Страница 9 из 17 · 47%

Rza dərindən nəfəs dərib susdu. Alaqaranlıq daxmada sükut uzun çəkdi, sanki cınqırını çıxartmağa heç kim ürək eləmirdi. Ağbəyim damarlı əllərini dizlərinin üstünə qoyub oturmuşdu. Qarşı divara zillənmiş baxışlarından laqeydlik, tərkidünyalıq yağırdı. Bənövşənin gözləri yol çəkirdi, çiyələk rəngində olan dodaqları hərdən səyriyirdi, deyəsən, Bənövşə çoban qızının aylı gecədə Gümüşgölün üzü ilə addımladığını görürdü, ürəyində Hüsnübəyimə nəsə deyirdi. Rzanın üzündə arxayınçılıq ifadəsi dolaşırdı. Rza, çoban qızını ölməyə qoymayan taleyin hökmündən də, savab-günahları ölçən Gümüşgöldən də razı idi. Orxan gah Rzaya baxırdı, gah da qadınlara. Baxırdı və əldən-ayaqdan uzaq bir dağın başında yaşayan adamların ağlabatmaz əfsanəyə inanmaqlarına təəccüblənirdi. Yalan yalandı, istəyirsən adını “əfsanə” qoy, istəyirsən “nağıl”. Belə söyləmələri dərdli adamlar təsəlli üçün düzəldiblər. Bu quraşdırmanı Səfa eynilə almazdı, amma Bənövşəyə bax – kim bilir, Hüsnübəyimin hekayətini neçənci dəfə eşidir – budu ey, gözləri dolub bu avam qızın.

Qapı zərblə açıldı. Dəmir çöldən üzünü Rzaya tutub acıqlı-acıqlı:

– Bəri gəl, ə, sənnən işim var! – dedi.

Rza tələm-tələsik daxmadan çıxıb qapını çəkdi.

Ağbəyimlə Bənövşənin nəzərləri örtülü qapıya zillənib qaldı. Dəmir çöldə tez-tez nəsə deyirdi, hərdən Rzanın da səsi eşidilirdi, amma başa düşmək olmurdu ki, söhbət nədən gedir. Sonra birdən danışıq kəsildi. Qadınlar narahat-narahat baxışdılar. Ağbəyim qalxıb balaca pəncərədən çölə nəzər saldı, deyəsən, heç nə görmədi. Qulağını qapıya tərəf tutub dinşədi: səs-səmir yox idi. Arvad pəncərənin qabağında quruyub qaldı, elə bil daxmadan çıxmağa ürək eləmirdi. Bənövşə ayaqlarını altına yığıb oturmuşdu, başını yuxarı qaldırmırdı. Orxan isə çarpayının üstündə mütəkkəyə dirsəklənib, gah Ağbəyimə, gah Bənövşəyə baxırdı. Daxmada adamın canını üzən bir sükut vardı. Orxan bilirdi ki, Rza gələnəcən bu sükut beləcə davam eləyəcək...

Rzanın qayıtmağı azı yarım saat çəkdi. Rza qanıqara qayıtmışdı. Gəlib Orxanla qabaq-qənşər dayandı, utancaq uşaq təkin dirənə-dirənə:

– İncimə, – dedi. – Bu gecə ayrı yerdə qal... Belə məsləhətdi... Yer var... Atlıxan dayıgildə qalacaqsan...

Orxan o dəqiqə Bənövşəyə baxdı, gördü ki, qız başını bir az da aşağı dikib Ağbəyim xəcalətindən içəridə dayana bilməyib çölə çıxdı.

Rza fərməşi küncdən götürdü.

– Bunu da tullayıram maşınına... istəmişdin, – deyib, anasının dalınca getdi.

Orxan ürəyində “zatına lənət, Dəmir” deyib, çarpayıdan düşdü. Hiss elədi ki, pərtlikdən qıçları əsir. Az qaldı qışqırıb desin ki, “bu hayıfı səndə qoymayacam, zırrama oğlu zırrama!” Orxan qəti əmin idi ki, Dəmirin bütün hoqqası Bənövşəyə görədi. Qıza baxdı. Qız döşəmədə yumağa dönmüşdü, elə bil nəfəsi tükənmişdi. Orxan Bənövşəyə baxdı, baxdı və birdən dəli şeytan dəli bir fikrə saldı onu. Orxan güman elədi ki, dəli şeytanın sözünə baxsa, Dəmirdən min qat hayıf alar, yandırıb yaxar, külə döndərər onu.

Orxan gözlərini açıq qapıya zillədi, dəli şeytanın pıçıldadıqlarını səsi titrəyə-titrəyə astadan Bənövşəyə dedi:

– Gölün qırağında səni gözləyəcəm. Gecəyarıdan keçəndən sonra gələrsən ora. Eşitdin?

Orxana elə gəldi ki, onun bircə addımlıqdan dediklərini Bənövşə eşitmədi.

Atlıxan çiynini dirəmişdi buxarının qırağına – əynində sırıqlı da vardı, amma, deyəsən, yenə canı qızmırdı – ocağı maşa ilə hey eşələyirdi. Orxan döşəkcənin üstündə Atlıxanla üzbəüz əyləşmişdi, kişi hər dəfə közü tərpədəndə ocaqdan yaşıl tüstü qalxırdı və Orxanın gözləri gicişib sulanırdı. Güləndam daxmanın aşağı tərəfində bardaşqurma oturub yun didirdi. Heç kim dinib-danışmırdı. Atlıxan da, Güləndam da bikef görünürdü. Orxana elə gəlirdi ki, qocalar bu dəqiqə onun barəsində fikirləşirlər. Fikirləşirlər ki, Dəmir şəhərdən gəlmiş bu oğlanı Rzagilin evindən iti qovan kimi qovdu.

Bura qədəm basdığı dəqiqədən Orxanın hirsi-hikkəsi sovuşmuşdu. Bənövşəni görüşə çağırdığı üçün peşmançılıq çəkirdi, ürəyində dəli şeytanın qıyıqdan keçəninə də söyürdü. “Yaxşı deyiblər ki, hirsli başda ağıl olmaz”. Orxan çox düşünüb-daşındı və axırda inandırdı ki, Bənövşə görüşə gəlməyəcək. Onda rahat-rahat nəfəs alıb, daxmaya birinci dəfə arın-arxayın nəzər saldı. Bu da Rzagilin daxmasına oxşayırdı. Şeyşüyləri də eyni idi; fərməş, xurcun, dolu çuval, tabaq, divardan asılmış yeddilik çıraq... Təkcə çarpayı yox idi burda. Orxan birdən-birə darıxdı, içəridəki sükutdan təngə gəldi. “Görəsən, bu qocalar dillənəcəklər, ya yox?”.

Atlıxan Orxanın qəlbindən keçənləri duyubmuş kimi, ocağa baxa-baxa başını tərpədib, elə bil bayaqdan ürəyində götür-qoy elədiklərinə yekun vurdu.

– Həə. Dəmir belə Dəmirdi. – dedi.

Orxan anladı ki, Atlıxan daşı onun bostanına atır, gözlərini kişinin tüklü üzünə zillədi; Dəmirin necə Dəmir olmağı Orxançün çox maraqlı idi.

Kişi hələ də ocağa baxa-baxa:

– Xofludu, – dedi. – Yetim olub, gözüqıpıq olub. Caynağına keçirtdiyi şeyi cəmi-aləm tökülsə də onnan ala bilməz.

Orxan soruşdu:

– Dəmir onların nəyidi?

Atlıxan maşa ilə ocağı eşələyə-eşələyə:

– Heç nəyi, – dedi.

Güləndam yun diddiyi yerdə əl saxlayıb, söhbətə qarışdı:

– Niyə demirsən ki, Bənövşənin deyiklisidir?

Orxan indicə diqqət yetirib gördü ki, Atlıxanla Güləndam birbirilərinə yaman oxşayırlar, elə bil ər-arvad yox, qardaş-bacı idilər. İkisinin də burnu yekə idi, sifəti uzunsov, gözləri dəyirmi idi. İkisinin də alnında, üzündə nazik qırışlar vardı.

Qocalar başladılar Orxanın bilmədiyi məsələlər barəsində mübahisə eləyə-eləyə danışmağa.

Kişi dedi:

– Nə deyiklibazlıqdı? Bənövşənin göbəyini Dəmirə kəsməyiblər ha.

Arvad dedi:

– Nə olsun? Bu obanın it-pişiyi də bilir ki, Dəmir Bənövşəni istəyir.

Kişi dedi:

– Oğlanın istəməyiynən döyül ha, gərək qızda istəsin.

Arvad dedi:

– Qızın lap ürəyi də uçur. Bənövşə bir əppək yesin, beşini də allahyolu versin ki, Dəmir onu alacaq.

Kişi dedi:

– Bənövşə Dəmirə getsə, Dəmir papağını göyə atsın.

Bu yerdə Güləndam dözə bilməyib, səsini bir az qaldırdı.

– Əşi, sən allah, nainsaf danışma, – dedi. – Dəmirə nə olub? Canavar təki oğlandı.

Atlıxan didilib köhnəlmiş qulaqlı papağını başından götürüb çırtmalaya-çırtmalaya:

– Dəmir qoçaq oğlandı, – dedi. – Diribaladı, amma... – Papağı başına qoydu... – amma gönüqalındı. Qanacağı olsaydı, Ağbəyimin evində ağalıq eləməzdi. Bənövşənin nişanlısı-zadı döyül hələ.

Ərinin avam-avam danışmağına Güləndam, deyəsən, bir az hirsləndi.

– Əşi, əşi, – dedi, – nişanlının buynuzu olur?... Bəs nişanlı nə təhər olur? – Güləndam yun topasını itələdi qıraqa, yəqin fikirləşdi ki, dünyanın bir para işlərindən bixəbər Atlıxanı indi bəzi mətləblərdən hali eləmək yun didməkdən çox-çox vacibdir.

– Əşi, Dəmirin haqqı var, – dedi. – Haqqı var ki, o öydə böyüklük eləsin. Bəs qazancını onlara yedizdirəndə yaxşıdı? Əlinə keçəni Ağbəyimin daxmasına dartır. Rzanı yanında hərrəyir ki, Rzanın da ağzı əppəyə çatsın. Bəs nə bilmişdin, Atlıxan? Bənövşənin ucbatından Dəmir bu dağlarda sərgərdandı. Yoxsa, nə iti azmışdı onun buralarda! Tək oğlandı, gedib ruzulu yerdə bəy balası təki dolanardı. Ağbəyimin evinə bir həyan lazımdı, Atlıxan, heylə demə. O öyün başıpapaqlısı Rzadı, Rza da hələ uşaqdı. Bənövşənin qurumsaq dədəsi kişi olsaydı, qalıb külfətinə ağsaqqallıq eləyərdi.

Atlıxanla Güləndamın danışığından Orxan öyrəndi ki, Bənövşənin atası da var. Öyrəndi ki, bura mal binəsidir – malabaxanlar burda yaşayırlar – Çapıqqayanın o tərəfində qoyun binəsi yerləşir. Bənövşənin atası da həmin o qoyun binəsindədir, sağ-salamatdır, canı buz baltası kimidir, özü də orda evlənib, iki oğlu var, üçgözlü evi var, bu yaxınlarda da “Jiquli” almaq niyyətindədir. Orxan onu da öyrəndi ki, Bənövşənin atası bu yanlara ayaq basmır, burdakı uşaqlarına “görüm-baxım” eləmir. Güləndam dedi ki, Ağbəyim aydan arı, sudan duru qadındı, di gəl ki, yazıq cavan yaşından ərsiz qaldı, çünki əri namərdin, nankorun, şorgözün biriydi. Ağbəyimi atıb getdi və Ağbəyim də bu günəcən baş aça bilmir ki, günahı nəymiş, baş aça bilmir ki, ərinin gətirdiyi bəhanəyə “günah” demək olarmı. Sözə bax, sən allah, biqeyrətin danışığına bax: guya Ağbəyimi tez-tez ora-bura çağırırlarmış, Ağbəyim kişilərnən oturub-dururmuş. Axırıncı dəfə Bakıya çağırıblar onu – neçə il bundan qabaq – qəzetdə şəkli çıxıb, özü də bir kişiynən çiyin-çiyinə. Əri deyib ki, Ağbəyim, yaxşı xəlçə toxumağın tifağını dağıtdı sənin, naməhrəm kişilərnən laqqırtı vuran arvad mənə lazım döyül, get, o yad kişilər, o da sən... Ağbəyim deyib, ay camaat, ay həzarat, o şəkildəki kişi xəlçə ustasıdı, Türkmənistandan gəlib, məni onnan yanaşı qoyub şəklimizi çəkdilər, məndə nə günah var? Əri deyib, yox ki, yox... qurumsağın əməlinə bax, sən allah, qoyun binəsində cavan bir qıza uyubmuş, evdən getməkçün şəkli bəhanə eləyib... Ağbəyim o gündən biri xəlçə toxumağın daşını atandır ki, atıb. Uşaqlarını da götürüb köçüb bura.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин

Стихи других поэтов