Содержание
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil
  5. On üçüncü şəkil
  6. On dördüncü şəkil
  7. On beşinci şəkil

Страница 5 из 5 · 80%

On beşinci şəkil

Xurşidbanunun malikanəsi. İşıq yananda Xurşidbanu, Mirzə Ruhullah, Nəvvab, Mamayı, Ter Vahan yan qapıdan çıxaraq, həyəcanlı halda Zahir bəylə qarşılaşırlar.

Zahir bəy (gəlir)

Salam, ağalar. Gəncəyə getmişdim, bu saat gəlib faytondan düşürəm, deyir, bizim adamlardan neçəsini, hətta, Seyid Hüseyni də həbs eləyiblər, bu nə işdir, canım? Axı, o yazıqların nə günahı var?

Xurşidbanu (əsəbi)

Yazıq deməyin! Yazıq deyə-deyə bu milləti aciz qələmə vermisiniz! Yazıq onları satan namussuz həmvətənləridir!

Möhnətlə Şahmar başıalovlu gəlirlər.

Şahmar

Hidayət xan başımıza oyun açdı, Banu bəyim!

Xurşidbanu

Nə olub?

Möhnət

Xanın darğası neçə atlı ilə gəlib Mil düzünə çəkdirdiyimiz arxın dəhnəsini dağıtdırdı, fəhlələri də döyə-döyə qovdurdu. O cavan injinarı da az qalmışdı öldürələr, birtəhər camaat əllərindən aldı.

Şahmar

Sənin əmizadən olduğu üçün əl-qolumuz bağlandı, Banu bəyim. Yenə tüfəngi götürüb qalxardım at belinə...

Xurşidbanu

Yoxdur mənim əmizadəm! Hidayət xan mənə də, üstündə durduğumuz bu torpağa da yaddır! (Qışqırır) Düşməndir! Mən xan qızı Xurşidbanu inanmıram öz sinfimin vətən namusuna, eşidirsinizmi, inanmıram! Bu dəqiqədən etibarən mən onlara yadam!

Mixaylov gəlir.

Mixaylov (daxil olub, Xurşidbanuya təzim edir)

Üzr istəyirəm, Banu bəyim. Mən öz vəzifəmdən istefa verib bir saatdan sonra yola düşürəm. Ancaq mən burda yaşadığım müddətdə sizin xalqınızdan elə səmimi hörmət və məhəbbət gördüm ki, içinizdəki bir xaini sizə tanıtdırmadan getməyə vicdanım yol vermədi!

Səslər

Kimdir o xain?

Mixaylov

O xain budur, qarşınızda dayanmışdır. (Zahir bəyi göstərir)

Zahir bəy (bağırır)

Cənab zabit!

Mixaylov

Buyur cənab! Əgər, məni duelə çağırmaq istəsəniz, səfərimi bir gün təxirə sala bilərəm!

Nəvvab

Cənab zabit, o sizi duelə çağıra bilməz. Əgər, onda kişilik olsaydı, vətəndaşlarına o cür alçaq böhtanlar yapışdırmazdı.

Mirzə Ruhullah

Mən bu şair bəyin satqın olduğunu çoxdan duymuşdum.

Şahmar (qışqırır)

Bəsdir siz bəylərin əlindən çəkdiklərimiz!

Şahmar xəncərini sivirərək Zahir bəyi vurmaq istəyir. Zahir bəy adamların arxasında gizlənir.

Xurşidbanu

Qoymayın oğlanı!

Möhnət, Şahmarı tutub saxlayır.

Şahmar (qışqırır)

Biqeyrətlər! Ə, Möhnət, qoy bu köpəkoğlunu isti-isti öldürüm!

Xurşidbanu

Onu öldürəcəksən, başqa bir Zahir bəy peyda olacaq!

Zahir bəy

Siz milləti-islamı badi-fənaya verirsiniz. Eşidirsinizmi, badi-fənaya verirsiniz! (Gedir)

Xurşidbanu

Bu satqın ağalar hələ millətlə dini bir-birindən ayıra bilmirlər.

Hidayət xan daxil olur və onu görən kimi Xurşidbanudan başqa hamı səhnədən çıxır.

Hidayət xan

Salam, əmizadə. (Xurşidbanu dinmir) Dinmirsən... Amma mənim ürəyim dözmədi, yenə də gəldim.

Xurşidbanu

Nə olub, yoxsa, mənim çəkdirdiyim arxı uçurdub dağıtdığına görə ürəyin nazilib?

Hidayət xan

Yox, əmiqızı... Ürəyimi kövrəldən sənin taleyindir.

Xurşidbanu

O!.. Doğrudanmı?

