Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"
Страница 3 из 13 · 15%
Gündüzlər işləyirdim... gecələr isə... dünya gözümdə qaralırdı. Elə bil ki, bu evdə hər şey... divarlar da, stullar da dil açıb mənə deyirdi: «O daha yoxdur... O daha heç bir zaman gəlməyəcək».
Yenə də birinci səhnədəki musiqi eşidilir. Yenə də adama elə gəlir ki, bu musiqi dünya bina olunandan indiyə qədər davam edir.
Mən hər yerdə... Hər yerdə onun yoxluğunu hiss edirdim. Mənə elə gəlirdi ki, onunla birlikdə bütün həyat məni tərk edib getmişdir. Sən isə dilbilməz bir körpə idin. Sən dünyadan xəbərsiz gözlərini mənə zilləyib gülümsədikcə, vahimə məni basırdı. Mənə elə gəlirdi ki, müharibə indicə səni də aparıb udacaqdır. Elə bil ki, soyuq əsgər süngüsünün ucu sənin dodaqlarına dirənmişdi. Sən isə onu əmzik bilib sorursan... Mən hər gecə dəhşətli yuxular görürdüm. Mən hər gecə sənin hansı uzaq, yiyəsiz səhradasa düşüb qalmış yaralı atanın çağırışını eşidirdim. (Musiqi davam edir). Təklik dəhşət idi. (Ağlayır). Mən yaşaya bilmirdim. Başa düş...
Nargilə (mülayim)
Yaxşı, sakit ol.
Nəzakət (daha yanıqlı şəkildə ağlayır)
Yoxsa... Mən sənin atanın xatirəsini bu dünyada heç bir səadətlə əvəz etməzdim.
Pauza. Musiqi davam edir. Musiqi susur. Səhnə qaranlıqlaşır. İşıqlananda Həsənzadə papiros çəkərək dinləyir. Nargilə həyəcanla söhbətinə davam edir.
Nargilə (aramla)
Mən anama inanırdım... Bir dəfə mən onun xəlvətcə atamın şəklinə baxıb ağladığını görmüşdüm. Mən onun halına yanırdım. Lakin onun zəifliyi, iradəsizliyi məni dəli edirdi.
Həsənzadə
Bəs sonra nə oldu?
Nargilə
Sonra da belə oldu ki...
Səhnə yenidən qaranlıqlaşır. İşıqlananda axşamçağıdır. Fərəc arvadının qabağında dayanmışdır. Nargilə isə o biri otaqda çarpayısının üstündə yarıuzanmış halda yuxulamışdır. Oxuduğu kitab sinəsi üzərinə düşüb qalmışdır. Onun üzündə həyəcanlı bir ifadə var.
Fərəc (arvadına)
Nə oldu, danışdın?
Nəzakət
Axı bu evlər onun atasınınkıdır. Mən necə deyim ki, sən get ayrı yerdə ol?!
Fərəc
Xalası tək arvaddır. Getsin onun yanında qalsın.
Nəzakət (təqsirkarcasına)
Deyə bilmərəm... Ürəyim gəlmir...
Fərəc
Demək, o sənin üçün doğmadır, amma bu biriləri ögey?
Nəzakət
Ögey nə üçün?
Fərəc
Bəs niyə onların da qayğısına qalmırsan? Tək qız bir otağı tutub... Amma biz beş baş külfət iki balacasına sığınmışıq... Uşaqların dərs oxumağa da yerləri yoxdur. (Hirslənir). Bu isə sənin vecinə deyil.
Nəzakət
Qız heç vaxt uşaqların onun otağında dərs hazırlamalarına mane olmur... Əksinə... özü həmişə onlara kömək eləyir.
Fərəc
Bu nağılları qoy dursun. (Birdən). Mən onun burada olmasını istəmirəm, vəssalam, ya o, ya mən!
Fərəc otaqdan çıxır. Nəzakət onun ardınca uzun bir nəzər salır. Sonra Nargilə olan otağa girərək, gəlib onun yanında oturur. Gözü qızına zillənib qalmışdır. Yenə də həmin musiqi səslənir. Yenə də zaman dayanır... Nargilə ayılır. Anasına baxaraq, sanki xəyalını uzaqlardan qaytarmağa çalışır.
Nargilə (dikəlir)
Elə qəribə yuxu görürdüm ki...
Nəzakət
Nə yuxu idi?
Nargilə
Görürəm, mən yaşıl bir meşə ilə harasa tələsirəm. Birdən qarşıma saçları ağarmış qədd-qamətli bir zabit çıxır. İkimiz də dayanırıq. Sən də gəlib çıxırsan... Zabit kədərli gözləri ilə hey mənə baxıb susur... Mən özümü itirirəm. Sən mənə deyirsən: bunu tanımırsan? Sənin atandır da... Mən də ürəyimdə deyirəm: bir gör mənim atam necə yaraşıqlıdır...
Nəzakət
O, müharibəyə gedəndə iyirmi üç yaşında saçları qapqara bir oğlan idi.
Nargilə (qalxıb güzgüdə özünə uzun bir nəzər salır. Gözləri güzgüdə olduğu halda oxuyur)
Sən şahin kimi cəsur, mələk kimi gözəl idin.
Sən igidlər içində bir igid idin.
Səni uzaq bir səhrada sinəndən vurdular...
Dağlardan bir qartal uçub sənin yanına gəldi.
Başın üzərində hərlənən qarğalar
Onu görüb qaçdılar.
Düşməni məhv edib qayıdan yoldaşların səni
Bir palıd altında dəfn eləyib getdilər.
O vaxtdan həmin qartal hər axşam, səhər
Sənin qərib məzarın üzərində dövrə vuraraq
Göylərin dərinliklərində gözdən itir.
Fərəc gəlib o biri otağa keçir. Hiss olunur ki, qızın mahnısı onu daxilən özündən çıxarır. O, acığından stulları bir-birinə vurur.
Fərəc (yemək otağında stula oturaraq qışqırır)
Borjom!.. (Nəzakət diksinərək, qalxıb mətbəxdən ona bir şüşə borjom aparır). Nə oldu, danışdın?
Nəzakət
Yox.
Fərəc
Niyə?
Nəzakət
Mən danışa bilmirəm!
Pauza. Fərəc sakit halda borjomu töküb içir. Sonra qalxıb, arvadının qabağında dayanır.
Fərəc
Ya mən, ya o! Bu gecə evə gəlməyəcəyəm. Soruşsalar, əmioğlugildəyəm. Səhər zəng edib qərarını mənə bildirərsən.
Həsir şlyapasını götürüb təntənəli şəkildə çıxır. Nəzakət yerində donub qalmışdır.
Nargilə (gəlir)
Yenə niyə stulları bir-birinə çırpırdı?
Nəzakət
Nargilə! Qızım! Sən köç xalanla ol. Tək arvaddır.
Nargilə
Aha... demək belə...
Nəzakət
Yenə də əvvəlki kimi gözüm üstündə olacaq.
Nargilə
Yox, mən heç yerə getməyəcəm. Bura mənim atamın evidir. Zəhmət çəkib siz getsəniz, mən özümü çox yaxşı hiss edərəm.
Nəzakət (acıqlı halda)
Sən bir adamsan, amma biz beş nəfər!
Nargilə (onun sözünü təkrar edir)
Biz! Bəs sən deyirdin onu istəmirsən?
Nəzakət (qışqırır)
Mənim uşaqlarım var!
Nargilə
Uşaqlar.
Nəzakət
Bu nə hərəkətdir?! Sən ananla danışırsan!..
Nargilə
Yox. Mən Fərəcin arvadı ilə danışıram.
Nəzakət (mülayim tərzdə)
Axı sən indi böyük qızsan... Hər şeyi başa düşürsən. Mən ki, sənə izah elədim.
Nargilə
Mən səni ərə getməkdə təqsirləndirmirəm.
Nəzakət
Yoxsa mənim səni istəməyimə şübhə edirsən?
Nargilə
Mən buna da şübhə etmirəm.
Nəzakət
Bəs onda sən məni nədə təqsirləndirirsən?
Nargilə
Köləlikdə!
Nəzakət
Mən kimin köləsiyəm?
Nargilə (qışqırır)
Bir köstəbəyin! İnsanlıqda haqqı olmayan bir rəzilin. Sən bu neçə ildə onun yanında mənimlə bir kəlmə danışmamısan! Qorxursan ki, köstəbək hirslənib səni atar.
Nəzakət (sarsılmış halda)
Sən ananın bədbəxtliyinə acımaq əvəzinə, gör ona nələr deyirsən!
Nargilə
Mən bütün üzvləri sağlam olduğu halda, özlərini yalnız acımağa layiq bilənlərə...
Nəzakət
Nifrət edirsən, eləmi?
Nargilə
Bağışla, sən məni o qədər yandırıb-tökürsən ki...
Nəzakət
Bəlkə də, lənətə gəlmiş müharibə olmasaydı, bizim aramızda bu sözlər olmazdı...
Nargilə
Nə isə... Bu söhbətlər artıq gecdir. Demək, sən də, ərin də mənim bu evdən çıxıb getməyimi istəyirsiniz.
Nəzakət
Mən yox... başa düş...
Nargilə
Başa düşürəm... Heç sən özün də təsəvvür eləyə bilməzsən ki, nə qədər aydın başa düşürəm.
Nəzakət
O getdi. Əgər sən burada qalsan, bir də qayıtmayacaq. Mənim isə ondan üç uşağım var...
Nargilə
Sən uşaqların adını az çək. Dünyada heç nədən xəbərləri olmayan körpələri bir ehtikar alətinə çevirmək yaxşı deyil. Bunu o eləyir, heç olmasa, sən eləmə.
Nəzakət
Mən sənin qarşında təqsirkaram.
Nargilə
Xahiş edirəm, yalvarıram, belə sözləri qoy bir kənara. Get deyirsən, gedirəm. (Çamadanını yığışdırır).
Nəzakət (göz yaşları içində)
Allah bilir ki, mən səni nə qədər çox istəyirəm... Sən mənim ilkimsən. Sən onun yadigarısan...
Nargilə (qışqırır)
Sənə dedim ki, bu sözləri qoy bir kənara! Yoxsa, bax, getmərəm. O köstəbək bilir ki, hökumətə düşsə, bu otaqların, heç olmasa, biri qanuni surətdə mənə çatır.
Nəzakət (qorxmuş halda)
Əlbəttə... (Pauza. Birinci səhnədəki musiqi yenə də eşidilir. Yenə də adama elə gəlir ki, bu musiqi dünya bina olandan indiyə qədər davam edir. Nargilə atasının şəklini divardan alıb çamadanına qoyur. Sonra şifonerdən bir neçə kişi qalstukunu çıxarır, havada silkələyərək tozunu çırpır...) Qoy onun qalstukunun biri mənə qalsın...
Nargilə (qalstukları çamadana qoyaraq)
Onun bu boyda evi sənə qalır, bir qalstuk nəyinə lazımdır ki...
Nəzakət
Niyə sən mənə qarşı bu qədər amansızsan? (Lakin Nargilə daha onu dinləmir. Çamadanını götürür, musiqi davam edir). Mən hər gün sənin yanına gələcəyəm.
Nargilə (onu dinləməyərək divarları nəzərdən keçirir. Öz-özünə danışırmış kimi)
Gövhər nənəm deyərdi ki, mənim atam bu otaqda doğulub, sonralar da bura onun iş otağı olub...
Nəzakət
Elədir...
Musiqi susur.
Nargilə (təhdidlə)
Əgər siz buranı yataq otağı eləsəniz, mən hökumətin əli ilə bunu təkrar sizdən alacağam. İndi isə xudahafiz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-sen-hemise-menimlesen-yaxud-boy-ciceyi
Другие произведения автора
Sisyanovun qərargahı. General Sisyanov Şəki hakimi Səlimxan və üç nəfər əyanın müşayiətilə gələn İbrahim xanı təntənə və hörmətlə qarşılayır.*Sisyanov**
İyirmi birinci şəkilSisyanov böyük ipək çadırda tək var-gəl edir. Mayor Lisaneviç daxil olur.*Sisyanov**
İyirmi ikinci şəkilBöyük ipək çadır. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
İyirmi üçüncü şəkilVanyanın evi. Vanya güzgü qabağında özünü keşiş qiyafəsinə salır. Haykanuş gəlir.*Haykanuş**
Стихи других поэтов
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
ÇayŞiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydır
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,