Kainat sakinləri 2
Страница 2 из 23 · 4%
Burası aydındımı?.. Yenə dumanlıdı?!
Aydınlaşacaq.
Qulaq as.
Məhərrəmin kitabxanasında bir kitab var: Plini Sinqvu – “Epistularum”. Yəni Plininin oğlunun “Məktubları”. Latıncadı. Bədbəxt Nəcəfoğlu tərcümə eləyirdi. Yarımçıq qaldı. Çünki o yazıq ona-buna danışmışdı ki, eramızdan əvvəl məşhur elm xadimi senator Plininin vaxtında Yupiterdən şəkil göstərilib fəzada. Sənin, mənim çəkdirdiyimiz fotoşəkillər kimi fotoşəkil. Üstəlik, səsnən deyilib: “Bu adamı imperator seçməlisiniz”. Faktdı. Tarixdi! Bakının üstündə o parıldayan planetdən göstəriblər şəkli! Səsnən, adi insan səsiynən deyiblər. “Bu adamı seçməlisiniz?!”
Kitab adı deyirəm sənə: Plini Sinqvum – “Epistularum!” Yüz nəfər senatorun şahidliyiynən olan tarixi hadisəni danışıram!.. O heç. Öz əmiləriyin yazdıqlarına qulaq as. Hələb şəhəri vaxtilə bizim gizlin Elm mərkəzlərimizdən biri olub. Nəsiminin edamından sonra orda – Hələbdə cəmaat görüb ki, Nəsiminin meyidi göz qabağında dura-dura, Hələbin səkkiz darvazasının səkkizindən də dipdiri, sapsağlam Nəsimi çıxıb, yox olub. Görüblər! Yazıblar! Cünglər, təzkirələr doludu bu yazıynan. Nədi bu? Nə deməkdi? O boyda şəhərdə cəmaatın hamısı dəli olubmuş?! Dəli olan, beyni iyrənc fikirlərnən dolub qapanan, gözü tutulan indiki bəşəriyyətdi, “müasir mədəni dünyamız” adlandırılan dünyamızdı!
Nəsimi adıynan tanınan o qeyri-adi insanın edamından sonra “zülmət dövrü” deyilən dövr başlanıb. Altı yüz ildi zülmətdədi bəşəriyyət. Görmür! Daha doğrusu, göstərmirlər.
Nədi göstərmədikləri? Ağlına yerləşdir indi, təsəvvürünə sığışdır ki, kino göstəriblər onda. Altı yüz il bundan əvvəl! Nəsiminin edamından sonra Yupiterdən kino göstəriblər ki, səkkiz darvazanın səkkizində də cəmaatın hamısı görsün ki, Nəsiminin bədəni, beyni SafAğ olub, “Ruh”u – ƏrAğı, yəni Saf İşığı gedib yenə həmin Nəsimiyə çevrilib əbədi yaşayacaq. Belədi Kainatın quruluşu, əzizim!.. Edam olunub, dedim, bildin ki, “Divan”larından OdƏr sözləri, farsın təhrif zəbanıynan “Dəri” dili çıxarılıb, sonra da özünün dərisi soyulub, Nəsiminin, bədəni yerdə qalıb, çürüyüb, beynindən çıxan işıq, təkrar eləyirəm, “ruh” dediyimiz işıq uçub, Yupiterə çatana qədər hamanca Nəsimi olub. Budu böyük SafAğ Elmi!.. “Sofi”, “Sufi” eləyiblər. Hətta “Səfa”, “Səfi” deyiblər! Öldürüblər! Ölməyib. Çünki OdƏr (Həqiqət işığı) əbədi bəşəriyyətiynən bağlıdı.
Ərəbin “axirət” sözü təhrif “axır” mənasında işlənir. Əsli – OdƏrcəsi AğƏrdi. Yəni SafAğ İşıq. Çaşma. Bütün Kainat, on səkkiz min “Qalaktika”, bizim bu “Yer” adlanan EyƏrimiznən (Uca İşığımıznan) birlikdə, hamısı AğƏr – SafAğ İşıq dünyasıdı. Hamısı! “Bu dünya”, “O dünya” şərti ifadələrdi. Bizim “Yer” – EyƏrimiz də vahid Kainatın kiçicik bir hissəsi – bir planetidi.
“Ərən”, “Ərənlər” deyirlər aşıqlarımız. Həm insan mənasında işlədirlər “Əri”, həm də İşıq mənasında. Niyə?
Diqqətli ol indi.
“Ruh”da təhrif dilin təhrif sözüdü. Yenə deyirəm, əsli – OdƏrcəsi ƏrAğdı. AğƏr də SafAğ İşıqdı, bu “ruh” – ƏrAğ da. İnsan öləndə, bədəni tamam soyuyana qədər və bir az da bədəni soyuyandan sonra beynindən “ruh” – ƏrAğ (SafAğ İşıq) çıxır. İnsanın ölü bədənində də ölmüyən əbədi hüceyrələrnən dolu İşıq! Meyidin təxminən üç-dörd metrliyində, yuxarıda uzunsov şar şəklində toplanır, çox ağdı, qaraya çalır havada. Adi insan, yəni təhrif insan görmür o şarı. SafAğ Elmini mənimsəyən, beyni, gözləri SafAğ İşıqla zəngin olan insan görür o şarı. Aydınca görür ki, şarın içində həmin ölən adamın silueti var. Şüurlu kimi baxır adamlara, kimiyə nifrətini, kimiyə məhəbbətini bildirir üzgözünün hərəkətiynən... O ölən adamın bütün varlığının proqramı o şarda, böyük, quru rüşeymin daxilindədi. Daşdan, divardan da keçir o şar. Çünki bizim təsəvvürümüzdə bütöv, məsaməsiz predmet olan daşın, qayanın, divarın, tavanın da mikroməsamələri var. Şar tamam maniəsiz uçub, planetimizin atmosferindən çıxanda birdən-birə atılma sürətiynən uçur. Kainatdan elementlər çırpılır, dolur o rüşeymə və... nə olur? Hamanca insan cəmisi bir neçə saata yaranıb başqa planetə enir. İkinci doğuluşdu bu. Bildinmi?! “Ər” – “Ərən” deyilənlər belə gedirlər “Axirət”ə – AğƏrə! Ana bətnində işıq – uşaq ananın canından, qanından necə yaranırsa, “ölən” də anası Kainatın bətnində eləcə yaranıb, bizim bu torpağımız kimicə adi torpaq üstə enib əbədi yaşayır!
Bax belə Elmin var, SafAğ Elmi!
Nəsimidən əvvəl Nəimiynən bağlı olub. Nəimidən əvvəl Nizamiynən bağlı olub. Nizamidən əvvəl “Babək” adıynan tanıdığınız, qılınc qəhrəmanı saydığınız nəhəng bir alimimiznən bağlı olub. “Silsilə” deyirlər bu SafAğ Elmi alimlərinə. Çoxdular. Alimlərin silsiləsi uzana-uzana gedib Ulu Bağ ƏsƏlMən – “Süleyman” padşahımıza qovuşur.
Dönə-dönə, hətta bezdirici təkrarlarnan deyəcəm sənə, izah eliyəcəm ki, hansı söz, hansı ad nə vaxt, niyə və necə təhrif olunub. Bax onda biləcəksən necə Elmdi SafAğ Elmi.
Nəinki SafAğ Elmini, nəinki Bağların adlarını, hətta planetlərin əsl adlarını da gizlədiblər.
Bağ adıynan “Yupiter” adını yanaşı qoy. Yapışmır bir-birinə. Niyə? Abının verdiyi ilk məlumatı şərh eliyəndə biləcəksən ki, EyOdƏr Babamızdan başlamış “atom” – OdMən zərrəciklərinə qədər, bütün Kainat təhrif olunub. Nə vaxt? Niyə? Uzun-uzun əsrlər boyunca Bağlar niyə düzəldəmmirlər bu təhrif planeti? Hamısını biləcəksən, idrak acı balam! Sayılov nə qədər murdardısa, o qədər də ayıqdı. Düz dedi sənin barəndə, saf balam.
Əmma vaxtı çatanda dərk eliyəcəksən ki, mərdliyin, igidliyin nisbi olduğu kimi, saflığın da nisbidi.
Nizami, Nəsiminin mürşidi – müəllimi Nəimi, Nəsimi “kamil insan” adlandırırlar SafAğ İnsanı, yəni OdƏri. Bağlarımız da Od – həqiqət Ərləridi.
Bu həqiqətlərdən uzaq insanda, yəni beyni qapalı kar, kor insanda kin, ədavət, qisas hissi güclü olur.
Bezobraziye sənin saf ürəyində kin yaradır.
Kin qatil yaradır.