Hidayət xan

İstehza lazım deyil, Banu bəyim. Onsuz da çərxi-dövran bizim əleyhimizə işləyir. Xanlıq getdi, mülklərimizin çoxu əlimizdən çıxdı. İgid Pənah xanın yurdunda biz iki nəfər qalmışıq. Sən də ki, belə eləyirsən. Deyirlər indi də bütün ata mülkündən, kəndlərindən əl çəkirsən, nə üçün belə eləyirsən, Banu bəyim? Çarın özü bizi tanıyır. Nə üçün bizi onun gözündən salırsan? Nə üçün xan babalarımızın şərəfini gədə-güdənin ayaqları altına atırsan? Banu bəyim! Əmi qızı! İndiyə qədər nə olub-olub. Daha bəsdir boş xəyallara uyub, özünü də, bizi də cümlə-əyan içində bədnam elədin. Axı, nə işin var sənin siyasətlə, niyə “xalq, xalq” deyib vardan-yoxdan çıxırsan?

Xurşidbanu

Mən öz elədiklərimdən peşman deyiləm. Əgər, mən dünyaya ikinci dəfə gəlsəydim, yenə də bu yolu tutardım.

Hidayət xan

Bu sənin qəti sözündür?

Xurşidbanu

Qəti!

Hidayət xan (qalxır)

Qoy bir olan Allah bilsin ki, mən səni düşdüyün burulğandan çəkib çıxarmaq istəyirdim. Amma sən buna razı olmadın!

Xurşidbanu

Əgər, sən insanları burulğanlardan çıxarmaq haqqında düşünsəydin, Arazın o tayında boğulan azərbaycanlılar bir dəfə də olsa, yadına düşərdi!

Daşdəmir gəlir.

Daşdəmir

Sizə məktub var, Banu bəyim. (Məktubu verib çıxır)

Hidayət xan

Heyf səndən, Banu bəyim! Əlvida! (Dərindən nəfəs alaraq çıxır)

Xurşidbanu məktubu həyəcanla açıb baxır. Mavi projektorun işığı onun baxdığı səmtdə nə isə yazan knyaz Xasayın üzərinə düşür və o yazdıqca səsini eşidirik: “Beləliklə, hər şey məhv olub getdi, Banu bəyim. İndi məni bu uzaq yerə sürgün eləyiblər. Bu tilsimin sonu görünmür. Mən daha sürünmək istəmirəm, Banu bəyim. Zənn edirəm ki, buna sən də razı olmazdın. Əlvida, Banu bəyim. Heç olmasa, sən möhkəm dayan, Banu bəyim!” Məktubu zərfə qoyaraq, qalxıb tapançanı götürüb ürəyinə dirəyir və atəş açılanda knyazın üzərinə düşən işıq sönür. Xurşidbanu dəhşətlə qışqırır.

Xurşidbanu

Knyaz!

Mirzə Ruhullah həyəcanla daxil olur.

Mirzə Ruhullah

Knyaz burada yoxdur, Banu bəyim.

Xurşidbanu (özünə gələrək)

O nə güllə idi, Mirzə?

Mirzə Ruhullah

Hidayət xan tapança ilə sağsağana güllə atırdı.

Xurşidbanu

Vurdu?

Mirzə Ruhullah

Vurdu!

Xurşidbanu

Niyə vururdu? Axı, deyirlər o xeyir xəbər gətirən quşdur.

Mirzə Ruhullah

Onlar bu dünyaya xeyir xəbərləri vurmaq üçün gəliblər, Banu bəyim!

Xurşidbanu

Mirzə, zəhmət olmasa, Daşdəmirlə Bəyimi bura göndər.

Mirzə Ruhullah çıxır. Musiqi. Daşdəmirlə Bəyim gəlirlər.

Xurşidbanu

Üç ildən artıqdır ki, siz mənim sarayımda xidmət edirsiniz. O da mənə məlumdur ki, bir-birinizi istəyirsiniz. İndi daha vaxtdır ki, özünüzə ailə qurasınız. Mən bu gündən sizi azad edirəm. (Stolun yeşiyindən iki pul kisəsi çıxarıb, hərəsinə birini verir)

Bəyim

Oy, Banu bəyim, mən ölənəcən sizə xidmət eləmək istəyirəm.

Xurşidbanu

Daha mənə xidmətçi lazım deyil, Bəyim. Gedin ləyaqətlə yaşayın. (Həyəcanla) Gedin kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşidbanunun kəndi, torpağı yoxdur! Deyin ki, mən Xurşidbanu Natəvan bu əzablı yolları onlarla birlikdə gedəcəm! Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir!

Musiqi.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов