Страница 12 из 17 · 65%

– İndi bu tərəfdən, məşriqdən, deyib, Bənövşə əlini göyə tuşladı. – Budu ey, ayın bu tərəfində.

– Hə... dörd... beş... altı

Ortadan da üçünü... Yeddi... səkkiz... doqquz... Bənövşə rahat-rahat nəfəs alıb:

– Vəssalam, – dedi.

Orxan da eynən onun kimi rahat-rahat nəfəs alıb, dedi:

– Bu gecə səni yuxuda görəcəm. Doyunca danışıb ürəyimi boşaldacam... Səni yuxuda qucaqlayacam.

Orxan güman elədi ki, bu sözdən sonra Bənövşə durub qaçacaq, amma qız qaçmadı. Başını aşağı salıb, üşüyürmüş kimi, bir az büzüşmüşdü. Gecə sərin olsa da, Bənövşə keçən dəfəki təki yenə yüngül geyinmişdi. Yenə başı açıq idi, donu da nazik. Bənövşənin susduğunu görüb Orxan bir az ürəkləndi.

Dedi:

– Bənövşə, yəni yuxuda da məni yaxına buraxmayacaqsan?

Bənövşə elə bil Orxanın sualını eşitmədi, saçını barmaqlarıyla daraqlaya-daraqlaya özü sual verdi ona:

– Bu nə addı qoyublar sənə? “Orxan” nə deməkdi?

Orxan kəkələdi:

– Addı də... Atam rəhmətlik qoyub... Bir şair olub... Orxan... Xoşuna gəlmir?

– Gəlir... Amma mən sonralar səni ayrı adla çağıraram. Razısan?

– Mənə nə ad qoyacaqsan, Bənövşə?

– Dağlarxan.

Orxan atasının qoyduğu adı daha çox xoşlayırdı, amma Bənövşənin qəlbinə dəymək istəmədi; kim bilir, Bənövşə nə vaxtdan bəri bu adı əfsanədən çıxardıb ürəyində əzizləyə-əzizləyə gəzdirir, nə vaxtdan bəri öz cəngavər Dağlarxanın yolunu gözləyir.

Orxan:

– Razıyam, – dedi. – Bir şərtlə: mən də səni “Hüsnübəyim” çağıracam.

Bənövşə elə yanıqlı köks ötürdü ki, Orxan özünü saxlaya bilməyib daşın üstündən durdu, gəlib dayandı Bənövşənin qabağında. Bənövşə də qalxdı, gözlərini Orxanın gözlərinə zilləyib qaldı. Orxan hiss elədi ki, birdən-birə canına üşütmə gəldi. Baxıb gördü ki, Bənövşə də üşüyür, çiyinlərini yığıb yüngülcə titrəyir. Orxan qızın dodaqlarının səyridiyini də ay işığında açıq-aydın gördü və Bənövşəni bağrına basıb qızdırmaq, lal gölün buz nəfəsindən qorumaq həsrətilə alışıb-yandı. Əlini qızın saçında ehmalca gəzdirdi. Bənövşə bir az da büzüşdü, Orxanın nəfəsini üzündə hiss eləyəndə dartınıb geri çəkildi. Kəklik təki səkə-səkə gölün sıldırım sahilinə dırmaşdı. Lap yuxarıda şapqa günlüyünə oxşayan uzun, sal daşın üstündə dayandı. Qız ayağını bircə çərək qabağa qoysaydı, uçacaqdı gölə.

Orxan qorxudan boğazı göynəyə-göynəyə:

– Bənövşə... çəkil, – dedi.

Bənövşədən səs çıxmadı. Bənövşə quruyub qalmışdı şapqa günlüyünə oxşayan sal daşın qırağında, kim bilir, bu dəqiqə hara baxırdı, nə fikirləşirdi.

Bənövşə bərkdən:

– Orxan! – dedi.

Və Orxana elə gəldi ki, Bənövşənin səsi bütün binəyə yayıldı, dalğalana-dalğalana gedib, uzaqda qaralan Çapıqqayaya dirəndi.

– Qalx bura, Orxan!

Orxan fikirləşdi ki, iməkləməsə, gecə vaxtı daşların üstü ilə Bənövşənin yanına dırmana bilməyəcək.

Yenə boğazı göynəyə-göynəyə:

– Sən düş aşağı! – dedi. – Düş, yıxılarsan!

Bənövşə bayaqkı dalğalı səslə:

– Ora bax! – dedi. Gölün o tərəfinə bax!

Orxan baxdı, gölün o tərəfində ağaran qoyun – daşlardan savayı heç nə görmədi.

Bənövşə dedi:

– Hüsnübəyim dayanıb orda! Görürsən?.. Ağpaltar var əynində! Mən həmişə bura çıxanda Hüsnübəyimi görürəm! Sən də qalx bura!

Orxan da heç nə demədi. Yavaş-yavaş daşın üstündə oturdu və hiss elədi ki, istilənib, bayaqkı üşütmədən canında əsər qalmayıb. Siqaret çıxardıb, barmaqları titrəyə-titrəyə yandırdı...

Siqareti çəkib qurtaranacan Orxan dillənmədi, Bənövşə də sal daşın üstündə dayanıb susdu, elə bil Orxanın siqaret çəkməyinə mane olmaqdan qorxurdu... Orxan siqareti atıb, ayaqqabısının burnu ilə əzdi. Sonra qalxıb sıldırım sahilə tərəf yeridi. Astadan Bənövşəni çağırdı:

– Bənövşə... Bənövşə... – Gördü ki, qız dinmir, tərpənmir. Səsini bir az qaldırdı. – Hüsnübəyim!.. Hüsnübəyim! Mən Dağlarxanam, sənin ərin! Burda səni gözləyirəm! Gəl yanıma, Hüsnübəyim, gəl!

Bənövşə daşların üstü ilə tullana-tullana gəlib durdu Orxanın çənəsinin altında. İndiyəcən heç belə yaxın dayanmamışdı Orxana. Nədənsə, Orxanın üzünə baxmırdı, gözlərini dikmişdi onun sinəsinə. Öz-özüylə danışırmış kimi pıçıltıyla dedi:

– Dağlarxan igid olub... Namuslu olub...

Orxan əlini qızın saçına uzatdı, qız ürkmədi, çəkinmədi.

Bənövşə dedi:

– Dağlarxan Hüsnübəyimi çox sevib, çox.

Orxan Bənövşənin saçını ehtiyatla tumarladı.

– Bilirəm, dedi, – bilirəm.

Bənövşə dedi:

– Hüsnübəyim gözəl olub... əri kimi qoçaq olub.

Orxan qızın saçını tumarlaya-tumarlaya:

– Bilirəm, – dedi.

Bənövşə yenə pıçıldadı:

– Hüsnübəyim namuslu olub... Vəfalı olub...

– Bilirəm, Bənövşə, bilirəm.

– Hüsnübəyim ərini çox sevib, lap çox

– Bilirəm, quzum, bilirəm.

Bənövşə üzünü Orxanın sinəsinə qoydu.

– Ürəyin nə bərk döyünür, – dedi.

Ürəyinin bərk-bərk döyünməyini Orxan özü də hiss eləyirdi. Yüyürüb yorulmuş adam təki nəfəsi tıncıxa-tıncıxa:

– Sən mənimsən, – dedi. – Səni heç kimə vermərəm.

Bənövşə başını Orxanın sinəsindən götürdü.

– Elçilərini dədəmin yanına göndər, dedi. – Qoyun binəsinə... Yaxşı?

Orxan Bakıdan qoyun binəsinə elçi göndərmək fikrində deyildi, amma razılıqla başını tərpətdi və başını tərpədə-tərpədə fikirləşdi ki, ən yaxşı elçi elə özüdü. “Özüm gedərəm Bənövşənin atasının yanına, ay əmi, ay dayı, mən sənin qızını sevirəm, sənin qızınla evlənmək istəyirəm, ver onu aparım Bakıya, qurtarım onun canını inək-camışdan, tövlədən, sacayaq üstündə qazan qaynatmaqdan...”. Birdən Orxanın yadına düşdü ki, Bənövşənin atası neçə illərdi arvad-uşağını atıb gedib. Bənövşənin zəhmətinə qatlaşan ananı, qardaşı burda qoyub nanəcib atanın qapısına elçi getmək düz deyil. Gərək Ağbəyimə, Rzaya ağız açıb söz deyəsən. Bənövşənin atası kimdi, nə karadı? Arvadının, uşaqlarının öldü-qaldısından da xəbəri yoxdu. Dəyyusun, qurumsağın biridi o.

Orxan qızın qəlbinə dəyəcəyindən qorxurmuş kimi, ehtiyatla dedi:

– Bənövşə, axı, sənin atan...

Bənövşə macal vermədi ki, Orxan sözünün dalını gətirsin.

– Ata, evin allahıdı, – dedi.

– Düzdür... əgər evdə olsa...

– Lap olmasa da. – Qız Orxandan aralanıb üzünü gölə tərəf çevirdi.

Orxan ata söhbətini açıb-ağartdığı üçün peşman oldu. Yaxınlaşıb Bənövşəylə çiyin-çiyinə dayandı.

– Bağışla, – dedi, – bilmirdim ki, atanı bu qədər istəyirsən, bağışla.

– Mən səndən küsməmişəm ha...

– Dedim, bəlkə atana görə...

– Atalarımız olmasaydı, biz bu işıqlı dünyaya gəlməzdik. Bir-birimizi görməzdik. Bax, beləcə, yan-yana dayanmazdıq. Heylədi? Biz onlara borcluyuq... Həmişə... Göydə allah yerdə ata. Bildin?

– Bildim, Bənövşə, bildim, – deyib Orxan təzədən başladı qızın saçını tumarlamağa. Bənövşə gözlərini gölə zilləyib qaldı. Deyəsən, yenə Hüsnübəyimi gördü. Dağlarxanın səsini eşidirdi.

Orxan əlini Bənövşənin saçından çiyninə sürüşdürdü. Barmaqlarını qızın çiynində bir az gəzdirdi. Sonra onun kürəyini tumarladı. Sonra Bənövşənin belini bərk-bərk qucaqladı və get-gedə istilənən, səyriyən dodaqlarını onun soyuq yanağına toxundurdu. Qız səksənib başını yana çəkdi, guya yanağına köz basmışdılar. Orxan onun belini ikiəlli qucaqlayıb qulağına pıçıldadı:

– Axı, mən sənin qismətinəm. Məndən niyə ürkürsən? Qorxma məndən, Bənövşə.

Qız Orxanın qolları arasından çıxmağa cəhd eləmədi, başını bulaya-bulaya:

– İndi yox, – dedi. – Kəbin kəsiləndən sonra... Mən sənin halal arvadın olandan sonra... Allahın əmrilə...

Orxan az qaldı qızı silkələyib desin ki, “sən hansı əsrdə, hansı gündə yaşayırsan, ay binəva?... Dilindən Allah, peyğəmbər düşmür sənin? Dünyanın səs-sədası yəni gəlib bu dağın başına çatmır? Sənin şəhərdəki yaşıdların allahın özünü çaya susuz aparıb, susuz gətirərlər, rastlaşsalar, barmaqlarına dolayarlar onu! Yəni bu Çapıqqayadan bir yana çıxmamısan? Yəni Gümüşgöl əfsanəsindən başqa heç nə eşitməmisən?” Orxan bu sözləri Bənövşəyə demədi, fikirləşdi ki, Bənövşə şəhərdə avamçılığın daşını atacaq, görüb-götürəcək, şəhər Bənövşəni öz qəlbinə salıb düzəldəcək və onda Bənövşə dünyaya başqa gözlə baxacaq. İndi də nəsə demək, Bənövşəni ayıltmaq lazımdı. Orxan dedi:

– Aya insan ayağı dəyib, Bənövşə. Göydə minlərlə peyk fırlanır. Başqa planetdən bizim planetə siqnallar gəlir. İndi min doqquz yüz səksən ikinci ildi:

Bənövşə yenə başını buladı:

– Kəbindən sonra, – dedi.

Orxanı dəli bir gülmək tutdu. Elə güldü ki, daha Bənövşənin belini qolları arasında saxlaya bilmədi. Qız əvvəlcə mat-mat baxdı Orxana, sonra:

– Niyə gülürsən? – deyib özü də qoşuldu ona.

Qəhqəhə səsi gecənin sükutunu parçaladı. Bu səs gölün par-par parıldayan ağappaq sinəsinə töküldü, dalğalana-dalğalana qoyun-daşların üstündən keçib, uzaqda əks-səda verdi. Orxan gülməyini güclə boğa-boğa soruşdu:

– Düzünü de, Çapıqqayadan başqa bir yer görmüsən heç?

Bənövşə də gülməyini güclə boğa-boğa:

– Niyə görməmişəm, – dedi. – Rayonu görmüşəm.

– Hansı rayonu?

– Öz rayonumuzu... Anamla ayda bir dəfə gedirik rayona. Dükana, bazara dəyirik... Amma qışda yol xarablaşır, qışda biz getmirik, Rza gedir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин

Стихи других поэтов