Страница 2 из 13 · 8%

Mən sizə görə sevinirdim!

Həsənzadə

Mənə görə?

Nargilə

Bəli. O gələndə sizin kefiniz yaxşı olurdu. Danışırdınız, gülürdünüz... O olmayanda isə, saatlarla bu həsir kresloda oturub elə hey papiros çəkirdiniz. Hey düşünürdünüz...

Həsənzadə (gülümsəyir)

Qocalara başqa daha nə qalır ki...

Nargilə

Siz qocasınız?

Həsənzadə

Əlbəttə.

Nargilə (acıqlanır)

Yoxsa siz məni yüngülbeyin bir qız hesab edirsiniz?

Həsənzadə

Qətiyyən!

Nargilə

Onda nə üçün heylə deyirsiniz?

Həsənzadə

Mənim özüm haqqımda elə deməyimin sizə nə dəxli ola bilər?

Nargilə

Çox sağ olun. Mən sizdən belə kobud sözlər gözləməzdim.

Həsənzadə

Bağışlayın.

Nargilə

Yox, siz məndən üzr istəməyin... lap ürəyimi parça-parça eləsəniz də, mən sizin üzr istəməyinizə razı olmaram.

Həsənzadə

Təşəkkür edirəm. (Qısa pauza). Siz çox roman oxuyursunuz?

Nargilə

Nə üçün soruşursunuz?

Həsənzadə

Elə-belə...

Nargilə

Xeyr, mən Robinzon Kruzodan başqa heç bir roman-zad oxumamışam. (Təşəxxüslə). Mən riyaziyyatçıyam. Fizika, riyaziyyata aid əlimə nə keçdi, buraxmaram.

Həsənzadə

A... belə deyin.

Nargilə

Nə qədər çalışdım, o kifir qızı başa sala bilmədim ki, riyaziyyatçı olmaq istəyirəm. Qrammatikadan üç alsam da, yola gedərəm.

Həsənzadə

Bəs, axı dedik, müəllim haqqında belə hörmətsiz danışmaq yaxşı deyil...

Nargilə

Bağışlayın... Yadımdan çıxdı. Söz verirəm. (Pauza. Həsənzadə papiros çəkir, qız baxır). Təbiətin qəribə sirləri var...

Həsənzadə

Necə bəyəm?

Nargilə

Oğlunuz sizə o qədər oxşayır ki...

Həsənzadə

Hə... bir az oxşayır.

Nargilə

Bir az yox, lap çox!.. Gözləri, yerişi, duruşu, hətta papiros çəkməyi...

Həsənzadə (təəccüblə)

Məgər o, papiros çəkir?

Nargilə (özünü itirərək)

Yox... Bəlkə... elə-belə məşğuliyyət eləyirmiş. Mən bircə dəfə görmüşdüm. Bir-iki ağız çəkəndən sonra üz-gözünü bürüşdürüb tulladı. Doğru deyirəm.

Həsənzadə

Yəqin ki, doğru deyirsiniz...

Nargilə (ona diqqətlə baxaraq)

Yox! Yalan deyirəm! Papirosu axıra qədər çəkdi!

Həsənzadə (zarafatyana)

Üz-gözünü də bürüşdürmədi.

Nargilə

Yox! (Üsyankar). Axı çəkəndə nə olar... Maşallah, pəhləvan kimi oğlandır. Papiros ona neyləyəcək?! (Yavaş və mütəəssir səslə). Mən istəyirəm ki, siz heç bir şeyin fikrini eləməyəsiniz...

Həsənzadə

Başa düşürəm... Sağ olun...

Nargilə

Xoşbəxtlik gün kimi onun başı üzərində hərlənir.

Həsənzadə (birdən canlanaraq)

Siz eləmi güman edirsiniz?

Nargilə

Əlbəttə. Ali təhsilli, ağıllı, gözəl... sağlam... Sizin kimi də atası!.. Xoşbəxtlik üçün daha ayrı nə lazımdır ki?!

Həsənzadə (dərindən nəfəs alaraq)

Yox... Həqiqi xoşbəxtlik üçün sizin dedikləriniz hələ çox azdır. Əsil məsələ bu sifətlərdən necə istifadə eləməkdə, insanlar üçün, özün üçün nə kimi xeyirli işlər görməkdədir.

Nargilə (pərişan halda)

İnsanlar üçün...

Həsənzadə

Doğru deyilmi?

Nargilə (birdən)

Yox!

Həsənzadə

Bəlkə, siz hamıya kin bəsləyirsiniz?

Nargilə

Sizdən və yazıqlardan başqa!

Həsənzadə

Yazıq kimlərə deyirsiniz?

Nargilə (xəyal içində)

Surikə, anama...

Həsənzadə

Surik kimdir?

Nargilə

Yoldaşımdır... Onilliyi bir yerdə qurtarmışıq. Doğrudur, bir az yüngülbeyinliyi var... ancaq yazıqdır. Anam da yazıqdır, çünki iradəsizdir, qorxaqdır. Rica edirəm, gəlin bu barədə danışmayaq... Mən sizin ürəyinizin qısılmasını istəmirəm.

Həsənzadə

Eybi yoxdur. Mənim ürəyim o qədər də nərmənazik deyil.

Nargilə (riqqətlə)

Mən oğlunuzdan ayrıldığınız bu ağır dəqiqələrinizdə sizə, nə isə ürəkaçan bir şey danışmaq istərdim.

Həsənzadə

Təşəkkür edirəm. Siz bir az öz həyatınız haqqında söhbət eləsəydiniz...

Nargilə

Mənim həyatımın bir qiyməti olsaydı, onu sizə yüz dəfə danışardım.

Həsənzadə

Kim deyir ki, sizin həyatınızın qiyməti yoxdur?

Nargilə (birdən əsəbiləşərək)

Kim! Anam! Atamın yerini tutan o köstəbək! Üzümə baxıb şit-şit gülümsəyən, məni tovlayıb yoldan çıxarmağa can atan fərsiz oğlanlar! Qrammatikadan «üç»ü verib mənim ali məktəbə girməyimə mane olan o qız! Hamı... hamı!..

Birdən kresloya yıxılaraq, hönkürüb əlləri ilə üzünü tutur.

Həsənzadə

Sakit olun... ağlamaq nədir...

Pauza. Bayaqkı musiqi yenidən başlayır. Yenidən adama elə gəlir ki, bu musiqi min illərdir elə-belə davam edir...

Nargilə (birdən əlini üzündən çəkərək)

Doğrudanmı, siz mənim həyatım haqqında eşitmək istəyirdiniz?!

Həsənzadə

Bəli. Danışın.

Nargilənin gözləri sanki yol çəkir... Həmin musiqi yenidən başlayır və musiqinin ahənginə uyğun olaraq, səhnə yavaş-yavaş qaranlıqlaşır.

Nargilə

Anamın ikinci dəfə ərə getməyi yadıma gəlmir. Deyirlər, onda mən kök, sağlam, güləyən bir uşaq imişəm. Lakin illər keçir, mən böyüdükcə, bu şənlik də silinib gedirdi. (Musiqi susur. Səhnə tamam qaranlıqlaşır... və qaranlıqda Nargilənin bu sözləri eşidilir). Mənim həyatımda fərəhsiz, sıxıntılı günlər başlanırdı...

Səhnə yenidən işıqlananda Nargilənin ata evində yemək otağı görünür, artıq yetkin bir qız olan Nargilə tez-tez mətbəxdən qab-qacaq gətirir. Lakin bu işin onun üçün son dərəcə xoşagəlməz bir hal olduğu hiss edilir. Nəzakət xanım yemək stolunun üstünü düzəldir. Nargilə qrafini gətirib qoyanda su süfrənin üstünə tökülür.

Nəzakət

Niyə üsullu hərəkət eləmirsən... İndi bir də süfrəni dəyişim?

Nargilə

Lazım deyil. Bir damcı tökülüb.

Nəzakət

Sən onun xasiyyətini bilirsən. Şoraba da yadımızdan çıxıb. (Tələsik mətbəxə gedir. Qız anasının ardınca təngə gəlmiş adam kimi nəzər salır. Sonra dərindən nəfəs alaraq, yaxınlaşıb radionu açır. Otağa zərif bir musiqi dolur. Nəzakət həyəcanla daxil olub, şorabanı stolun üzərinə qoyaraq radionu bağlayır). Nə qayırırsan?.. Bilmirsən, o, ac olanda belə şeylərə dözmür?! (Bayırdan ayaq səsləri eşidilir). Gəlir...

