Страница 7 из 13 · 46%

Həsənzadə

Bəzən adam elə xoşbəxt yuxular görür ki...

Nargilə

Nə görürdünüz?

Həsənzadə (zarafatyana)

Yuxunu danışsan, kəsərdən düşər... Yaxşısı budur, siz deyin, görüm haradan gəlirsiniz?

Nargilə (məyus halda)

Nə üçün yuxunuzu danışmaq istəmirsiniz?

Həsənzadə papiros yandırır. Göy bir də şiddətlə gurlayır.

Külək söyüd yarpaqlarını tərpədərək uğuldayır.

Həsənzadə

Bərk yağacaq. O əlinizdəki nədir?

Nargilə (daldığı mükəddər xəyaldan ayrılaraq, sevinclə)

Məktubdur. Oğlunuzdan gəlib. (Zərfi ona verərək). Poçtalyon məni yamanca tanıyıb... Bura gələndə... qapıda gördüm...

Lakin Həsənzadənin artıq onu dinləməyərək, məktubu açıb nəzərdən keçirdiyini görüb susur. Həsənzadə məktubu oxuyub qurtararaq, ehtiyatla qatlayıb zərfə qoyur.

Nargilə

Nə yazır?

Həsənzadə

Yaxşıdır. Neft mədənlərindən birində baş mühəndisdir.

Nargilə

Ev tutub?

Həsənzadə

Tutub.

Nargilə

Yaxşı olar. Ağıllı oğlandır.

Həsənzadə

Bu adyalı mənim üstümə siz salmısınız?

Nargilə («hə» mənasında başını tərpədir)

Başqa kim salacaqdı ki?

Həsənzadə

Dedim, bəlkə Ayna xala salıb... O bu gün gəlib paltar yuyası idi. Niyə oturmursunuz? Gəlin əyləşin.

Nargilə (acıqlı)

Oturmuram.

Həsənzadə

Nə üçün?

Nargilə

Çünki siz məni istəmirsiniz...

Həsənzadə (səmimi təəccüblə)

Mən sizi istəmirəm?..

Nargilə

O cür istəmək demirəm.

Həsənzadə

Bəs nə cür deyirsiniz?

Nargilə (acıqlı)

Mənim kimi!

Həsənzadə (zarafatyana)

Mən sizin kimi istəyə bilmərəm... Siz cavansınız...

Nargilə

Siz qocasınız?

Həsənzadə

Hər halda, sizdən iyirmi altı yaş böyüyəm.

Nargilə (acıqlı)

İyirmi altı yox, iyirmi beş! Mən srağagün on doqquzu bitirdim.

Həsənzadə

Demək, biz bir gündə anadan olmuşuq... srağagün mən də qırx altıya adladım.

Nargilə

Nə olsun? Qırx altı nədi ki... (Birdən acıqlanaraq). Heç bilmirəm bu nə yaş məsələsidir, salmısınız ortalığa.

Həsənzadə (gülümsəyir)

Yaş faktdır. Faktla hesablaşmamaq olmaz.

Nargilə

Sevən adam yaşa baxmaz.

Həsənzadə

Cavanlıqda adama elə gəlir... Mən də on səkkiz-on doqquz yaşlarında olduğum zaman özümdən iyirmi dörd yaş böyük bir qadına vurulmuşdum.

Nargilə

Bəs sonra nə oldu?

Həsənzadə

Sonra... (Qısa pauza). Sonra Aydının anası ilə evləndim.

Nargilə

Sevib evləndiniz?

Həsənzadə

Bəli.

Nargilə

Demək... əvvəlki qadına olan məhəbbətiniz əslində sabun köpüyü imiş...

Həsənzadə

Bilmirəm... Bəlkə də...

Nargilə

Bəs o qadın necə oldu?

Həsənzadə

Durur, indi yetmiş yaşlı bir qarıdır.

Nargilə (qısa pauzadan sonra birdən özündən çıxaraq)

Siz bununla nə demək istəyirsiniz?

Həsənzadə

Heç nə... Söz-sözü gətirdi.

Nargilə (gəlib onun yanında oturaraq, mehriban tərzdə)

Siz məni istəməsəniz də, mən sizi həmişə... yetmiş yox, lap yüz yaşınız da olsa, sevəcəyəm. Özü də mən sizdən tez qocalıb öləcəyəm. Özünüz görəcəksiniz... (Qısa pauza). Xahiş edirəm, bir də bundan sonra mənimlə yaş barədə danışmayasınız... Yaxşımı?

Həsənzadə

Yaxşı. Danışmaram. (Papiros yandırır və bu zaman bayırda ürəyə yatan bir səslə oxunan «Qaragilə» mahnısı eşidilir. Nargilənin üzü soyuq bir ifadə alır. Həsənzadə dinləyir).

Gəlmişəm otağına oyadam səni,
Qaragilə, oyadam səni. Nə gözəl xəlq eləyib yaradan səni,
Qaragilə, yaradan səni.

Həsənzadə

Bizim ekskavatorçu Rəşiddir.

Nargilə (soyuq tərzdə)

Tanıyıram.

Həsənzadə

Haradan tanıyırsınız?

Nargilə

Zavodda görmüşəm. Özündən müştəbehin biridir.

Həsənzadə

Özündən müştəbeh? Yox, onda tanımırsınız.

Nargilə

Tanıyıram. İki dəfə onun üçün naryad yazmışam. Bir az yaraşıqlıdır, bir az da səsi var deyən, elə bilir alçacıq dağları bu yaradıb.

Mahnı davam edir.

Qızıl gül əsdi,
Səbrimi kəsdi...

Nargilə (mahnının qurtarmasını gözləməyərək qalxır)

Bayaq dediniz ki, yuyulası şeyləriniz var.

Həsənzadə

Siz zəhmət çəkməyin. Ayna xala gəlib aparar. Bir dəfə tünd bir türk kofesi hazırlarsınız, içərik.

Nargilə (sevinclə)

İstəyirsiniz lap bu saat hazırlayım.

Həsənzadə

Yox, zavodda istehsalat müşavirəsi çağırmışam.

Nargilə

Həmişə mən gələndə sizin ya işiniz olur, ya iclasınız. (Gülür). Məktəbdə «iclas var» deyən kimi «c»nın yanına «r» qoyurdum.

Həsənzadə

Neyləyirdiniz?

Nargilə (bərkdən gülərək)

Qaçırdım!.. (Rəşidin oxuduğu mahnının ardı eşidilir. Nargilənin üzü dərhal soyuq və ciddi ifadə alır). Deyəsən, bu ekskavatorçu bu gün bizə konsert vermək fikrindədir.

Həsənzadə

Cavan oğlandır, kefi gəlir, oxuyur.

Nargilə

Bah... bah... cavan oğlan...

Həsənzadə

Bəs necə... gənclik – nəğmə deməkdir.

Nargilə (tutqun halda)

Bilmirəm! Belə obrazlı ifadələr barəsində fikirləşməmişəm. Hələlik. (Getmək istəyir).

Həsənzadə

Dayanın. Nə üçün acıqlanırsınız?

Nargilə (sərt şəkildə)

Çünki siz mənim sözlərimi bir qəpiyin yerində qoymursunuz.

Həsənzadə

Nə danışırsınız!.. Hansı sözlərinizi?

Nargilə

Hansı sözlərinizi... Mən sizə dedim ki, bu cavanlıq-qocalıq məsələsini az ortaya salın! Siz də söz verdiniz...

Həsənzadə

Bağışlayın, yadımdan çıxdı... Skleroz...

Nargilə (yanıb tökülərək)

Bax, görürsünüz?! Siz düzəlməzsiniz, vəssalam. Necə sklerozzusunuz ki, zavodda olan səkkiz yüz işçinin hamısını uşaqlarına qədər adbaad tanıyırsınız?!

Həsənzadə

Nə bildiniz?

Nargilə

Camaat danışır, mən də eşidirəm. Qulaqlarımı tutum?

Həsənzadə

Yox, qulaqlarınızı nə üçün tutursunuz? Yaxşı sözü həmişə eşitmək lazımdır.

Nargilə (birdən qəhqəhə ilə gülərək)

Görürsünüz... Yaxşı olduğunuzu özünüz də təsdiq edirsiniz...

Həsənzadə

Mən, ümumiyyətlə, deyirəm...

Nargilə

Qurtardıq! Bir də bu mövzuya qayıdanı qurd yesin. Mən getdim.

Sürətli addımlarla qapıya tərəf yönəlir. Birdən geri dönərək Həsənzadəyə yaxınlaşır. Qarşısında dayanıb, ona baxır... Nəhayət, nəzərlərini endirərək Həsənzadənin əlini sol əli ilə bərk-bərk sıxıb tələsik çıxır. Həsənzadə qızın sıxmış olduğu əlini qeyri-iradi bir hərəkətlə qaldırıb baxır. Lakin onun fikrinin uzaqlarda olduğu görünür. Birinci şəkildəki musiqinin ardı davam edir. İşıq yavaş-yavaş zəifləyir, nəhayət, sönür. Yananda Nargilənin otağı görünür. Qız öz mahnısını zümzümə eləyə-eləyə stolun üstündə xəmirdən yuxa açır, sonra doğrayıb nə isə hazırlayır. Onun üzündə xoş bir ifadə var. Telefon zəng vurur. Nargilə yüyürüb dəstəyi götürür. İndi işıq yalnız onun və telefon xəttinin o biri ucunda olan Sarısaç qızla tanış iki oğlanın üzərinə düşür.

Sarısaç qız

Salam, Nana. Harda itib-batmısan?

Nargilə

Harada olacağam, zavodda... evdə... indi mən iş adamıyam.

Sarısaç qız

Bah... bah... iş adamı.

Nargilə (zarafatyana)

Bəs necə?

Sarısaç qız

Nana, doğrudurmu ki, deyirlər, sən sement zavodunun direktoru Həsənzadə ilə gəzirsən?

Nargilə

Gəzmirəm, mən onu istəyirəm... sevirəm, aydındırmı?

Sarısaç qız (işvə ilə)

Başa düşürəm, Nana, gümüşü saçlar... hələ təravətini itirməmiş çöhrə!... Maşın... vəzifə... pul... bir sözlə: xalis Amerika zövqü! (Səsini alçaldaraq). Naverno, on bolşoy razvratnik...

Nargilə (ciddi şəkildə)

Mən onun haqqında sənin belə danışığına icazə vermirəm.

Sarısaç qız (eyni işvəkarlıqla)

Yox a... deyəsən, gerçəkləmisən. Bəlkə sən ona ərə getmək istəyirsən?

Nargilə

Əlimdə işim yarımçıq qalıb, xahiş edirəm sonra zəng edəsən...

Oğlanlar Sarısaç qıza mətləbə keçməyi him edirlər.

Sarısaç qız

Nana, bu gün dənizçilər evində tans var.

Nargilə

Tans?

Sarısaç qız

Ahaaa... (Qısa pauza). Gəlirsən?

Nargilə

Yox, gələ bilməyəcəyəm.

Sarısaç qız (ikinci oğlana baxaraq işvə ilə)

O hələ də gözləyir ha...

Nargilə

Kim?

Sarısaç qız

O gün demədim?..

Nargilə

Gələ bilməyəcəyəm...

Sarısaç qız

Ah, sən nə qədər staromodnı olmusan, Nana! Yaxşı... hələlik...

Nargilə ilə görüşmək istəyən oğlan ağzını telefon dəstəyinə tutaraq.

İkinci oğlan

Əlvida, Nana!

Çapıq Davud isə dişlərini bir-birinə sürtərək vəhşi görünüşlə ağzını uzadıb Sarısaç qızın qulağını dişləyir. Qız qışqıraraq dəstəyi asır. Onların üzərinə düşən işıq sönür. Nargilə dəstəyi yerinə qoyaraq, işinin üstünə qayıdır. Nəzakət xanım əlində ağ salfetə bükülmüş qab gəlir.

Nəzakət (qabı stolun üstünə qoyaraq)

Salam, qızım.

Nargilə

Salam, ana.

Nəzakət

Sənin üçün kotlet gətirmişəm.

Nargilə

Fərəc ezamiyyətə gedib? (Nəzakət nəzərlərini ondan qaçıraraq, başının hərəkəti ilə təsdiq edir). Nə zəhmət çəkirdin...

Nəzakət

Nə üçün belə sözlər danışırsan? Məndən qisas alırsan?

Nargilə

Mən heç bir zaman səndən qisas almaq fikrində olmamışam, ana. Əgər belə bir qüvvəm olsaydı...

Nəzakət

Hələ əvvəlcə öz həyatın haqqında düşün, qalsın dünyanı düzəltməyin. Fərəcin rəisi, oğlu üçün sənə elçi gəlmək istəyirmiş. Həsənzadə ilə olan əhvalatı eşidəndən sonra gəlməyib.

Nargilə

Bunu sənə Fərəc dedi?..

Nəzakət

Tutaq ki, o deyib, nə olsun?

Nargilə

Heç... Elə-belə soruşuram...

Nəzakət

Fərəc and içib, rəisi inandırıb ki, heylə şey yoxdur.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов