Qəribcan
Страница 3 из 3 · 67%
Mən daha özümü saxlaya bilməyib soruşdum:
– Adil buradadır, yoxsa gedib?
– Bilmirəm.
– Necə yəni bilmirəm?
– Nə üçün belə əsəbi soruşursan?
– Deyirsən, bilmirəm...
– Bilmirəm, çünki bir neçə gündür ki, ayrılmışıq.
– Nə üçün? (Mən bu sualın bir az əvvəlki düşüncələrimə zidd olduğunu bilirdim. Lakin bununla bərabər, soruşmamağı bacarmadım). Yoxsa sənin məni bura gətirməyinə acığı tutub?
– Acığı tutub, ancaq bizim ayrılmağımızın səbəbi təkcə bu deyil.
– Bəs nədir?
O, başını qaldırıb sərt nəzərlə mənə baxdı.
– Bu ancaq Adillə mənə aid olduğu üçün sən bilməsən də olar.
– Doğrudur!
– Nə vaxt gedirik?
– Hara?
– Necə hara? Zoğallı körpüyə.
– Sən yenə də ora getmək istəyirsən?
– Əlbəttə, istəyirəm... Yoxsa sənin sözlərin yadından çıxıb?..
– Hansı sözlərim?
– O vaxt Soltan bizim adlarımızı yazıb körpünün bünövrəsinə qoyanda, sən mənə dedin ki, daha bizdən ayrıla bilməyəcəksən. Bu kağızla biz səni tilsimə saldıq.
– Yadımdadır. Ancaq sən nahaq yerə mənim zarafatımı indi təkrar edirsən.
– Nə üçün?
– ...
O mənə uzun bir nəzər salaraq, birdən-birə dəyişilən mülayim səslə:
– Sən, – dedi. – Heç bir şeydə təqsirkar deyilsən, Qərib.
– Mən təqsirkar olmaqdan qorxmuram...
– Bilirəm. Ancaq təqsirkar deyilsən.
– Əgər sənin burada bir işin yoxdursa, sabah gedək.
– Gedək. Heç bir işim yoxdur.
Mən qalxdım.
– Qız da gedəcək?
– Əlbəttə!
– Onda səhər gedib avtobusa üç bilet götürərəm.
– Yaxşı. Nə üçün oturmursan?
– Mehmanxanaya gedirəm. Səhər zəng elərəm.
Onun üzü birdən sanki soldu. Pilləkənin başında mən dayanıb təkrar ona baxdım.
– Hələlik!
O susurdu. O, heç bir zaman mənə bu qədər solğun və gücsüz görünməmişdi.
– Hələlik, – deyə mən təkrar edib, onun əlindən tutdum.
Onun əli gözəl və oğlan əli kimi möhkəm idi.
Birdən o biri əli ilə üzünü tutub ağladı.
Mən susurdum.
O isə ağlayırdı. O, əli mənim əlimdə olduğu halda ağlayırdı.
– Gedək içəri.
Lakin o, əlini mənim əlimdən çəkib altdan-yuxarı üzümə baxaraq:
– Yaxşı, Qərib, – dedi, – get. Səhər zəng elərsən.
– Yox, getmirəm, – dedim və onun qolundan tutaraq içəri apardım.
Mən çox həyəcanlı idim. Mən onunla əlaqədar hər cür fədakarlığa hazır idim. İndi bu dəqiqələrdə deyil, çoxdan hazır idim!
Səhəri gün tezdən biz üçümüz də avtobusla «K» rayonuna yola düşdük.
Axşam gün batanda ora çatıb, gecəni qızgildə qaldıq. Səhər isə Səriyyə ilə mən taksiyə oturub Zoğallı körpüyə getdik.
Bakı, 1960.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-qeribcan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eyni məkan. Ağabəyim ağa ilə Saday bəy.*Ağabəyim ağa**
Yeddinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan taxtda əyləşib. Mirmöhsün ağa da buradadır. Xidmətçi daxil olur.*Xidmətçi**
Səkkizinci şəkilİranda Fətəli şahın iqamətgahı. Ağabəyim ağanın otağı. Ağabəyim ağa həyəcanla səhnəyə daxil olaraq, pəncərənin pərdəsini qaldırıb bayıra baxır.*Yarın gecə vaxtında xoş əhvalını gördüm,
Doqquzuncu şəkilİbrahim xanın iqamətgahı. Vanya daxil olur.*İbrahim xan**