Страница 16 из 23 · 65%

Sadəcə, İlan “alim”inin İlana xidməti sayəsində “ÜnOd” – “and”nan əvəz olunub, “ƏsƏr” – “səhər”nən, “Bağ” – “buğ”nan, “Od” – “at”nan! Vatikanın iblisanə qəh-qəhəsidi bu, oğul. GurÜnün axırında yekundu o “and”a döndərilən ÜnOd.

Yenə pozuram söhbətin sistemini, səbəbini sonra biləcəksən.

Nizami deyir: İlk müsəlman Mühəmməd Peyğəmbər qırx min il bundan əvvəl anadan olub.

Nizaminin dövründən – on ikinci əsrdən o yana min yüz il götürək, geri sananan əlliminillik tarixdən də iyirmi doqquz min il götürək, nə vaxt anadan olub Peyğəmbər?

İyirmi doqquz mininci ilin əvvəlində.

Din isə deyir miladın – Yeni tarixin yeddinci əsrinin əvvəlində atası Abdullah ölənda “Peyğəmbərin” doqquz yaşı vardı.

Hansı düzdü – Nizaminin yazdığı, yoxsa “İslam” tarixçilərinin yazdığı?

Nizamiyə inanammırsan, doğrudu?

Səməd səmimi etirafla:

– Doğrudu, inanammıram, əmi, – dedi.

Müslüm yenə də tamam səssiz addımlarla gəlib, səliqə ilə soyulmuq soyutma yumurtalar, duz gətirib, tezcə də çəkilib getdi.

– BağHəmOdun “Yer”də təxminən otuz min altı yüz il yaşamağı sənə fantastika kimi görünür. Eyni zamanda “böyük Nizami”, “dahi Nizami” deyə-deyə fikirləşirsən ki, Nizaminin Peyğəmbərə müraciətlə “sən qırx min il bundan əvvəl anadan olmusan” sözləri, şübhəsiz, boş-boşuna yazılmayıb. Nə sirr var burda?

Sirri açım, yoxsa əvvəlcə yumurta yeyək?

Səmədin fikri yenə də uzaq illərdə, “gör səbətdə yumurta qalıbmı?” – deyən üzüntülü raykom katibi ilə Bircə balasının o qəmli günlərində gəzdi. Sonra tüstülü həyəti gördü, fikri qarışdı, əmisinin üç barmağı ucunda ona doğru uzatdığı yumurtanı alıb “podnos”a qoydu.

– Hələ söz yeyirəm, – deyib gülümsünməyə çalışdı.

Sultan isə bir an içində dəyişib köksünü ötürdü.

– Bayaq Aşıq Sadıq barədə danışanda beynimdə bir bayatı dolandı:

Dərddə Kərəm.
Neyləsin dərdə Kərəm?
Qoşullam qəm kotanına,
Çəkərəm, dərd əkərəm!

Nizamidən danışanda Yanıq Kərəmi xatırlayıram. Yanıq Kərəmdən danışanda Nizamini xatırlayıram. Çünki Nizami də yaxası bənd-bənd bağlanmış “köynək” içindədi.

Diqqətlə dinlə.

“Qırx min il bundan əvvəl anadan olmusan” sözlərinin sirri “ilk müsəlman” ifadəsindədi. “İlk müsəlman” ifadəsinin sirri isə təhrif “mü səlman” sözü altında gizlədilmiş OdƏr sözü “BağƏsƏlMən”dədi.

Subasqınından sonra geri sananan tarixin iyirmi doqquz mininci ilində EySar ÜnEv (“Noy”, “Nuh”) QalAğımızın ƏlAğı – “Allahı” idisə, böyük qardaş Ulu Bağ ƏsƏlMən isə Olamda öz birinci Odu – adı – rütbəsilə ƏsƏlMəndisə, “Solomon”, “Süleyman” ƏsƏlMəni təhriflərə bağlayan BağƏsƏlMən (“Mü səlman”) kim idi? Bağ deyildimi? Yəni əbədi Bağlardan deyildimi? Bağ Atamızla oğullarının Kainatda, demək həm də “Yer” – EyƏrdə əbədi yaşaması dəyişməz qanunauyğunluqdusa, “ilk müsəlman”ın – “Müslüm”ün – BağƏsƏlMənin – BağHəmOdu “Mühəmməd”in Nizami əsrindən “qırx min il əvvəl anadan olub” yeni tarixin yeddinci əsrində “Məkkə”də – BağOdda Bağlıq eləməsi, yəni Yerdə otuz min altı yüz il yaşaması “fantastika”dımı, əzizim?!

İndi təsəvvür elə ki, nə Xızr Abıynan ünsiyyətdə olmusan, nə də mənnən, OdƏr bəşəriyyəti, OdƏr dili haqqında heç bir məlumat almadan, oturub “Xəmsə” oxuyursan: “Sən qırx min il bundan əvvəl anadan olmusan”. Yandımı Nizami?! Bəli, əzizim!.. “Dərddə Kərəm!” Yəni dərdlilikdə “Kərəm”in – OdƏrimin bərabəri yoxdu.

