Ölüm-dirim
Страница 4 из 22 · 14%
Üzünə “Tfu” eliyəcəm guya göydən Ün eşidən o yaramazın! Yaxın gəl, ey özünə “Boq” deyən murdar!” “Bağ” nədi?! “Boq” – Boqdu, İslamın əleyhinədi, vəssəlam! Odu bax Qubada şeyx Cüneyd məqbərəsində yazılıb: “Aləmimizin Allahı İsayi məsihdi”. Ərəbcədi “İsayi məsih”. Əmbə siz öz dilinizdə deyirsiniz: “Aləmimizin Allahı EySardı”. Nə fərqi var, a balam? İkisi də İisus deyilmi?! Rus kömək elədi, imam Xomeyni gəldi hakimiyyətə, siz də ona baxıb iştaha düşdünüz! Rus – Rusdu, dünyanın yiyəsidi, bə siz kimsiniz?! Odu bax Bakının Zirəsində üzünüzə açıq deyirlər: “Türk oğlusan, köpək oğlusan!..” Bildinmi kimsən, ay oynaş?!
Xəlvətin səsi hamını, o cümlədən Səmədi də sehrləmişdi:
– Sultan Əmirli ayaq açdı bizim məhləyə, şəxsən dərs dedi mənə “Muğ”, “Mağ” deyilən Bağlar barəsində, Sibirdə çürüyənlərinizi adbaad dedi. Gördü gülürəm, o yassar. Abısını çağırdı, dedi: “Rəhim Qudalının özüynən bütün nəslinin, qohum-əqrəbasının taleyini sənə tapşırıram”. Guya diri ikən ölüyük hamımız, Abı dirildəcək bizi! Mən bilmirəm nə ad verim bu məsxərəyə, ay cəmaat! Bütün xaçpərəst aləmi düşməndi bu “SafAğ” deyilənə! KPSS, şəxsən generalnıy sekretar Qorbaçov düşməndi SafAğa. “Yevrey”i EvƏrEy, Tərik – Türk eləyən sehrkar Mağlardan qalıb bu SafAğ elmi! İmam Xomeyni düşməndi İslamı ƏsƏlim eliyən, Farsı EvƏrƏs eliyən Dəlilərə! Lap açıq deyirəm, biri də səlamət qalmıyacaq bu Muğ, Mağ, Muğanna deyilənlərdən!
Özünüz deyin, barışarammı mən Əmirlilərnən?! “Muğ”, “Mağ” adını biz yapışdırmışıq bunlara ki, qansınlar birdəfəlik: Bağ-zad deyillər. Necə yəni “insanı insana bağlayan Bağ?!” Hünəri var məni bağlasın özünə! Necə yəni “hamı OdƏrdi?!” Fars – Fars deyil?! Rus – Rus deyil?!
Arazın o tayından şeyx Ağ Əmirnən şeyx Boz Əmirin başsız bədənləri qəbirdən çıxa minnətə gələ, bu taydan Sultan Əmirli, Mədəd Əmirlisiynən, Qılınc Qurbanıynan, Lüt Cəfəri-filanıynan bir yerdə qəbirdən çıxa, Bakıdan üzü bu yana, Gəncədən, Şəmkirdən Demokratların hamısı yığılıb ordu ola yeriyə üstümə, yenə barışmaram! Sədr Mədədin doxsan illik söhbəti yoxdu burda. Bu Səməd deyiləni mən gətirtdim Bakıdan. Qudalı cavanlarını mən çağırtdırdım Moskvadan. Bu səhər bu böyük dəlinin özünə açıq demişəm telefonnan hər şeyi: Əxlaqsızlığına qurban olmalısan burda! Yoxsa oğulluğunnan onun nezakonnu Mariyası, qarnındakınnan bir yerdə qurban kəsiləcəklər bir olan Allahımıza! İmam Xomeyninin tapşırığıdı bu! Din düşmənisiniz siz! Pullarınızı qaytaracaqlar, ay cəmaat! Kim istəyir qalsın, guya “göylərin pənahında olan Sim-Od – Səmədin vayını görsün! Qanını qaraltmaq istəmiyəni saxlamırıq.
Mən qurtardım. Dalını “Bircə bala” deyəcək öz “ata əvəzi əmisinə”. Görək necə deyəcək!
Xəlvət şüşəni tıqqıldatdı.
– Çıx! Sultan Əmirlinin qatilini gətirmişəm, – dedi.
Səməd bayaqdan necə susqun dayanmışdısa, eləcə də dayanıb, başını yana əyib, içəridəki bədbəxtlərə tamaşa eləyirdi.
Heç kəs dillənmirdi. Heç kəs tərpənmirdi. Hamı, o cümlədən Qudalı cavanlarının qapı ağzında, qaz “peç”inin yanında topa yığnağı da ayaq üstə qurumuşdu.
Mədəd “Badamlı”sını başına çəkdi. Ayağa qalxıb, barmaqlarının arasında qızaran siqareti sümürüb külqabına basdı. Stolun dalından çıxıb, qapı ağzındakı yığnağa baxıb, birbaş şüşə divarın üstünə yeridi. Qoşa dəmirlər arasında şüşə lövhələrdən biri partlayıb töküləndə, çayxana küncünün sazağa qarışan buğu, tüstü-dumanı içindən Mədəd əvəzində skelet peyda oldu.
Son dörd ayda Abı ilə Çürükdən, “beşmanatlıq aşıqlar”dan və “pyanska şairlər”dən başqa heç kəsin ayaq basmadığı çayxana küncündə “ələngəyə dönən bədbəxt”in haqqında nə qədər söz-söhbət gəzsə də, yaxınlaşmağa cəsarət eləyib, sifətinin bu dərəcədə dəyişdiyini görən olmamışdı.
Sifət yoxdu, dümağ sal sümük vardı, bir də iki göz, bunu yalnız Marina – Məryəm, Şöşü, Abı, Çürük, bir də gecələr haralardansa gəlib “Şüşəli”yə doluşan, “Barev, a musurman! Kef-ahval?” – deyə gülüşən, çiyinləri Kalaşnikovlu ermənilər görürdülər.
Divarın şüşəsi güllə səsi kimi partlayıb dağılandan sonra cəmaat özünə gələndə Xəlvət üzü üstə yerə sərilmişdi. Başının dövrəsində şüşə parçalarının arasına qan axırdı.
Mədədin yaydan əynində olan nazik, boz pencəyinin qollarından da dümağ sal sümüklər uzanıb çıxdı. Skelet nəhəng, göyümtül əllərinin birini Xəlvətin göy şivyot kitelinin boynuna, o birini paçasının arasına saldı, dörd ay bundan əvvəl Abının əlindən yerə düşən kağızı sakitcə götürüb qatlayıb pencəyinin döş cibinə qoyanda olduğu kimi, öz adi – qalınaraq, cod səsi ilə: – Sən çoxdan leş olmalıydın, – deyib, “leş”i qaldırıb çinarın gövdəsinə çırpdı.
Skelet yox, Şüşəlinin daimi tüstülü, dumanlı küncündən, “Badamlı” şüşəsindən div peyda olmuşdu, Xəlvətin yumşaq şivyot içində titrəyən ət bədənini çinarın gövdəsinə çırpıb, nəfəsini dərib, yenə çırpırdı.
Cəmaati qan tutmuşdu. Heç kəs tərpənmirdi. Heç kəs dillənmirdi.
Səməd zəif, üzüntülü səslə:
– Bəsdi, – dedi.
Mədəd Xəlvəti bu dəfə qucağına qaldırdı, aparıb qapı ağzında Qudalı cavanlarının üstünə atdı.
– Qoymayın ölməyə. Burda nə olacaqsa, hamısını görməlidi, həqiqətən barışmalıdı biznən bu adam, – dedi. Sonra “zal”dan hərlənib, həmin küncdə, qaraltılar arasında oturub, həmincə bədbəxtə çevrildi.
Nə baş verirdi? O qədər də anlaşılmırdı.
Xaş nəçənniklə milisionerlərinin maşınları qıjıltı ilə gəlib çinarın altına doluşanda diqqət Mədəddən yayındı. Nəçənniklə milisionerlər, lap axırda isə, çiyni kürklü prokuror Sayılov cəmaata səlam verə-verə Şüşəlinin dal otağına doluşdular... Bu üçpara kənddə xəbər yayılmışdı ki, Ermənilərlə o səmtdəki Rus ordusu gecələr Laçını işıqlı güllələrlə atəşə tuturdular. Azərbaycanın ixtiyarında olan OMON batalyonları isə Laçından o yana işıqlı güllələr atıb, sonra susurdular. Nə idi bu? Müharibə idisə, niyə deyilmirdi ki, müharibə artıq başlanmışdı? Şüşəliyə gələn ermənilər sərbəstcə qaqqıldaşırdılar: “Ara, maşk elayirik eli! Dava olsa ha!.. Ela-bela maşqdı!..” Yeyib-içib səhərə yaxın yoxa çıxırdılar. Prokuror Sayılov əslən Laçınlı ola-ola, laçınlıların gecə atışmalarında iştirak etməsinə “Axmaqlıqdı” – deyirdi və bu, Şüşəlidə hamını təəccübləndirirdi. “Kürd” kimi tanınan bu adamın Gülənovla gəzməsi daha təəccüblü idi. Başqa vaxtlar Xəlvət Rəhimin dövrəsində qoçu dəstəsinə oxşayan “Qudalı gədələrinin” – Kalaşnikovlu Gizlinlərin elə bil heç nəfəs almadan tamam hərəkətsiz qalmağı da, üstəlik, bir anlaşılmazlıqdı. Səmədin Torksindən olan yeganə oğlunun – atasının adını daşısa da “Səmi” adlandırılan OMON-çunun da ara qapını açıb özünün beş nəfərlik dəstəsi ilə dal otaqda Gülənovun stolunun böyründəki stolda oturması da bir cür anlaşılmazlıqdı. Çünki Səminin Zor nəçənnik Gülənovla “düz gətirmədiyini” bilməyən adam yoxdu.
Səməd irəli yeriyib, təkəmseyrək yarpaqların altından Şüşəlinin “dnevnoy” işığına çıxdı.
Cəmaat indicə görürdü ki, Qudalı gədələrinin xəbərindən sonra yolunu gözlədikləri əvvəlki Səməddən də əsər-əlamət qalmamışdı.
Gur qara, dalğalı saç əvəzində, çılpaq başının dövrəsindən qulaqlarının üstünə, boynuna dümağ seyrək tüklər sallanmışdı. Eynilə Mədədin sifəti kimi dümağ sal sümük sifətində quru qan ləkələri qaralırdı. Dodaqları göm-göy idi. Pencəyində də quru qan ləkələri vardı. Nəfəs aldıqca çiyinlərinin qalxıb enməyi, burnunun sıxılmağı və gözlərindəki işgəncə, üstəlik, “Qudalı gədələri” Gizlinlərin biri-birinə: – Nə ki var çırpıblar ey!.. Ağsaqqaldan əmisinin hayıfını çıxdı Mədəd”, – və sair belə-belə sözlər deməyindən də aydındı ki, Səmədin bu hala salınması Xəlvətlə Gülənovun işi idi. Əmma Səmi ilə dəstəsinin bu dəhşətə heç bir “reaksiya verməməsi” də bir anlaşılmazlıqdı. Həm açıq-aydındı hər şey, həm də dumanlı və məhz anlaşılmaz: Səməd Əmirlinin belə təkidlə rayona çağırılması və “doxsan illik” adı altında dostla düşmənin bir araya yığışması, stolların yemək-içməklə doldurulması nə üçündü? Səməd hardasa çox pis döyülmüşdü, boğulurdu. Prokurorsa nəçənniyin etinasızlığı da bir müəmma yaratdı!
Səməd, səlamsız-kəlamsız, başını endirib, qanlı şüşələrə baxa-baxa, ayaqlarını sürüyə-sürüyə içəri keçdi.
Qoşa qaraltılar arasında donqarlanmış skeletə ikinci skelet yaxınlaşdı. Yalnız bu vaxt cəmaat da, nəhayət, hərəkətə gəlib pavilyona dolmağa başladı.
Səmədin bir əli başında – əmgəyində, o biri əli boğazında idi. Səsindəki xırıltı pavilyonda sükutun gərginliyini daha da artırırdı:
– Mühitimizin havasında nəfəs verilmir daha bizə. AdıPünhan deyir Azərbaycanın hər yerində Erməni əli var. Ərazimizin hesabına “Velikaya Armeniya” düzəltmək ideyası xəyal deyil daha. Planlı iş gedir. Xarici dövlətlərin çoxu Erməni tərəfindədi. Bizim bütün milli qüvvələrimiz bax beləcə, əmini sındırdıqları kimi sındırılır, qırılır. Dözməlisən, qurbanın olum!.. Fikrini topla, qulaq as mənə... Minlərlə Dəlinin cəhənnəm əzabıynan əmələ gəlib “Vərəsə” kitabı. Batmıyacaq... Dəli Səməd öləcək, Dəli Mədədlə Dəli Səmi, bütün Pünhanlarnan bir yerdə işimizi davam etdirəcəklər. Bildinmi iş nə yerdədi? Pünhanlarımızın,⁸⁷ Sultan Əmirliynən Mədəd Əmirlinin adları yenidən parlayacaq.
Danışacam, düşmən eşitsin. Məni dinləməyə yığışıblar bura. Xüsusi tapşırıqnan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-olum-dirim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Стихи других поэтов
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.