim mənə nağıl kimi görünürdü. Və mənə elə gəlirdi ki, hansı zamandasa mən bütün bu hadisələrin iştirakçısı olmuşam. Elə bil ki, hansı vaxtdasa içində yatdığım bu alaçıqda yatmışam.
Mən alaçıq keçəsinin açıq yerindən buludsuz göyü və Ayı görürdüm və yenə də mənə elə gəlirdi ki, bəlkə də, yüz, ya min il bundan qabaq alaçıq keçəsinin açıq yerindən göyü və Ayı elə beləcə görmüşəm və indi nəyəsə hürən itlərin səsini eşitmişəm.
... Səhər mən geyinib alaçıqdan bayıra çıxanda gömgöy səmaya qalxan Günəşin almaz kimi iti işığında bütün çölü bürüyən qıpqırmızı lalələri meh tərpədirdi. Qoruqda cidarlanmış erkək at başını dik tutaraq uzaqda otlayan çılpaq madyanlara baxırdı. Boz qayalı dağın döşünə yayılmış qoyun sürüləri görünürdü. Ayaqyalın oba uşaqları şehli otun içində səs-küylə ora-bura qaçışıb oynaşırdılar. Bir az böyükləri, analarının sağdıqları inəkləri aparıb dağın döşündə otlayan heyvanlara qatır, ya da çılpaq atları minib aşağı dərədən çıxan bulağa suvarmağa aparırdılar.
Eyvaz əmigilin ağ alaçıqlarının ətrafında qara keçələrdən qurulmuş komalar düzülmüşdü. Bunlar kasıbların idi. Bunlar alaçıq kimi uca və geniş deyildi. Kürdoba bir neçə oymaqdan ibarət idi. Hər oymağın öz yurdu və öz başbiləni var idi. Başbilən isə, sayılan adam hesab olunurdu və bütün oymağın təəssübünü çəkirdi. Eşşək bulağının üstündəki dağın döşünə düşən bu oymaq Kərbəlayı İbixanlıların idi. Bir qədər aralıda «Əyri qar» deyilən dağın döşündə görünən Karlar oymağı idi. Kürdobanın Uzunhəsənlilər, Hacıqulular adlanan oymaqları dağın o biri üzünə düşdükləri üçün görünmürdülər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-bizim-yaylaga-kocmeyimiz-o-tayli-qacaqlar-cavan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gün atam bazardan həyəcanla gəlib dedi:– Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər.
Bayram babama güllə atılması və qoca qaçaqAtamın ticarət işləri də gündən-günə tərəqqi etməkdəydi. O, mal gətirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi.Həmin bu dövrdə anamın malyariyası yenə də başlamışdı. Hər gün bərk titrədib-qızdırırdı. Vurulan iynələrin yerləri də çirk eləmişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam bir-iki ay kəndə gedib havasını dəyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.
Güney Güzdəkdə nələr düşünürdüm...Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Стихи других поэтов
Neçə şərt ilə ölçülərsə camal,Şərt-əvvəldir hüsnə əqlü kamal.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Mənə DilbərQız, belə gəzməyin aşıq öldürür,Telindən tel ayır sat mənə, Dilbər!