Страница 8 из 17 · 41%

Tələm-tələsik bir kasa süd doğraması yedi. Fikirləşəndə ki, yad adamların ruzisinə şərik olub, boğazı tıxandı, süfrədəki camış qatığına, üzlü pendirə utandığından əl vurmadı. “Məscidin qapısı açıqdı, itdə də bir həya gərək” məsələni yadına salıb qalxdı.

Üz tutdu səmtə, ancaq Çapıqqaya çata bilmədi: binəylə Çapıqqayanın arasındakı dərədə bir gölə rast gəlib dayandı. Göl dəyirmi idi, amma böyük deyildi, yaxşı üzgüçü bu tərəfdən o tərəfə birnəfəsə üzüb keçə bilərdi. Gölün bir sahili sıldırım idi, al-əlvan qatlardan dikəlmiş nəhəng divar təki parıldayırdı. Divarın üstündəki ağ, sal daş şapqa günlüyü kimi irəli çıxmışdı... Düzəngah sahilə bənövşəyi, firuzəyi, sarı çiçəklər düymə-düymə səpələnmişdi. Mamırlı, xınalı iri daşları elə bil gölün həndəvərinə əllə bircə-bircə düzmüşdülər. Su uzaqdan ağappaq görünürdü, sanki köpüklənmişdi, amma yaxın getdikcə yavaş-yavaş rəngini dəyişib maviləşirdi. Orxan çöməldi, suyu ovuclayıb baxdı – su dupduru idi, buz təki soyuq idi, Orxanın əllərini zoqquldadırdı, Günəşin zərrələrindən gölün üzü pul-pul olmuşdu, şəfəqli olmuşdu və bu şəfəqdən Orxanın gözləri qamaşırdı. Günəş indi Çapıqqayanın haça ucundan çox-çox yuxarıda dayanmışdı, bir az balacalaşmışdı, bəyazlaşmışdı, qayanın qapqara səthini də, yamyaşıl yamacı da, gölün kənarındakı xınalı daşları da ağappaq nura boyanmışdı, Yer-göy elə işıqlı idi ki, buralarda gecə düşəcəyini adam ağlına gətirə bilmirdi. Bu işıq, bu aydınlıq dünyanın əbədiliyinə Orxanın ürəyində bir inam oyatdı və Orxan özünün də dünya kimi əbədi olacağına qətiyyən şübhə eləmədi. Bu hissdən ürəyi atlana-atlana qarşıdakı dağın döşünə baxdı, sonra şehli sinəsi parıldayan Çapıqqayaya baxdı, sonra binəylə qayanın arasında inci kimi bərq vuran gölə baxdı və hələ də ürəyi atlana-atlana fikirləşdi ki, təbiətin möcüzəsinə möcüzə çatmaz, Xürrəm müəllim demişkən, dünyanın ən mahir toxucusu təbiət özüdür, onun toxuduğu xalı-gəbələrin hər qarışında min rəng var...

Orxanın gözləri Çapıqqayaya sataşdı. Könlündən keçdi ki, o qayanın belinə çıxıb, ordan aşağılara baxsın, yan-yörədə qanad gərib süzən qartallara baxsın. Qayaya tərəf yeridi... O getdikcə elə bil qaya da uzaqlaşdı və bir azdan Orxana agah oldu ki, Çapıqqaya çox da yaxında deyil, ona çatmaq üçün hələ ən azı bir saat yoxuşa yol getmək lazımdı. Orxan yamacı qalxıb, aşırımın üstündə dayandı. Dağın o biri ətəyinə səpələnmiş naxırı gördü. Dəmir orda olmasaydı, enib Rzayla söhbətləşəcəkdi: ilk tanışlıqdan Dəmir xoşuna gəlməmişdi.

Orxanın yadına Bənövşə düşdü, onun ilıq təbəssümü düşdü və Orxan birdən-birə Bənövşə üçün darıxdı...

Hələ binəyə çatmamış aralıdan baxıb gördü ki, Bənövşə daxmanın böyründə “Jiquli”yə söykənib dayanıb. Orxan güman elədi ki, qız onun yolunu gözləyir. Bu gümana inandı da. Bənövşənin intizar baxışını xəyalına gətirdi, hətta qızın gözlərinə bürünmüş həsrət kölgəsini də gördü və özü də hiss eləmədən addımlarını yeyinlətdi.

