Qəribcan
Страница 2 из 3 · 33%
– Professoru harada gördün?
– Axşam evinə zəng eləmişdim.
– Demək, hələ üç gündən sonra...
– Çoxdur?
– Çoxdur.
– İsti səni nə yaman karıxdırıb...
Mən cavab vermədim.
– Nə üçün dinmirsən?
– ...
– Allo, Qərib...
– Eşidirəm.
– Ayağının nömrəsi neçədir?
– Neyləyirsən?
– Bəs xəstəxanadan çıxanda nə geyəcəksən? Ayaqqabının bir tayı yadımızdan çıxıb rayonda qalıb.
– Doğrudan da...
– Neçədir nömrən?
– Qırx iki. Məsdən-zaddan ucuz bir şey olsun...
– Onsuz da bahasını almağa pulum çatmaz...
– Pul bir az məndə də var.
– Lazım olanda deyərəm. Qız soruşur ki, sənin üçün nə bişirib gətirək?
– Heç nə. Çox sağ olun!
– Bilirsən, qızın da mənim kimi təşəkkürdən acığı gəlir.
– Burada bizə hər şey verirlər.
– Bunu bir dəfə demisən. Bilirik. Dovğa istəyirsən?
– İstəyirəm!
Qız nə isə dedi. Səriyyə telefonda güldü.
– Ancaq Bakı dovğası olacaq ha...
– Eybi yoxdur. Bir az göyərti də tökərsiniz, olar əla.
Səriyyə mənim sözlərimi qız üçün təkrar etdi.
Gülüşdülər.
– Hələlik. Sağ olun!
– Niyə tələsirsən?
– Burada danışmaq üçün gözləyən var.
– Yaxşı, hələlik.
Mən dəstəyi yerinə asandan sonra xəstəxana mənə birdən-birə həbsxana kimi cansıxıcı və dözülməz göründü. Mən telefondan uzaqlaşıb aynabənddə qoyulmuş palma ağacının altında oturdum. Palmanın dibinə yenicə su tökülmüş olduğundan, torpaq hələ yaş idi. Ağacın başı qalxıb tavana dəyirdi. Ona görə də qəddi azca əyilmişdi. Yarpaqlar iri, yamyaşıl və təravətli idi. Elə bil ki, onlar gümrah nəzərlərlə ətraflarına baxır, bura haradan gəlib düşdüklərinə təəccüb edirdilər. Mən Zoğallı körpünü və yoldaşlarımı xatırladım. Mən onları görmək üçün özümdə şiddətli bir arzu hiss edirdim. Mən nə Zoğallı körpünü, nə Soltanla Kərəmxanı, nə də son tufanı Səriyyəsiz təsəvvür edə bilmirdim. Mən salmaqda olduğumuz o balaca körpü və onun yanından axan soyuq bulaq haqqında düşünərkən, eynilə kinofilmlərdə olduğu kimi, ön planda Səriyyəni görürdüm. Sonra körpünün bünövrəsinə qoyulmuş o balaca kağız parçasını xatırladım. O zaman mən zarafatla Səriyyəyə demişdim ki, siz daha bizdən ayrıla bilməyəcəksiniz. Biz bu kağızı bünövrəyə qoymaqla sizi tilsimə saldıq...
Ancaq mən bu ana qədər hisslərimi çox bacarıqla cilovlamışam. Mənim özünü öyənlərdən, özündən bədgüman olanlardan zəhləm gedir. Mən belə adamları yarımçıq və hətta vicdansız hesab edirəm (çünki vicdanla xudpəsəndlik heç bir zaman qaynayıb-qarışa bilməz). Mən, daxilimdəki «mən»in şiddətli hücumuna mətanətlə tab gətirdiyim üçün özümdən, öz vicdanımdan razı idim. Mən öz gözümdə ucalırdım. Mənim əzablarım tez-tez ən yüksək nöqtəyə çatırdı. Lakin mən davam gətirirdim. Bu əzablar isə Səriyyəni lap birinci dəfə gördüyüm vaxtdan başlamışdı. O, ərli qadın idi. Mənim isə heç zaman ərli qadınlarla işim olmamışdır. Mən həmişə «nə çoxdur dünyada gözəl qadınlar, qızlar! Qoy ərlilər cəhənnəm olsun!» demişdim. Mən Səriyyəni görəndən sonra da bu sözləri yüz dəfə, min dəfə öz-özümə təkrar etmişəm. Ona kobud cavablar vermişəm. Onun ucbatından gecələr yuxusuz qaldığım halda, gündüzlər görəndə qaşqabağımı töküb uzaqlaşmışam. Onun ərinə qarşı soyuq olması (mən bunu hiss edirdim) məni əsəbiləşdirirdi. Halbuki mənim bu hörmətli rəis oğlanı görməyə gözüm yox idi. Mən öz-özümə Səriyyəni məzəmmət edərək hirslə: «Siz qadınlar, – deyirdim, – çox nankor vücudsunuz. Adilin nəyi pisdir?» Bəzən mənə elə gəlirdi ki, Adili Səriyyədən böyük məmnuniyyətlə müdafiə edərdim... Mən ağrının şiddətindən ən yaxın adamına belə acığı tutan yaralı vəziyyətində idim. Bir dəfə tennis oynadığımız zaman o, mənə sataşaraq, bərkdən güldü və bu zaman o qədər gözəl, o qədər cazibədar göründü ki, mən onu döyməkdən özümü güclə saxladım. Bir an mənə elə gəldi ki, çılpaq qolları günəşdən yanıb qaralmış bu kəsik saçlı qız (mən heç vaxt onu qadın kimi təsəvvür edə bilmirdim) mənim taleyimlə oynayır. Nəinki mənim, hətta Adilin də. «Gəl, Adil, dostum, gəl bir çarə tapaq, bu oğlan xasiyyətli qızdan yaxamızı qurtaraq». Mənim o dəqiqələrdəki duyğularımın mənası belə idi.
Sonra o, mənim köynəyimi və əl yaylığımı yudu, ütüləyib gətirdi...
Mən xeyli vaxt nə köynəyi geydim, nə də yaylığı işlətdim (sonra ancaq o görsün deyə bircə dəfə həmin köynəyi geydim, iki-üç saatdan sonra çıxarıb çamadanımda gizlətdim). Mən Səriyyəyə kin bəslədiyim halda, onun yuyub-ütülədiyi bu köynəklə yaylığı yadigar saxlayırdım və hər dəfə çadıra girəndə, onların çamadanda olduğunu xatırlayıb kədərlənirdim. (Yadigar həmişə kədər doğurur). Mən düşünürdüm ki, vaxt gələcək, mənə ancaq bir köynəklə yaylıq qalacaq... O isə, kim bilir, haralarda olacaq...
Mən onların Zoğallıya gəldikləri günə lənətlər yağdırırdım. Mən onu hər gün bizim yanımızda qoyub getdiyi üçün Adilin qarasına qəzəblənirdim. Mən acığımdan on günlərlə üzümü təraş etmirdim. Heç kəslə kəlmə kəsib danışmaq istəmirdim. Mən, eyni zamanda, özünü dartmasına, bizə yuxarıdan-aşağı baxmasına görə yol rəisi Adilə nifrət edirdim. Mənə elə gəlirdi ki, o, qalstukunu bağlayanda da öz rəisliyi barədə düşünür və belə bir adama ərə getdiyi üçün Səriyyəyə daha çox acıqlanırdım. Mən nəyi isə əzmək, vurub-dağıtmaq istəyirdim. Beləliklə, mənim mənəvi aləmim bir qarma-qarışıqlıqdan ibarət idi...
Bütün bunlara baxmayaraq, mən öz daxilimdəki «mən»in, gecə səhərə qədər Səriyyə haqqında düşünüb əzab çəkən «mən»in «hakimiyyət başına» keçməsinə qarşı mərdanəliklə vuruşurdum və hər dəfə də ona qalib gəlirdim.
«Madam ki, sən öz xoşuna Adilin arvadı olmusan, madam ki, indi də onunla bir çadırda yaşayırsan, mənim səninlə işim yoxdur!» – deyə ürəyimdə Səriyyəyə xitabən qəzəblə danışırdım (guya ki, Səriyyə bu barədə mənə bir söz-zad demişdi!) «Mən başqasının haqqına əl uzadanlardan deyiləm. Ona görə yox ki, mən müqəddəs adamam, yaxud Adilin halına yanıram, ona görə ki, mən başqasının xoşbəxtliyində gözü olanlara nifrət edirəm. Mən bunu acizlik, qorxaqlıq, rəzillik sanıram. Başqasının payı nə qədər cəzbedici olsa da, mənə lazım deyil».
Mən Adilin həyat yoldaşı haqqında düşünməmək üçün əlimdən nə gəlirdisə, eləmişdim. Dünən isə Səriyyə öz əri haqqında çox qəribə danışırdı... Doğrudanmı, ayrılıblar?..
... Üç gündən sonra mən Səriyyənin gətirdiyi ayaqqabıları və köynəyi geyərək, xəstəxanadan çıxdım və biz qızgilə getdik. Ayağım tamam sağalmışdısa da, azca axsayırdım. Professor bunun da tezliklə sovuşacağını söylədi.
Qızgildə əvvəl özümü çox pis hiss elədim. Səriyyənin öz evlərində deyil, burada qalması, əri ilə münasibəti və mənim onun yaşadığı bu otağa gəlməyim mənə ağır, kədərli təsir bağışlayırdı. Mən öz səadətimin arxasında çiskinli payız havası kimi qüssəli bir şey duyurdum. Elə bil, kim isə qarşımızda dayanaraq, məzəmmət, töhmət dolu nəzərlərini mənə zilləmişdi. Adil, mənim onu xoşlayıb-xoşlamamağımdan asılı olmayaraq, gənc, bacarıqlı, işgüzar bir oğlan idi...
Lakin insanda elə duyğular var ki, onlara başqasının müdaxilə etməsi, «nə üçün belə edirsən, filan cür etmirsən?» kimi moizə oxuması çox zəhlətökən bir işdir. Ona görə də mən Səriyyədən əri barədə heç nə soruşmurdum. Mən öz səadətimdə nəyin isə çatmadığını hiss edərək susurdum.
Bir az əvvəl biz bu otağa daxil olanda, deyəsən, o da özünü yaxşı hiss eləmirdi. Lakin üzündəki gərgin ifadə tezliklə keçib getdi. O deyib-gülür, zarafat edirdi.
Birdən o, diqqətlə mənə baxaraq:
– Nə olub? – dedi. – Xəstəxanadan çıxan kimi yenə də qaşqabağını tökmüsən.
Mən sanki ağır yuxudan ayrılaraq, dərindən nəfəs alıb gülümsədim:
– Heç nə olmayıb... nə olacaq ki...
– Bəlkə bizim məclisimiz səni darıxdırır?
– Yox...
– Yəqin?
– Yəqin.
– Onda qaşqabağını tökmə.
– Ayaqqabı ilə köynəyə neçə vermisən?
– Üç yüz əlli manat.
Mən cibimdə olan beş yüz manatı çıxarıb, üç yüz əllisini ona uzatdım.
– Sonra verərsən.
– Lazım olsa, istəyərəm. Götür, səndə qalsın.
O, pulları alıb redikülünə qoydu və onun bu hərəkəti mənə xoş təsir bağışladı. Eyni hiss məndə, biz ayının pulunu saxlamaq üçün ona verdiyimiz zamanda da yaranmışdı. Qız mətbəxdə olduğundan, biz otaqda tək idik. Biz bir-birimizin üzünə baxmadan susurduq. «Kaş biz bir-birimizə sənin subay vaxtlarında rast gələydik, – deyə ürəyimdə ona xitab edirdim. – Bəlkə də o zaman mən özümü bu cür hiss etməzdim». Mən həm xoşbəxt, həm məyus idim. Deyəcək sözüm yox idi. Onsuz da hər şey aydın idi. Mənim Adildən xoşum gəlmirdi. Zoğallı körpüdə ona rast gəlməməyə çalışırdım. Mən bilirdim ki, o, arvadını çox istəyir... O vaxt bu məndə ona qarşı kin və qəzəb doğururdu. İndi isə mən ona acıyırdım. Mən özümü başqasının yuvasına soxulub, ləzzət çəkən canavar kimi hiss edirdim. Canavar isə yırtıcıların ən namərdidir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-qeribcan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eyni məkan. Ağabəyim ağa ilə Saday bəy.*Ağabəyim ağa**
Yeddinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan taxtda əyləşib. Mirmöhsün ağa da buradadır. Xidmətçi daxil olur.*Xidmətçi**
Səkkizinci şəkilİranda Fətəli şahın iqamətgahı. Ağabəyim ağanın otağı. Ağabəyim ağa həyəcanla səhnəyə daxil olaraq, pəncərənin pərdəsini qaldırıb bayıra baxır.*Yarın gecə vaxtında xoş əhvalını gördüm,
Doqquzuncu şəkilİbrahim xanın iqamətgahı. Vanya daxil olur.*İbrahim xan**