Содержание
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil
  5. On üçüncü şəkil
  6. On dördüncü şəkil
  7. On beşinci şəkil

Страница 3 из 5 · 40%

On birinci şəkil

İran şahzadəsi və Məliküldövlə.

Şahzadə

Siz, bu xan qızı Xurşidbanunun əməlinə baxın?! Böyük İran səltənətinin vəliəhdini rədd eləyib, Cənubi Azərbaycandan qaçmış bir gədəyə ərə gedir?! (Şərab içir) Xeyrini-şərini başa düşən deyil sənin bu Azərbaycan millətin, Məliküldövlə...

Məliküldövlə

Siz məni rəncidəxatir eləyirsiniz, qurban... Məgər, məndə azərbaycanlılıqdan bir əlamət qalmışdır?

Şahzadə

Lakin bir həqiqət var ki, İran taxtına mənim yolum Cənubi Azərbaycandandır. Cənubi azərbaycanlılar İran şahının siyasətindən bərk incikdirlər. Biz bundan bə qədri qüvvə istifadə etməliyik! Düşündüm ki, İbrahim xanın nəvəsi Xurşidbanu ilə evlənmək məni azərbaycanlılarla qohum edər. Onlar da bu ali qohumluğa binaən mənim vədlərimə inanıb, taxta sahib olmağıma kömək edərlər. Özləri də vuruşmağı bacaran cəsur millətdir.

Məliküldövlə

Onlar rusları üstün tuturlar, qurban...

Şahzadə

Bəs, dini-islam? Məgər, onlar bunu düşünmürlərmi?

Məliküldövlə

Xeyr, qurban, düşünmürlər. Xurşidbanu cavanları dəstə-dəstə Rusiyada təhsil almağa göndərir...

Şahzadə (əsəbi)

Nəhs gətirmə, baba! Siyasət əzm və hərəkət tələb edir. (Şərab içir) Günü sabah sən Xurşidbanuya mənim adımdan qiymətli bir hədiyyə apararsan, qoy elə güman etməsin ki, mənimlə izdivaca razı olmadığı üçün ondan incimişəm.

Məliküldövlə

Bə görmədinizmi, o məni necə bihörmətliklə qovdu?

Şahzadə

Eybi nə darəd, baba, siyasət tələb edir, bu üzünə tüpürürlər, o biri üzünü çevir. Sonra Təbrizə, Əhrə, Cənubi Azərbaycanın başqa şəhərlərinə gizli adamlar göndərib, onlara vəd edilməlidir ki, əgər, mənə kömək eləsələr, taxt-taca sahib olan kimi məşrutə verərəm.

Məliküldövlə

Onlar buna inanarlarmı?

Şahzadə (əsəbi)

Nəhs gətirmə, baba! İnandırmaq lazımdır.

Məliküldövlə

Bə çeşm, qurban.

Şahzadə

Məgər, şeytanın belə ağlına gəlməyən hiylələrlə məlun qardaşımı İran taxtına çıxaran sən olmadınmı?

Məliküldövlə (yana-yana)

Amma bunun müqabilində, o, taxta əyləşən kimi mənim boynumu vurdurmaq istədi.

Şahzadə

Bilirsən ki, anamız məni gizlincə xəbərdar etməsəydi, o xain qardaş mənim də gözlərimi çıxartdıracaymış. Şübhələnirmiş ki, mənim taxt-tacda gözüm var. Eybi nə darəd. Mən İran taxtına çıxan kimi səni vəziri-əzəm eliyəcəyəm. Bəli!.. Bəli!.. Vəziri-əzəm!

Məliküldövlə

İnşallah.

Şahzadə

İndisə, get rəqqasəni göndər bura. Qapıçıya da tapşır ki, heç kəsi mənim yanıma buraxmasın. Hərəmbaşına da desin ki, mən bu gecə istirahət etmək istəyirəm.

Məliküldövlə

Bə çeşm.

Şahzadə

Di xub...

Məliküldövlə çıxır. Təhminə kor kamançaçı ilə gəlir. Kor kamançaçı çalır. Təhminə

[Mənbənin skanında burada mətn itib.]

On ikinci şəkil

Qala rəisinin otağı. Qala rəisi, Zahir bəy, Fərəc bəy, Mixaylov. O, ara-sıra nə isə yazır.

Qala rəisi (əsəbi)

Məsələ aydındır! Bu, bizimlə İran şahının arasını vurmaq üçün təşkil edilmiş bir provakasiyadır. Bəli! Bəli, provakasiya!

Fərəc bəy

Da... da... Elədir ki, var!

Zahir bəy

Bəndeyi həqiriniz də, o fikirdədi, cənab rəis.

Qala rəisi

Beynəlxalq vəziyyətin indiki şəraitində bizi ittiham eləyib, özünə borclu çıxarmaq üçün İran şahına bəhanə lazımdır! Cənab Zahir bəy, sizcə kimlər ola bilər bu işin təşkilatçıları?