Görürsənmi necə yox olur saflığın?!
Yalnız Kamil İnsan, Nəsiminin məcburən çox vaxt “həq” dediyi “Allah” – ƏlAğ-SafAğ İnsan Əli olan OdƏr bilir nədir saflıq. OdƏrlikdən – həqiqət işığından uzaq insan-təhrif insan-cahil insan isə, hətta özü istəmədiyi halda da həqiqəti tapdalayır. Özü də bütün planet miqyasında!
İndi gör nəyə görədi bizim belə əsrlərlə uzanan mübarizələrimiz, məğlubiyyətlərimiz. SafAğ Elmi dəryadır. Qəvvas son nəfəsində də qol atır ki, kamilliyin sahilinə bir az da yaxında ölsün!..
İyirminci ildə əmilərin bir manata möhtac qalmışdılar. Fədailərin oğul-uşaqlarına çörək tapammırdılar. Mədrəsəyə gedəndə ciblərində şabalıd aparırdılar. Dərs demək əvəzinə, uşaqların şabalıdı qabıqlı-qabıqlı yediyinə tamaşa eləyib, evə üzü üstə qayıdırdılar!.. Aclığın son həddində, meyvə qurusu – qaxdan savayı heç nə olmuyanda da dərsə gedirdilər. Mazandarandan, meşələrdən hər gecə bir dəstə atlı gəlirdi, atdan töküləndə “salam-əleyküm” əvəzinə “güllə, barıt” deyirdilər. Atlıları fədailərin yanına əliboş qaytarmamaqdan ötrü əmilərin Əmir babamızın sovxalarından daş-qaşı söküb satırdılar. Axırda məcbur olub, gəlib bu tayda məscidlərdə ianə yığdılar.
Nədi ianə, bilirsən? Dilənçilikdi!
Niyə dilənçi olmuşdular? Çünki var-yoxlarını əcnəbi arxeoloqlara, çapxanalara vermişdilər. Tək bircə kitab çap elətməkdən ötrü gərək əməlli-başlı var-dövlət sahibi olasan. Yeddi yüz əlli kitab çap elətmişdilər əmilərin. Hər kitabın axırında gil, qaya yazılarının, daş kitabələrin rəngli fotoşəkillərini çap eləmişdilər... Ulu Bağın Olamdakı SafEyinin sütunlarının şəkillərini ingilisdən almaqdan ötrü, Qrek tacirlərinin Afinadan gizlin gətirdikləri kitabları – OdƏr – Türk dilində əlyazmalarını almaqdan ötrü ovuc-ovuc qızıl verirdilər! Bax bu işdən – “Vərəsə”dən başqa neyləyirdilərsə, hamısı, o cümlədən fədailərə, qaçaqlara tüfəng, “qurğuşun”, yəni güllə almaqları da, hamısı cahil insan – təhrif insan əməlidi. Nə nəticə çıxır burdan?! Əmilərin öz əlləriynən özlərini təhrif eləyirdilər? Bəli, əzizim! Niyə? Çünki mühit, bütün planet Bezobraziye mühitidi, “Allah”ların SafAğ xəzinəsi üstündə yatan İlan mühitidi!
Diqqət yetir indi, gör necə nəhəng, eyni zamanda necə bədbəxt adamlarıq ki, bütöv bir planetdə bütöv bir bəşəriyyəti “Allah”lara qovuşdurmalıyıq! Bax belə bir ideal uğrunda əmilərin şüurlu şəkildə müflisləşməyə getdilər ki, həqiqətimiz torpaqda qalmasın. Əmma yeddi yüz əlli cilddən birini də dünyaya çıxardammadılar. Fədailər oxudular, biz – aralıqda o tay-bu taya gedib-gələnlər oxuduq, bir də Moskvadan məqbərəyə xüsusi göndərilən Akademik Marrman onun şagirdləri oxudular (Sonra danışacam, Stalinin xüsusi göstərişiynən məqbərəyə düşmən kimi gələn Marr necə dost oldu, Stalinin özüynən tutaşdı! Çünki Elmimizin hikməti insanı qorxudan xali eləyir!). “Şeyx Xorasan” məqbərəsinin sirrini bilənlərdən bir də “Müəllim” oxudu. Bunnan da “Vərəsə”nin işi qurtardı. Ürəyimizdə odu qaldı, özü külə döndü, “İttihadi-İslam” firqəsinin sandıqlarında, Demokrat firqəsinin arxiviynən bir yerdə, göz dağına çevrildi. Çünki Stalin, Beriya, Mirqəzəb, Pers varıydı? Yox, oğul... Nə Naxçıvana o “duz səfərimiz” aydındı sənə, nə də bu danışdığım. İmperializmin, İlanın siyasi platforması adında bir müsibət var. Əmiləriyin başlarının kəsilməyi toy-bayramdı o müsibətin müqabilində. Şeyx Ağ Əmir, Şeyx Boz Əmir kimi, sədr Mədəd kimi qardaşlarımnan yanaşı, milyon insan həyatı qurban verərdim, bu müsibət olmuyaydı. İngilislər funtsterlinqi sel kimi axıdırdılar, bütün Avropanın, özlərinin ən görkəmli arxeoloqlarını, şərqşünaslarını Cənuba doldurub, əslini, bizdən olduğunu unutmuş Pəhləvi şahının hakimiyyətinin qanuniliyini sübut eləməkdən ötrü, Cənubumuzu Şimalımızdan həmişəlik ayırıb, əbədi müstəmləkəyə çevirməkdən ötrü tariximizin üstündən qələm çəkib “Pəhləvi tarixi” yazdırırdılar. Danışacam, biləcəksən ki, o cahil hərbçi Pəhləvi bədbəxtləri bizdən necə ayrılıblar. BağOd EvÜn ikən sonralar təhrif olunub “Pixtavan” – “Pəhləvan” – “Pəhləvi” adlandıqlarını, tədriclə bizdən ayrıldıqlarını Pəhləvilərdən bir nəfər də bilmirdi, buna görə də “Pəhləvi tarixi” adında yalan kitabın hər kəlməsinə inanırdılar. Adi bir hərbçi ikən İngilisin əliynən təxtə çıxarılan Şah özü də xüsusi fond ayırmışdı tarixçilərdən ötrü. Əmilərin Qəsri-Qacarda otursalar da, EySarımızın – Uca Hökmdarımızın Ününü dinləyib hər şeydən xəbər tuturdular, podpolyalarda bizimkilərə çatdırırdılar. Atannan mənə də, nakam dostumuz Nəcəfoğluna da çatırdı, hamımız bilirdik ki, cəhalət “alim”lərinin falsifikasiyası – “Pəhləvi tarixi” yazıldıqca, hər səhifəsi İngiltərədə, Avropada, Amerikada ingilis, alman, fransız alimlərinin elmi kəşfləri kimi qələmə verilirdi, dilimiz, dövlətimiz inkar edilirdi. İzah eliyəcəm, görəcəksən ki, hətta “İran” sözü də olmayıb. Tarixdə yoxdu. Başa düşürsən? Yoxdu! Təhrif sözdü, mənasızdı. Tamam mənasız!... Mənasızlığa məna verirdilər. Bütün planet miqyasında qələm çəkilirdi tariximizin üstündən, oğul. İndi deyəcəm, nakam dostumuz, filosofumuz Nəcəfoğlu Avropada “Tarixin atası” adlandırılan Qrek casusu Herodotun Sarlarımız hökmdarlarımız barədə xronikasını necə darmadağın eləmişdi. Heç kəsdə şübhə qalmamışdı ki, Herodotun “Tarix”ində Bağdayın özünün adından, hökmdarların adlarından başlamış, vilayətlərin, dağların, çayların adlarına qədər, hər şey eybəcər şəklə salınıb. Fatehlər ən yaxşı halda gülürmüşlər təhriflərə. Ümumbəşəri həqiqətlər lazım deyildi fatehlərə. İngilislər “İran”a arxeoloji ekspedisiya göndərəndə lap ilk gündən bilirdilər bunu. Sənin oxuduğun “İstoriya Midii” kitabında “Elam”, “Lullubəylər” adlarıynan iki hissəyə bölünən Olam ərazisinin daş kitabələrinin çoxu, HəmOdün (vahid Həqiqət Ünü) ikən “Həmədan” şəklində yazdıqları qədim mərkəz şəhərimizin daş kitabələrinin, əlyazmalarının çoxu onlardaydı. Qələm çəkirdilər üstündən. Xaç müharibələrində qılıncnan fəth eliyəmmədiklərini qələmnən fəth eləyirdilər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-kainat-sakinleri-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Стихи других поэтов
Ürək doğuldu,böyüdü, yaşa doldu,
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,