Gəlib Bənövşəyə çatanda Orxan öz gümanına ürəyində güldü. Qızın üz-gözündə zərrə qədər də narahatlıq əlaməti yox idi. Qız nəzərlərini uzaqlara dikib gülümsəyirdi, sanki Orxanın burda tövşüyə-tövşüyə dayanmağından xəbərsiz idi.

Bənövşə Orxana tərəf çevrildi, onun başının üstündən harasa baxabaxa soruşdu:

– Harda qalmısan?

Orxan tövşüyünü boğa-boğa:

– Veyllənirdim, – dedi.

Bənövşə məhrəm, doğma adamıyla danışırmış kimi ərklə dedi:

– Tək getmə o tərəflərə. Nabələdsən, yarğana-zada düşərsən.

Orxan yanını quru yerə qoya-qoya:

– Nolar? – dedi. – Yarğana düşüb ölsəm, dünya dağılmaz ki?

Bənövşə Çapıqqayaya baxıb, qorxa-qorxa;

– Allah eləməsin, – dedi, sonra gedib daxmanın qənşərindəki boş güyümü çiyninə aldı, adamı kövrəldə biləcək bir səslə: – Səni istəməyənlər ölsün, – deyib, öz sözlərindən utanırmış kimi dərədəki bulağa tərəf götürüldü.

Bənövşə qaçdıqca çiynindəki mis güyüm günəşin şəfəqinde bərq vururdu, elə bil qız çiynində ağımtıl, böyük od aparırdı. Orxan oturduğu yerdə dizlərini qucaqladı, Bənövşənin ardınca baxa-baxa belə qərara gəldi ki, bu gecə də Çapıqqayada qalsın...

Buxarını yenə qalamadılar. Orxan taxta çarpayıda Rzayla qabaq-qənşər əyləşib, yeddilik çırağın işığında nəzərləri ilə Bənövşənin gülümsər gözlərini axtarırdı. Hərdən yadına düşürdü ki, qıza altdan-altdan baxmaqda həddini aşır – birdən Ağbəyim, Rza şübhələnərlər – onda özünü yığışdırırdı. Bir azdan Ağbəyimi, Rzanı unudub, Bənövşənin bütün hərəkətini təzədən oğrun baxışlarla izləyirdi. Arada Ağbəyimə və Rzaya da baxırdı. Baxırdı görsün ki, ev sahibləri onun bu gecə də qalmağına darılmırlar ki, Ağbəyimin üzündəki ifadədən heç nə anlamaq olmurdu, üzü daş kimi donuq idi. Tərpənişi də dünənki təki ləng idi, yenə səsi çıxmırdı, elə bil ağzını açıb bir kəlmə söz deməyə ərinirdi, elə bil əlini bu dünyadan üzmüşdü. Rzanın isə gözlərindən nur yağırdı, sevinc tökülürdü. Üzündə təzəcə-təzəcə qara tüklər dikələn bu arıq, şüvərək oğlan özünü ağır aparmaqdan, evdə ağsaqqal kimi görünməkdən yəqin zövq alırdı. Rzanın davranışında, danışığında yaşına uyuşmayan bir ciddilik vardı. Daxmadakı qadınlar da özlərindən kiçik bu uşağı ailənin böyüyü, dayağı, qazanc gətirən sayırdılar, onun buyruğuna yarımağa həmişə müntəzir idilər.

Süfrə yığışılandan sonra Rza Orxandan soruşdu:

– Bizim yerlər xoşuna gəldimi? Haraları gəzdin?

Orxan:

– Buranın ab-havası nəyə desən deyər, – dedi, – dedi. – Üstəlik göl də var burda. Mən dağ yerində hələm-hələm gölə rast gəlməmişəm.

– Rzanın xoşhal olduğunu görüb, Orxan tərifi bir az da artırdı. – Cənnətdi buralar. Göl ayrı aləmdi.

Rza dedi:

– Orda çimmək olmaz, mal-heyvan sulamaq olmaz. Günahdı. Bizim göl barədə heç nə eşitməmisən?

Orxan başını buladı.

Rza elə bil göl haqqında danışmağa macal tapdığı üçün sevindi:

– O göl pir kimi, ocaq kimi şeydi, – dedi, – günah-savab tərəzisidi.