Əsli – OdƏrcəsi “ÜnƏsim” (Yaradan Ünüm) olan “Nizami” təxəllüs”ü də alov içindədi, oğul!

Batinlərimiz təhrif dildə “Mütənazi” də adlandırırlar Nizamini. “Tənzim edən” mənasında. Nəyi tənzim edən? “İslam” tarixçiləri dərhal tərəddüdsüz qışqırırlar ki, “dini tənzim, edir, Nizaməddindi!” Məhz buna görə də Nizami “köynək” içində yana-yana deyir: “İnsanın beyni susuz səhradır” (Heç nə bitirmir). Nizamiyə, on ikinci əsrdə Bağdadda Ərəb dili içində özlərini “İxvar əs Səfa” (SafAğ qardaşları) adlandıran SafAğ Alimlərinə, Nəimiyə, Nəsimiyə, saysız-hesabsız “Şeyx”lərə – ƏsAğlara tamam etinasız, əsrlərdən bəri inadla təkrar eləyirlər ki, “ilk müsəlman Müslümdü”. Min-milyon dəfə şərh elə ki, “Müslüm”nən “Müsəlman” eyni sözdü: hər ikisinin əsli BağƏsƏlMəndi, təsdiq eləməz Din!

Planetimizin bəlası hər şeyi dərk edə-edə heç nəyi dərk eləmiyən qeyri-adi idraksızlardı, oğul

İkiqat diqqətli ol indi, bəlanın miqyasını gör.

“Yevangeliye” kitabı ilk kəlməsindən son kəlməsinə qədər təhrif tərcümədən ibarət olduğu kimi, adı da təhrif tərcümədi. Əsli – OdƏrcəsi “EvÜn OdƏl”di (Ün Evinin Həqiqət Əli). Qrek-Latınlar “Şad xəbər”, “Muştuluq” mənası veriblər. Yeni tarixin dördüncü əsrində “xristian”lığı rəsmi “Religiya” elan edəndə “muştuluq”layıb öz təbəələrini. Nəyə görə? Deyəcəm indi.

“Yevangeliye”yə “Novıy zavet”də deyirlər. Rusca deyil bu ad.

Əslini – OdƏrcəsini eşit: “ÜnEvEy ƏsEvOd” (Uca Ev Ünü Yaradan Evin Həqiqətidi). Ərəbcəyə tərcümədə “İncil” adlandırıblar, bu da guya “Şad xəbər” – “Muştuluq” mənasındadı.

“Religiya”nın bəd əməllərinin əsasını dönə-dönə deməliyəm: sözü öldürür! “ƏsÜz”ü – Yaradan Mənanı! Həqiqəti əksər hallarda ələ salır, iblisanə qəhqəhə çəkir. Belə qəhqəhələrmən dolu olan “Quran”dan ən dəhşətli bir qəhqəhəni eşitməyən adam yoxdu: “Məryəm oğlu İsa!” “Məryəm oğlu!” “İncil”dəndi bu dəhşət: “İşıq”dan hamilə olub Məryəm ana. “Boq otets” işıqdan ibarətmiş. Ər – insan deyilmiş?!

“Religiya” hardan alıb bu dəhşəti? Dedim: sadəcə OdƏrcə “Ər” kəlməsinin “işıq” mənasını tərcümə eləyib, “Ər”in İnsan mənasını atıb!

İndi yekununa bax “İncil”in – “Muştuluq”un: “Quzu gəlir, başının üzərində də çoxlu təhrif adları”. Nədi bu, bir şey başa düşürsən?

“İisus” gəlir əvəzinə “Quzu gəlir” yazıblar! Niyə?

Səməd donub qalmışdı.

– EySar əvəzinə “quzu”?! “İncil”dədi bu?!

– Bəli, əzizim!.. Bütün Bağlarımızın, o cümlədən ƏlAğ EySarın rütbələrindən biri OdƏsdi (Yaradan Həqiqət). “Od” əvəzinə burda da “ki” gətirib Qrek. “KiƏs”i türkcə “küz” eləyib, müasir dilimizdə “küz”, “küzü” (quzu saxlanan yer mənasında) işlətdiyimiz sözü “tərcümə” eləyib, EySar OdƏs dönüb olub “quzu”!

Bəs “başının üzərində çoxlu təhrif adları” nə deməkdi? “Bojie simvolı” adlandırırlar. Yəni rəmzləri açmağa cəhd göstərmə! “Kitab” “quzu” deyir, sən də “quzu” de, kimlərəsə qurban kəsilmiş yazıq bir heyvan hesab elə. Vəssəlam! Budu “Novıy zavet” – “Şad xəbər” – “Muştuluq”: sevin ki, “quzu” gəlir!.. Qəh-qəhə nədi, bütün bəşəriyyətin başına ip salmaq kimi bir şey deyilmi bu “Muştuluq?!”

İmkanın olanda tap oxu ruscasını, gör necə İlandı Bağı “quzu” eləyib, adları – rütbələri gizlədən Din!

