Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağı
Страница 4 из 4 · 75%
Səkinə nənə alaçıqdan çıxaraq mənə dedi:
– Qadan alım, itlər səni tanıyanacan uzağa getmə.
Sonra Səkinə nənə üzünü komalardan birinə tərəf tutub çağırdı:
– Qaraca, ay Qaraca!
On bir-on iki yaşında qarabəniz, ayaqyalın, əynində əldətoxuma kobud şaldan köhnə şalvar-pencək olan bir oğlan komadan çıxıb, mismar deşiklərinə bənzəyən xırda gözlərini ovuşdura-ovuşdura batqın səslə soruşdu:
– Nədi, əşi?
Səkinə nənəm ona mehriban bir nəzər salıb dedi:
– İndiyəcən niyə yatmısan, ay tanrısız?
Sonra məni göstərib əlavə etdi:
– Murad qağanı apar, sapand hör, şaqqıldayan sapand... alabəzək...
Qaracanın burnu uzun və yana tərəf əyri idi. Ona görə də yandan baxanda, burnu qılınc kimi görünürdü. Mənə qıyqacı bir nəzər salıb, Səkinə nənəyə dedi:
– İpim hardaydı?..
Səkinə nənə dedi:
– Gəl bəri, ip verim.
Qaraca Səkinə nənə ilə alaçığa girərək əlində qırmızı, sarı, narıncı ip bayıra çıxıb mənə bir söz demədən getdi öz komalarına, mən də onun ardınca getdim. Komada torpağın üstünə köhnə bir keçə salınmışdı, ortalıq ocağında qoyun qığı tüstüləyirdi, komanın bir bucağında bir neçə mis qab-qacaq, o biri bucağında isə üstünə köhnə kilim çəkilmiş yük yığılmışdı.
Qaraca (sonra bildim ki, onun əsil adı Yusifdir) keçənin üstündə oturub ipləri tökdü qabağına, sonra altdan yuxarı mənə qıyqacı baxıb dedi:
– Ay tanrısız, niyə durmusan, otur dayna.
Sonra o ipləri komanın çubuğuna keçirib, cəld hörməyə başladı, mən də çömbəltmə oturub ona baxırdım. Sonra ucaboylu, çox yaraşıqlı, sağlam bir gəlin olan anası Qızyetər his basmış mis qazanda süd gətirib, ocağın ətrafında düzülmüş daşların üstünə qoydu və gülümsəyib mənə dedi:
– Sən bizim bu kasıb komamıza xoş gəlmisən, qadan alım.
Sonra Qaracaya dedi:
– Bacın gələndə süd töküb çörəklə içərsiniz.
Qızyetər yaxasındakı gümüş pulları cingildədə-cingildədə iti addımlarla komadan çıxdıqda mən Qaracadan soruşdum:
– Hara gedir anan?
O, gözünü işindən çəkməyərək quru tərzdə cavab verdi:
– Əmimgilə nehrə çalxalamağa gedir.
Qaraca Bayram babamın neçə il qabaq vəfat eləmiş qardaşının oğlu idi, ancaq mən lap ilk görüşdən hiss eləmişdim ki, onlarla babamgilin, Eyvaz əmimgilin həyatları bir deyil, yəni Qaracagil çox kasıbdılar. Qaracanın əlinin iki axırıncı barmağı bükülmür, ancaq bu, onun sürətlə sapand hörməyinə mane olmurdu.
Sonra anam məni səhər yeməyinə səslədi. Mən durub böyük alaçığa getdim. Fatma nənəm, Nuru dayım, atam, anam, Eyvaz əmi və onun ərköyün oğlu Güloğlan böyük süfrənin ətrafında əyləşmişdilər. Eyvaz əminin arvadı Gülzar samovarın böyründə oturub çay tökürdü. Süfrədə sarı buğda unundan papiros kağızı kimi nazik ağ yuxa, qaymaq, beçə balı, üzlü motal pendiri, nehrədən təzə çıxmış kərə yağı var idi.
Mən bu yeməklərə baxdıqca, Qaracagilin kasıb komaları gözümün qabağından getmirdi və Eyvaz əmimin şənliyi, zarafatları məni acıqlandırırdı. Axı Eyvaz əmi Qaracanın doğma əmisi idi. Bəs onun ürəyi necə dözürdü ki, özləri belə yeyib-içdikləri halda, vəfat etmiş qardaşının uşaqları o cür olsunlar? Elə həmin bu andan da mən Eyvaz əminin ərköyün oğlu Güloğlanı sevmədim, onun totuq, qırmızı yanaqları məni əsəbiləşdirirdi, yanıma gələndə xəlvətcə acıqlanıb qovurdum. Uşaq da (o məndən bir yaş kiçik idi) həmişə mənim onunla bu cür rəftarıma təəccüb edirdi.
Mən könülsüz yeyib-içirdim, gözümü alaçığın açıq qapısından Qaracagilin komasına zilləyirdim, mənə elə gəlirdi ki, onların balaca, kasıb komalarının qabağında bizim bu cür yeyib-içməyimiz ayıb işdir. Qaracanın mənə sapand toxuması da indi məni əvvəlki kimi sevindirmirdi.
Birdən Qaraca bayıra çıxaraq bizə tərəf qıyqacı bir nəzər salıb, alabəzək sapandı mənə göstərdi və süfrədəki yeməklərə bir dəfə də olsun baxmadı. Onun bu hərəkəti, elə bil ki, bizim aramızda birdən-birə lal bir ünsiyyət yaratdı. Süfrə ətrafında əyləşənlər Qaracanı gördülər, amma əhəmiyyət vermədilər. Mən südü tələsik içərək qalxıb onun yanına yüyürdüm.
– Gəl bəri! – deyə o, qabağa düşdü.
Biz obadan bir qədər aralanıb, boz qayalığa qalxdıq, daşların aralarında bitmiş kəklikotunun, yabanı nanənin ətri indi səhərin bu təravətli havasında daha kəskin duyulurdu. Qaraca sapanda bir daş qoyaraq hərləyib atdı dərənin o biri üzünə, sapandın şaqqıltısı qayalıqda əks-səda verdi. Sonra Qaraca sapanda bir daş qoyub verdi mənə:
– Al, at!
Mən onun kimi uzağa ata bilmədim, sapand da şaqqıldamadı. Qaraca mənə məzəmmətlə baxıb:
– Ay tanrısız, – dedi, – heylə niyə atırsan, çolaq-zad döyülsən ki?..
Yenə də özü lap dərənin o tərəfinə daş atıb sapandı şaqqıldatdı:
– Gördün?! Al, mənim kimi at.
Mən yenə də daşı nə uzağa ata bildim, nə də sapandı şaqqıldatdım.
Qaraca mənə sərt, qıyqacı bir nəzər salıb, dağ yuxarı qaçaraq gedib quzu otaran uşaqlara qoşuldu, mən də özüm-özümə aciz-avaranın biri kimi görünərək qayıtdım alaçığın qabağına.
Qız-gəlin yığılmışdı anamın başına. Babamın ətli-canlı, döşlərinin hər biri balaca bir qarpız boyda, zarafatcıl bacısı qızı Güləndam nə isə məzəli bir əhvalat danışır, anamgil də gülüşürdü. Onlardan bir az aralı güneydə Səkinə nənə, atam, bir də Eyvaz əmi oturub söhbət edirdilər. Fatma nənəm isə alaçığın ağzında təkcə oturub, bir əlində papirosu tüstülənən müştüyü, uzaq üfüqdəki dumanlı dağlara baxırdı. Hiss olunurdu ki, arvadın fikri də uzaqlardadır. «Kim bilir... Bəlkə, nənəm Kirs meşələri arasındakı bacı-qardaşlarını, qohum-əqrəbalarını xatırlayır». Ürəyimi anlaşılmaz qəm-qüssə bürüdü, nə üçünsə «yazıq nənə...» deyə düşündüm. Bəlkə də, bu ondan idi ki, Fatma nənəm bu obada qərib görünürdü, hiss edirdim ki, hamı arvada yad kimi baxır, bunu büruzə verməsələr də, mən hiss edirdim. Fatma nənəm də söhbətlərə qoşulmağa, adamlarla qaynayıb-qarışmağa can atmırdı.
Eşşək bulağının üstündəki qayanın kölgəsində oba cavanları Nuru dayımın başına yığışmışdı, bərkdən danışıb gülürdülər. Mən Fatma nənəmə nə isə mehriban bir söz demək istədim, amma bir söz tapmadım, bəlkə də tapsam da deyə bilməzdim. Çünki atam-anam (xüsusən atam) heç bir zaman mənimlə mehriban danışmadıqları üçün, məni sevib oxşamadıqları üçün mən də başqasına mehriban bir söz deməkdən çəkinirdim. Elə bil ki, bunu həqarət hesab edirdim. Mən insanlar haqqında yaxşı hisslərimi qeyri-şüuri olaraq gizləməyə çalışırdım. (Bu hal məndə çox-çox sonralar da davam elədiyi üçün kişi tayfası məni «yekəxana», «eqoist», qadın tayfası isə «daşürəkli», «qəddar», daha nə bilim, nə adlandırırdı.)
Mən Fatma nənəmin yanında darıxaraq qaçdım dayımgilin yanına, ona görə ki, mənim xoşuma gələn Əhmədalı oradaydı, Hacı oradaydı, onların hərəkəti, danışığı məni maraqlandırırdı, məndə isti, səmimi duyğular oyadırdı.
Nuru dayım başına toplaşan cavanlardan soruşdu:
– Kim üçaylıq toğlunu təkbaşına yeyə bilər?
Araya ani bir sükut çökdü, sonra Əhmədalı qabarıq döşünü irəli verərək dedi:
– Mən!
Dayım onu qızışdırmaq üçün dedi:
– Yeyə bilməzsən!
Əhmədalı əlini ona uzadıb dedi:
– Gəl, mərcləşək!
– Mərcləşək! – deyə dayım onun əlindən tutdu. – Nədən?
Əhmədalı dedi:
– Sən durbindən. (Dayımın binoklu obada ən maraqlı şey hesab olunurdu...)
– Sən də boz ürgədən! – deyə dayım Əhmədalının cidarlanmış atını göstərdi.
Boz ürgə obanın ən qaçağan cins atlarından hesab olunurdu.
Əhmədalı bir az fikirləşib:
– Yaxşı, – deyə, dayımın əlini qüvvətlə sıxdı.
Dayım iki cavan oğlana dedi:
– Yüyürün, əmimgilin sürüsündən bir toğlu gətirin.
... Beş dəqiqənin içində toğlunu Əhmədalı özü kəsdi, soyub, doğradı. Sonra böyük bir ocaq çatdılar. Mərcin şərtinə görə, toğlunun baş-ayağından başqa heç nəyi qalmamalı idi. Əhmədalı əvvəlcə toğlunun budlarını şişə çəkib qoydu təl atmış közün üstünə, sonra üzünü öz komalarına tərəf tutub bərkdən dedi:
– Az! Ordan bir parç ayran gətir!
Əhmədalının belində enli gümüş kəmər, əynində güllü çitdən tuman-kofta olan on altı-on yeddi yaşlı gəlini, mis parç dolusu ayran gətirib verərək, heç kəsin üzünə baxmadan qayıdıb getdi. O, iti addımlarla yeridikcə, yaxasına düzülmüş gümüş pulların cingiltisi eşidilirdi.
Əhmədalı kabab olmuş budları balta kimi sağlam, ağappaq dişlərinə çəkəndən sonra sacı tərsinə ocağın üstünə qoyub, doğranmış əti tökdü içinə, başladı qovurduqca yeməyə.
Qərəz, Əhmədalı ayrandan içə-içə toğlunu axırıncı tikəsinəcən yedi, sonra ayağa qalxaraq boz ürgəsini cidardan açıb üstünə tullanaraq üzüaşağı çapdı və çapa-çapa tapançasını qoburdan çıxarıb dalbadal havaya üç güllə sıxdı. Güllələr qayalarda «şaraqq-şaraqq» əks-səda verdi. Komanın ağzında dayanmış qoca Mustafaoğlu Mehdi uzunçubuqlu demisini ağzından götürüb dərindən nəfəs alaraq dedi:
– Atası Tanrıqulu da belə igid idi.
Haçandan-haçana Əhmədalı qayıdıb yerə tullanaraq boz ürgəni yenə də cidarladı. Mən heyrətlə ona baxırdım, elə bil ki, o heç nə yeməmişdi. Dayım mənə dedi:
– Yüyür, alaçıqdan mənim durbinimi gətir.
Mən də həvəslə yüyürüb durbini gətirdim və dayım onu Əhmədalıya uzadaraq dedi:
– Halal malındı.
Əhmədalı durbini alıb gözünə tutaraq dedi:
– Bundan ötrü lap iki toğlu da aşırmaq olar.
Mən ona da təəccüb edirdim ki, Əhmədalının cavan arvadı komalarının qapısında qurulmuş əl dəzgahında şal toxuduğu halda, bir dəfə də olsun, başını qaldırıb ərinin bir toğlunu necə yediyinə fikir vermədi. Yalnız Əhmədalı çılpaq ürgəni sıldırımlı dağdan üzü enişə çapdıqda, gəlin əl saxlayıb bir neçə saniyə onun ardınca baxaraq, sonra yenə də işinə davam elədi. Sonra Əhmədalı oradakı adamlara dedi:
– Ə, bu heç yaxşı olmadı ki, siz durub baxdınız, mən yedim.
Sonra orada olan kiçik qardaşı Qaçaya dedi:
– Yüyür, bizim sürüdən bir toğlu gətir!
Nuru dayım nəşə ilə dedi:
– Hə, bax buna varam!
Təzədən ocaq çatdılar. Bu dəfə qoyunu Hacı kəsib soydu. Əhmədalının gəlini yuxa, pendir, ayran gətirdi. Xırman kimi yastı qayanın üstündə halay vurub oturdular.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-bizim-yaylaga-kocmeyimiz-o-tayli-qacaqlar-cavan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gün atam bazardan həyəcanla gəlib dedi:– Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər.
Bayram babama güllə atılması və qoca qaçaqAtamın ticarət işləri də gündən-günə tərəqqi etməkdəydi. O, mal gətirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi.Həmin bu dövrdə anamın malyariyası yenə də başlamışdı. Hər gün bərk titrədib-qızdırırdı. Vurulan iynələrin yerləri də çirk eləmişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam bir-iki ay kəndə gedib havasını dəyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.
Güney Güzdəkdə nələr düşünürdüm...Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Стихи других поэтов
Neçə şərt ilə ölçülərsə camal,Şərt-əvvəldir hüsnə əqlü kamal.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Mənə DilbərQız, belə gəzməyin aşıq öldürür,Telindən tel ayır sat mənə, Dilbər!