Страница 10 из 17 · 53%

Bunu eşidəndə Bənövşənin atasının dalınca Orxan ürəyində yağlı bir söyüş söydü. Sonra durub daxmadan çıxdı. Başını qaldırıb, tərtəmiz göydə sayrışan ulduzlara baxdı, elə ulduzlara baxa-baxa Bənövşənin atasının dalınca yenə ürəyində yağlı bir söyüş söydü. Sonra yaxına, uzağa göz gəzdirdi. Hər yan bəmbəyaz idi. Binədəki daxmalar, alaçıqlar apaydın görünürdü. Xeyli aralıda Çapıqqaya yuxuya getmiş nəhəng kimi qaralırdı. Səs-səmir eşidilmirdi, elə bil binənin üstünə qarşıdakı dağın sükutu çökmüşdü.

Orxan ürəyinin tıppıltısına qulaq asa-asa Gümüşgölə tərəf yeridi. “Kaş Bənövşə gəlməyəydi... Kaş gəlməyəydi...” Get-gedə qatılaşan sükutdan Orxan bir az vahimələndi, özünü dünyanın əlçatmaz, ünyetməz guşəsinə atılmış kimi tək-tənha hiss elədi, ancaq hardasa bir it hürdü və Orxanın ürəyini bürümüş tənhalıq hissi, vahimə o dəqiqə sovuşdu. Orxan, hətta, görüşə getməyinə və gecənin belə işıqlı, əsrarəngiz olmağına sevindi də. Fikirləşdi ki, oğlanla qız ilk görüşə çıxanda gecə elə belə nurlu olmalıdır, gecənin vücudundan sirr, məhəbbət yağmalıdır. Orxan addımlarını yeyinlətdi: “Kaş Bənövşə gələydi... Kaş gələydi...”

Bənövşə gəlməmişdi. Orxan dayanıb gözlədi. Gölə baxdı, elə bildi güzgüyə baxır: ay da, ulduzlar da sayrışırdı orda. Orxan bu rəngdə su görməmişdi: sanki gümüşü əridib yepyekə bir çalaya tökmüşdülər və yergöy işığını bu gümüşdən alırdı. Gölün üstü ilə addımlayan Hüsnübəyim gəlib durdu Orxanın gözlərinin qabağında. Çoban qızı əllərini göyə qaldırıb tanrıdan imdad dilədi, sonra dönüb gölün üzü ilə narın-narın yeridi. Hüsnübəyim ayaqlarını qaldırıb qoyduqca Orxan suyun ahəstə şappıltısını da eşitdi və birdən hiss elədi ki, üşüyür. Pencəyinin yaxasını çəkə-çəkə arxaya qanrıldı. Gözlərinə inanmadı: Bənövşə ona çathaçatda idi.

Qız yaxınlaşıb Orxandan bir-iki addım aralıda dayandı. Bircə donda gəlmişdi, başı da açıq idi. Soyuqdanmı, qorxudanmı yüngülcə titrəyirdi.

Orxan soruşdu:

– Niyə qalın geyinməmisən?

Bənövşə gölün parıldayan səthinə baxa-baxa cavab verdi:

– Qalın geyinsəydim, duyuq düşərdilər.

Orxan qıza doğru bir addım atdı, qız da bir addım geri çəkildi:

– Bura nahaq gəlmişik, – dedi. – Görsələr, bizi tikə-tikə doğrayarlar.

Orxan başa düşdü ki, qız “doğrayarlar” deyəndə Dəmiri nəzərdə tutur.

– Qoy görsünlər, – dedi. – Qorxursan?

Bənövşə “bilmirəm” mənasında çiyinlərini çəkib, ayın şəfəqindən daha da işıqlı, nurlu görünən gözlərini Orxanın üzünə zillədi. Dodaqlarına Orxana tanış olan təbəssüm qopdu. Təngiyən nəfəsini nizamlamağa çalışıb, qırıq-qırıq dedi:

– Səni... yuxuda... görmüşdüm.

Orxan:

– Nə vaxt? – dedi və Bənövşənin əlindən tutmaq həvəsinə düşdü, ancaq qızı ürküdəcəyindən qorxub, yerindən tərpənməyə cəsarət eləmədi.

Bənövşə ay işığında Orxanın üzünə zənlə baxa-baxa:

– Çoxdan, – dedi. – Sən bu binəyə gəlməmişdən.

Orxan istədi soruşsun ki, “axı, sən məni tanımaya-tanımaya yuxuda necə görə bilərdin”, qız ona ağzını açmağa macal vermədi.