Deyəcəm, biləcəksən ki, EySarın öz alim yoldaşlarından hərəsi bir xatirə kimi şey yazıb “çarmıx” hadisəsindən sonra. Tərikcə – Türkcə yazıblar, OdƏr terminlərindən istifadə edə-edə. İlan “alimlər”i SafAğ Alimlərinin adlarını gizlədə-gizlədə qrekcəyə, sonra latıncaya, sonra köhnə “rus” dilinə tərcümə eləyiblər, indiki “Ukrayna”, “Rusiya”, “Bolqariya” ərazilərində zornan tədris elətdiriblər, “Rus”a dönənlərimizdə EySar haqqında olan-qalan təsəvvürü də məhv eləyiblər. EvÜn OdƏrƏs “İvan krest”itel”ə döndərilib “İisus”u “krest”it eləyibsə, EyƏr ƏsƏlimə “Yeru səlim”ə döndərilibsə, “tərcümə”di bu, yoxsa qatillikdi?!.

İndi qayıdıram “Bibliya”nın “Vetxiy zavet” hissəsinə.

“Vetxiy”, bilirsən, “starıy” – köhnə mənası alıb rusca, “starıy zavet” – “köhnə xəbər” mənası verir.

Görək nədi bu “xəbər”: “Zmeya iz travı podnyala qolovu, skazala: “Eş, vkusno”. Adam syel yabloko i bıl izqnan iz Raya”. “Adəm almanı yedi və “Ray”dan – Cənnətdən qovuldu”. Başqa variantı da var, bilirsən, “alma” deyil: “buğdanı yedi, Cənnətdən çıxdı”.

Cəfəngiyyatdı?

İlk nəzərdə cəfəngiyyatın kvadratıdı. Oxuyub istər-istəməz çiynini çəkirsən ki, necə yəni “ilan” dedi?! İlan dilə gəlib, deyib: “Ye, dadlıdı?!” “Adəm” deyilən isə bir dənə alma yediyinə görə qovulub cənnətdən?! Bu nə “alma”dı belə?! “Alma” niyə “buğda”ya dönüb?!. Sual suala calanır, “Boq”un, “Allah”ın “özünəbənzər” yaratdığı “ilk insan”ın, nə üçünsə “peyğəmbər” adlandırılan “Adəm”in “Ray”dan – “Cənnət”dən qovulması dumanlı günah iş kimi, müəmma olaraq qalır. Niyə? “Xristian”ını, “müsəlman”ını niyə belə axmaq vəziyyətinə salır “svyataya Religiya”, “müqəddəs Din?!”

Danışacam indi, görəcəksən ki, “quzu”dan da dəhşətli qəhqəhədi bu “Adəm” əhvalatı.

İndiyə qədər hamıdan, o cümlədən “İbrahim peyğəmbər”ə (“Avram”a) sitayiş eləyən molla, üləma qismindən də, şagirdlərimdən də gizlətmişəm həqiqəti. Dəfələrlə soruşublar: “Avram, Sara əhvalatı doğrudurmu?” “Alma” sözünün altında nə var?” Demişəm: “Bilmirəm”. Bağ Atanın “İsay”, “İsay Novin” adlandırılan ikinci Oğluynan “Avram” – “İbrahim” adlandırılan üçüncü oğluna sitayiş eliyənlərimiz, yəni EyOd OdƏri ikən “İud”eyə” “Yəhu”di”yə, ƏrEy OdƏri EvƏrEy ikən “Yevreyə” dönənlərimiz Qrekin siyasət toru içində casuslar təbliğatına elə uyublar ki, “Avram” EvƏrimdi, OdƏrdi – “Türk”dü desən, elə bu da bəsdi qan düşməni kimi baxsınlar sənə. Çox parçalanıblar Təriklərimiz, oğul. Bu saat burda – Şimalımızda ruslaşdırma, Cənubumuzda farslaşdırma, assimilyasiya prosesi necə güclüdüsə “Yəhud”a, “Yevrey”ə döndərilənlərimiz arasında antiTürk təbliğatı da bir o qədər güclüdü. Bədbəxtlik basıb milləti, heç bunu da deyəmmirəm ki, “Avram” – “Sara” əhvalatı hiyləgər quldar uydurmasıdı, həm xalqın özünü əxlaqca pozmaq, həm də həmişəlik ləkələmək üçündü: “Ot arasından başını qaldıran ilan” da seksual mənadadı, “alma” da, “buğda” da! Uydurma “ilk insan”nan – “Adəm”nən yox, “Bağbil”in müəllifiynən, yəni EvƏrimin özüynən bağlı təhqirdi. ƏlAğ EySarımız necə “Məryəm oğlu İsa”ya döndərilibsə, EvƏrimin öz adından yazdığı “OdMən EvEy” də eləcə “Adam”a, “Yeva”ya, ƏrEy vilayəti isə, bayaq dediyim kimi, “Ray”a döndərilib!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 мин
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 мин
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 мин
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 мин

Стихи других поэтов