Zahir bəy

Cənab rəis, hayana çevirsən bu cinayətin bir ucu gedir çıxır Xan qızı Xurşidbanunun sarayına!

Fərəc bəy

Da... da... Elədir ki, var.

Qala rəisi

Nəyə görə siz bu fikrə gəlmisiniz, cənab Zahir bəy?

Zahir bəy

Mən dəfələrlə qulluğu şərəfinizə ərz etmişəm ki, Xurşidbanunun təşkil elədiyi “Məclisi-üns” əlahəzrət imperatora düşmən kəsilmiş siyasi bir ocağa çevrilmişdir. Onlar “Məclisi-üns”də şerdən çox siyasətdən, azadlıqdan danışırlar.

Qala rəisi (əsəbi)

Hansı azadlıqdan?

Zahir bəy

Məlumdu hansı azadlıqdan...

Qala rəisi

Yoxsa, dekabristlərin cinayətkar xülyaları buralara da gəlib çıxmışdır?! Yoxsa, qorxmurlar onlar imperatorun divanından?!

Zahir bəy

Vəliəhd öldürülən gecənin səhəri Xurşidbanunun baş mehtəri Muradalı yox olmuşdur. Muradalı isə, Xurşidbanunun ərə getdiyi Seyid Hüseynin xalası oğludur.

Fərəc bəy

Da... da... Elədir ki, var...

Qala rəisi

Şahzadə öldürülən gecə həmin Muradalını onun sarayının yanında görüblər... Belə düşünmək olar ki, Seyid Hüseyn Təbrizin keçmiş hakimi Şahzadəni öldürmək üçün Cənubi azərbaycanlılar tərəfindən göndərilmiş bir terrorçudur!

Fərəc bəy

Da... da... Elədir ki, var.

Mixaylov (qəzəblə)

Fərəc bəy, imkan verin!

Qala rəisi (Mixaylova)

Sakit.

Zahir bəy

Digər tərəfdən, cənab rəis, İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı Xurşidbanunun lüt bir Cənubi azərbaycanlı gədəsinə ərə getməsi özü də çox qəribə deyilmi? Bu əcayib əhvalat bütün zadəganları qəzəbləndirmişdir! Həmin Seyid Hüseynin də taxt-tac əleyhinə necə qəzəbli nitqlər irad etdiyini sizə demişəm. Mən öz millətimin halına yanıram, cənab rəis, onlar bizi əlahəzrət imperatorun nəzərindən sala bilərlər.

Fərəc bəy

Da... da... Elədir ki, var.

Qala rəisi (qalxaraq)

Yaxşı, cənab Zahir bəy, biz, Şahzadənin öldürülməsi ilə əlaqədar qalaya gələn canişin həzrətlərini qarşılamağa getməliyik. Əlahəzrət hökuməti sizin xidmətinizi yenə də əvəzsiz qoymaz.

Zahir bəy

Mən əlahəzrət imperatorun sadiq quluyam.

Qala rəisi

Rica edirəm, bu biri qapıdan çıxasınız.

Zahir bəy (kinayəli təbəssümlə)

Başa düşürəm. (Çıxır)

Qala rəisi

Bu qrafoman şairin söylədiklərini yazdınmı, Seryoja?

Mixaylov

Yazdım. Ancaq bu hərif qrafoman olmaqdan savayı, həm də, satqının biridir. Həmvətənləri bunu əclaf bir adam kimi tanıyırlar.

Qala rəisi

Bizə nə dəxli var ki, Zahir bəy istedadsız şairdi, əclafdı... Adı şairdir, qurtardı. Elə deyilmi, cənab Fərəc bəy?

Fərəc bəy

Da... da... Elədir ki, var.

Mixaylov

İvan Petroviç, mən Zahir bəy kimi şərəfsiz bir vəzifəbazın “Məclisi-üns” haqqında, Xurşidbanu və onun əri Seyid Hüseyn haqqında dediklərinə inanmıram!

Qala rəisi

İnanmaq lazımdır! Yoxsa, azərbaycanlıları sən Zahir bəydən, Fərəc bəydən yaxşı tanıyırsan? (Qəzəblə) Kim səni vəkil eləyib ki, bu qaçaq-quldur tuzemləri müdafiə eləyəsən?

Mixaylov

Onlar tuzem deyil, İvan Petroviç!

Qala rəisi

Bura bax, Seryoja! Sən mənim arvadımın yaxın qohumu da olsan, unutma ki, dayın bir dekabrist kimi tutulub sürgün edilmişdir! (Qışqırır) Sən əlahəzrət imperator hökumətinin zabitisən!

Mixaylov

Bu o demək deyil ki, mən gözlərimi yumub, hər şeyi kor-koranə qəbul edəm. Ədalət lazımdır!

Qala rəisi

Bizim üçün ən böyük ədalət əlahəzrət imperatorun şərəfini qorumaqdır! Aydındırmı?

Mixaylov (dərindən nəfəs alaraq)

Aydındır!

İşıq sönür

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов