Gümüşgöl əfsanəsi
Страница 7 из 17 · 35%
Qız, üzünə dağılan telini hərdən başının hərəkəti ilə geri atırdı və həmin anda fürsət tapıb Orxana nəzər salırdı. Orxanla Bənövşənin baxışları rastlaşanda qız ürküb gözlərini tez çəkirdi, ucuqatdalı uzun kirpiklərini çırpa-çırpa döşəməyə baxırdı, ya da özünü məşğul kimi göstərirdi; çay dəsmalını götürüb samovarın qulpunu, qapağını silirdi. Bənövşə sevincini, marağını gizlədə bilməyən uşağa bənzəyirdi.
– Mən bir şeyi başa düşmədim, – dedi Rza. – Sən kəndləri gəzirsən, evlərdə xəli-gəbələrə baxırsan, nə olsun? Hökumətə bunun nə xeyri?
Orxan bilmədi nə cavab versin.
Bunun xeyri odur ki... – dedi və susdu. Yadına Xürrəm müəllimin sözləri düşdü. “Nənələrin, xalaların barmaqlarında min sehr var, onların fantaziyasına adam mat qalır”. Orxan sözünün dalını dedi: – Bunun mənə xeyri var. Mən bundan çox şey öyrənirəm. Hərə bir cürə toxuyur... hərənin öz dəsti-xətti...
Rza, deyəsən, Orxanın sözlərindən heç ne başa düşmədi və təzə sual verməkdən vaz keçdi.
Orxan sözünü deməyə indi macal tapdı.
– Hamı maraqlanır ki, Ağbəyimdən niyə xəbər-ətər yoxdu.
Rza soruşdu ki:
– Kim maraqlanır, “hamı” kimə deyirsən?
Orxan cavab verdi ki:
– Bakıda Ağbəyimi tanıyan sənətkarlar məəttəl qalıblar ki, Ağbəyimə nə olub. Ən çox da Xürrəm müəllim narahatdı... Axı, qabaqlar Ağbəyimin şöhrəti...
Rza onun sözünü yarımçıq kəsdi.
– Qabaqlar yaxşı toxuyardı, – dedi. – Day tərgizib, toxumur.
Orxan təəccüblə Ağbəyimə baxdı.
– Niyə, axı?
Ağbəyim nəzərlərini döşəməyə zillədi. Bənövşə də başını aşağı saldı. Orxan anladı ki, xalı-gəbə söhbəti Ağbəyimin yaralı yeridi və Ağbəyim istəmir ki, kimsə bu yaranın közünü qopartsın.
Anasının əvəzinə Rza cavab verdi:
– Vaxtı yoxdu... day həvəsi də qalmayıb. – Rza başa düşdü ki, Orxan onun yalanına inanmadı. – Dəzgahını da yandırıb, – dedi və əlini daxmanın qaranlıq küncünə uzatdı. – Odey, ordakı fərməşi anam toxuyub... Nəyi vardı, paylayıb qohum-əqrəbaya, xırda-xuruş nişanası qalıb indi.
Orxan çarpayıdan düşüb fərməşə baxdı. Köhnə fərməş idi, lap köhnə, Ağbəyim bunu, bəlkə də qızlığında toxumuşdu. Orxan birinci dəfə idi ki, xovlu fərməş görürdü.
– Zərif işdi, – dedi və baxıb gördü ki, daxmaya girəndən bəri bir kəlmə də danışmayan Ağbəyimin üzü gülür, qansız dodaqları titrəyir. Ağbəyim yaşlı deyildi, indi çöhrəsini bürümüş yüngülcə təbəssüm onu bir az da cavanlaşdırırdı. Orxan fərməşi o tərəf-bu tərəfə çevirdi. – Bunun üzünü köçürəcəm, – dedi. – İndi belə şey toxumurlar. Bu mənə lazımdı, üzünü köçürüb, qaytararam.
Rza:
– Peşkəşdi, – dedi, – istəyirsən qaytarma.
Daxmanın qapısı cırıldayıb açıldı. Qapının ağzında tökməbədən, gödərək, qırmızıyanaq bir oğlan dayandı. Orxan tanıdı bu oğlanı: axşamüstü Rzayla birgə naxırı gətirən oğlan idi.
Bənövşə onu görən kimi anasının böyrünə sıxıldı.
Orxan heç özü də bilmədi ki, niyə fərməşi küncə tullayıb, tez-tələsik əvvəlki yerinə qayıtdı.
Oğlan ayaqlarını aralı qoyub, bütün bədəni ilə qapını örtmüşdü, deyəsən içəri adlamaq üçün təklif gözləyirdi.
Rza:
– Gəl, Dəmir, gəl! – dedi.
Dəmir daxmaya girib aşağı tərəfdə dayandı. Onun əynində qoyun dərisindən kürk vardı. Tüklü papağını qalın qaşlarına dirənənəcən basmışdı. Çarığın bağını iplik corabın üstündən bərk-bərk dolayıb bağlamışdı. Oturmağa yer axtarırmış kimi Dəmir yan-yörəyə göz gəzdirdi, sonra qapının yanında döşəməyə əyləşib, arxasını divara söykədi. Papağını başından götürüb dizinin kündəsinə keçirtdi və Orxan gördü ki, Dəmirin enli, ağappaq alnı var, yəqin ki, çoxdan daranmadığından buruq-buruq olmuş sıx saçı var. Dəmir daxmanın baş tərəfində qaralan buxarıya baxdı.
– Ocağı niyə yandırmamısınız? – dedi. – Soyuq döyül sizə?
Rza:
– Qonağa görə dayandırmamışıq, – dedi, – tüstü içəriyə vurur.
Orxanın inciyə biləcəyini Dəmir heç vecinə də almadı, saymazyana dedi:
– Qonağın gözünün qarası getməyəcək, ha.
Dəmir yenə nəsə demək istədi, amma Rza qoymadı.
Rza soruşdu:
– Çörək yeyirsənmi?
Dəmir başını buladı.
Rza soruşdu:
– Çay içirsənmi?
Dəmir yenə başını buladı, sonra:
– Su istəyirəm, – dedi və anasının böyründə büzüşüb qalmış Bənövşəyə baxdı.
Ağbəyim əllərini yerə verib qalxmaq istəyəndə Dəmir hökmlə:
– Sən otur! – dedi. – Bənövşə dura-dura sən niyə zəhmət çəkirsən?
Bənövşə daxmadan çıxdı.
Dəmirlə Orxanın nəzərləri rastlaşdı və Orxan inandı ki, Dəmirin ondan zəhləsi gedir. Dəmirin parıltılı, xırda gözlərində acıqlı, istehzalı bir təbəssüm dolanırdı. Dəmir sanki baxışı ilə Orxana deyirdi ki, “aşna, ağlım bir şey kəsmir səndən, fırıldaq adama oxşayırsan. Bu dağın başında nə itin azıb, nə sülənirsən burda? Fas-farağat dur ha, sən şəhər bicisənsə, mən də mənəm...” Bənövşə iri dolçada su gətirdi. Dəmir ciyəri pörşələnirmiş kimi, dolçadakı suyu qurthaqurtla axıracan içdi. Dolçanı qaytarıb, islanmış bığını əlinin dalıyla sildi, sonra tüklü üzünü qaşıya-qaşıya Rzaya baxdı, Ağbəyimə baxdı, Bənövşəyə baxdı, təzədən gözlərini zillədi Orxanın üzünə. Orxan da gözlərini onun üzünə zilləyib fikirləşdi ki, “görəsən, Dəmir bu adamların nəyidi? Görəsən, Dəmirdən niyə çəkinirlər bunlar? O gələni Ağbəyim başını yuxarı qaldırmır, Rza susub, Bənövşə də ki...” Orxan hiss eləmişdi ki, Dəmir bu daxmaya girəndən bəri Bənövşə gizlənməyə yer axtarır. Dəmir bu daxmaya girəndən bəri Bənövşə bircə dəfə də Orxana sarı baxmamışdı.
Dəmir sanki su içməyə, yanğısını söndürməyə gəlmişdi. Papağını başına qoyub qalxdı.
– Gedək, yataq. – Qapıdan çıxhaçıxda: – Yeriniz yoxdursa, qonağı özümnən aparım, – dedi.
Rza:
– Qonaq bizimdi, burda qalacaq, – dedi.
Orxan yuxudan oyanan kimi, yerinin içində xumarlana-xumarlana bu qərara gəldi ki, çay-çörəkdən sonra fərməşin üzünü köçürüb, Çapıqqayan getsin. Gəzməli, görməli yerlər nə çox. Dost-tanış da həmçinin.
Yuxusu olmasa da, isti yataqdan qalxmağa tənbəllik elədi. İçəri soyuq, həm də alaqaranlıq idi. Balaca pəncərədən çarpayının üstünə ağ işıq zolağı düşməsəydi, deyərdin bəs hələ səhər açılmayıb. Gözləri alaqaranlığa alışandan sonra Orxan baxıb gördü ki, daxmada ondan savayı heç kim yoxdu. Qalxıb üşüyə-üşüyə geyindi...
Çölə çıxanda havanın təmizliyindən Orxanın sinəsinin altı gicişdi. Öskürə-öskürə göyə baxdı, göy şəffaf şüşə rəngində idi. Günəş lap aşağıda, Çapıqqayanın tənində dayanmışdı, sanki bir azdan gedib qayanın haça ucuna ilişəcəkdi. Orxan canının yavaş-yavaş qızmağından xoşhallana-xoşhallana yan-yörəyə nəzər saldı. Daxmalar, alaçıqlar çal-çəpərsiz idi. Kölgələnmək üçün bircə ağac da, bircə kol-kos da yox idi. Ətrafdakı adda-budda iri daşlar günəşin şəfəqindən buz parçası təki parıldayırdı. İns-cins görünmürdü, “qu” deyirdin, qulaq batırdı burda.
Daxmanın böyründə hənirti eşidildi. Orxan o tərəfə adladı və gördü ki, Bənövşə yekəpər, tüklü itin qabağında dayanıb astadan nəsə deyir, it də balaca çaladakı ayranı uzun, qırmızı dili ilə laqqıldada-laqqıldada içir. Bənövşə Orxana baxıb yüngülcə gülümsədi və üzünü yana tutdu. Orxan fikirləşdi ki, qızı dindirib-danışdırmaq üçün bundan yaxşı məqam tapmayacaq.
Soruşdu:
– Bu it məni parçalamaz ki?
Qız başını buladı.
Yallanan itə baxa-baxa Orxan bir-iki addım irəlilədi.
– Məni qapsa, cavabdeh sənsən, – dedi.
Bənövşə gülümsəyə-gülümsəyə:
– Day qapmaz, – dedi, – səni bu evdə görüb. Bilir ki, qonaqsan.
Orxan qıza bir az da yaxın durdu.
– Qonaq bunun xoşuna gəlməsə?..
Bənövşə başını döndərib Orxana baxdı, amma əvvəlki təki gülümsəmədi. Qızın gözləri indi Orxana kədərli göründü. Bu qəfil qüssənin səbəbini bilməsə də, Orxanın ürəyində rəhmə oxşayan bir duyğu baş qaldırdı və birdən-birə ona elə gəldi ki, Bənövşəni çoxdan, lap çoxdan tanıyır. Canıyananlıqla soruşdu:
– Niyə bikeflədin?
Qız özünü eşitməməzliyə vurdu, əlini dərəaşağı uzadıb:
– Bulaq odey, ordadı, – dedi, – yuyunmaq istəyirsənsə... – Bənövşənin səsi titrəyib qırıldı.
Orxan:
– Yoox, ora uzaqdı, – dedi və daxmanın qabağındakı güyümdən qara aftafaya su töküb, əl-üzünü yudu.
Bənövşə tiftikli məhrəba gətirdi.
– Şəhərlilərin hamısı sənin təki tənbəl olur?
Qızın cəsarətlənib sual verməyinə Orxan həm heyrətləndi, həm də sevindi.
– Mən tənbəl deyiləm, ərincəyəm, – dedi və ilk dəfə qıza diqqətlə, zənlə baxmağa başladı.
Bənövşənin dodaqları çiyələk rəngində idi. Qaşları qara, uzun idi, nağıllarda belə qaşlara “qələm qaşlar” deyirlər. Balaca burnu, balaca ağzı vardı. Duruşundan, tərpənişindən çevik, əzələli, güclü qıza oxşayırdı. Orxana elə gəldi ki, bu qızın işi-peşəsi dağ keçisi təki qayalara dırmaşmaq, daşdan-daşa hoppanmaqdır. Orxan əl-üzünü qurulayaqurulaya baxıb gördü ki, Bənövşənin gözlərində bayaqkı qüssədən əsər-əlamət yoxdur. Bənövşə yenə əvvəlki ilıq, nurlu təbəssümlə gülümsəyir. Bu təbəssümü görəndə, Orxan fərməşin üzünü köçürəndən sonra burdan dərhal getmək fikrinin üstündən qalın bir xətt çəkdi; qət elədi ki, işə başlamazdan əvvəl, bu yerləri bir az da gəzib-dolansın...
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-gumusgol-efsanesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Стихи других поэтов
Kəndin laf eyliyib aşığam demə,Sən də olar bir gün dara düşərsən,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?