Və yalvarıcı bir ifadə ilə qızına baxır. Nargilə onun nə demək istədiyini başa düşərək, səhnənin ikinci otağı əvəz edən hissəsinə keçir. Fərəc ağır addımlarla daxil olur. Nəzakət xanımın ona dikilən nəzərlərində bir vahimə vardır. Fərəc həsir şlyapasını çıxarıb Nəzakətə verir və mətbəxə yönəlir... Nəzakət də onun ardınca gedir. Sonra Fərəcin fınxıra-fınxıra, suyu üzünə şappıldada-şappıldada necə yuyunduğu eşidilir və bütün bu səslərin Nargiləyə olduqca xoşagəlməz bir təsir bağışladığı, onu əsəbiləşdirdiyi duyulur. Nəzakət yeməklə dolu boşqabı çox ehtiyatla gətirib stolun üstünə qoyur. Fərəc yaş əllərini havada tutaraq gəlir.

Fərəc

Məhrəba! (Nəzakət yüyürüb məhrəba gətirir, Fərəc məhrəbanı alıb qurulanaraq yenə də arvadına qaytarır. Sonra təntənə ilə irəliləyib yemək stolunun arxasına keçir. Nəzakət məhrəbanı qoyub qayıdır, ayaq üstündə dayanıb ərinə tamaşa edir. Onun baxışlarında mütilik və qorxu hiss olunur). İstiot!

Nəzakət

Görürsən... Yenə də yaddan çıxıb...

Gedib gətirir. Pauza. Bütün bu müddətdə Nargilə o biri otaqda əvvəlcə kitab götürüb oxumaq istəyir, lakin oxuya bilmir. Sonra kitabı yerə qoyaraq, yarımçıq qalmış əl işini götürüb tikmək istəyir. Lakin tikə bilmir və onu da kənara atır. Hiss olunur ki, o biri otaqdan gələn çəngəl-bıçaq səsləri onu əsəbiləşdirir.

Fərəc

Kompot! (Nəzakət bir stəkan kompot gətirir. Fərəc bir qurtum alıb arvadına baxır). İstidir.

Nəzakət (təqsirkarcasına)

Bu gün işdən gec çıxdıq...

Fərəc (Nargilə olan otağa işarə ilə)

Bəs o neyləyirdi?

Nəzakət

O da yoldaşıgilə getmişdi...

Fərəc

Demək, bura mehmanxanadır...

Nargilə acığından barmağını dişləyir.

Nəzakət (kompotu götürür)

Qoyum soyuducuda bir az qalsın.

Fərəc

Çay!..

Nəzakət

İki dəqiqəyə qaynayar.

Fərəc (qəzəblə)

Qaynayar!.. (Qalxıb əsəbi halda başdakı qapıya tərəf yönəlir və birdən geri dönür. Nargilə olan otağa işarə ilə). Sən onunla danışdın?

Nəzakət (müqəssir kimi)

Hələ yox.

Fərəc

Danış! (Baş tərəfdəki qapıdan çıxır. Nəzakət onun ardınca baxır, üzü yazıq, köməksiz bir ifadə alır. Nargilə o biri otaqdan gəlir).

Nargilə

Nə olub?

Nəzakət (tərəddüd içində)

Heç bir şey.

Nargilə

Axı o mənim haqqımda nə isə deyirdi. (Qısa pauza). Niyə susursan? Niyə dinmirsən?

Nəzakət

Bir az yavaş...

Nargilə

Yavaş danışmıram! Bura mənim atamın evidir.

Nəzakət

Nargilə... qızım...

Nargilə (indi yavaş səslə)

Ah!.. Bircə başa düşsəydim ki, sən... vaxtilə gözəl-göyçək bir gəlin olan sən, onun nəyinə aşiq olmusan?

Nəzakət

Mən indiyə qədər bu sirri heç kəsə açmamışam, amma indi böyük qızsan, sənə deyirəm, mən onu sevmirəm. Heç bir zaman da sevməmişəm!..

Nargilə

Elə isə... Bəs neçə ildir o, burada nə gəzir?

Nəzakət

Atandan sonra mən bu damın altında tək qaldım... Sən isə körpəydin...

Nargilə

Tək niyə olurdun? Sən ki, işləyirdin...

Nəzakət

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов