Gümüşgöl əfsanəsi
Страница 14 из 17 · 76%
Rzanın boynu əyri qalmışdı. Orxan gəlib çatanacan Rza gözlərini çəkmədi ondan.
Orxan:
– Salam, – dedi.
Rza təəccüblənə-təəccüblənə soruşdu:
– Dalaşmağa gəlmisən?
– Dalaşmağa niyə? – Orxan Rzayla üzbəüz oturdu. – Bir dəfə dalaşdıq, bəsdi... Binədə darıxdım.
– Darıxırsan, çıx get şəhərə.
– Bura xoşuma gəlir, axı.
– Bəs onda niyə darıxırsan burda?
Orxanın, Rzanın didilmiş papağına, qıçlarının arasında tutduğu çomağına baxdı, dəngül-düngül tük bitmiş üzünə baxdı, fikirləşdi ki, bu yeniyetmə naxırçının yanında hətərən-petərən danışmaq olmaz. Uşağa oxşasa da, uşaqlığın daşını çoxdan atıb bu. Həm də Orxanın bura – örüşə gəlməyi, deyəsən, Rzanın ürəyincə deyil. Yəqin Bənövşə barədə onun dilindən bircə kəlmə də söz çıxmayacaq. Əgər işdi-şayət Orxan ürəklənib özü soruşsa, vay onda Orxanın halına, Rza toppuzlu çomaqla onun başını qarpız kimi partladar... Orxan yan-yörəyə baxdı, naxırın qabağında üzü o yana dayanmış Dəmirə baxdı, Rzayla söhbət eləmək, bəlkə də mümkün olsa, barışmaq xatirinə danışdı.
– Adam burda bütün günü yatmaq istəyir... İl boyu bura gəlib-gedən olmur yəni?
– Kolxoz sədri gəlir, hesabdar gəlir. Ferma müdirinin bir ayağı burdadı, bir ayağı aranda. Kolxoz aşağıdadı, rayona yaxın... Süd daşıyan maşınlar gəlir... Günaşırı...
Orxan gördü ki, Rza qaşqabaqlı. Həvəssiz də olsa, onun suallarına cavab verir.
– Kolxoz sədri gələndə harda qalır? – dedi və o andaca başa düşdü ki, səfeh sualdı bu.
Sualın mənasız olduğunu Rza da başa düşdü, amma üstünü vurmadı, Orxana tərs-tərs baxıb dedi:
– Binənin girəcəyində ağ alaçıq var ha, sədrindi o. Gələndən-gələnə orda qalır. – Hirsli-hirsli əlavə elədi: – Mal-qaranı da gecələr o uzun tövləyə salırıq. Qışda kolxoz hərdən bura maşın yollayır, ayın-oyun gətirirlər; un, sabun, pal-paltar, nöyüt, kibrit, duz... Hər yüz camışdan yüz on baş bala alırıq! İşimizdən də, güzəranımızdan da razıyıq. Day nə sualın var?!
Orxan gülümsədi:
– Cinlənmə, – dedi. – Mən səninlə acıqlı danışmıram ki.
Rza darıxmış, təntimiş halda:
– Yaxşısı budu, tamam çıx get burdan, – dedi.
– Hələ getmək fikrində deyiləm.
– Gözləyirsən ki, dodaqlarının şişi çəkilsin?
Orxan barmaqlarını sağ gözünün altındakı qaramtıl şişə sürtdü.
– Kişi kişini daşnan vurmaz, – dedi.
– Dəmir heylə namərd deyil, ə. Onun yumruğunu daş bilmisən... Güzgüdə özünə baxmısan heç? Bu ağız-burunla ananın gözlərinə görünməyə ürəyin gəlmir?
Orxan, doğrudan da, bu kökdə Bakıya qayıtmaq istəmirdi. “Tanış-biliş adama nə deyər? Şəhərdən belə çıxmışam mən?” Orxan nə illah elədi, Bakıdan ayrıldığı günlərin sayını dəqiqləşdirə bilmədi. Günlərin hesabını itirmişdi. Əlini tüklü üzünə çəkdi və saqqalının uzunluğundan anladı ki, şəhərdən çıxdığı xeyli vaxtdır. Saqqalını tumarlaya-tumarlaya fikirləşdi ki, elektrik üzqırxan bu dağın başında karına gəlmədi onun. Rzadan soruşdu.
– Bu gün ayın neçəsidi?
– Bilmirəm.
– Doğrudan bilmirsən?
– Nəyimə lazımdı?
– Məncə... iyun ayı qurtarmayıb hələ...
Rza istehzayla soruşdu:
– İl necə? İl də yadından çıxıb?
– İl?.. Min doqquz yüz səksən iki... Amma gün... Görəsən neçə gündü burdayam?...
Bütün bu sual-cavablar, danışıqlar Rzaya mənasız göründü. Rza dedi:
– Bura bax, ay allah qonağı, niyə ev-eşiyindən didərgin düşmüsən? Avara-sərgərdan adama oxşayırsan sən. İşləyən adam dağda-daşda bu qədər boş-bekar veyillənməz.
Aspirantam mən, Rza, aspirant. Xəlçəçilik üzrə... Rza söhbətə son qoymaq istədi:
– Çıx get binədən! Bəlkə hökumətdən-zaddan gizlənirsən?
– Heç kimdən gizlənmirəm. Mən azad, sərbəst adamam. Kefim istəyəndə çıxıb gedəcəm.
– Çıx get, allah qonağı, yoxsa Dəmir öldürər səni.
– Öldürə bilməz.
– Dəmir çomağa dolayar səni.
– Dəmirdən qorxmuram.
– Dəmir toza döndərər səni.
– Deyəsən, Dəmirdən zorlu oğlan görməmisən?
– Dəmir bir də sənə əl bulasa, aralığa girməyəcəm, qəhmər durmayacam sənə.
Orxan naxırın qabağında dayanmış Dəmirə başıyla işarə elədi:
– Dağ ayısıdı o. İstəyirsən üzünə deyim?
Rza əməlli-başlı hirsləndi;
– Ayə, – dedi, – Dağ ayısı səndən min kərə yaxşıdı! Heç olmasa oğraş deyil o! Sən bizim halal süfrədən duz-çörək yemisən! Kişi olan kəs çörəyi tapdalamaz! Evin qızı qardaşın, ata-ananın qeyrətidi! Qeyrəto toxumanın iri tikəsini qulağı boyda eləyib torbaya yığırlar. – Rza çomağından bərk-bərk yapışdı: – Dur, sürük burdan, qoduq! Dur!
Orxan Rzanın qırımından başa düşdü ki, durub getməsə Rza çomağı, doğrudan da onun kəlləsinə endirəcək. Qalxıb üz tutdu binəyə tərəf. Beş-altı addım getmişdi ki, arxada söyüş, şappıltı eşidib başını geri döndərdi. Gördü ki, Dəmir bir camışı salıb çomağının altına döyür:
– Çər dəysin sənə! Azar tutsun səni! Köpəyoğlunun heyvanı! Səni gülləyə tuş gələsən!
Çomaq camışın belində şappıltı qoparırdı, camış böyürürdü. Orxan başa düşürdü ki, Dəmir onun hayfını camışdan alır.
Rza ayağa qalxıb Dəmirə tərəf gedə-gedə:
– Ayə, ay allahsız, niyə öldürürsən heyvanı?! Ayə, naxırın üzünü hara döndərirsən, otduyur dana burda!
Dəmir indi qabağına keçən heyvanı vurub, naxırı burdan uzaqlaşdırmaq istəyirdi.
Gümüşgöl yenə ölü idi: nə dillənirdi, nə tərpənirdi, ağappaq sinəsini göyə tutub, batmaqda olan günəşin öləziyən oduna qızınırdı. İri, qırmızımtıl, günəş bir azdan ətəyini Çapıqqayanın iti ucuna sürtə-sürtə dağın dalınca keçəcəkdi, onda Gümüşgöl, ta günəş bu yana qayıdanacan, qətrə-qətrə soyuyacaqdı.
Orxan bayaqdan dayanıb gölün suyuna tamaşa eləyirdi. Lal suya o qədər baxdı ki, axırda bir az xoflandı da. Bəlkə adicə su deyil bu, vücudü, sirri kimsəyə bəlli olmayan bir mayedir, bunu bu böyük çalaya Dağlarxan tökdürüb. Tökdürüb ki, Hüsnübəyim bu bərk mayenin üstü ilə narın-narın yerisin, batmasın burda? Orxan əyilib sudan bir ovuc götürdü, bir qurtum içib tamsındı. Şirin su idi, həm də bumbuz. Yox, deyəsən, günəşin gücü çatmır bu gölə, günəş bunun bircə damcısını da qızdıra bilmir. Dağ günəşinin üzüyumşaqlığından, deyəsən, Gümüşgöl ilin bütün fəsillərində beləcə soyuq olur.
Gümüşgölün üstündəki səma sanki rəngini göldən almışdı – göyün göl boyda parçası ağımtıl idi. Bu ağımtıl dairənin belinə Çapıqqayanın təpəsindəki günəş narıncı qurşaq dolamışdı. Orxan göyə baxdı, gölə baxdı, yan-yörəyə baxdı və fikirləşdi ki, heç yanda bu gözəllikdə mənzərəyə rast gəlməyib. Buradakı rəngləri heç Xürrəm müəllimin xalçalarında, çeşnilərində də görməyib. Kaş Orxan belə bir əsər yarada biləydi. Ömrünü belə xalçanın ilmələrində əritsəydi, “uf”da deməzdi. Göydə dəpdəyirmi, sapsarı ay... Ayın əksi gölün üzündə şəfəqli halə kimi dayanıb, yanında da pul-pul ulduzlar. Ucaboylu, ağ paltarlı, pərişan Hüsnübəyim gölün üstü ilə yeriyir. Adamlar gölü dövrəyə alıb mat-mat baxırlar. Gözlərdə təlaş, qorxu, ümid, sevinc... Bu adamlar Orxanın tanıdığı adamlardı. Rəhmətlik Mirzə Muxtar da burdadı. Əynində zirehli paltar, başında dəbilqə, əlində nizə dayanıb əsgərlərin lap qabağında. Ağazəki də burdadı, iri, dəyirmi gözlərini göyə zilləyib, allaha yalvarır ki, Hüsnübəyim göldə batmasın. Fatma həkim saçını yolub ağlayır. Baton da ağlayır, ancaq Hüsnübəyimin müsibətinə yox, anasının fəryadına ağlayır. Yavər əynində uzun əba, başında əmmamə saqqalını tumarlaya-tumarlaya maraqla baxır ki, görsün bu işin axırı necə qurtaracaq. Səfa elə baxır, elə bil ölümə məhkum olunmuş Hüsnübəyimə paxıllığı tutur, qibtə eləyir... Dağlarxan gölün sıldırım sahilindədir, atın belində şəstlə oturub, amma Hüsnübəyimə baxmır, göydəki dəpdəyirmi, sapsarı aya baxır. Çoban qızını şərləyən xan arvadları şapqa günlüyünə oxşayan uzun, sal daşın üstündə büzüşüb dayanıblar, irilənmiş gözlərini Hüsnübəyimin ayaqlarına zilləyiblər... Orxan tanıdığı adamların bəzilərinin surətini xəyalında yaratdığı bu xalçaya köçürtdü. Alen Delona oxşayan ədalı müğənnini də, pianoçu sarıbəniz oğlanı da, lap Atlıxanı, Güləndamı da ilmələrlə həkk elədi ora. Dəmiri, Rzanı, Ağbəyimi, Bənövşəni... Amma Bənövşə sahildəki adamların arasında olmamalıdı, Bənövşə gölün ortasında olmalıdı, qoy hamı ona baxsın. Əlbəttə, gölün üstü ilə məğrur-məğrur addımlayan ağ paltarlı, pərişan saçlı o gözəl Bənövşədir.
Birdən Orxanın ürəyindən keçdi ki, kaş doğrudan da, elə bir göl olaydı, adamların günahlarını ölçəydilər orda: təkcə xəyanəti yox, irili-xırdalı bütün günahları... Onda istintaq yazılarından cild-cild kitablar yaranmazdı. Müqəssirin günahını sübuta yetirməkçün divanməhkəmədə günlərlə, aylarla baş sındırmazdılar, şahid-filan axtarmazdılar. Sorğu-sual da uzun çəkməzdi. “Oğurluq eləmisən, bala?”, “Xeyr”, “Buyur, gir gölə...”, “Filankəsi sən öldürmüsən?”, “Xəbərim yoxdu”, “Zəhmət çək, gir gölə...”, “Pulnan instituta uşaq düzəltmisən?”, “Böhtandı”, “Bu göl, bu da sən...”. Kaş elə bir göl olaydı, fələk. Oğrular, əyrilər, rüşvətxorlar, qeyrətsizlər, insafsızlar, namərdlər özlərini yığışdırardılar. Heç kim heç kimi aldatmazdı bu dünyada. Heç kim heç kimə kələk gəlməzdi. Qoluzorlular gücsüzlərin başından basmazdılar, haqqı nahaqqın ayağına verməzdilər. Hamı ürəyinin xıltını təmizləyərdi, ürəklərdə ancaq işıq, məhəbbət olardı. Hamı bir-birinin dərdinə-sevincinə şərik olardı. Ər arvada xəyanət eləməzdi, arvad ərə. Dostbazlığın, qohumbazlığın, yerlibazlığın kökü kəsilərdi. Kim nəyə layiqdirsə, o haqqı da alardı. Dərrakəli, namuslu, işgüzar adamların üstündə başıboşlar, nadanlar ağalıq eləməzdilər. Loğmandan soruşublar ki, dünyada ən böyük bədbəxtlik nədir? Loğman cavab verib ki, ən böyük bədbəxtlik odur ki, qanan olasan, qanmaz buyruğuna baxasan... Həə, günahları ölçən elə bir mizan-tərəzi göl olsaydı, kişilər kişi kimi yaşayıb, kişi kimi ölərdilər, arvadlar da kişi arvadları kimi yaşayıb, kişi arvadları kimi köçərdilər bu dünyadan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-gumusgol-efsanesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Стихи других поэтов
Kəndin laf eyliyib aşığam demə,Sən də olar bir gün dara düşərsən,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?