– Rza döşəkcənin üstündə bardaşqurma oturan anasına baxdı, Ağbəyim önün sözlərini bircə dəfə kirpik çalmaqla təsdiqləyəndə, Rza başladı, ürəkli-ürəkli danışmağa: – Onun adı Gümüşgöldü, – dedi. – Gecələr tamaşa eləsən, görərsən ki, gölün suyu elə parıldayır, deyirsən, bəs su döyül bu, doğrudan da gümüşdü, əridib töküblər bura. Bu yer qədimdə belə olmayıb ha. Burda şəhər varmış... Batıb, gedib. Təkcə Gümüşgöl qalıb. Onun da suyu azalıb. – Rza üzünü Ağbəyimə tutdu. – Heylə döyül, ana?

Ağbəyim yenə bircə kirpik çaldı. Rza dedi:

Ay ana, o əhvalatı danışsana... Xanla çoban qızının əhvalatını... Nağıl elə, qonaq da eşitsin.

Ağbəyim gözlərini əvvəlcə döşəməyə, sonra Rzanın üzünə dikdi, yəni özün danış. Bənövşə də anasının yanında yerini rahatlayıb, gözlərini zillədi qardaşının ağzına.

Rza başladı danışmağa:

– Nağıl döyül bu, olmuş əhvalatdı. Burda, doğrudan da böyük bir şəhər varmış, Küçələri, qalaları, evləri... Bu elin böyüyü, sahibi Dağlarxan adlı bir igid imiş. Ox atan, qılınc vuran, at oynadan adam olub. Onun qorxusundan bu həndəvərə yağı ayaq basmazmış. Amma bir dəfə düşmən qoşun yeridir bu yurda. Dağlarxan da öz qoşununu yığır başına, Hüsnübəyim adlı arvadını yanına çağırıb deyir ki, Hüsnübəyim gedirəm davaya, bu el-obanı sənə tapşırıram, deyir, sən kişi təki qoçaqsan, qeyrətlisən, yurd-yuvamızdan muğayat ol. Dağlarxan bunu deyib, qoşunu aparır düşmənin üstünə... Dağlarxanın beş-altı arvadı varmış – o vaxtlar hər kişinin ən azı üç arvadı olurmuş, indi birindən artıq qoymurlar almağa...

Bu yerdə Rza yaşlı adam sayağı başını mənalı tərzdə tərpədib gülümsədi və Orxan onun təbəssümündən bir az da nurlanan çöhrəsinə baxıb fikirləşdi ki, bu arıq, durnaboğaz oğlanın danışığı da dünyagörmüş kişilərin danışığı kimi şirindi, təmkinlidi. Rza dastan söyləyən yeniyetmə aşığa oxşayırdı, təkcə sədəfli sazı əskik idi.

Rza ona diqqətlə qulaq asan ana-bacısına baxa-baxa:

– Hüsnübəyim çox ağıllı, diribaş, tədbirli gəlin imiş, – dedi. – Əri davaya gedəndən sonra mahalın bütün ixtiyarını alır əlinə. Qoymur ki, bircə sünbül də it-bata düşsün, bircə dıbır yoxa çıxsın, bircə buzovun burnu qanasın. Hüsnübəyim çoban qızıymış, Dağlarxanın o biri arvadları – dövlətli kişilərin qızları paxıllığını çəkirmişlər Hüsnübəyimin. Belə də iş olar? Çoban qızı gəlib bizim üstümüzə hökmranlıq eləsin? Bunu nə allah götürər, nə bəndə... Hüsnübəyim həm də səxavətli imiş, kasıb-kusuba əl tutarmış, acların qarnını doyuzdurarmış. Camaat da çox istəyirmiş onu. Xanın o biri arvadları sözü bir yerə qoyurlar ki, Hüsnübəyimin başını əksinlər. Gün o gün olur ki, Dağlarxanın qoşunu düşməni tar-mar eləyir. Dava qurtarır, Dağlarxan qoşun-leşkərin qabağında şəhərə qayıdır. El-oba başlayır bayram eləməyə. Qoyunlar kəsilir, qazanlar asılır. Çalan kim, oynayan kim... Dağlarxan görür ki, buralarda salamatlıqdı, dinclikdi, taxıl biçilib, qışın azuqəsi toplanıb, camaatın da kefi kökdü. Görür ki, bu mahalı nə təhər qoyub-gedibsə, eləcə də var, hələ qoyub getdiyindən bir az da yaxşıdı. Dağlarxan başlayır o biri arvadların yanında çoban qızından razılıq eləməyə. Deyir, sağ ol, Hüsnübəyim, min yaşa, mənim sənə hörmətim yerdən göyəcən artdı... Xan belə deyəndə o biri arvadlar paxıllıqdan qovurğa təki qovrulurlar. Hərəsi xanı təkbətəkliyə salıb deyir, əşi, sən nə danışırsan, nə qoyub axtarırsan? Sən davada ölümnən üz-üzə duranda çoban qızı sənin adını ləkələyib, namusunu yerə vurub, sənə xəyanət eləyib; çoban qızı hər gecə sənin evindən xəlvətcə gedirdi, allah bilir, hansı kişiyləsə görüşüb səhərə yaxın qayıdırdı... Arvadlar o qədər deyirlər, o qədər danışırlar ki, axırda xanın qulağını doldurub, ağlını əlindən alırlar. Xan Hüsnübəyimi yanına çağırtdırıb qəzəblə soruşur ki, çoban qızı, bu mahalda məni kimə dəyişmisən? Hüsnübəyim qalır mat-məəttəl, deyir, canım sənə sadağa, xan, bu mahalda səndən qeyri kişi varmı ki, səni də ona dəyişəm?.. Xanın hirsi soyumur, ayağını yerə dirəyir ki, tez ol, bu dəqiqə aşnanın adını de, de görüm kimdi sənin aşnan, ikinizə bircə qəbir qazdıracam ki, həmişəlik bir yerdə olasınız. Hüsnübəyim cavab verir ki, başına dönüm, xan, ayaqlarının altında ölüm, mənim aşnam-zadım yoxdu, sən ürəyimdə eşqdən bir qala qurmusan ki, onu fələk də dağıda bilməz. Hüsnübəyim nə qədər yalvarır, and-aman eləyir, Dağlarxan yumşalmır ki, yumşalmır, inanmır ona. Belə olanda çoban qızı deyir; indi ki, mənə inanmırsan, onda mənim qalmağımdan ölməyim məsləhətdi – inam olmayan yerdə nə məhəbbət, nə hörmət – əmr elə, boynumu vursunlar. Xan əmr verir ki, Hüsnübəyim öldürülsün, özü də camaatın gözünün qabağında, Gümüşgöldə qərq olsun... Gecə Hüsnübəyimi gətirirlər Gümüşgölün qırağına. Ay çıxıb, su par-par parıldayıb adamın gözlərini qamaşdırır, camaat da dayanıb zülüm-zülüm ağlayır. Hüsnübəyim üzünü göyə tutub deyir; ey bizi heçdən var eləyən xaliq, səndən savayı pənah yerim yoxdu, Mən ölümdən qorxmuram, ancaq məni o dünyaya xəyanətkar kimi, bişərəf kimi göndərmə, ya rəbb! Günahsız olduğumu el-obaya da, canımdan çox istədiyim ərimə agah elə... Hüsnübəyim belə deyib yavaş-yavaş qədəm basır gölə, ha gedir, su heç topuğunacan qalxmır bunun. Camaat görür ki, əyə, batmaq nədi, çoban qızı budu ey, suyun üstüynən addımlayıb gedir, elə bil şüşə təki yolnan yeriyir. Hüsnübəyim ehmal-ehmal gedib gölün o biri tərəfində çıxır quruya. Camaatın matı-qutu quruyur. Dağlarxan məəttəl qalır bu işə. Deyir, əgər çoban qızının günahı olsaydı, Allah-taala onu göldə batırardı. Xan sevindiyindən başlayır ağlamağa. Əmr eləyir ki, o biri arvadları çəksinlər ortalığa. Xanın o biri arvadlarını itələyib salırlar gölə, deyirlər, di yeriyin görək nə təhər yeriyirsiniz. Bədbəxtlər çırmalanıb giriblər gölə. Su əvvəlca çıxır dizlərinə, sonra qurşaqlarına, sonra boğazlarına, sonra da boy vermir, boğulub ölürlər... O vaxtdan Gümüşgöl olur adamların günahını ölçən mizan-tərəzi. Bir kəsin təqsirkar olub-olmadığını bilmək istəyəndə onu dartıb gətirirmişlər Gümüşgölün qırağına. Günahı olan adam qorxusundan girməzmiş gölə. – Rza gülümsəyə-gülümsəyə Orxana baxıb: – İndinin özündə də heç kim Gümüşgölə girmir, – dedi, – heç kim çimmir orda. Hamı ehtiyat eləyir ki, birdən nədəsə günahkar olar, batar göldə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин

Стихи других поэтов