Страница 11 из 17 · 59%

Orxan təzədən dikəlib oturdu, kürəyini ağacın gövdəsinə söykəyib gülümsədi. Qərarını daha götür-qoy eləməyəcək. Dedi, qurtardı! Bənövşəni aparacaq, vəssalam. Bənövşə onun sevimlisidi, əzizidi, gözlərinin işığıdı. Bənövşə onun arvadı olacaq.

“Görəsən Səfa neynəyəcək onda? Heç nə... Onsuz da məndən ayrılmaq istəyirdi. Bir dul kişi tapıb gedər ərə. Könlünə ər düşüb – kimliyinin dəxli yoxdu, təki ər olsun”. Orxan xəyalına gətirdi ki, Səfa başqa bir kişinin yanındadı. Gördü ki, kişi üzünü Səfanın süd rəngli üzünə sürtür, onun şabalıdı saçını tumarlayır, dodaqlarından, ağappaq boğazından öpür. Orxan qısqanclıq hissi keçirmədi, elə bil Səfanı heç tanımırdı. İndi burda, vələs ağacının dibində oturub, restorandakı gecəni xatırladı. Orxanı qara-zad basmamışdı, ağlı başındaydı Orxanın, gözləri də hər şeyi yaxşı seçirdi: görmüşdü, Yavərin binamus hərəkətini açıq-aydın görmüşdü, Yavər Səfanı öpdü, Səfa cınqırını da çıxartmadı. Yavər sıyıqdı, sırtıqdı, arsızdı, ondan belə alçaqlıq gözləmək olar. Bəs Səfa?.. Hə, gidi dünya, belə-belə işlərin varmış sənin? Adam oturub dərin-dərin fikirləşəndə əməllər, hoqqalar çıxır ortalığa, di baş sındır ki, düyününü açacaqsan bunların. O gecə xain-xəyanətkar Yavərin oğurluq öpüşündən sonra Səfanın birdən-birə dəyişməyi, dönməyi, Orxana olan soyuqluğu, yadlığı düyün deyil, nədir bəs? Düyündü, can-ciyər, düyündü. Bəs onda Orxan Yavəri niyə şillələmədi, niyə təpikləmədi, niyə qovmadı? Yəqin sevmirmiş Səfanı, yəqin onu Səfaya bağlayan əsl məhəbbət deyilmiş. Hə, can-ciyər, elə bu da bir düyündü. Əgər Yavər Orxanın gözlərinin qabağında Bənövşənin boynundan öpseydi, neynərdi Orxan? “On ikinci mərtəbədən atardım qurumsağı”. Orxan hiss elədi ki, Yavəri, Səfanı xatırladıqca hirslənir. Cəhənnəm olsun Yavər də, Səfa da. Yaxşısı budur yadına könülaçan əhvalatlar, adamlar salsın. Bu dağın başında Ağazəkini xatırlamaq Yavəri xatırlamaqdan min kərə yaxşıdı. Ağazəki gül kimi adamdı. İndi yəqin Mirzə Muxtarın evinin sağındakı balaca meydançada, bir kubik daşın üstündə oturub qabağında da iki-üç butulka pivə. Məhlə uşaqları ona balaca cürcənəklərdə noxud da gətiriblər. Ağazəki pivədən içir, noxuddan ağzına atır və həmişə dəmlənəndə dediyi sözləri deyir: “Alə, mən ölüm, mənim yaşadığım küçənin adına bax: Duxovski pereulok... Saymışam, uzunluğu qırx səkkiz addımdı. Bu nə küçədi, alə, bu nə addı? Kimə adres verirsən iki gün axtarır, tapa bilmir. Gərək deyəsən ki, Qulaməlinin kababxanasının tinindəki küçə. Bir dəqiqəyə tapırlar, mən ölüm... Qulaməli rəhmətlik, iyirmi ildi o dünyadadı, hələ də “Qulaməlinin kababxanası” deyirlər, elə bil Baksovet rəhmətliyin adına qoyub kababxananı... “Şaşlıçnaya imeni Qulamali...”. Ağazəki pivəni içib qurtarandan sonra bəzilərinin savadsızlığını sübuta yetirmək üçün xoruz səsi eşitməmiş suallar verəcək: “Xaloğlu, de görüm Napolyon rəhmətə gedəndə temperaturası neçə qradus idi onun?” Ağazəkinin sualları üstündə çoxları baş sındırıb. “O hansı ölkədi ki, orda atlar adamlardan çoxdu?”, “Adama əmi yaxındı, yoxsa dayı?...”. Ağazəki Orxanı da pərt eləmişdi. Onda Orxan ya ikinci, ya da üçüncü sinifdə oxuyurdu. Ağazəki Orxanın bir çantasına, üz-gözünə baxıb, yanındakılara demişdi ki, “mən ölüm, Fatma doxtorun oğlu professora oxşayır. Budu ey, alnı ənni, gözləri qara əncir boyda, başı da kruqlı. Allah qoysa, çeşmək də taxacaq, olacaq nastoyaşi professor”. Sonra Ağazəki Orxanın qara əncir boyda gözlərinin içinə baxıb soruşmuşdu: “Professor, de görüm dünyaya toyuq əvvəlcə gəlib, yoxsa yumurta?” İndiyəcən Orxan bu sualın cavabını tapmayıb və Ağazəki də ömründə toyuğun yumurtladığını görməyən məktəb uşaqlarını bu sualı ilə indiyəcən utandırır.

Ağazəkinin İçərişəhərdə hörmət elədiyi, saydığı, sual vermədiyi bir adam vardı, o da Mirzə Muxtar idi. Mirzə Muxtarı görəndə qalxıb baş əyərdi və həmişə onun ardınca qürurla baxa-baxa yanındakılara deyərdi: “Bilirsiz necə kişi olub bu?” Mirzə Muxtarın əvvəllər necə kişi olduğunu nə Ağazəki görmüşdü, nə də onun tay-tuşları. Mirzə Muxtara İçərişəhərdə hamı ehtiram göstərirdi: balaca da, böyük də.

Mirzə Muxtar boylu-buxunlu bir kişi idi. Qoca olsa da gözləri hələ nurdan düşməmişdi. Yad adamlara da köhnə tanış kimi gülümsəyə-gülümsəyə baxırdı. Küçədə, məhlədə az görünərdi. Çox vaxt eyvanda dayanıb, budağı pəncərəyə toxunan tut ağacına saatlarla tamaşa eləyərdi. Deyilənə görə, tut ağacını burda Mirzə Muxtarın atası əkmişdi. İkimərtəbəli binanı da o tikdirmişdi. Guya ikinci mərtəbədəki otaqların tavanı hər biri kibrit qutusu boyda bəzəkli, qiymətli mərmərdən idi və guya Mirzə Muxtarın atası bu bəzəkli mərmərin hər birini o vaxtın pulu ilə iki manata Fransadan alıb gətirmişdi və guya tavanı da elə Parisdən gəlmə usta düzəltmişdi. Mirzə Muxtarın tərifli otaqlarını İçərişəhərdə çox adam görmək istəyirdi, amma görə bilmirdi, çünki nə Mirzə Muxtar bir kimsənin evinə gedirdi, nə bir kimsə onun qapısını açırdı.

Mirzə Muxtarın gözünün ağı-qarası bircə oğlu davadan qayıtmamışdı. Oğlu öləndən sonra Mirzə Muxtarın arvadı evdən çölə çıxmadı. Hərdən Mirzə Muxtar dükana qənd-çay almağa gedərdi. Həmişə damağında əyri qəlyan olardı, soyuq havada boynu qaragül dərili uzun paltonu çiyninə salardı. Başına paltosunun boyunluğu rəngində yastı, dəyirmi papaq qoyardı. Təzəcə ayaq açan uşaq təki xırda addımlar atardı. Deyirdilər, Mirzə Muxtar inqilab vaxtı Əzizbəyovun yaxın köməkçisi olubmuş, onun gizli tapşırıqlarını yerinə yetirirmiş. Od parçası, ürəkli, ciyərli bir oğlan imiş, ən qorxulu işlərə onu göndərirmişlər. İyirmi altı Bakı komissarı tutulanda Mirzə Muxtar Bakıda olmayıb, yoxsa Ağcaqum çölündə onun da sinəsini qırmızı güllə ilə dəlmədeşik edəcəkdilər.

İçərişəhərlilər Mirzə Muxtarın otaqlarını arvadı öləndə gördülər. Gördülər ki, bəzəkli mərmər-zad yoxdu burda, adicə tavandı, o qədər köhnədir ki, çat-çat olub, rəngi tökülüb.

Arvadının ölümündən bir müddət sonra, Mirzə Muxtar da rəhmətə getdi və eyvanına tut ağacının budağı toxunan evi Tambovdan gəlmiş fəhlə ailəsinə verdilər.

Yuxarıda, dağın döşündə bir at kişnəyib Orxanı fikirdən ayırdı. Orxan başa düşə bilmədi ki, Mirzə Muxratı nə üçün xatırlayıb. Mirzə Muxtar Ağazəkini onun yaddaşından nə vaxt sıxışdırıb çıxardıb? Bu barədə fikirləşmək istəmədi; həm vələs ağacının kölgəsində üşüyürdü, həm də fərməşin üzünü köçürməliydi hələ.

* * *

– Elə bilirdim şəhərlilərin hamısı ağ olur... Amma sən qarasan.

– Qara deyiləm, qarabənizəm.

– Nə tafotu var?

– Var, Bənövşə, var. Qarabəniz qaradan bir az yaxşıdı.

– Qarabəniz olsan da... qəşəngsən...

– Məni çox istəyirsən, Bənövşə?

– Bəs adam öz qismətini istəməz? Baxtıma sən çıxmısan.

– Əgər Xızır peyğəmbər məni sənə qismət kimi verməsəydi, onda necə?

– Elə şey olmaz. Hərənin öz qisməti var. Alnımıza belə yazılıb.

Gümüşgölün yan-yörəsi iri, ağ daşlarla dolu idi. Ay işığında bu daşlar gölün ətrafında səpələnmiş qoyunlara oxşayırdı. Qoyuna oxşayan bu daşların birinin üstündə Bənövşə oturmuşdu, birinin üstündə Orxan. Qabaq-qənşər idilər, amma Orxan heyfsilənirdi ki, əli Bənövşəyə çatmır. Çatsaydı, qolunu qızın belinə dolayıb, başını onun başına söykəyərdi və səhərə qədər beləcə oturub aylı, ulduzlu Gümüşgölün gümüşü suyuna baxardı. Heyf, heyf ki, Bənövşədən bir az aralıdı. Qızın yanına keçməyə də qorxurdu. Neçə kərə cəhd eləmişdi ki, qalxsın, ancaq hər ayağa duranda Bənövşənin ürkdüyünü görüb təzədən oturmuşdu.

Ətrafda adamı vahiməyə salan bir sükut vardı. Barı bir meh əsəydi, gölün üzü qırçınlanıb səslənəydi. Elə bil göl donmuşdu, daşlaşmışdı, burda bir qurbağa da yaşamırdı. Heç olmasa, gündüz bu gölün üstündə qanad çalan quşların biri indi bircə ağız oxuyaydı.

Bənövşə üzünü göyə tutdu:

– Güləndam nənə demişdi ki, kim doqquz işıqlı ulduz sayıb yatsa, yuxuda öz qismətini görər. Saydım... Yuxum çin çıxdı. – Qız gözlərini göydən çəkib Orxanın üzünə zillədi. – Sən də say, – dedi. – Doqquz ulduz say. Üçü məğribdə, üçü məşriqdə, üçü də onların arasında...

Orxan zarafatla dedi:

– Saymağına sayıram, amma qorxuram yuxuda başqa adam görəm.

Qız başını bulaya-bulaya dedi:

– Dilim-ağzım qurusun, yəni allah neylədiyini bilmir? Əsteğfurulla de. Sənin yuxuna mən girməliyəm.

Orxan gördü ki, qız az qalır ağlamsına. Gülə-gülə:

– Zarafat eləyirəm, – dedi və fikirləşdi ki, gərək bu sözlərdən sonra qızın gözlərindən öpüb, ovundurasan onu. Öpməyin əsl məqamıdı, vallah, amma Bənövşəyə necə yaxınlaşasan? Əl vuracaqsan, dəli ceyran kimi daşların üstü ilə hoppana-hoppana qaçıb gedəcək.

Orxanın gülməyi Bənövşəni arxayınlaşdırdı. Qız başıyla göyə işarə eləyib:

– Say, – dedi, – doqquz ulduz seç. Böyük olsun, işıqlı olsun...

Orxan başladı nəzərləriylə göydə ən işıqlı ulduzları axtarmağa.

– Bir... iki... üç...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин

Стихи других поэтов