– Səni görməmişdim ha, – dedi. – Yuxuma girən ağsaqqal, nurani bir kişi idi... Xızır peyğəmbər... ürəyimə dammışdı ki, bu qoca kişi Xızır peyğəmbərdi... Mənə dedi ki, sizin binəyə atlı bir oğlan gələcək, həmin oğlan sənin qismətindir... Sən gəldin, intəhası at əvəzinə maşını sürüb gəldin. Nolar, maşın da minikdi... Mən səni hər gün gözləyirdim.

– Bənövşə səsini alçaldıb, az qala pıçıltı ilə: – Sən mənim qismətimsən, – dedi.

Orxan keyiyib qaldı. Danışmaqçün fərli söz tapa bilmədi. Ürəyində dönə-dönə: “Ay avam, ay avam”, – dedi. Handan-hana əlini qıza uzadıb, dilini ağzında güclə tərpətdi:

– Bənövşə...

Qız başını bulaya-bulaya dala çəkildi və birdən dönüb binəyə tərəf qaçdı.

Orxan sözlərinin yarımçıq qalacağından qorxub, tələsə-tələsə dedi:

– Sabah səni burda gözləyəcəm! Elə bu vaxt! Mütləq gəl! Eşitdin?!

Yenə bilmədi ki, Bənövşə onun dediklərini eşitdi, ya yox.

Səhər açıldı, yeri-göyü ağappaq nura qərq eləyən günəş qalxıb durdu binənin üstündə. Orxan darıxa-darıxa fikirləşdi ki, burda günəş çox ləng tərpənir. Bu gedişlə öz mətəsinə çata bilməyəcək o və bu yerlərə qaranlıq düşməyəcək, gecə öz növbəsini gözləyə-gözləyə qalacaq Çapıqqayanın o tərəfində.

Günün ömrünü qısaltmaqüçün nəsə bir işlə məşğul olmaq lazım idi. Orxanın yadına düşdü ki, Rza fərməşi “Jiquli”nin dal oturacağına tullayıb

Orxan həmişə maşında gəzdirdiyi dama-dama dəftərlə karandaşı götürdü, fərməşi çiyninə atıb, dərədəki meşəliyə getdi... İri vələsin qapqara kölgəsində oturub, fərməşi yerə sərdi. Xovlu fərməş bir neçə yerdən didilib-yeyilmişdi, elə bil güvənin ağzından çıxmışdı, amma hələ rəngini itirməmişdi. Üstündə pəncərə şəbəkəsini xatırladan bəzək vardı, bəzəyin də dörd yanında xırda-xırda, sarı, qırmızı dairələr... Bu sarı-qırmızı dairələrin arasında enli, uzun, ağ bir zolaq keçirdi; fərməşin belinə dolanmış ağ kəmərə oxşayırdı, ancaq Orxan bunu, nədənsə, ağ cığıra bənzətdi... Ağbəyimin ömür cığırına... Gedib hardasa qırılırdı. Görəsən, zalım əri olmasaydı, Ağbəyim bu cığırla hara gedib çıxacaqdı? Gərək etibarsız, üzüdönük ərinə görə bütün dünyadan küsməyəydi Ağbəyim, qollarını yanına salıb durmayaydı, taleyinin ağ cığırına düşüb lap ayacan, günəşəcən gedəydi.

Orxan fərməşi astar üzünə çevirib ilmələri saymağa başladı və birdən ona elə gəldi ki, hər dilinin altında ecazkar bir səs gizlənən nəhəng pianonun şirmayı dillərini sayır. Bu nəhəng piano onun qulağına nəsə pıçıldadı. “Azərbaycan” mehmanxanasının restoranında sarıbəniz oğlanın barmaqlarından süzülən həzin, kövrək bir mahnının avazı Çapıqqayadakı vələs ağacının qapqara kölgəsini işığa qərq elədi. Orxanın ürəyində bir tel titrədi: “Tut ağacı boyunca...” Və daha əli işə yatmadı. Üzünü ha yana tutdusa, Bənövşə dayandı gözlərinin qabağında. Güman elədi ki, şirin yuxu görür – axı, bəzən adam yuxuda gördüklərini yuxu olduğunu bilir – bu dünyada nə “Çapıqqaya” deyilən yer var, nə Gümüşgöl, nə də Bənövşə. Orxan gözlərini açıb görəcək ki, darısqal bir otaqda dəmir çarpayının üstündədi. Görəcək ki, ara qapı açıqdı və Fatma həkimin o biri otaqda dedikləri açıq-aydın eşidilir: “Sən bu evə halal süd əmmiş, təmiz bir qız gətirəsən gərək”. Ancaq Orxan bilirdi ki, gördükləri gerçəkdi: həqiqətən bu dünyada “Çapıqqaya” deyilən bir yer var, bu yerdə suyu gümüşə çalan göl var, qaragözlü Bənövşə var və onu da bilirdi ki, günün ömrü nə qədər uzun olsa da, gün karvanını sürüb gedəcək, sonra gecə Çapıqqayanın dalından çıxıb öz yerini tutacaq. Bax, onda ay da, ulduzlar da Gümüşgölün şəfəqli suyunda çiməcək və Orxan bu şəfəqli gölə baxa-baxa, ürəyi dadlı bir intizarla döyünə-döyünə Bənövşənin yolunu gözləyəcək. Gələcəkmi Bənövşə?... Gələcək! Qismətinin dalınca gəlməlidi.

“Qismət” sözünə Orxanın gülməyi tutdu. O dəqiqə də yadına Dəmir düşdü. Nə hirsləndi, nə sevindi. Ürəyində Dəmirə qarşı acıq, kin yox idi. Heç nə yox idi. Heç yazığı da gəlmirdi ona. “Dəmir yazıq deyil, səfehdi. Tanımadığı adama ilk görüşdən rəqib gözüylə baxmaq səfehlik deyil, nədi bəs? Dəmir şəklidi, qısqancdı, qısqanclığı ilə də gülməlidir. Bənövşə sevməyəcək onu. Bənövşənin könlü-gözü Xızır peyğəmbərin yuxuda ona verdiyi qismətin yanındadı”.

Orxan vələs ağacının kölgəsində dirsəklənib fikirləşdi ki, yer üzündə bircə yazıq varsa, o da Bənövşədi, yuxuya da inanır, yalana da. Bu qız niyə belə avamdı, fələk?.. Bənövşə safdı... Qəlbi tərtəmizdi onun. Yox! Saflıq, təmizlik – yazıqlıq deyil, cin-ciyər. Bənövşə xoşbəxtdir. Bu yuxunun sevincindən ürəyi nurla, inamla dolan adam xoşbəxt deyil, nədir bəs? Görəsən, bu inamın ömrü nə qədər olacaq? Şəhərdən gəlmiş oğlan nə vaxtsa bu inamı öldürməyəcəkmi? Orxan burdan gedən günü Bənövşənin ürəyindəki işığı əbədi söndürəcək. Onda Bənövşə olacaq bu dünyanın ən yazıq adamlarından biri.

Orxanın gicgahları başladı atmağa. Sonra bu döyüntü qulaqlarına keçdi onun: gupp... gupp... gupp... Orxan dikəlib oturdu. Narahat-narahat yar-yörəyə, aşağı-yuxarıya baxdı. Bu dərədən nə Çapıqqaya görünürdü, nə binə. Təkcə yamyaşıl yarpaqların arasından sapsarı günəş görünürdü göydə, Orxan gözləri qamaşa-qamaşa günəşə baxdı, fikirləşdi ki, bu dəqiqə Bənövşə də gözləri qamaşa-qamaşa sapsarı günəşə baxır və onların baxışları günəşin bir qızılı telində birləşir. “Aparacam onu şəhərə”. Orxan özünün bu qəfil qərarına, qətiyyətinə heyrətləndi. Hiss elədi ki, ürəyi çır-çır çırpınır. Qulaqlarındakı guppultunun şiddətindən gözlərini yumub, arxası üstə uzandı. “Bənövşəni aparacam Bakıya – qoy kim mənə gülür gülsün – aparacam və deyəcəm, ay ana, təmiz qız arzulayırdın, buyur, bu da səninçün təmiz qız. Dağ çiçəyi kimi tərdi, təzədi. Gəlinini qəbul elə, Fatma həkim. Noolsun ki, ali təhsili yoxdu. Savadlı qızların ədalı danışığından təngə gəlmişəm, vallah. Yerin altına da, üstünə də bələd olan qız lazım deyil mənə. Çoxbilmiş qızlardan qorxuram... Amma Bənövşə... İnanıram ki, başdan ayağa məhəbbətdi, itaətdi Bənövşə. Ona yad olan şəhərlilərin içində məni canından artıq istəyəcək, ürəyinin oduyla məni isindirəcək. Məni Bənövşəyə yuxuda Xızır peyğəmbər verib. Mən bu qızın bəxtiyəm, taleyiyəm, qismətiyəm. Bənövşə qismətinin üstündə yarpaq kimi tir-tir əsəcək. Mənə bundan artıq nə lazımdı, ay ana?.. Hə, Fatma həkim, gülürsən, işlərin düzəlib, deyəsən”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин

Стихи других поэтов