Doqquzuncu şəkil
İbrahim xanın iqamətgahı. Vanya daxil olur.
İbrahim xan
Nə xəbərlə gəlmisən, Vanya yüzbaşı?
Vanya
Gecə-gündüz əlahəzrətin kölgəsində dolanıb, onun böyük səltənətinə xidmət eləmək səadətini Allah Vanya yüzbaşıya çox görməsin. Siz və sizin qəhrəman atanız Pənah xan, Qarabağın Domu, Tuğ, Hadrut, Xankəndi, Daşaltı kimi səfalı yerlərində biz erməni gəlmələrinin yerləşib, ev-eşik tikib, kəndlər salmağımıza kömək eləmisiniz.
İbrahim xan (səbirsiz halda)
Yaxşı, Vanya yüzbaşı, sən bu sözləri mənə çox ərz eləmisən. Sonra?
Vanya
Əlahəzrət! İnsan gərək yaxşılığı unutmasın. Əlahəzrətə məlumdur ki, mənim gətirdiyim xəbərlər Allahın köməkliyilə həmişə düz çıxıb.
İbrahim xan
Hələ ki, düz çıxıb.
Vanya
Mərhəmətli hökmdarımıza məlum olsun ki, Fətəli şahın xeyli böyük qoşun dəstəsi gecələrin bərk qaranlıq keçməsindən istifadə edərək, Naxçıvan və İrəvan xanlıqları sərhədlərinə tərəf hərəkət etməkdədir.
İbrahim xan
Sonra?
Vanya
Sonrasını deməyə cəsarət etmirəm, əlahəzrət...
İbrahim xan (qalxaraq, qəzəbli halda)
Qorxma, söylə.
Vanya
Sizin oğlunuz Əbülfət xanın başçılığı ilə beş min nəfərlik şah qoşunu da Qarabağın Tuğ kəndinə tərəf yeriyir.
İbrahim xan
Hardan bildin ki, o qoşunun başçısı mənim oğlum Əbülfət xandır?
Vanya
Əlahəzrət, mənim xəbərçilərim çox bic dığalardır. Özləri də əlahəzrətin övladlarını yaxşı tanıyırlar... Onlar Tuğ, Kirs meşələrilə sürünə-sürünə, ağacdan-ağaca dırmaşa-dırmaşa qoşunun qərargahına xeyli yaxınlaşıb Əbülfət xanı aydın görüb tanıyıblar. Bizim Karapet keşişin oğlu...
İbrahim xan (əsəbi halda)
Nə deyir keşişin oğlu Ərtün?
Vanya
Deyir, mənim ağlımca Əbülfət xanın qoşunu Qarabulağı keçib Şuşa və Gəncə qalalarına tərəf gedəcək.
İbrahim xan
Səncə, İran qoşununun Quzey Azərbaycana bu cür yeridilməsindən Fətəli şahın məqsədi nə ola bilər?
Vanya
Əlahəzrət, siz biz erməni xalqına o qədər böyük iltifat göstərmisiniz ki, gərək sizin sadiq qulunuz Vanya yüzbaşı görüb hiss elədiklərini, ağlının dərk elədiyini olduğu kimi sizə ərz eləsin. Cənabınıza məlumdur ki, Fətəli şah əslən türk olsa da, Ağa Məhəmməd şah zamanında olduğu kimi, onun da bütün dövlət işləri farsca gedir. Özü farsca danışır. Demək, şah özü, bir növ, farslaşmışdır. O da əlahəzrətə məlumdur ki, farsların qədim dövrdən bəri türklərlə araları yoxdur. Onlar türkləri öz mədəniyyətlərindən xeyli aşağı hesab edirlər.
İbrahim xan (qəzəbli halda)
Onlar bunu açıq etiraf eləməyə cəsarət eləməzlər.
Vanya
Əlbəttə ki, əlahəzrət, açıq etiraf eləməzlər. Ancaq əlaltından işlərini görürlər. Şah da tamamilə fars təsirində olduğu üçün, istəyir ki, həm Güney Azərbaycanı, həm də Quzey Azərbaycanı istila eləyib, tamam İran «şiri-xurşidinə» tabe eləsin. Əlahəzrət, İranda farslar türklərdən az olsalar da, hökumətin siyasətinə təsirləri güclüdür. Ərz elədiyim kimi, dilləri İranda hakim dövlət dilidir. Bu isə çox mühüm məsələdir.
İbrahim xan (öz-özü ilə danışırmış kimi)
Bəs, şahın bütün dövlət işlərində iştirak eləyən ağıllı qızım Ağabəyim, qəhrəman oğlum Əbülfət nə düşünür? Məgər onlar bilmirlərmi, mənim yeganə arzum bütün xanlıqları birləşdirib müstəqil Azərbaycan dövləti yaratmaqdır? (Qəzəblə.) Necə olub ki, Fətəli şah məhz mənim oğlumun komandası ilə Quzey Azərbaycana beş min qoşun göndərir? Doğrudanmı, istila məqsədilə?
Vanya
Yəqin, əlahəzrətə məlumdur ki, Fətəli şah da Nadir şah kimi, Ağa Məhəmməd şah kimi tamam fars təsirində olduqları üçün heç vaxt razı olmazlar ki, Azərbaycan İrandan tamam ayrılıb, müstəqil bir dövlət olsun... Əlahəzrət, qulluğunuza ərz edim ki, mən bu barədə düşünərkən, həm də bizim erməni xalqının taleyini nəzərdə tuturam. Yenə də təkrar edirəm ki, siz bizim yazıq ermənilərin İranda, Qarabağda yerləşib, özlərinə güzəran düzəldib yaşamalarına imkan yaratmısınız... Əgər, Allah eləməmiş, bütün Azərbaycan İran şahının əlinə keçsə, onlar buna razı olmazlar.
İbrahim xan (öz-özünə)
Bu xristian haqlıdır. Fətəli şah Quzey və Güney Azərbaycanın birləşib, onun qulağının dibində müstəqil bir dövlət olmasına dözməz. (Pauza. Vanyaya). Sən bu gün təğyiri-libas olub, xəlvətcə Əbülfət xanın qərargahına gedib, ona deyərsən ki, mən təcili onu görmək istəyirəm.
Vanya (bərk qorxaraq)
Mənim çox zirək, yol-yolağa bilən xəbərçi dığalarım var. Əlahəzrətin icazəsilə onlardan lap bacarıqlısını bu saat göndərərəm.
İbrahim xan
Bu görüşü heç kəs bilməməlidir. Özün getməlisən. Əbülfət xana deyərsən ki, mənimlə məxfi görüşməlidir. Tərpən.
Vanya (bərk qorxaraq)
Əlahəzrət, Əbülfət ağanın qərargahına çatana qədər qoşun əhli məni tanıyıb tuta bilər.
İbrahim xan
Elə et ki, tanıya bilməsinlər. Farsca da, azərbaycanca da təmiz danışırsan.
Vanya (bərk qorxaraq)
Əlahəzrət, ədəbsizlik eləyirəm, o qızılbaş hərbiyyəlilər çox amansız olurlar. Məndən şübhələnib, soyundurub görsələr ki, müsəlman deyiləm...
İbrahim xan
Elə et ki, şübhələnməsinlər.
Vanya (dili topuq vura-vura)
Əlahəzrət...
İbrahim xan
Qurtardıq... Gedə bilərsən.
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-hokmdar-ve-qizi-doqquzuncu-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kürəkçay sahilində general Sisyanovun qərargahı. Böyük çadır. General Sisyanov, mayor Lisaneviç və Vanya.*Sisyanov**
İyirminci şəkilSisyanovun qərargahı. General Sisyanov Şəki hakimi Səlimxan və üç nəfər əyanın müşayiətilə gələn İbrahim xanı təntənə və hörmətlə qarşılayır.*Sisyanov**
İyirmi birinci şəkilSisyanov böyük ipək çadırda tək var-gəl edir. Mayor Lisaneviç daxil olur.*Sisyanov**
İyirmi ikinci şəkilBöyük ipək çadır. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
Стихи других поэтов
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
QalmadıGüvənmə dünyada dövlətə, vara,Fani dünya bir insana qalmadı.