Содержание
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil
  5. On üçüncü şəkil
  6. On dördüncü şəkil
  7. On beşinci şəkil

Страница 1 из 5

Doqquzuncu şəkil

Xurşidbanunun malikanəsi. Xurşidbanu divanda əyləşmiş halda əlində açıq bir məktub yuxulamışdır. Açıq pəncərədən Şuşa qalasının duman içində olduğu görünür və bayırda bu duman içindən Knyaz Xasay çıxaraq ətrafa diqqətli nəzər salıb pəncərəyə yaxınlaşır və cəld hərəkətlə pəncərədən sıçrayıb içəri keçir. Xurşidbanuya tamaşa edir. Əlini uzadıb ona toxunmaq istəyir, lakin toxunmur.

Knyaz Xasay (pıçıltı ilə)

Banu bəyim!

Xurşidbanu diksinib ayılaraq, vahimə içində ona baxır.

Xurşidbanu (təəccüblə)

Necə? Məgər, bu yuxu deyilmi? (Tamam ayılaraq) Axı, mən indicə səni yuxuda görürdüm, knyaz.

Knyaz Xasay

Mən sizin ərə getdiyinizi eşidib, üç gün, üç gecə at sürərək, Dağıstandan gəlirəm, Banu bəyim. Sizin üçün sözhəkət olmasın deyə, atları nökərimlə Daşaltında qoyub, Xəzinə qayasından çıxmışam. Buradan gedəndən bəri elə bir gün olmayıb ki, mən sizin ayrılığınızın sitəmini çəkməyim... Mən sizdən ayrılmaqla özümə zülm eləmişəm, Banu bəyim. Gəlin nikahımızı təzələyək. Bir də heç bir zaman bir-birimizdən ayrılmayaq!

Xurşidbanu

Gedən səadət bir də geri qayıtmaz, knyaz. Mən başqasına söz vermişəm.

Knyaz Xasay

Mən elə güman edirəm ki, siz hələ də məni sevirsiniz.

Xurşidbanu (incik)

Gəl, o barədə danışmayaq, knyaz. Mən qəlbi qara adamların iftiralarından təngə gəlib, adi, yoxsul bir adama ərə gedirəm ki, öz vətənimə sərbəstliklə, cəsarətlə xidmət eləyim!

Knyaz Xasay

Bu şair xəyalının romantikasıdır, Banu bəyim... Siz öz sinfinizin tənəsinə dözə bilməzsiniz.

Xurşidbanu

Mən öz sinfimdən o qədər pisliklər görmüşəm ki, daha öyrənmişəm.

Knyaz Xasay

Sizdən ayrılıb getdiyim üçün məni bağışlayın, Banu bəyim. Mən sonradan başa düşdüm ki, sizsiz həyat mənə cəhənnəmdir.

Xurşidbanu

Mən səni təqsirləndirmirəm, knyaz. Səni də öz elin-oban çağırırdı.

Knyaz Xasay

Elə bilirsiniz o yalçın qayalar arasında dərin uçurumlarla bir-birindən ayrı düşüb, hər aulu bir dildə danışan xalqım üçün mən bir şey eləyə bilmərəm? Sizdən ayrılıb gedəndən sonra, mən də məktəblər açmağa, tayfalar arasında olan qanlılığı ortadan götürməyə çalışdım. Təhsil üçün Rusiyaya cavanlar göndərdim. Lakin bizimlə dədə-baba ədavətləri olan kübarlar çara danos verdilər ki, guya, mən millətçilik eləyirəm, Şeyx Şamilin yolu ilə gedirəm. Məni təqib edirlər, Banu bəyim. Mən azad gəzən bir məhbusam! Bu lənətə gəlmiş zəmanədə xeyirxah arzularla həyat arasında elə dəhşətli bir uçurum vardır ki, onu keçmək mümkün deyil, Banu bəyim!

Xurşidbanu

Nə etməli, əgər, bizə “xoh” eləyəndə, geri çəkilsək, gələcək nəsillər bizi lənətlərlə yad edərlər.

Knyaz Xasay

Hər şeyi tarix özü gətirib yetişdirməlidir, Banu bəyim. Gələcək nəsillər üçün bizim özümüzü qurban verməyimiz boş bir aldanışdır. (Qızğınlıqla) Bizdən sonra həyat yoxdur, Banu bəyim, inanın bu fəlsəfəyə! Gəlin gedək... Gedək uzaqlara... İstəyirsinizsə, Parisə... İstəyirsinizsə, İtaliyaya...

Xurşidbanu

Yox, knyaz. Mən səni indi də istəyirəm. Yəqin ki, ölənəcən də istəyəcəyəm. Ancaq... bu vətənimi atıb getmək... yox, bu mümkün deyil!

Knyaz Xasay (dərindən nəfəs alaraq)

Görünür, bu dünyada qismətdən artıq götürmək olmazmış... Yəqin ki, uşaqlar yatıb... Axı, indi onların istirahət vaxtıdır.

Xurşidbanu

İstəyirsən, oyadım. Onlar səni tez-tez xatırlayırlar, knyaz. (Mütəəssir halda) Bilsən ki, bu mənim üçün nə qədər ağırdır...

Knyaz Xasay

Qoy yatsınlar. Qoy onlar atalarını unutsunlar. Əlvida, Banu bəyim! Mən bu qəhrəman qalada dünyanın ən nəcib qadınını qoyub gedirəm.

Xurşidbanu

Əlvida, mənim əzizim, qoy böyük Allah sənin himayədarın olsun!

Knyaz Xasay yenə də pəncərədən düşüb gedir. Xurşidbanu halsız halda divanda əyləşərək, əllərilə üzünü tutur. Uzaqda tarın müşayiətilə xanəndə onun şerini oxuyur.

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı,
Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı...
Nə hicran atəşinə odlanıb yanaydı dilim ki,
Nə eşqin içrə könül böylə xürrəm olaydı...

Xurşidbanu muğamı eşitməmək üçün, əsəbi hərəkətlə qalxıb, zəngi səsləndirir. Bəyim gəlir.

Xurşidbanu (həyəcanlı, əsəbi)

Kəs xanəndənin səsini. Denən oxumasın!

Bəyim (təəccüblə)

Oxuduğu sizin şerinizdir, Banu bəyim.

Xurşidbanu

Denən, oxumasın!

Bəyim heç bir şey başa düşməyərək, təəccüb içində çıxır. Xanəndə susur. Xurşidbanu əsəbi halda kresloya yıxılır. Hidayət xan daxil olur.

Hidayət xan

Salam, əmizadə.

Xurşidbanu

Salam.

Hidayət xan

Nə olub, səni qanıqara görürəm... Axı, gərəkdir ki, sən şadlıq eləyəsən.

Xurşidbanu

Nəyə görə?

Hidayət xan

Necə “nəyə görə?” Deyirlər ərə gedirsən...

Xurşidbanu (cəsarətlə)

Bəli, gedirəm!

Hidayət xan

Cəsarətli qadınsan.

Xurşidbanu

Nə barədə?

Hidayət xan

Hər barədə. Əgər, Qarabağ hakimi İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı heç kəsin rəyini nəzərə almayıb, əvvəl Dağıstandan azıb gəlmiş sünnü bir ləzgiyə, sonra da İrandan qaçmış, əsli-kökü məlum olmayan səfil bir gədəyə ərə gedirsə, demək, onun üçün, heç bir hüdud yoxdur!

Xurşidbanu

Rica edirəm, nə knyaz haqqında, nə də cənab Seyid Hüseyn haqqında belə təhqiramiz kəlama yol verməyəsən!

Hidayət xan

Oho... Cənab Seyid Hüseyn... Görünür, Seyidin gözəl siması onu sənin gözündə “cənab Seyid Hüseyn” etmişdir.

Xurşidbanu

Yox! (Bir növ, zarafatyana) Gözəlliyə qalsaydı, səndən gözəl, yaraşıqlı kim var idi... Sən zadəgan salonlarına girəndə, kübar xanımlar özlərindən gedirdilər...

Hidayət xan (eyni zarafatyanalıqla)

Amma sən mənə gəlmədin... Eləmi? Yaxşı, gəl, bu atmacaları-zadı kənara qoyaq... Axı, fikirləşirsənmi ki, sən o gədəyə ərə getsən, özünü də, bizi də biabır eləmiş olarsan?

Xurşidbanu (qəzəblə)

Gədə deyil o! Mən böyük əsl-nəsəb sahibi olan knyaz Xasaya ərə gedəndə, hamınız ağız-ağıza verib məni məzəmmət eləyirdiniz ki, xan qızı bu boyda Qarabağda bir kişi tapmadı, getdi ləzgiyə. İndi də xalis azərbaycanlıya ərə gedəndə, deyirsiniz “xan qızı bir gədəyə ərə gedir”. Çünki bu sizin ağalıq şəninizə toxunur. (Qəzəblə) Mən xan qızı Xurşidbanu bu izdivacımla kübar cəmiyyəti ilə rəiyyət arasında çəkilən mənhus səddi uçururam!

Hidayət xan

Uçura bilməzsən, əmiqızı! O sədd, səddi-Çindən də möhkəmdir! Elə güman edirsən ki, sənin atdığın addımı təqdir eləyənlər tapılacaq? Bilirsənmi, indi kübar məclislərində necə söhbətlər gedir? Deyirlər xan qızı surətpərəst, əxlaqsız bir şairə olduğu üçün iranlı gədəsinə təşüq yetirmişdir.

Xurşidbanu (acı gülüşlə)

Sən onların bu alçaq sözlərini təkrar etməklə elə bilirsən ki, mənə təsir eləyəcəksən? Mən kasıb bir rəiyyət oğlu olan Hüseynə ərə gedəcəyəm və bununla da söhbəti bitmiş hesab edirəm!

Hidayət xan (qəzəblə)

Mən çoxlarının dərsini verdim. Haminin da dilini kəsmək olmaz! Demək, sən dediyindən dönmürsən?! Yaxşı!

Hidayət xan çıxır. Qısa pauza. Mirzə Ruhullah gəlir.

Mirzə Ruhullah

Nə olub, Banu bəyim, xan acıqlı...

Xurşidbanu

Xan mənim Seyid Hüseynə ərə getmək istəməyimdən qəzəbnak olub. Ah, Mirzə, millətim ilan zəhərini mənim qanıma damcı-damcı yeridir...

Mirzə Ruhullah

Millət yalnız ağalardan, bəylərdən ibarət deyil, Banu bəyim. Düzünü bilmək istəyirsənsə, onların heç millətə dəxli yoxdur. Elə bilməyin ki, mən kasıb bir rəiyyət oğlu olduğum üçün belə deyirəm. Bir sinif ki, yadelli qəsbkara qul olacaqmış, onu necə millət adlandırmaq olar? Bu o sinifdir ki, minlərlə azərbaycanlıya divan tutmuş Ağa Məhəmməd şah kimi qaniçəni öldürüb, insanların canını qurtaran qəhrəmanı tutub, ayağına nal vuraraq, İran şahının hüzuruna göndərdi.

Xurşidbanu

Bütün bunlar nə qədər dəhşətli, nə qədər anlaşılmazdır!

Mirzə Ruhullah

Yox, Banu bəyim, hər şey çox aydındır. Bəşəriyyətin birinci düşməni həmişə hakimiyyət başında əyləşən vicdansız ağalar olmuşdur. Əgər, Arximed Yer kürəsini aşırmaq üçün istinad nöqtəsinin harda olduğunu məndən soruşsaydı, deyərdim: insanların vicdanındadır o istinad nöqtəsi! Vicdan gücü isə, o kəsdədir ki, onlar ata-babadan bəri öz əllərinin halal zəhmətilə yaşayıb, vətən torpağı ilə ünsiyyət bağlamışdır. Mən sənin adi bir rəiyyət oğlu olan Hüseynlə izdivacını alqışlayıram!

İşıq sönür

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов