Страница 1 из 3

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.

Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

– Görəsən dünyada bu cür yatan ikinci bir insan varmı!.. Mən təzə-təzə qanıram bu iniltinin səbəbini... Oyan, ay əmi! Oyan, qurbanın olum!

Sultan gözlərini açıb, eynilə Səmədin rayon mehmanxanasındakı halı kimi bir hal keçirib, sonra ağır-ağır dikəldi.

– Bilirdim gələcəksən... Məndən nigaran olma, yaxşıyam, – deyib, böyründəki “padnos”a işarə elədi. – Hər halda “dirilik suyu”na ehtiyacım yoxdu. Sərin pivəyə əşədd ehtiyacım var. Saat neçədi?

Səmədin qolundakı sarı şüşəli, köhnə “Pobeda” saatının axırıncı dəfə nə vaxt qurulduğu məlum deyildi. Müslüm öz qolundakı “Pobeda”nı göstərdi.

– Səkkiz?! – Sultan heyrətlə qaşlarını dartdı. – Paatonnan! Səkkizcə saat köpmüşəm! Qalxın, qalxın! Axşam iclası qurtardı. Məhərrəmnən əlaqəmi bərpa eləyib bax bu quşburun kapitan Müslüm Müslüm oğlu Müslüm! Gəlməlidi indicə professorun. Əmma mən hələ heç nə eləməmişəm. Dolma bükmüşdük. Batdı dolma!.. Uşaqları bağdadı. Mən gələndə çağırtdırmaq istəyirdi. Qoymadım ki, üç-dörd gün ikilikdə qalaq, bir az iş görək bu bədbəxt millətin xeyrinə... Yaxşı, neyniyək indi, əlharaylığı nə düzəldək? – Sultan cəld yönəlib, balkonun uzaq küncündə “xolodilnik”i açdı. – Ə, Müslüm oğlu, gəl sən də bax görüm, neyləmək olar?

Müslümlə birgə Səməd də gedib, əmisinin böyründən əlini uzadıb, ət, yağ, göyərti və sair ərzaqla dolu “xolodilnik”dən bir yumurta götürüb, barmağının ucunda Sultana göstərəndə, əmi ilə qardaşoğlu, ikisi də qəhqəhə çəkdi.

Müslüm etiraz elədi:

– Bu qədər şeyi qoyub, yayın günündə qayğanaq yeyəcəksiniz?! Bir də, pivəynən tutmaz axı qayğanaq! İcazə versəniz, qazın, tənəkənin üstündəcə elə kabab düzəldərəm ki, manqal kababı heç nə olar onun yanında! Lap beşcə dəqiqəyə.

Sultan bu təklifdən sevindi.

Səməd isə, düşünmədən, əlini ətin üstünə qoydu, nə isə çox dumanlı və gözlənilməz bəd bir hisslə:

– Kabab yox, kabab yox! – dedi və əmisinin baxışındakı diqqəti görüb, dərhal kənara baxdı.

Əmi də, qardaşoğlu da bircə anda həmişəlik dərk eləmişdilər ki, bundan sonra heç vaxt kabab yeməyəcəklər. Yəni ağ daş evdə o müdhiş gecəni unutmağa çalışacaqlar.

Əlbəttə, qardaşoğlu cavanlıq elədi. Ancaq cavanlıq, təcrübəsizlik və hədsiz ürəkaçıqlığı üzündən, düşünmədən “kabab yox” dedi. Xəlvət Rəhimin cibindən möhürü çıxaranda, Gülənovun biləyinə “naruçnik” keçirəndə olduğu kimi, burda da məhz ürəyinin hökmü ilə əlini ətin üstünə qoydu. Əmma bir yana baxanda elə yaxşı oldu və Sultan burda bir daha fikirləşdi ki, ailənin müsibətindən yaxa qurtarmaq nə qədər çətin olsa da, hər halda Bircə balanı kiçildən hisslərdən uzaqlaşdırmaq üçün Sultan özü də son dərəcə ehtiyatlı davranmalıdır, hissini cilovlaya bilməyən Bircə balanın idealını məhz ideal səviyyəsində tutmaq üçün bütün həyat təcrübəsini, iradəsini, səbrini səfərbər saxlayıb ayıq olmalıdır, rayonda baş verən hadisələrin həddən aşdığını, Bezobraziye murdarlarını kürüyüb atmağın qeyri-mümkünlüyünü də ehtiyatla çatdırmalıdır.

Sultan belə düşündü və qəfil güllə kimi bəd hiss qardaşoğlunu nə qədər dəyişdirsə də, əmi bu vəziyyəti məharətlə dəyişdirdi.

– Gəl belə eliyək, Müslüm. Pendir-çörəknən tərxun və pivə!.. Tezcə duş götürək. Mənim təzə kadrım yumurtasız keçinəmmir. Adama iki-üç soyutma yumurta as, sasiska as. Dolmanı da alçaq xodda qoy. Çox oturacayıq bu gecə. Sabah bazardı. Yoldaşlar sabah qurtarmaq istəyirdilər məhkəməni. Rudenko deyib: “Qara dənizdə çimmişəm, Baltikdə çimmişəm, Xəzərdə çimməsəm Xəzər, inciyər məndən”. Sabah dənizə gedəcəklər. Rudenko çox sarsıntılıdı. Məhərrəmə deyib: “Bu canilərin iyirmi illik cinayətləri məni iyirmi il qocaldıb...” Hitlerin canilərini mühakimə edən prokurorun etirafıdı bu. O cür adam beş gündə iyirmi il qocalırsa, o hesabdan görün iyirmi ildə mən nə çəkmişəm. Bu gecə hamısının əvəzini çıxaq, qardaşoğlu. Əvvəl adama bir şüşə soyuq pivə. Sonra duş. Sonra altdan bəqədri-qüvvə araq, dalınca yenə pivə, pivə və pivə! İkicə yeşik almışam, qırxca dənə “Jiquli” pivəsi. Bəsindi?

Səməd gülürdü.

– Qırxını da mənə versən, bəsimdi. Bu şərtnən ki, bir şlanq da verəsən, göbəyimə keçirim.

Sultan şaqqanaq çəkdi.

– Çoxdan bilirəm sənnən zarafat eləmək təhlükəlidi. Hələ dilinə dəyməmiş, distansiya gözləmirsən, qırx dənə “Jiquli”dən sonra neyliyəcəksən?.. Gəl bəribaşdan şərtləşək. Distansiya məsələsini unutmuyaq. Zarafatda da, ciddi söhbətdə də. Əlbəttə, açıq danışmalıyıq. Lap açıq! Bu Müslüm Müslüm oğluna tapşırmışdım, yolda yenə bir az hazırlasın səni, körpü salsın, cəmaatın o vəziyyətində səni rayondan ayırmağımız pis təsir eləməsin sənə. İndicə orda işarəynən xəbər aldım ki, işlər necədi? Pıçıldadı ki, “iki tərəfə işləməyimə dözəmmir Səməd”. Bəri başdan həkk elə beyninə, əzizim: həqiqi Azərbaycan çekisti məhz iki tərəfə işləyə-işləyə vətənə sadiq qalmağı bacarmasa, bu peşəni təcili atıb, başqa iş dalınca getməlidi. Yığışdır özünü! Çox ərköyün böyütmüşük səni, qardaşoğlu. Nə qədər başıbəlalı olsan da, ərköyünlüyün qalır hələ. Odu ki, deyirəm, şumda şərtləşək, xırmanda yabalaşmıyaq. Danışacam, biləcəksən ki, bu planetdə heç bir xalq bu qədər talesiz deyil. Bax bu fəxrin Sultan Əmirli də iki tərəfə işləyir! Məhərrəm, necə deyərlər, allah bilir neçə tərəfə işləyir. Sən hələ qarışma belə məsələlərə. Danışdıq?!. İndi adama bir pivə! Sonra duş! Qırx dərəcədi istilik Bakıda. – Bir pivə açıb Səmədə verdi, ikincisini açıb Müslümə verdi, üçüncüsünü özü başına çəkdi, nəfəsini dərib: – Oxxay! – dedi.

Boğazını, sinəsini sığalladı, çiyinlərini, qollarını, qıçlarını tərpədib, gimnastikaya bənzər hərəkətlər elədi.

– Deyəsən adam oluram yavaş-yavaş. Dünyamız nə qədər mürəkkəbdi, bir o qədər də gözəldi, qardaşoğlu. Can gəlib dirənir xirtdəyinə, deyirsən mənimki də burayacanmış. Sonra məlum olur ki, demə, Bircə balanın üzünü görmək, üstündən də bircə şüşə pivə kifayətiymiş ki, yenidən adam şəklinə düşəsən. Səhər-səhər Əfəl Məsimin telefonoqrammasını aldım: “Məmiş Əlləzoğlunun xəstəliyi təsdiqlənib. Səmədin həbs olunması üçün əsaslı cinayət işi qaldırılıb...” Məlum oldu ki, Xalıqın işidi. Açıq-aydın gördüm fırıldağı, Məhərrəmə də dedim. Bir də o vaxt ayıldım ki, “təcili yardım”ın həkimi dayanıb başımın üstündə. O vəziyyət hara, bu vəziyyət hara?! Əlimdə pivə, laqqırtı vururam! Hələ bir beyin də işlədirəm ki, necə eləyim, qardaşoğluynan söhbətimi hardan, necə başlayım ki, rayondan belə dalbadal qaçırılmağının səbəblərini düzgün anlasın, professorundan, əmisindən inciməsin, əhval-ruhiyyəmiz bir də buna görə dəyişməsin!

Şüşənin içindəki seyrək köpük qabarcıqlarına baxdı.

– Düşmənin ömrü belə olsun. İndicə doluydu bu şüşə. Ağzı açılanda coşdu-daşdı. İndi bomboş! Köpük qalıb yerində...

Səməd fikir verirdi: əmisi “söhbətə” keçməyə çalışırdı, əmma doğrudan da “Hardan, necə başlayacağını” bilmirdi, əməlli-başlı çətinlik çəkirdi, bəlkə əzab çəkirdi.

– Ay əmi, “duş” dedin, tər aparır axı səni...

– Hə?.. – Sultan hələ də şüşəyə baxırdı. – Deyirəm, köpük qalıb. Bir azdan köpük də qalmıyacaq. Nə vaxtsa etiketi də qoparılacaq. Ondan sonra heç kəs bilmiyəcək ki, vaxtilə bu şüşədə pivə varıymış... Filosof nə fikirdədi bu barədə? Etiketi qoparılsa, bu şüşənin məhz pivə üçün düzəldildiyini bilən tapılar?

Müslüm “padnos”a yumurta yığa-yığa gözaltı Səmədə baxırdı. Səməd hiss etdi ki, “etiket” sualının ardınca Müslümün yolda dediyi bir xəbər – “Bircə balanın Bakıda qalmağının vacibliyi” barədə təklif gəlib, əmisinin onsuz da zahiri gümrahlığını alacaq, qardaşoğlunun Bezobraziye murdarlarına divan tutmaq niyyətinin, yəni lap tezliklə rayona qayıtmaq fikrinin qətiliyi bilinəndə, şübhəsiz, mübahisə başlanacaq, nəticəsi isə yəqin ki, yenə “dirilik suyu”, bəlkə hətta “təcili yardım” olacaq. Quş gözlərində açıq-aydın qorxu da “dirilik suyu”ndan, “təcili yardım”dan xəbər verirdi. Doğrudanmı Bezobraziye qalib idi?!

Səməd əlindəki şüşəni “xolodilnik”in üstünə taqqıldatdı, əmisinin xəbərdarlığına baxmayaraq, doğrudan da “zəhləsi gedən” Müslümü hirslə itələyib pivə götürdü, açıb başına çəkdi.

– Filosof bu fikirdədi ki, materiya birincidi, şüur ikinci. Qarın boş olanda baş işləmir. Mənim özümün sənə o qədər sualım var ki, uc-uca calasam, səhərə qədər qurtarmaz. Başla, əmi, nə deməlisən de!

Sultan da şüşəni “xolodilnik”in üstünə taqqıldatdı.

– Marş, marş! Duş! Birinci duş! Gün batandan sonra da od yağır... Pəncərələrin, qapıların hamısı açıqdı, yenə hava tərpənmir. Xəzri olmuyanda batır da Bakı. Dünəndən bəri Məhərrəmin duşudu məni saxlıyan. Su yaxşı gəlir burda. Əla duşdu!..

Sultan danışa-danışa, bələdçilik eləyib, onu qapının arxasındakı dəyirmi foyedə palma ağacının yanından sola, qaranlıq dəhlizə apardı, işığı yandırıb, dəhlizin sağındakı qapını itələdi. Əmisi bir şey deməsə də, Səməd başa düşdü ki, dəhlizin solundakı vanna otağı bu mərtəbədəki ikinci ailənin, yəni “bacanaq” Xalıq Qudalovundu. Əmma bu mərtəbədə cəmisi iki mənzilin üzbəüz qapıları kimi, vannaların üzbəüz qapıları da heç bir təəssürat oyatmadı. Səbəbi yəqin bu idi ki, əmisinin iniltisini eşitdiyi andan hər küncündə bir mismar işıldayan qapaq gözlənilmədən görünüb, “Çax-çux”, “Həyula”, “Kobra”, “Mayor Qudalov”, “Polkovnik Qudalov”, “İki dəfə qəhrəman” adlarında çoxadlı, çoxüzlü cani ilə bütün Bezobraziyeni də çəkib bu evə gətirdiyinə baxmayaraq, Səməd caninin özü ilə birgə ətrafındakıları da həbs ərəfəsində çapalayıb nə isə eləməyə çalışan, əmma öz ölümlərini yaxınlaşdırmaqdan başqa bir şeyə qabil saymadığına görə burdakı qapıların qabaq-qarşılığına əhəmiyyət vermədi. Əmisinin ardınca içəri girib, ikinci bir saray genişliyində böyük su çəni, nəhəng samovar, qaz plitələri və qırmızı məxmərlər arxasında yan-yana “duş”lar, “vanna”lar görəndə isə, qapıların qabaq-qarşılığını da unudub, valehlik göstərdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

14 мин
Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 мин
Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 мин
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 мин

Стихи других поэтов